Məhkəmə qərarları › İş №2-1(1-8)-1554/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1554/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1554/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayəti müddətinin buraxılması; prosessual müddətin bərpası barədə ərizə; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “özəlləşdirilmənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Cndan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, * saylı mağazanın anbarının özəlləşdirilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın etibarsız hesab edilməsi, hərrac nəticəsində bağlanmış əqdlərin mübahisəli sayılaraq etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətinin bərpa olunması və yeni hərrac prosedurunun qanunvericiliyə uyğun olaraq təkrar həyata keçirilməsini xahiş etmişdir.

2. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aygün Abdullayev.a)

3. Iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, iddiaçının Bakı Inzibati Məhkəməsinin 2-1(112) *****/**** saylı ## ###### 2025-ci il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmamışdır (hakimlər - Aytən Oruczadə (sədrlik edən və məruzəçi), Elvin Əliyev və Fərid Mədətli).

5. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Inzibati Məhkəməsinin 2-1(112) *****/**** saylı ## ###### 2025-ci il tarixli qərardadı ##.##.2026-cı il tarixdə iddiaçıya məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. iddiaçı İddiaçı apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsində qeyd edilənlər üzrlü hesab edilmədiyindən təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2025-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalıdır.

6. Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixliqərardadının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti üzrə müddətin üzrlü səbəbdən ötürməsi öz təsdiqini tapmamışdır.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməli, eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apelyasiyanın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı, X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı, X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı, X1 cavabdeh Nizami rayon Icra Hakimiyyətinə qarşı ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı qərarları).

12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqeyə bağlı çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

13. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

14. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən,

qərara aldı:

Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar