Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-125/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmə barədə vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI 1.İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən 464 kv.metr torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 3.Vəsatət onunla əsaslandırılmışdır ki, vahid elektron kadastr baza məlumatına əsasən sahə çoxmərtəbəli yaşayış binalarının yaxınlığında yerləşməklə dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. 4.Bakı İnzibati Məhkəməsinin (hakim : E.Abdullayev) *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilməmişdir. 5.Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. 6.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir (sədrlik edən – P.Hüseynov, hakimlər – K.Əkbərov və A.Oruczadə ). 7.Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qəbul ediləcək məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunduğu hallarda məhkəmə həmin şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Lakin iddia tələbindən və iş materiallarında olan sənədlərdən göründüyü kimi, hazırkı mübahisə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qanunla qorunan maraqlarına toxunmur. Bu məsələyə formal yanaşılması, yəni şəxsin əsassız olaraq məhkəmə icraatına cəlb edilməsi, iddiaçının qanunla qorunan maraqlarının pozulması ilə nəticələnə bilər. 8.Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, vəsatətin təmin olunmasını xahiş etmişdir. KASSASİYANIN MÜMKÜNLÜYÜ: 9.İş kassasiya instansiyasına daxil olduqdan sonra cavabdehin şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət üzrə kassasiya mümkün hesab edilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ:
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: M a d d ə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir.
12. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq həm də iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə, onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, bu hüquq mütləq deyildir.
13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də qəbul edilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. Lakin qoyulan məhdudiyyətlər şəxsin məhkəməyə müraciət etmək hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır
14. Hazırkı iş üzrə göründüyü kimi, cavabdeh üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatətinin təmin olunmamasına dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadını mübahisələndirmişdir.
15. Eyni zamanda, apellyasiya məhkəməsi həmin qərardaddan cavabdehin kassasiya şikayəti vermək hüququnun olduğunu bildirmişdir.
16. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hüquqi mövqeyi, yəni cavabdehin qərardaddan kassasiya şikayətinin verilməsi hüququna malik olması ilə razı deyil və bununla əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. İPM-in “Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması” adlanan 28-ci maddəsi, adından da bəlli olduğu kimi, iddiaçının sözügedən vəsatətdə qaldırdığı məsələnin tənzimlənməsinə həsr olunmuşdur.
18. Həmin Məcəllənin 28.5-ci maddəsində vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verə bilən şəxslərin dairəsi konkret və müfəssəl şəkildə müəyyən edilmişdir.
19. Belə ki, İPM-in 28.5-ci maddəsinin elə birinci cümləsində göstərilmişdir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər.
20. Yəni, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən, məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər və məhz onların vəsatətinin təmin edilməsindən imtina haqqında qərardadından yuxarı məhkəməyə şikayət verə bilərlər.
21. Başqa şəxslər, o cümlədən hazırkı işdə cavabdeh İPM-in 28.5-ci maddəsinin müddəalarının təsiri altına düşmür.
22. Yəni, cavabdehin hüququ yoxdur ki, sözügedən məsələyə dair başqa şəxslərə verilmiş hüquqdan istifadə etsin.
23. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.