Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1431/2026 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış kənd təsərrüfatı təyinatlı az yararlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmas) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “JN-1051 KOD ******** saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Quba rayonu, Zərdabi kəndi ərazisində iddiaçıya məxsus 11,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN **** nömrəli KOD 30316018 seriyalı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Quba rayonu Zərdabi Bələdiyyəsinin ## #### 2002-ci il tarixli ** saylı qərarı ilə iddiaçı İddiaçı Mürsəl qızına kənd təsərrüfatı məhsullarının istehsalı üçün satılmış 11.01 ha torpaq sahəsinə rayon torpaq şöbəsi tərəfindən ## ###### 2003-cü ildə qeydə alınmış dövlət aktı verilmişdir.
2. İddiaçı İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz ərazi idarəsinə müraciət edərək həmin torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.
3. * saylı Xaçmaz Ərazi İdarəsi iddiaçıya ünvanladığı ## #### 2023-cü il tarixli məktubunda bildirmişdir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, JN **** nömrəli KOD 30316018 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bundan əlavə, həmin torpaq sahəsi X7 uçotu informasiya sistemində (TEKUİS) bələdiyyənin ehtiyat fondu torpaqları (uqodiyası kənd təsərrüfatı təyinatlı əkin) kimi göstərilmişdir. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün verilməsi və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, JN-1051 KOD ******** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında Quba rayonu, Zərdabi kəndi ərazisində iddiaçıya məxsus 11,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Quba rayon Zərdabi Bələdiyyəsinin ## #### 2002-ci il tarixli ** saylı qərarı əsasında Quba rayonu Zərdabi kəndi ərazisindən 11,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satın almışdır. Daha sonra qeyd edilən qərar əsasında iddiaçıya müvafiq dövlət orqanı tərəfindən JN1051 KOD ******** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Torpaq sahəsini satın aldığı dövrdən bu günə kimi qeyd edilən torpaq sahəsi iddiaçının faktiki olaraq sahibliyində və istifadəsindədir. Torpaq sahəsində bağ salmışdır. Bağdan istifadə edir. İddiaçı hal-hazırda qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 24 iyuyl 2023-cü il tarixli məktubu ilə imtina verilmişdir.
6. “xxxx” MMC tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilən sənədlərdən görünür ki, Quba rayon Zərdabi Bələdiyyəsinin ## #### 2002-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya bələdiyyə fonduna aid alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə 11.0 ha torpaq sahəsi satılmışdır. Rayon torpaq şöbəsinin rəyində iddiaçıya satılması nəzərdə tutulan 11,0 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olması və kənd təsərrüfatına az yararlı olması qeyd edilmişdir. Bələdiyyə qərarında da bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan az yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu qeyd edillmişdir. Kadastr qiyməti cədvəlində torpaq sahəsinin bonitet balı “22”, keyfiyyət qrupu “lV” göstərilmiş, torpaq sahəsinin dəyəri kimi İddiaçı Mürsəl qızı ##.##.2004-cü il tarixli qəbz ilə bank hesabına 9356000 manat haqq ödəmiş və torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt ## ###### 2022-ci il tarixdə rayon torpaq şöbəsində qeydə alınmışdır.
7. * saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş müayinə aktından görünür ki, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Faktiki olaraq həmin torpaq sahəsi yol və qonşu torpaq sahəsi ilə həmsərhəddir, torpaq sahəsi meyvə bağı kimi istifadə olunur. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçı tərəfindən istifadə olunan torpaq sahəsi 11.60 ha təşkil edir. JN-1051, kod ******** saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmışdır və həmin Dövlət Aktına əsasən torpaq sahəsi ilə iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi uyğunluq təşkil edir. Lakin həmin nömrəli Dövlət Aktı TEKUİS-də öz əksini tapmamışdır. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən ehtiyat fondu torpaqlar kateqoriyalı olub uqodiyası çoxillik əkmə kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsinin ətrafında olan torpaq sahələri üzərində digər mülkiyyətçilərin mülkiyyət hüquqları tanınmışdır. Sözügedən torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir.
8. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Quba rayonu, Zərdabi kəndi ərazisində yerləşən 11.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, ərizəyə əlavə olunmuş JN**** nömrəli (KOD 30316018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bundan əlavə, həmin torpaq sahəsi X7 uçotu informasiya sistemində (TEKUİS) bələdiyyənin ehtiyyat fondu torpaqları (uqodiyası kənd təsərrüfatı təyinatlı əkin) kimi göstərilmişdir. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin plan və ölçü sənədinin dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, JN-1051 KOD ******** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında Quba rayonu, Zərdabi kəndi ərazisində iddiaçıya məxsus 11,01 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq üzərinə qoyulması qərara alınmışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2məruzəçi,
11. hakimlər Cabbarova Gülnar İnqilab qızı və Quliyev İsmayıl Rza oğlu) *-*(*-*)- ***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi torpaqayırma qaydasında müsbət rəy vermiş və həmin səlahiyyətli qurum ayrılması nəzərdə tutulan torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fondundan alqı-satqı predmeti olan sahə kimi qiymətləndirmişdir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı müvafiq rəy bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz.
13. Digər tərəfdən, sözügedən torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olması qəbul edilsə belə, cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinə bitişik torpaq sahələri üzərində qonşuların mülkiyyət hüquqları 303012003512 və ************** reyestr nömrəli çıxarışlar əsasında dövlət qeydiyyatına alınmışdır. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə analoji hüquqi rejim tətbiq olunmuş və qonşu torpaq sahələri üzrə mülkiyyət hüquqları qeydə alınaraq rəsmən tanınmışdır. Həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.
14. Cavabdeh həmin qərarın kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
16. Kassator əlavə olaraq göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır.
17. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, * saylı Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış və məlum olmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş JN-**** nömrəli (KOD 30316018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bundan əlavə, həmin torpaq sahəsi X7 uçotu informasiya sistemində (TEKUİS) bələdiyyənin ehtiyyat fondu torpaqları (uqodiyası kənd təsərrüfatı təyinatlı əkin) kimi göstərilmişdir.
18. Torpaq Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir.
19. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasını pozuımasına yol verərək nəzərə almamışdır ki, Quba rayon Zərdabi Bələdiyyəsinin ## #### 2002- ci il tarixli ** saylı qərarı ilə iddiaçıya bələdiyyə fonduna aid torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə satılmış 11.0 ha torpaq sahəsi X7 Uçotu İnformasiya Sistemində (TEKUİS) bələdiyyənin ehtiyyat fondu torpaqları (uqodiyası kənd təsərrüfatı təyinatlı əkin) olduğundan onun istifadəsinə ancaq müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Hazırki iş üzrə isə bununla bağlı hər hansı bir qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir, məhz bu səbəbdən də iddia tələbi təmin edilə bilməzdi.
20. Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər.
21. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, Quba rayon Zərdabi Bələdiyyəsinin ## #### 2002- ci il tarixli ** saylı qərarı ilə iddiaçıya bələdiyyə fonduna aid torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə 11.0 ha torpaq sahəsi X7 Uçotu İnformasiya Sistemində (TEKUİS) bələdiyyənin ehtiyat fondundan ayrılmış uqodiyası kənd təsərrüfatı təyinatlı olan əkin torpaq sahəsidir. Belə olan halda isə həmin torpaq sahəsi mülkiyyətə deyil, yalnız icarəyə verilə bilərdi. Lakin buna əməl edilməmiş, həmin torpaq sahəsi istinad olunan normaların tələblərini kobud şəkildə pozulması ilə iddiaçının mülkiyyətinə verilmişdir.
22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
23. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, Quba rayon Zərdabi Bələdiyyəsinin ## #### 2002-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya bələdiyyə fonduna aid torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə 11.0 ha torpaq sahəsi X7 Uçotu İnformasiya Sistemində (TEKUİS) bələdiyyənin ehtiyat fondundan ayrılmış uqodiyası kənd təsərrüfatı təyinatlı olan əkin torpaq sahəsidir. Belə olan halda isə həmin torpaq sahəsi mülkiyyətə deyil, yalnız icarəyə verilə bilərdi. Lakin buna əməl edilməmiş, həmin torpaq sahəsi istinad olunan normanın tələblərini kobud şəkildə pozulması ilə iddiaçının mülkiyyətinə verilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. … Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ ...
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. ... Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri ...
2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. ...
27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyatakeçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. … Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
29. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun yuxarıda göstərilən normalarına görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir (6.2-ci maddə). Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir (6.3-cü maddə). Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir (6.5-ci maddə). Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər (7.1.2-ci maddə).
36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə Quba rayon Zərdabi Bələdiyyəsinin ## #### 2002-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya bələdiyyə fonduna aid alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə 11.0 ha torpaq sahəsi satılmışdır. Rayon torpaq şöbəsinin rəyində iddiaçıya satılması nəzərdə tutulan 11,0 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olması və kənd təsərrüfatına az yararlı olması qeyd edilmişdir. Bələdiyyə qərarında da bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan az yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu qeyd edillmişdir. İddiaçı ilə bələdiyyə arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt ## ###### 2022-ci il tarixdə rayon torpaq şöbəsində qeydə alınmışdır.
37. Bəhs olunan sənədlər cavabdehə tabe qurum olan “xxxx” MMC tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmişdir.
38. Qanunvericiliyə görə bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı torpaqları xüsusi mülkiyyətə verilə bilər. Torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin kateqoriyası və təyinatını müəyyən edən dövlət orqanının rəyinə görə iddiaçıya satılması nəzərdə tutulan 11,0 ha torpaq sahəsi bələdiyyənin kənd təsərrüfatına az yararlı torpaq sahəsi olmuşdur.
39. İddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi torpaqayırma qaydasında müsbət rəy vermiş və həmin səlahiyyətli qurum ayrılması nəzərdə tutulan torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fondundan alqı-satqı predmeti olan sahə kimi qiymətləndirmişdir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı müvafiq rəy bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz.
40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, * saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş müayinə aktına əsasən iddiaçı tərəfindən istifadə olunan torpaq sahəsi JN-1051, kod ******** saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmışdır və həmin Dövlət Aktına əsasən torpaq sahəsi ilə iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi uyğunluq təşkil edir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir.
41. Bəhs olunanlara əsasən iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayarkən apelyasiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.