Məhkəmə qərarları › İş №2-1(1-8)-160/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-160/2026

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-160/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın iddiaçının xüsusi mülkiyyətində olan evə aid hissəsində etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti) “sərəncamın qismən etibarsız hesab olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 226.7 kv.m fərdi yaşayış evi ##.##.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yeni yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” ##.##.2022-ci il tarixli *** saylı Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, ** saylı ünvanda yerləşən, Üçüncü şəxs ASC-nin xüsusi mülkiyyətində olan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Üçüncü şəxs ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün Üçüncü şəxs ASC-nin icarə əsasında istifadəsinə verilmişdir.

3. Əmlak Məsələləri Dövlət Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubuna görə, *** saylı sərəncamın tərkib hissəsi olan yerləşmə cizgisində göstərilən koordinatlar daxilində iddiaçının adına qeydiyyatdan keçmiş Bakıxanov qəsəbəsi, Əkrəm Cəfərov küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi yerləşir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, İcra Hakimiyyətinin Başçısının *** nömrəli, ## ###### 2022 ci il tarixli sərəncamının, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və fərdi evin yerləşdiyi əraziyə aid hissədə etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 226.7 kv. metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Həmin fərdi yaşayış evi hazırda iddiaçının istifadəsindədir və o, orada yaşayır. Bundan başqa, Sabunçu rayonu, ünvan 4 ünvanında əlavə olaraq, ümumi sahəsi 150 kv. metr olan iki tikili mövcuddur ki, həmin tikililərdə də övladları ayrı-ayrılıqda öz ailəsi ilə birgə yaşayır. Onların hər evə ayrıca girişi var və hər ev üçün ayrıca kommunal xidmətlər barədə müqavilələri mövcuddur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının *** saylı ## ###### 2022-ci il tarixli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən, Üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün Üçüncü şəxs ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan Sərəncamı ilə nəzərdə tutulan 1.25 ha torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsini də əhatə edir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının həmin sərəncamını, iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan mülki işlə əlaqədar elektron məhkəmə sistemindəki elektron kabinetdən ##.##.2024-cü il tarixdə əldə etmişdir. Belə ki, Üçüncü şəxs ASC ona qarşı onun ailə üzvlərilə birlikdə mülkiyyətində olan mənzildən çıxarılmağı və mənzilin onlara təhvil verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının *** nömrəli, ##.##.2022-ci il tarixli sərəncamı ona məxsus əmlaka dair hissədə etibarsızdır və heç bir hüquqi nəticə yaratmamalıdır.

6. Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının “Yeni yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” *** nömrəli, ## ###### 2022-ci il tarixli sərəncamının İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 226.7 kv. metrdən ibarət fərdi yaşayış evinin yerləşdiyi əraziyə aid hissədə etibarsız hesab edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, özgəsinin xüsusi mülkiyyətində olan əmlaka dair sərəncam qəbul etmişdır. Belə olduqda Bakı şəhəri, İcra Hakimiyyətinin Başçısının *** nömrəli, ## ###### 2022-ci il tarixli sərəncamının, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və fərdi evin yerləşdiyi əraziyə aid hissədə etibarsız hesab edilməlidir.

8. Üçüncü şəxs Üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, G.Sevdimalıyeva və O.İsmayılov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Üçüncü şəxs Üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

12. Üçüncü şəxs kassasiya şikayətində qeyd etmişdir ki, mübahisələndirilən sərəncam “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulan etibarsızlıq əsaslarından heç birinə uyğun gəlmir. Belə ki, sərəncam səlahiyyətli orqan tərəfindən yazılı formada qəbul edilmiş, icrası mümkün olan və ünvanlandığı şəxs müəyyən edilən inzibati aktdır. Kassatorun fikrincə, məhkəmələr etibarsız inzibati akt anlayışını düzgün tətbiq etməmiş, sərəncamın qanunsuzluğu üçün konkret hüquqi əsaslar müəyyən etmədən onu etibarsız hesab etmiş, habelə iş üzrə təqdim edilmiş izahatlara, kompensasiya və mənzillə təminat təkliflərinə, eləcə də digər sübutlara lazımi hüquqi qiymət verməmişlər. İddiaçıya mübahisəli əmlakın əvəzində ümumi sahəsi daha böyük olan mənzillər təklif edilmiş, tərəflər arasında kompensasiya məsələsinin həlli istiqamətində danışıqlar aparılmış, lakin razılıq əldə olunmamışdır. Kassator hesab edir ki, məhkəmələrin yanaşması tikinti layihəsinin həyata keçirilməsinə, çoxsaylı sakinlərin mənzillə təmin olunmasına və layihə üzrə götürülmüş öhdəliklərin icrasına mane olur, bu baxımdan qəbul edilmiş qərarlar ictimai maraqların lazımi qaydada nəzərə alınmaması ilə nəticələnmişdir

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokol (Əlavə protokol, * saylı protokol) Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 65.1.2 Müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.

16. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Maddə 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Maddə 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. Maddə 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd baxımından mübahisələndirilən sərəncamla xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüququnun həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir.

23. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, sözügedən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

24. Mülkiyyət hüququ əsasında iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 1.25 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Üçüncü şəxs ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün Üçüncü şəxs ASC-nin icarə əsasında istifadəsinə verilmişdir.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir.

26. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdır.

27. “İnzibati icraat haqqında” Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.

28. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar