Məhkəmə qərarları › İş №2-1(1-8)-1279/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1279/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1279/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Salyan Rayon İcra Hakimiyyətinə qarşı üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Salyan Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Salyan Rayon İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli sərəncamının məzmunundan görünür ki, Salyan rayonu Sarvan kənd sakini İddiaçı Dövlət mülkiyyətində olan ** saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 45 ha torpaq sahəsinin icarəyə ayrılması qərara alınmışdır.

2. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2013-cü il tarixli, *** nömrəli müqaviləyə əsasən, həmin torpaq sahəsinə dair İddiaçı ilə Salyan Rayon İcra Hakimiyyəti arasında on beş il müddətinə icarə müqaviləsi bağlanmışdır.

3. MN № ******* nömrəli, ##.##.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən, İddiaçı İnzibati Xətalar Məcəlləsinin 247.2-ci və 114-cü maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir.

4. Salyan Rayon İcra Hakimiyyəti başçısının *-**/*-*-**/**** saylı ##.##.2025-ci il tarixli Sərəncamından çıxarışda qeyd edilmişdir ki, Salyan RİH başçısının ##.##.2013-cü il tarixli ***-s saylı sərəncamı ilə rayonun dövlət mülkiyyətinə məxsus ** saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə İddiaçı icarəsinə ayrılmış 45,0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyi üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən 45,0 hektar torpaq sahəsi bütövlükdə dövlət fonduna geri qaytarılsın. Salyan RİH başçısının ##.##.2013-cü il tarixli ***-s saylı sərəncamı qüvvədən düşmüş hesab edilsin. Bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün məhkəməyə müraciət edilsin. Salyan Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Salyan Rayon icra Hakimiyyəti başçısının “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə komissiyanın yaradılması” ilə əlaqədar ##.##.2024-cü il tarixli, *-**/*-*-***/**** saylı sərəncamın icrası məqsədilə Sarvan dövlət fondu qış otlaq sahələrinin istifadə vəziyyətinə komissiya tərəfindən baxış keçirilmişdir. Baxış zamanı ##.##.2013-cü il tarixli, ***-s saylı sərəncamla qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılan 45,0 ha torpaq sahəsində normadan artıq pambıq və yonca əkini (45,0 ha) aparıldığı və torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmadığı müəyyən olunmuşdur. Müqavilə şərtlərinə əməl olunmadan torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli “örüş otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları haqqında” ** saylı qərarının və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələbləri tərəfinizdən pozulmuşdur. Torpaq sahəsindən təyinatı üzrə istifadə olunmaması ilə bağlı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsi halları davam etdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən qoyunçuluğun inkişafi məqsədilə ayrılan 45,0 ha torpaq sahəsi bütövlükdə dövlət fonduna geri qaytarılacaqdır.

5. Salyan Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubda ##.##.2013-cü il tarixli, ***-s saylı sərəncam və sərəncam əsasında bağlanmış icarə müqaviləsinin birtərəfli qaydada ləğv ediləcəyi bildirilmiş və bununla əlaqədar ## ###### 2025-ci il tarixdə rayon icra hakimiyyətinə dəvət edilmişdir.

6. Salyan Rayonu İcra Hakimiyyəti Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının ##.##.2013-ci il tarixli ***-s saylı sərəncamı ilə İddiaçı ** saylı qış otlaq sahəsindən 45 ha torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılmışdır. İcarəsinə ayrılan torpaq sahəsində İddiaçı mütəmadi olaraq təyinatdan kənar kənd təsərrüfatı məhsulları əkdiyinə görə Salyan rayon İcra Hakimiyyəti Başçısının ##.##.2025-ci il tarixli *-**/*-*-**/**** saylı sərəncamı ilə torpaq sahəsinin geri alınması qərara alınmışdır. Əraziyə baxış keçirilərkən İddiaçı tərəfindən həmin torpaq sahəsində xırdabuynuzlu heyvanların saxlanılmadığı, çoban evi və tövlə tikintilərin olmadığı müəyyən edilmişdir. Bundan əlavə, həmin torpaq sahəsinin 17 ha çoxillik bitki olan yonca bitkisi aşkar edilmişdir. 2013-cü il tarixdən icarəsinə ayrıldığı vaxtdan bu günə kimi X1 həmin torpaq sahəsində müxtəlif növ bitkilər pambıq, taxıl və yonca əkinlərini aparmışdır.

7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının ## ######## 2013-cü il tarixli *** saylı sərəncamına əsasən İddiaçı ayrılmış 45 ha torpaq sahəsi üçün illik icarə haqqı 90,00 manat olmaqla ##.##.2013-cü il tarixdən ##.##.2025-ci il tarixədək 1104,00 manat torpaq icarəsi haqqı hesablanmışdır. Həmçinin İddiaçı tərəfindən 1120,00 manat torpaq icarəsi haqqı ödənilmiş və hal-hazırda borcu yoxdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a.Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) Salyan Rayon İcra Hakimiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2013-cü il tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısının ***-s saylı sərəncamı ilə Sarvan dövlət fondunda yerləşən ** saylı qış otlaq sahəsindən 45 hektar torpaq sahəsi icarəyə ayrılmış və bu torpaq sahəsinin icarəsi ilə bağlı olaraq onunla Salyan Rayon İcra Hakimiyyəti arasında müddəti “15 il” olmaqla rəsmi icarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsinin istifadəsində qanunvericiliyin tələblərinə tam əməl edilmiş torpaq sahəsinin mümbitliyinin artırılması və qoyunçuluğun inkişafı istiqamətində tədbirlər görülmüşdür. Lakin 2024-cü ilin oktyabr-dekabr aylarında icra hakimiyyətinin nümayəndələri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş, nəticədə Salyan Rayon İcra Hakimiyyətinin başçısının ##.##.2025-ci il tarixli, *-**/*-*-**/**** saylı sərəncamı ilə torpaq sahəsinin müqavilə şərtlərinə əməl olunmaması və məqsədli təyinatına uyğun istifadə edilməməsi əsas göstərilərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən dövlət fonduna geri qaytarılması, Salyan Rayon İcra Hakimiyyətinin Başçısının ##.##.2013-cü il tarixli ***-s saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsi və sözügedən sərəncam əsasında bağlanmış icarə müqaviləsinə xitam verilməsinə dair məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Bu sərəncam qanunsuzdur və Azərbaycan Respublikasının Prezidentinin sahibkarlığın inkişafı və sahibkarların maraqlarını qorumaq istiqamətində apardığı islahatlara ziddir. Dövlət rəhbərliyinin strateji xəttinə uyğun olaraq, sahibkarların torpaq resurslarından istifadəsinin qanunsuz maneələrlə qarşılaşmaması təmin edilməlidir və məmurların sübutsuz hərəkətləri nəticəsində sahibkarların hüquqları pozulmamalıdır. İcarəsində olan 45 ha torpaq sahəsindən hər zaman təyinatı üzrə istifadə etmişdir. Lakin pambıqçılığın inkişaf etdirilməsinə dair dövlət proqramı çərçivəsində Salyan Rayon İcra Hakimiyyətinin şifahi göstərişi əsasında 2023-cü ildə pambıq əkmiş və buna görə də İXM-in 247.2-ci maddəsinə əsasən torpaq sahəsindən təyinatına görə istifadə etmədiyi üçün cərimə edilmişdir. O, torpağı 2023-cü ildə, yəni hazırkı Rayon İcra Hakimiyyəti başçısının vaxtında əkməmiş və həmin vaxtdan da hal-hazıra kimi torpaqdan təyinatı üzrə istifadə edir. İcra hakimiyyəti bildirir ki, guya o, hal-hazırda da torpaq sahəsindən təyinatı üzrə istifadə etmir və torpaq sahəsinin müəyyən hissəsində əkin əkir. Bildirir ki, 2023-cü ildə torpaqdan təyinatı üzrə istifadə etmədiyi üçün ona xəbərdarlıq edilmiş və inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Bundan başqa, təyinatdan kənar əkin aparmamış və edilmiş xəbərdarlıqdan sonra torpaq sahəsindən təyinatı üzrə istifadə edir, hər hansı bir əkin aparmır.

10. Cavabdehin iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, ***-s saylı sərəncamı ilə rayonun Sarvan kənd sakini İddiaçı dövlət mülkiyyətinə məxsus ** saylı qış-otlaq sahəsindən 45,0 hektar torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılmış, bu barədə müvafiq icarə müqaviləsi bağlanmışdır. Aparılmış monitorinqlər nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən həmin torpaq sahəsində xırda buynuzlu heyvanlar saxlanılmır, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayaraq əkin sahəsi kimi istifadə olunmaqla müxtəlif kənd təsərrüfatı məhsulları əkilir. Belə ki, ## #### 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinin əməkdaşları, Salyan rayon İcra Hakimiyyəti başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və cavabdehin iştirakı ilə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti haqqında”, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamələrə uyğun olaraq torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi məqsədilə Salyan rayonunun 10 və **-**-** saylı qış otlaqlarından ayrı-ayrı şəxslərin icarələrinə ayrılan örüş təyinatlı torpaq sahələrinin istifadə vəziyyətinə nəzarəti qaydasında baxış zamanı iddiaçı tərəfindən icarəsinə ayrılan 45.0 ha torpaq sahəsinin 40.0 hektarında yonca, taxıl və pambıq əkini aparılması faktı aşkar edilmiş və müvafiq akt tərtib olunmuşdur. Bu fakta görə Azərbaycan Respublikası İXM-in 247.2 (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsinə əsasən barəsində protokol tərtib edilərək 500 manat məbləğində cərimə edilmişdir. İddiaçı əvvəlki illərdə də torpaq sahəsində əkin işləri aparmışdır. Belə ki, ##.##.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinq zamanı iddiaçı tərəfindən icarəsində olan 45.0 ha dövlət fondu qış otlaq sahəsindən 27.0 hektarında əkin aparmaqla torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadəyə görə İXM-in 247.2-ci maddəsinə əsasən protokol tərtib edilərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Rayon İcra Hakimiyyətinə daxil olmuş məktublarda Salyan rayonunda dövlət və bələdiyyə fondu torpaq sahələrindən təyinatı üzrə istifadə edilmədiyi, təyinatdan kənar əkin aparıldığı, süni nohurların yaradıldığı, bəzi hallarda isə adı çəkilən torpaq sahələrində tikinti işlərinin aparıldığı bildirilmiş, bununla əlaqədar müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Müraciətlə əlaqədar Salyan Rayon İcra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, *- **/*-*-***/**** saylı Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan təyinatı üzrə istifadə edilməsi vəziyyətinin öyrənilməsi” məqsədilə Komissiya yaradılmışdır. Komissiya rayon ərazisində yerləşən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrində monitorinq apardığı vaxtda iddiaçının icarəsinə ayrılmış 45.0 ha torpaq sahəsinə baxış keçirilən zaman əvvəlki illərdə dəfələrlə edilmiş xəbərdarlıq və cərimələrə baxmayaraq torpağın məqsədli təyinatına uyğun olmayaraq və icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozmaqla 45.0 ha pambıq və yonca əkini aparıldığı və torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmadığı aşkar edilmişdir. Ona görə də Salyan Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ## ###### 2024-cü il tarixdə məktub göndərilərək icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən icarəsinə ayrılmış torpaq sahəsinin dövlət fonduna geri qaytarılması ilə əlaqədar qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. ## ###### 2025-ci ildə ona rəsmi məktub göndərilərək qanunvericiliyə müvafiq olaraq onunla bağlanılmış icarə müqaviləsinin ləğv ediləcəyi bildirilmiş və ## ###### 2025-ci il saat 15:00-a Rayon İcra Hakimiyyətinə dəvət olunmuşdur. İddiaçı görüşə gələrək icarə müqaviləsinin ləğvinə etiraz etmişdir. Qeyd olunanlara əsasən mübahisələndirilən sərəncam qəbul edilmişdir.

11. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdur. (hakim – P.Qurbanova).

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya münasibətdə torpaqdan icarə hüququna xitam verilərkən cavabdeh tərəfindən Sərəncamın ləğv olunma əsası kimi rayonun dövlət mülkiyyətinə məxsus ** saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə Salyan rayonu Sarvan kənd sakini İddiaçı icarəsinə ayrılmış 45,0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyi üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən 45,0 hektar torpaq sahəsi bütövlükdə dövlət fonduna geri qaytarılaraq Salyan Rayon İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli ***-s saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Məhkəmə prosesi zamanı tərəflərin izahatlarına əsasən, məhkəmə müəyyən etmişdir ki, iddiaçıya və onunla yanaşı bir sıra torpaq icarədarlarının icarələrinə verilmiş torpaq sahəsində pambıqçılığın inkişaf etdirilməsi məqsədilə Salyan Rayon İcra Hakimiyyətinin əvvəlki rəhbərliyi tərəfindən şifahi göstəriş verilməklə pambıq əkilməsi tapşırılmışdır. Həmin faktı cavabdehin nümayəndəsi də təsdiq etmişdir. İcra Hakimiyyətinin rəhbərliyi dəyişildikdən sonra iddiaçıya əkin işlərinin dayandırılması ilə bağlı xəbərdarlıq edilmiş, inzibati qaydada tənbeh tədbiri tətbiq olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən əkin işləri dayandırılmış və torpaq sahəsindən təyinatı üzrə istifadə edilməyə davam etdirilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi torpaq sahəsində çəkilmiş fotoşəkillər də torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanıldığını sübut etməkdədir. Beləliklə də məhkəmə müəyyən etmişdir ki, torpaq sahəsində əkin işlərinin aparılması və həmin dövrdə təyinatı üzrə istifadə edilməmə halının yaranmasının səbəbi iddiaçının iradəsindən asılı olan hal deyildir və onun ziyanına təfsir olunmaqla məsuliyyət sferasına aid edilməməli və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməməlidir. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilərdi.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – F.Hüseynov, hakimlər – M.Sadıqov, C.Quliyev).

15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, hazırkı mübahisə üzrə cavabdeh əvvəlki qərarın (sərəncam) qanuni əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmiş, torpaq sahəsinin geri qaytarılması əsası kimi sahənin təyinatına uyğun istifadə edilməməsini göstərmişdir.

16. Bu xüsusatla bağlı qeyd edilmişdir ki, işdə olan ƏMDX-nin əməkdaşlarının və Salyan Rayon İcra Hakimiyyəti başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ## #### 2023-cü il tarixli aktla iddiaçının icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi müəyyən edilmiş və mövcud vəziyyət rəsmiləşdirilmişdir. Bu hal onu deməyə əsas verir ki, cavabdeh quruma həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsi vəziyyəti həmin tarixdə artıq bəlli olmuşdur. Buna baxmayaraq, yuxarıda şərh olunan Qanunun 68.4-cü maddəsinin dispozisiya şərtlərinə zidd inzibati akt qəbul edilmişdir.

17. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2013-cü il tarixli, *** nömrəli müqavilənin 2.14-cü bəndində tərəflər razılığa gəlmişlər ki, “tərəflərdən biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəldilməzsə mövcud qanunlara əsasən məhkəmədə iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozuntusu müqavilənin pozulmasına əsas vermir”.

18. İşdən görünür ki, cavabdeh ##.##.2024-cü il tarixdə iddiaçıya xəbərdarlıq məktubu göndərsə də, müqavilədə nəzərdə tutulmuş müddəti gözləmədən, yəni 25 gündən sonra ##.##.2025-ci il tarixdə mübahisələndirilən sərəncamı qəbul etmişdir.

19. Bundan əlavə, iddiaçının icarəyə götürdüyü torpaq sahəsindən təyinatına uyğun istifadə etməməsi halı yalnız həmin sahədə qanunla və müqavilə şərtlərinə əsasən icazə verilməyən bitkilərin əkilməsindən ibarət olmuşdur ki, bu pozuntu aradan qaldırılması mümkün olmayan hesab edilə bilməz və iddiaçı da cavabdehə təqdim etdiyi izahatda pozuntunun ardan qaldırılacağı və təkrar yol verilməyəcəyi bildirilmişdir. Bu hal da müqavilənin qeyd olunan bəndi üzrə digər razılaşmaya cavabdeh tərəfindən əməl edilmədiyi qənaətinə gəlməyə əsas verir.

20. Xüsusilə qeyd edilməlidir ki, iddiaçının icarəsində olan torpaq sahəsində yetişdirilməsinə icazə verilməyən bitkilərin əkilməsi yalnız iddiaçının təşəbbüsü ilə deyil, həm də cavabdeh qurumun təkidi və təklifi ilə baş vermişdir ki, bu hal cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinin ## ### 2025-ci il tarixli məhkəmə iclasında qeydə alınmış izahatı ilə təsdiq olunur.

21. Göründüyü kimi, cavabdeh qurum qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda, bunu etməmiş, mübahisənin faktiki halları birtərəfli qaydada, iddiaçının ziyanına şərh edilməklə qiymətləndirilmişdi

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı verdiyi sözə əməl etməyərək nəinki torpağı əvvəlki vəziyyətinə qaytarmış, əksinə 2024-cü ildə də qanunsuz hərəkətlərini davam etdirərək icarəsində olan 45 ha örüş təyinatlı torpağında taxıl, pambıq və yonca əkini aparmışdır. Ona görə də Cavabdeh müvafiq komissiyası ##.##.2024-cü il tarixdə torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsində pambıq və yonca əkini aparıldığı, xırda buynuzlu heyvanların saxlanılmadığı aşkar olunmuş və müvafiq akt tərtib edilmişdir. Torpaq sahəsi örüş təyinatlı olmasına baxmayaraq müxtəlif növ çoxillik, dənli və pambıq əkini altında olduğu müəyyən edilmişdir ki, buda monitorinq zamanı çəkilən fotoşəkillərdə öz əksini tapmış, DAİM və ƏMDX-nin məsul şəxsinin, ərazi nümayəndəsinin, bələdiyyə sədrinin, Su və Meliorasiya idarəsinin nümayəndəsinin iştirakı ilə həyata keçirilmişdir. Nəticədə Salyan Rayon icra Hakimiyyətinin Başçısının ##.##.2025-ci il tarixli, *-**/*-*-**/**** saylı sərəncamı ilə torpaq sahəsinin müqavilə şərtlərinə əməl olunmaması və məqsədli təyinatına uyğun istifadə edilməməsi əsas göstərilərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən dövlət fonduna geri qaytarılması, Salyan Rayon icra Hakimiyyətinin Başçısının ##.##.2013-cü il tarixli ***-s saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsi və sözügedən sərəncam əsasında bağlanmış icarə müqaviləsinə xitam verilməsinə dair məhkəməyə müraciət edilməsi qərara alınmışdır.

24. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi torpaq sahəsində çəkilmiş foto şəkilləri də torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanıldığını sübut kimi qəbul etmişdir. Halbuki məhkəmə qeyd olunan fotoşəkillərin hansı torpaq sahəsində və nə vaxt çəkildiyini, həmin heyvanların kimə məxsus olduğunu, tikililərin nə zaman və kim tərəfindən inşa olunduğunu, təsərrüfatdakı heyvanların sayı barədə məlumatları araşdırmamışdır.

25. Halbuki aparılmış monitorinqlər zamanı qeyd olunan torpaq sahəsində heyvanların saxlanması üçün hər hansı bir yüngül konstruksiyalı tikililərin, saxlama yerlərinin, xırdabuynuzlu heyvanların olmadığı müəyyən edilmişdir. İddiaçının məhkəməyə icarəsində olan torpaq sahəsində heyvanların olması və tikililərlə bağlı təqdim etdiyi fotoşəkillər həqiqəti əks etdirmir, belə ki, monitorinqlər zamanı həmin ərazidə tövlə tikintisi və çoban evi olmamış, xırdabuynuzlu heyvanların həmin ərazidə otarılması müşahidə edilməmişdir.

26. X2 Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Salyan rayon Heyvan sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin verdiyi rəsmi məlumata əsasən İdarədə olan peyvəndləmə sənədlərində rayonun Sarvan kənd sakini məxsus heyvanların vaksinasiya olunması barədə hər hansı bir məlumatın aşkar edilmədiyi məlum olmuşdur. Əgər iddiaçı heyvandarlıqla məşğul olmuşdursa, o təsərrüfatında olan heyvanları hər il mütləq şəkildə vaksinasiya olunması üçün baytarlıq idarəsinə heyvanların vaksinlə təmin olunması üçün müraciət etməli idi. İndiyə qədər heyvandarlıqla məşğul olan şəxsin heyvanlara vaksin vurulması ilə bağlı müraciət etməməsi həmin heyvanların olmaması qənaətinə gəlir. Bu faktın özü sübut edir ki, iddiaçı ümumiyyətlə heyvandarlıqla məşğul olmamışdır. Bu da məhkəmə tərəfindən həmin şəxs tərəfindən xırdabuynuzlu heyvanların saxlanılmamasını təsdiq edən sənəd kimi qəbul edilməlidir.

27. Məhkəmə qeyd olunan halları nəzərə almadan etimad və gözlənti hüququnun yarandığı qənaətinə gəlmişdir. Bununla əlaqədar ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətləri tərəfindən Salyan rayon İcra Hakimiyyətinə məktub göndərilərək Salyan rayonu 10 və **-**-** saylı qış otlaqlarından ayrı-ayrı şəxslərin icarəsinə ayrılan örüş təyinatlı torpaq sahələrində təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə (əkin) faktları aşkar edildiyini və buna uyğun olaraq torpaq sahəsinin 65 və 73-cü maddələrinin tələblərinə müvafiq olaraq sözügedən Sərəncama, eləcə də icarə müqaviləsinə yenidən baxılmasının xahiş etmişdir. İş materiallarından göründüyü kimi, bu iş ilə əlaqədar ikinci inzibati icraat aparılmışdır. Hər iki icraat zamanı iddiaçı iştirak etmişdir. 60 gün məsələsinə gəldikdə bu hal üzrə 60 gün əsas götürülməsi düzgün deyil.

28. İş materiallarından ada görünür ki, MN № ******* nömrəli, ##.##.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı ilə iddiaçı İnzibati Xətalar Məcəlləsinin 247.2-ci və 114-cü maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir. Həmin protokol tərtib edildikdən sonra Salyan rayon İcra Hakimiyyətinə dəvət edilən iddiaçı izahat yazaraq bir daha əkinin təkrar edilməyəcəyini öhdəsinə götürmüşdür. Bu hal davamlı olduğu ikinci dəfə tərəfimizdən müəyyən edilmiş və izahatında qeyd etdiyi kimi məhsulu biçdikdən sonra torpağı əvvəlki vəziyyətinə qaytaracağını bildirdiyi üçün bunun təkrarən olduğu nəzərə alınmış və verilmiş inzibati tənbehdən nəticə çıxarmadığı üçün qərarda əsaslandırıldığı kimi 25 gündən sonra mübahisələndirilən Sərəncam verilmişdir. Buradan da görünür ki iddiaçı 60 gün deyil uzun müddət keçsə də öz pozuntu hərəkətlərini davam etdirmişdir.

29. Daha sonra şikayətdə əsaslandırılmışdır ki, etimad məsələsi mübahisələndirilən sərəncamın ləğv edilməsi əsasıdır. Tərəflərindən şikayətdə göstərilmişdir ki, 2023-2024-cü illərdə Salyan rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində heç bir sahibkara dövlət fond torpaqlarına aid örüş otlaq sahələrində hər hansı bir kənd təsərrüfatı bitkilərinin (o cümlədən pambıq əkini) əkilməsi barədə şifahi və ya yazılı göstəriş verilməmişdir. Yalnız 2016-cı ildə icarəyə verilmiş dövlət fond torpaqlarına aid əkin təyinatlı torpaq sahələrində pambıq əkininə üstünlük verilməsi sahibkarlara tövsiyə olunmuşdur. Məhkəmə bu halı araşdırmadan həmin ildə verilmiş tövsiyəni 2023- 24-cü illərdə iddiaçıya şamil edərək qərar qəbul etmişdir. Halbuki iddiaçıya icarəsində olan örüş təyinatlı torpaq sahəsində hazırkı dövrə qədər hər hansı bir kənd təsərrüfatı bitkilərinin əkilməsi barədə tapşırıq verilməmişdir. 2023-cü ildə heç bir əsas olmadan iddiaçı ona qoyunçuluğun inkişafı məqsədilə ayrılmış örüş otlaq sahəsində qanunsuz olaraq 16 ha yonca, 20 ha pambıq və 4 ha taxıl əkini aparmışdır. Ona görə də dövlət fond torpaqlarının istifadəsinə nəzarət edən orqan olan Əmlak Məsələləri Dövlət Xidməti ## #### 2023-cü il tarixdə torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq başqa məqsədlər üçün istifadə etdiyinə görə iddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən, protokol tərtib edərək 500 (beş yüz) manat məbləğində cərimə etmişdir. Bununla əlaqədar ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətləri tərəfindən Salyan rayon İcra Hakimiyyətinə məktub göndərilərək Salyan rayonu 10 və **-**-** saylı qış otlaqlarından ayrı-ayrı şəxslərin icarəsinə ayrılan örüş təyinatlı torpaq sahələrində təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə (əkin) faktları aşkar edildiyini və buna uyğun olaraq torpaq sahəsinin 65 və 73-cü maddələrinin tələblərinə müvafiq olaraq sözügedən Sərəncama, eləcə də icarə müqaviləsinə yenidən baxılmasını xahiş etmişdir. Ona görə də 2023-cü ilin oktyabr ayında iddiaçı Salyan rayon İcra Hakimiyyətinə dəvət olunmuş, torpaq qanunvericiliyinin tələbləri ona izah olunmuşdur. İddiaçı verdiyi izahatında bildirmişdir ki, icarəsində olan 45 ha örüş təyinatlı dövlət fond torpağının 40 hada qanunvericiliyi bilmədiyi üçün yonca, taxıl və pambıq əkini aparmışdır. İddiaçı məhsul yığımından sonra torpağı əvvəlki vəziyyətinə qaytaracağını öhdəsinə götürmüşdür.

30. Müqavilənin pozulması əsası kənd təsərrüfatı məhsulunun əkinidir. Belə ki, əkin işləri mövsümi qaydada həyata keçirilir. İddiaçı izahatında göstərmişdir ki, məhsulu biçdikdən sonra torpağı əvvəlki vəziyyətinə qaytaracaqdır. Yəni örüş torpağı kimi istifadə edəcəkdir. Bu araşdırma Salyan rayon İcra Hakimiyyətində ##.##.2023-cü il tarixdə məktub əsasında aparılmışdır. Məhsulun biçini pambıq üzrə 2023-cü ilin noyabr və dekabr aylarına, taxıl və yonca məhsulunun biçini isə 2024-cü ilin may, iyun və iyul aylarına düşür. Belə olan halda iddiaçı artıq 2024-cü ilin oktyabr ayında yoxlama aparılan zaman həmin sahə əkilməmiş olmalı və həmin 45 ha sahədə qoyunçuluğun inkişafı üçün işlər görməli idi. Amma tam bunun əksi olaraq pambıq və yonca əkini aparıldığı və torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmadığı aşkar edilmişdir. Bu da onu deməyə əsas verir ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam verilərkən inzibati icraat haqqında qanunun və digər qanunvericiliyin tələbləri gözlənilmiş və düzgün inzibati akt qəbul edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

32. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 16-cı maddəsinin 1-ci bəndinə əsasən, Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. 51-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.

8. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 i ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.

3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).

4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. 75-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.

6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini qəbul etməyərək buna dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və apellyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədəmüvafiq hesab edir.

38. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ##.##.2025-ci il tarixli, *-**/*-*-**/**** saylı sərəncamın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

39. Məhkəmə kollegiyası ilk öncə “müddətlərə riayət olunması” ilə bağlı kassasiya şikayətinin dəlillərinə qiymət verməyi zəruri hesab edir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, işə baxmış məhkəmə kollegiyası cavabdeh tərəfindən qanuni inzibati aktın ləğv edilməsi ilə bağlı 1 illik, eləcə də icarə müqaviləsində nəzərdə tutulmuş “pozulmuş qaydaların düzəldilməsi” ilə bağlı 60 günlük müddətin gözlənilməməsi nəticəsinə gəlmişdir.

41. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq, buna dair kassasiya şikayətinin dəlillərini haqlı hesab edərək bildirir ki, iş materiallarından göründüyü kimi, ##.##.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərar ilə iddiaçı yol verdiyi pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 247.2-ci və 114-cü maddəsinə əsasən, 500 manat məbləğində cərimə edilmişdir. Həmin zaman iddiaçı tərəfindən verilmiş izahatda “yonca, taxıl və pambıq əkdiyi və məhsulu biçdikdən sonra torpağı əvvəlki vəziyyətinə gətirəcəyi” bildirilmişdir. Məhz növbəti dəfə isə ##.##.2024-cü il torpaq sahəsinə baxış keçirilmiş, pozuntu ilə bağlı ##.##.2024-cü il tarixli akt tərtib edilmiş və ##.##.2024-cü il tarixdə iddiaçıya xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra, iddiaçıya yenidən ##.##.2025-ci il tarixli məktub göndərilərək sərəncamın ləğvi ilə bağlı ##.##.2025-ci il tarixdə icra hakimiyyətinə çağırılmışdır. Məhz sonuncu məktubda da iddiaçıya 2023-cü il tarixdə pozuntunun aradan qaldırılması və təkrarlanmayacağı barədə öhdəlik götürməsini, buna baxmayaraq növbəti ilə təkrar edildiyi bildirilmişdir.

42. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, işin sadalanmış halları cavabdeh tərəfindən bir illik, eləcə də 60 günlük müddətlərin gözlənilməməsi kimi qəbul edilə bilməz.

43. Bundan başqa, kassasiya şikayətinin digər dəlili işə baxmış məhkəmə kollegiyası tərəfindən pozuntu faktları ilə bağlı araşdırma aparılmamasıdır.

44. Mübahisələndirilən məhkəmə qərarında qeyd edilmişdir ki, “iddiaçının icarəsində olan torpaq sahəsində yetişdirilməsinə icazə verilməyən bitkilərin əkilməsi yalnız iddiaçının təşəbbüsü ilə deyil, həm də cavabdeh qurumun təkidi və təklifi ilə baş vermişdir ki, bu hal cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinin ## ### 2025-ci il tarixli məhkəmə iclasında qeydə alınmış izahatı ilə təsdiq olunur”.

45. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq bildirir ki, qərarda istinad edilmiş ##.##.2025-ci il tarixli iclas protokolundan görünür ki, torpaq sahəsində pambıq əkimi ilə bağlı 2023-cü ildən bir neçə il öncə icra hakimiyyətinin tövsiyəsi olmuşdur. Halbuki artıq 2023-cü ildə iddiaçının inzibati cərimə tətbiq edilməsinin əsaslarından da biri öz təşəbbüsü ilə pambıq (və digər bitkilərin) əkini ilə bağlı olmuş və iddiaçı öz izahatında “pambıq, yonca və taxıl əkməsi” barədə pozuntunu qəbul edərək bu halların aradan qaldıracağını bildirmişdir.

46. Göründüyü kimi, artıq 2023-cü il tarixində pambıq əkilməsi barədə cavabdehin təşəbbüsü olmamışdır. Halbuki hazırkı pozuntular 2024-cü il tarixində aşkar olunan pozuntulardır.

47. İşə baxmış məhkəmə kollegiyası isə icra hakimiyyətinin təşəbbüsünün hansı illərdə olmasını nəzərə almadan, sanki bu göstərişin müddətsiz verilməsi fikri yaratmışdır.

48. Maraqlısı odur ki, işə baxmış məhkəmə kollegiyası bu mövqeylə dolayısı yolla “pambıq əkini” kimi pozuntunun olmasını qəbul etmiş, sadəcə bu əkinin səbəbini cavabdehin təşəbbüsü kimi qiymətləndirmişdir. Buna baxmayaraq işə baxmış məhkəmə kollegiyası digər pozuntu olan “yonca və taxıl əkininə” ümumiyyətlə qiymət verməmişdir.

49. Digər tərəfdən, pambıq həqiqətən də icra hakimiyyətinin göstərişi ilə əkilmişdirsə, iddiaçının hansı səbəblərdən icra hakimiyyətinə verdiyi izahatda “pambıq, yonca və taxıl əkməsi” barədə pozuntunu qəbul edərək bu halların aradan qaldıracağını vəd etməsi də anlaşılan deyildir.

50. Kassasiya şikayətinin digər dəlili “iddiaçı tərəfindən torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmaması” olmuşdur.

51. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmaması dəlillərini irəli sürmüş, iddiaçı isə buna etiraz edərək “xırda buynuzlu heyvanların saxlanılması” barədə fotoşəkillər təqdim etmişdir. Hətta birinci instansiya məhkəməsinin qərarında bu fotoşəkillər bu faktı təsdiq edən sübut kimi götürülmüş, işə baxan apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qərarı qüvvədə saxlamışdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi həmin fotoşəkillərin nə zaman, harada, hansı şəraitdə çəkilməsi, eləcə də şəkillərdə əks olunan heyvanların məhz iddiaçıya məxsus olması barədə ətraflı qiymətləndirmə aparmamışdır.

53. Bundan başqa, ancaq fotoşəkillər əsasında iddiaçının xırda buynuzlu heyvanlar saxlaması qənaətinə gəlinməsi İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olmamışdır.

54. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

55. Göründüyü kimi, işə baxan məhkəmə kollegiyası iddiaçının xırda buynuzlu heyvanların həqiqətən də saxlayıb-saxlamaması, bunun üçün zəruri şəraitə (müvafiq tikililərə, infrastruktura və s.) malik olub-olmaması hallarını araşdırmamış, iddiaçı tərəfindən torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılması halını təsdiq edən sübutları əldə etməmişdir. Məhz kassasiya şikayətində də “iddiaçı tərəfindən torpaq sahəsində adıçəkilən fəaliyyətlə məşğul olduğu təqdirdə heyvanların vaksinasiya ilə bağlı baytarlıq idarəsinə müraciətin edilərdi” dəlili irəli sürülmüşdür.

56. Məhkəmə kollegiyası bildirir ki, təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfindən torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmasının müəyyən edilməsi məqsədi ilə həmin dövrdə fəaliyyəti haqqında müvafiq orqanlara statistik və s. hesabatların verilib-verilməməsini, eləcə də kassasiya şikayətinin dəlili olan vaksinasiya ilə bağlı baytarlıq idarələrinə müraciətlərin olub-olmamasını aydınlaşdırılmalıdır.

57. Bu səbəbdən bu hallar aydınlaşdırıldıqdan sonra iddiaçının tələbinin əsaslı sayılıb-sayılmaması məsələsinə düzgün qiymət verilə bilər.

58. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı sadalanmış hallar yoxlanılmalı və digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.

60. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

61. Beləliklə, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(*-*)-**/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar