Məhkəmə qərarları › İş №2-1(1-8)-1565/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1565/2026

02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1565/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: subyektiv hüquqla bağlı iddianın mümkünsüzlüyü; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli, *-*(*-**)- ***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçıya dair əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Şəki Rayon Mərkəzi Xəstəxanası tərəfindən ##.##.2021-ci il tarixli, *******AAKCG nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti cavabdeh tərəfindən qiymətləndirilmiş və ##.##.2021-ci il tarixdə barəsində “əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə imtina qərarı qəbul edilmişdir.

2. Bundan sonra iddiaçının ##.##.2023-cü il tarixdə əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişi (TQS № ***) Şəki Rayon Mərkəzi X1 Komissiyası tərəfindən rəsmiləşdirilmiş və təsdiqlənməsi üçün “e-TABIB” X2 “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər reyestri” proqramına (Forma-088 moduluna) daxil edilmişdir. Həmin göndəriş operator funksiyasını icra edən TƏBIB-in “Əlillik məsələləri üzrə iş” şöbəsinin əməkdaşları tərəfindən təhlil edildikdən sonra “Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyəti- böyrək çatışmazlığı barədə məlumat qeyd edilməlidir” səbəbi ilə imtina verilərək tibb müəssisəsinə geri qaytarılmışdir. Sonrakı tarixlərdə tibb müəssisəsi tərəfindən iddiaçıya dair yeni göndəriş rəsmiləşdirilməmişdir.

3. Iddiaçı cavabdehə qarşı dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli 2 *(***)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüquqi marağı olan “ona ## ###### 2023-cü il tarixdən əlillik təyin edilməsi”nə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “xxxx” Publik Hüquqi şəxsinin ## ####### 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının ##.##.2023-cü il tarixdə əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişi (TQS № ***) Şəki Rayon Mərkəzi X1 Komissiyası tərəfindən rəsmiləşdirilmiş və təsdiqlənməsi üçün “e-TABIB” X2 “Tibbi sosial ekspertiza müayinəsinə göndərişlər reyestri” proqramına (Forma-088 moduluna) daxil edilmişdir. Həmin göndəriş operator funksiyasını icra edən TƏBIB-in “Əlillik məsələləri üzrə iş” şöbəsinin əməkdaşları tərəfindən təhlil edildikdən sonra “Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyəti- böyrək çatışmazlığı barədə məlumat qeyd edilməlidir.” səbəbi ilə imtina verilərək tibb müəssisəsinə geri qaytarılmışdir. Sonrakı tarixlərdə tibb müəssisəsi tərəfindən iddiaçıya dair yeni göndəriş rəsmiləşdirilməmişdir. Bundan başqa, işdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## #### 2025-ci il tarixli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktubundan görünür ki, İddiaçı dair əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Şəki Rayon Mərkəzi Xəstəxanası tərəfindən sonuncu dəfə ## #### 2021-ci il tarixli, *******AAKCG nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti ##.##.2021-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə vətəndaşa dair##.##.2023-cü il tarixli göndəriş daxil olmamışdır. Göründüyü kimi, iddiaçı barəsində sonuncu qərar ##.##.2021-ci il tarixdə barəsində “əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə imtina qərarı qəbul edilmişdir. Iddiaçının tələbi üzrə ## ###### 2023-cü il tarixdə TƏBIB tərəfindən cavabdeh orqana iddiaçıya münasibətdə göndəriş daxil olmamış, onun tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Iddiaçı tərəf də belə bir qərarın mövcud olmadığını təsdiq etmişdir. Sonuncu imtina TƏBIB tərəfindən verilmiş, cavabdeh isə bu göndərişlə bağlı hər hansı araşdırma aparmamışdır.

8. Iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 9.98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * nömrəli qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır..

13. Eyni zamanda məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Formalaşmış vahid məhkəmə təcrübəsi onu göstərir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Iddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *- *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli 2-1(102)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, qərarları).

14. Iddiaçı tərəfindən qaldırılan iddianın ümumi mümkünlük şərti ödənilmədiyindən apellyasiya instansiyası məhkəməsi iddia qeyri-mümkün saymaqla düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən, kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və məhkəmə aktının ləğv edilməsi üçün əsas yaratmır.

15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

16. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI

Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli, *-*(*- **)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar