Məhkəmə qərarları › İş №2-1(1-8)-1266/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1266/2026

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1266/2026 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Hüseynov İslam Misir oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı Hüseynov İslam Misir oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı Hüseynov İslam Misir oğluna ##.##.2011-ci il tarixdə ilkin, daha sonra 2012, 2013, 2014-cü illərdə, sonuncu dəfə isə ##.##.2019-cu il tarixdən müddətsiz əlillik təyin edilmişdir. Bununla əlaqədar iddiaçıya ##.##.2019-cu il tarixdən müddətsiz sosial müavinət təyin edilərək ödənilir.

2. İddiaçının atası X1 ##.##.2022-ci il tarixində vəfat etmişdir.

3. İddiaçının müraciəti ilə əlaqədar cavabdeh ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli məktubunda imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən 18 yaşına çatanadək Hüseynov İslam Misir oğlunun əlilliyi müəyyən edilmədiyi üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən 18 yaşınadək əlilliyin müəyyən edilməsi barədə Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış təqdim edildikdən sonra ailə başçısını itirməyə görə əmək pensiyası hüququna baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Qeyd olunan maddənin tələblərinə əsasən Hüseynov İslam Misir oğluna ##.##.2011-ci il tarixindən əlilliyə görə sosial müavinət təyin edilmişdir, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun pensiyasının əlilliyə görə əmək pensiyasından ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi və atası X1 vəfat etdiyi ##.##.2022-ci il tarixdən hazırkı vaxta qədər yığılmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1991-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, 2010-cu il tarixində səhhəti ilə əlaqədar müayinə olunarkən onun xəstəliyi müəyyən olunmuş, həkim komissiyasının rəyi əsasında 3-cü qrup əlilliyinin müəyyən olunmuş və ona pensiya təyin edilmişdir. İddiaçının mərhum valideynləri bildirmişlər ki, övladının xəstəliyi uşaqlıqdan mövcud olmuşdur. Belə ki, o, 19 yaşından uşaqlıqdan əlil hesab edilərək III qrup əlillik dərəcəsi verilmiş və hər ay üçün kart vasitəsi ilə ödəməklə ona ömürlük pensiya təyin edilmişdir. Ona 2010-cu il tarixindən əlillik dərəcəsi təyin edilsə də, həmin qərarla xəstəliyinin uşaqlıqdan yaranması müəyyən edilmişdir. Mərhum valideynlərinin hüquqi savadsızlığı səbəbindən pensiya hüququ yarandığı vaxtdan 2011-ci il tarixinədək heç bir pensiya almamışdır. ##.##.2022-ci tarixində atası Misir Hüseynov vəfat etmişdir. Atası vəfat etməmişdən bir neçə ay müddətinə pensiya hüququndan istifadə etmişdir. Bu səbəbdən o, hər iki valideynini itirdiyindən valideynlərindən birinin pensiyasının ona təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, oradan ona bildirmişlər ki, ona təyinin olunan əlillik 19 yaşında təyin edildiyindən o valideynlərinin pensiya hüququndan yaralana bilmir. 2010-cu il tarixli həkim rəyindən görünür ki, onun əlilliyi uşaqlıqdan mövcud olmuşdur. Qeyd olunan nüanslar valideynlərinin səhlənkarlığı nəticəsində əmələ gəlmişdir.

6. Cavabdeh orqan iddia tələbinə dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçının 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən (əlillik dərəcəsi ##.##.2011-ci il tarixdən - 19 yaşında müəyyən edildiyindən) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır.

7. Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmiş, Hüseynov İslam Misir oğlunun pensiyasının əlilliyə görə əmək pensiyasından ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi və atası X1 vəfat etdiyi ## ###### 2022-ci il tarixdən hazırkı vaxta qədər yığılmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin müddəası və həmin müddəada öz əksini tapmış (maddiləşmiş) ictimai maraq şəxsin 18 yaşına çatanadək əlilliyinin müəyyən olunmasını tələb edir. İddiaçı da təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır. Məhkəmə hesab etmişdir ki, əlilliyin əslində anadangəlmə mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni Hüseynov İslam Misir oğlunun pensiyasının əlilliyə görə əmək pensiyasından ailə başçısını itirməyə görə pensiya növünə keçirilməli və atası X1 vəfat etdiyi ## ###### 2022-ci il tarixdən hazırkı vaxta qədər yığılmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsindəki icraat 10.Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər R.Mamedov /sədrlik edən və məruzəçi/, İ.Həsənov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 11.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq göstərmişdir ki, iş materiallarından iddiaçıya ##.##.2019-cu il tarixdən müddətsiz əlillik təyin edildiyi və həmin tarixdən etibarən, o cümlədən atasının vəfat etdiyi ##.##.2022-ci il tarixdən sonra da ona əlilliyə görə sosial müavinət ödənildiyi müəyyən olunur. Kollegiyanın qənaətinə görə, iddiaçıya həmin vaxta qədər hər hansı növ əmək pensiyası təyin edilməmiş, o, yalnız əlilliyə görə sosial müavinət almışdır. 12.Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri 13.Kassasiya şikayətinin dəlillərinə görə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələblərinə əsasən onun 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş şəxs hesab olunması tələb olunur. Lakin iddiaçı həmin dövrdə əlil olmamış, onun əllilik dərəcəsi ilkin olaraq ##.##.2011-ci il tarixdə, yəni 19 yaşında müəyyən edilmişdir. Məhkəmələr bu halı nəzərə almadan maddi hüquq normasının tələblərini pozmaqla iddianı təmin etmişlər.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15.İnzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

16.Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 17.Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

18.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, apellyasiya instansiyası məhkəməsinin qərarını və iş materiallarını birlikdə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. 19.Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından iddiaçıya əlilliyə görə əmək pensiyası deyil, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əlilliyə görə sosial müavinət təyin edildiyi müəyyən olunur. Bununla belə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının əlilliyə görə əmək pensiyası aldığı qənaətindən çıxış etmiş və onun pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyasına keçirilməsi barədə nəticəyə gəlmişdir. Halbuki, sosial müavinət və əmək pensiyası fərqli hüquqi institutlar olmaqla, onların təyin edilmə əsasları və hüquqi nəticələri bir-birindən fərqlənir. 20.Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya münasibətdə əmək pensiyasının bir növdən digər növə keçirilməsi məsələsi deyil, ailə başçısını itirməyə görə əmək pensiyasının ilk dəfə təyin edilməsi məsələsi həll edilməli idi. Çünki iş materialları ilə iddiaçının əlilliyə görə əmək pensiyası deyil, sosial müavinət aldığı təsdiq olunur. 21.Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçıya əlilliyin müəyyən edilməsindən sonra əmək pensiyası deyil, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq əlilliyə görə sosial müavinət təyin edilmişdir. İş üzrə mübahisəyə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri iddia tələbini təmin edərkən iddiaçının sosial təminat növünün hüquqi mahiyyətinə lazımi hüquqi qiymət verməmiş, düzgün olmayaraq iddiaçının əlilliyə görə əmək pensiyası aldığı qənaətindən çıxış etmişlər. 22.Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməmiş, o, yalnız əlilliyə görə sosial müavinət almışdır. Bu baxımdan, həmin hissədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşmaq mümkün deyildir, belə ki, iddiaçıya münasibətdə “əlilliyə görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyasına keçirilməsi” deyil, ilk dəfə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi məsələsi həll edilməli idi. 23.Buna görə də, apelyasiya məhkəməsinin qərarı iddiaçının “əlilliyə görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyasına keçirilməsi” hissəsində ləğv edilməli, qərar “iddiaçıya ##.##.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və atası X1 vəfat etdiyi ##.##.2022-ci il tarixdən hazırkı vaxta qədər yığılmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində isə dəyişdirilmədən saxlanılmalıdır. 24.Kassasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələlər birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən lazımi qaydada araşdırılmış və onlara müvafiq hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ##.##.1991-ci il tarixində anadan olmuş, ona əlillik isə ##.##.2011-ci il tarixində, yəni on səkkiz yaşı tamam olduqdan sonra müəyyən edilmişdir. Bununla yanaşı, iş materiallarında olan tibbi sənədlərlə iddiaçının xəstəliyinin - “Döş qəfəsinin anadangəlmə III dərəcəli qıfvari deformasiyası, əməliyyatdan sonrakı vəziyyət” diaqnozunun anadangəlmə xarakter daşıdığı təsdiq olunur. Cavabdeh də xəstəliyin anadangəlmə olduğunu mübahisələndirməmiş, yalnız əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə istinad etmişdir. 25.Bu halda, hazırkı mübahisənin əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsində nəzərdə tutulmuş “on səkkiz yaşına çatanadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsinin tətbiqi təşkil edir. Cavabdeh iddiaçının əlilliyinin məhz on səkkiz yaşına çatdıqdan sonra müəyyən edildiyini əsas gətirərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Aşağı instansiya məhkəmələri isə belə nəticəyə gəlmişlər ki, sözügedən normanın tətbiqi zamanı həlledici meyar yalnız əlilliyin müəyyən edilməsinə dair inzibati aktın qəbul edildiyi tarix deyil, əlilliyin faktiki yaranma vaxtıdır. 26.Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu nəticəsi ilə razılaşır. Belə ki, iş materiallarında olan mötəbər tibbi sübutlarla iddiaçının əlilliyinə səbəb olmuş xəstəliyin – “Döş qəfəsinin anadangəlmə III dərəcəli qıfvari deformasiyası, əməliyyatdan sonrakı vəziyyət” diaqnozunun anadangəlmə xarakter daşıdığı təsdiq edilmişdir. Bu halda, əlilliyin müəyyən edilməsinə dair inzibati aktın iddiaçı on səkkiz yaşına çatdıqdan sonra qəbul edilməsinin yeganə meyar kimi əsas götürülməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinin məqsədinə uyğun hesab edilə bilməz. Əks yanaşma normanın həddindən artıq formal tətbiqinə gətirib çıxarmaqla ədalətlilik, mütənasiblik və məzmunun formadan üstünlüyü prinsipləri ilə uzlaşmazdı. Bundan əlavə, nəzərə alınmalıdır ki, şəxsin yetkinlik yaşına çatmamış dövrdə əlilliyinin rəsmiləşdirilməsi, bir qayda olaraq, onun öz iradəsindən deyil, qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə halların sonradan şəxsin sosial təminat hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməsi isə hüquqi dövlət və sosial ədalət prinsiplərinə uyğun hesab edilə bilməz. Buna görə də, əlilliyin anadangəlmə olması mötəbər tibbi sübutlarla təsdiq edildiyi hallarda, yalnız əlilliyin müəyyən edilməsinə dair qərarın qəbul edilmə tarixinə istinad olunması normanın məqsədinin nəzərə alınmaması ilə nəticələnə bilər. 27.Məhkəmə kollegiyası bununla bağlı onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı vahid məhkəmə təcrübəsini müəyyən edən “üç ulduz” nişanı ilə indeksləşdirilmiş qərardır və həmin qərarda hazırkı mübahisə ilə bağlı hüquqi yanaşma ətraflı şəkildə formalaşdırılmışdır. 28.Məhkəmə kollegiyası vurğulayır ki, vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlar oxşar xarakterli işlər üzrə hüquq normalarının eyni qaydada tətbiq edilməsinə, məhkəmə təcrübəsində sabitliyin və hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir. Bu baxımdan, hazırkı iş üzrə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edərkən məhkəmələr mövcud məhkəmə təcrübəsinə uyğun davranmışlar. 29.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı “əlilliyə görə əmək pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı “iddiaçıya ##.##.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və atası X1 vəfat etdiyi ##.##.2022-ci il tarixdən hazırkı vaxta qədər yığılmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar