Məhkəmə qərarları › İş №2-1(1-8)-1393/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1393/2026

03.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1393/2026 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “Hacıqabul rayon İcra Hakimiyyətinin ##.##.1996-cı il tarixli, *** saylı sərəncamı ilə İddiaçı-yə ayrılmış 45 hektar torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İtifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın ** saylı ## ####### 1989-cu uil tarixli protokolundan çıxarışdan müəyyən olunur ki, həmin qərar əsasında “Gülüstan-2” bağ sahəsində ** saylı torpaq sahəsi (500 kv.m) X1 adına hesab olunmuş və ona bağçılıq yoldaşlığı üzvlük vəsiqəsi verilməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən ##.##.2013-cü ildə verilmiş A seriyalı ****** nömrəli «torpaq sahəsinin planı və ölçüsü»ndən müəyyən olunur olur ki, Bakı şəhər XDS İK-nin ##.##.1989-cu il tarixli **/*** saylı qərarı və ADNA-nın «Gülüstan» bağçılıqyoldaşlığın ##.##.1989- cu ıl tarixli ** saylı protokulu ilə ünvan 1ndə yerləşən və bağ evinin tikintisi üçün iddiaçı X1 ayrılmış ** saylı bağın 500 kv.m torpaq sahəsi ilə bağlı torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək baş plandan çıxarış və əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuş və Dövlət torpaq kadastrı kitabında ##.##.2013-cü il tarixdə 33588 nömrəsi ilə uçota alınmışdır.

3. DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ## ##### 2017-ci il tarixli ************ nömrəli məktubdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ** saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddiaçının ********** nömrəli, ##.##.2017-ci il tarixli poçt vasitəsilə daxil olmuş ərizəsinə baxılmış, cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər kserosurətdir və Bakı şəhər ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İdarənin elektron bazasında göstərilən bağların ayrıc aktı barədə məlumat yoxdur. Bundan əlavə, bağ sahəsi mübahisəli olduğundan torpaq sahəsinə dair İdarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ### 2007- ci il tarixli sərəncamına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 7.1 və 9.1.2-ci maddələrinə istinad edilərək, iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şirvan Ərazi İdarəsinə qarşı “## ###### 1998-ci il tarixli, JN-343, kod ******** nömrəli torpaqdan daimi istifadə hüququna dair dövlət aktına əsasən, X2 Təsərrüfatının daimi istifadəsində olan 45 hektar həyətyanı torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 1995-ci ildə yaradılmış və əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının istehsalı olmuşdur. Hacıqabul Rayon İcra Hakimiyyətinin ## ###### 1996-cı il tarixli, *** saylı sərəncamına əsasən, təsərrüfatının daimi istifadəsinə 45 hektar torpaq sahəsi ayrılmış, həmin sahənin sərhədləri yerində müəyyən edilərək təhvil verilmiş və ## ###### 1998-ci il tarixdə JN- 343, KOD ******** nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı verilmişdir. İddiaçı X3raq onlara ayrılmış torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə etmişdirlər. Bu illər ərzində torpaq sahəsində kənd təsərrüfatı məhsullarının becərilməsi təmin edilmiş, fəaliyyəti rayonun sosial-iqtisadi inkişafına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və aqrar sektorun inkişafına mühüm töhfə vermişdir. 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Cavabdeh Publik Hüquqi Şəxsin strukturuna daxil olan “xxxx” MMC tərəfindən təsərrüfatının daimi istifadəsində olan 45 hektar torpaq sahəsinin faktiki istifadə vəziyyətinə dair torpaq örtüyü haqqında hesabat tərtib edilmişdir. Eyni zamanda, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına dəstək məqsədilə təsərrüfata subsidiyalar ayrılmışdır. Həmin subsidiyalar ## ###### 1998-ci il tarixli JN-343, KOD ******** nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı əsasında verilmişdir. Lakin qanunvericilikdə edilən dəyişikliklərə əsasən, bundan sonra subsidiyaların ayrılması yalnız torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından sonra mümkündür. Bu məqsədlə, 45 hektar torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi üçün ** saylı Şirvan Ərazi İdarəsinə müraciət edilmişdir. Təəssüf ki, həmin idarə tərəfindən verilmiş ## ### 2025-ci il tarixli, 3-21-3-38/2- ****/**** saylı məktubla bildirilmişdir ki, torpaq sahəsinin bir hissəsi hərbi hissənin aeroportunun ərazisi ilə üst-üstə düşdüyündən, digər hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaqları kateqoriyasına aid edildiyindən, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qeydiyyatdan imtina olunmuşdur. Mövcud vəziyyət təsərrüfatının subsidiyalardan məhrum qalmasına səbəb olmaqla yanaşı, kənd təsərrüfatının davamlı inkişafına da mənfi təsir göstərir. Məsələ ilə bağlı məhəkəmə tərəfindən dəstək göstəriləcək və yaranmış hüquqi-texniki maneələrin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcəkdir.

6. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Hacıqabul rayon İcra Hakimiyyətinin ##.##.1996-cı il tarixli, *** saylı sərəncamı əsasında İddiaçı X3na daimi istifadə üçün 45 hektar torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır, eyni zamanda həmin sərəncama dair iddiaçının etimad hüququnun qorunmasını istisna edən əsaslar müəyyən edilməmişdir. Məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Eyni zamanda torpağın ayrılmasına dair Sərəncam ləğv edilməmiş, hal-hazırda qüvvədə olmaqla hər hansı qaydada mübahisələndirilməmişdir. Həmçinin iş materiallarına daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktlarıda əlavə edilmişdir ki, qeyd edilən aktlara əsasən torpaqla bağlı ilkin inventarlaşdırma işlərinin aparıldığı, torpaqdan təyinatı üzrə istifadə olunduğu və müvafiq xüsusi bilik tələb edən ekspertizanın keçirilməsi üçün zəruri olan əsasların olmadığı müəyyən edilmişdir. Eyni zamanda torpaq sahəsinin daimi istifadə hüququna dair JN-381, KOD ******** nömrəli dövlət aktı və yerquruluşu planı təsdiq edilmişdir ki, qeyd edilən cizgilərlə bağlı mübahisənin olmadığı müəyyən edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Cəlilabad Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən Hacıqabul rayon icra hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, *** saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-343, KOD ******** nömrəli dövlət aktı əsasında iddiaçı “Sünbül" X3 istifadəsinə verilmiş Hacıqabul rayonu ərazisində yerləşən 45,00 ha kənd təsərrüfatı məhsullarının istehsalına dair torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuş, Azərbaycan Respublikasının Prezidentinin ## #### 2016-cı il tarixli *** saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron uçot işlərinin nəticəsində tərtib edilmiş Hacıqabul rayonunun xəritəsində dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin altında olan torpaq sahəsi kimi göstərildiyi, torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edildiyi, faktiki olaraq naturada heç bir üst-üstə düşmə halının olmadığı, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ** saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi belə əsaslandırılmışdır (*-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli Qərar).

8. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.S.Sadıqov /sədrlik edən və məruzəçi/, F.C.Hüseynov və C.Ə.Quliyev) 2026-cı il ## ###### tarixli, *-*(*- *)-***/**** nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılmaması və qəbulundan imtina edilməsi qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərar ##.##.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəfindən həmin qərardan ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 12 gün sonra verilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülmüşdür. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Lakin iddiaçı məhkəmə iclasına gəlməmiş, həmçinin onun tərəfindən müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü sayılması üçün əsaslar mövcud deyil.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və apellyasiya şikyətinin mümkün sayılaraq, mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ## ###### 2026- cı il tarixində 2602100150 nömrə ilə qeydiyyata alınmışdır, müddəti də məhz həmin vaxtdan nəzərə almaqla həmin qərardan apellyasiya şikayəti X4 (ESD) vasitəsilə ## ###### 2026-cı il tarixində Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, şikayət 30 gün çərçivəsinə verilmişdir. Lakin məhkəmə qərardadında göstərilmişdir ki, qərar elektron kabinetə ##.##.2025-ci il tarixində yerləşdirilmişdir. Nəzərə almaq lazımdır ki, ## ######## 2025-ci il tarixli, F-** saylı Əmrə əsasən Cavabdeh tabeləyindəki ərazi idarələrinin fəaliyyətinə # ####### 2025-ci il tarixindən xitam verilməsi ilə bağlı bütün işlər üzrə cavabdeh qismində xxxx publik hüquqi şəxs çıxış edir. Məhz bu səbəbdən də Şirvan İnzibati Məhkəməsi cavabdeh Cavabdeh ** saylı Şirvan Ərazi İdarəsi əsl cavabdeh Cavabdeh ilə əvəz edilmişdir. Buna görə də mübahisələndirilən qərar sonuncunun kabinetinə yerləşdirilmişdir. Nəzər alsaq ki, ümumilikdə 18 Ərazi İdarəsi üzrə məhkəmələrdə gündə ən azı 1300-dən artıq sənəd daxil olur, onların hamısını dərhal işlənilməsi müəyyən vaxt aparır. Nəzər alsaq ki, qərar məhkəmə kollegiyasının göstərdiyi kimi kabinetə ## ###### 2025-ci il tarixində yerləşdirilib, həmin tarixdən növbəti iki gündən sonra ayın 4-dək şənbə və bazar istirahət, habelə bayram və qeyri iş günləri olduğundan, habelə dekabr ayının 29 və 30-u ərzində də ən azından 2500-dən artıq sənəd daxil olduğundan, mübahisələndirilən qərar 2026-cı ilin yanvar ayının 5-i ********** nömrəli il qeydiyyata alınmışdır. Müddət də həmin vaxtan hesablanmışdır. Fiziki olaraq sistemə daxil olub həmin qərarı hansı tarixdə daxil olduğunu araşdırmaq imkanları olmamışdır. Apellyasiya şikayəti məhkəmə kollegiyasının göstərdiyi kimi, 09 fevral tarixində deyil, ## ###### 2026-cı il tarixində ESD vasitəsilə verilmişdir. Buna dair sübut şikayətə əlavə olunur.

b. kassasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından aydın şəkildə görünür ki, cavabdeh tərəfindən həmin qərardan yalnız ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmişdir. Müddətlərin hesablanması qaydasına əsasən, apellyasiya şikayəti vermək hüququ rəsmi olaraq ##.##.2026-c1 il tarixdə başa çatmışdır. Cavabdeh isə şikayəti ##.##.2026-cı il tarixdə, yəni qanunla müəyyən edilmiş 30 günlük müddət bitdikdən tam 12 gün sonra təqdim etmişdir. Bununla da İPM-in 85-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət cavabdeh tərəfindən aşkar şəkildə ötürülmüşdür.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərardadının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyyünə yenidən baxılması üçün iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

18. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

19. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

20. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

21. Bu qayda eynilə apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin apellyasiya şikayətinin mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.

22. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Belə ki, hazırda kassasiya baxışının predmetini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü, yəni apellyasiya instansiyası məhkəməsinin prosessual müddətin ötürülməsi ilə bağlı gəldiyi nəticənin qanunauyğun olubolmamasının

23. yoxlanılması təşkil edir.

24. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də məhkəmə aktlarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi ilə bağlı nəzərdə tutulan prosessual müddətlərdir. Belə bir tənzimetmənin əsas məqsədlərindən biri hüquqi müəyyənlikdir ki, bu institut hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.

25. İşə baxan apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin ötürüldüyü nəticəsinə gələrkən, cavabdeh tərəfindən məhkəmə aktının təqdim edildiyi tarixdən qanunla müəyyən olunmuş müddətdə şikayət verilməməsinə istinad etmişdir.

26. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qeyd etdiyi kimi, 09 fevral tarixində deyil, 03 fevral tarixində ESD vasitəsilə verilmişdir.

27. Bundan başqa cavabdeh apellyasiya şikayətinin üzrlü səbəblərdən ötürüldüyünə istinad edərək bildirir ki, ## ######## 2025-ci il tarixli, F-** saylı Əmrə əsasən Cavabdeh tabeləyindəki ərazi idarələrinin fəaliyyətinə # ####### 2025-ci il tarixindən xitam verilməsi ilə bağlı bütün işlər üzrə cavabdeh qismində xxxx publik hüquqi şəxs çıxış edir. Məhz bu səbəbdən də Şirvan İnzibati Məhkəməsi cavabdeh Cavabdeh ** saylı Şirvan Ərazi İdarəsi əsl cavabdeh Cavabdeh ilə əvəz edilmişdir. Buna görə də mübahisələndirilən qərar sonuncunun kabinetinə yerləşdirilmişdir. Ümumilikdə isə 18 Ərazi İdarəsi üzrə məhkəmələrdən gündə ən azı 1300-dən artıq sənəd daxil olur və onların hamısının dərhal işlənilməsi müəyyən vaxt aparır.

28. Cavabdeh həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı məhkəmə kollegiyasının göstərdiyi kimi kabinetə ## ###### 2025-ci il tarixində yerləşdirilib, həmin tarixdən növbəti iki gündən sonra ayın 4-dək şənbə və bazar istirahət, habelə bayram və qeyri iş günləri olduğundan, habelə dekabr ayının 29 və 30-u ərzində də ən azından 2500-dən artıq sənəd daxil olduğundan, mübahisələndirilən qərar # ###### 2026-cı il tarixdə 2602100150 nömrə ilə qeydiyyata alınmışdır. Müddət də həmin vaxtan hesablanmışdır.

29. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyasım məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması məqsədi ilə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, 2 *(*-*)-***/**** saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar