Məhkəmə qərarları › İş №2-1(1-8)-1642/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1642/2026

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1642/2026 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərtləri; müraciət edilməmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli, 2-1(3-6)- ***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının “maddi zərərin təzminat məbləğinin indeksləşdirilmiş şəkildə - 168.000 manat hesablanması və ödənilməsinin təmin edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 2005-ci ilin dekabr ayından etibarən ailəsilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən və faktiki olaraq uzun illərdir istifadə etdiyi qeyriyaşayış sahəsində daimi məskunlaşmışdır. Bu əmlak üzərində onun tərəfindən yaşayış üçün zəruri olan təmir-bərpa və tikinti işləri aparılmış, yaşayış üçün əlverişli şərait yaradılmışdır. Bu müddət ərzində təmir-tikinti işlərinə və mənzilin təchizatına təxminən 50.000 manat dəyərində vəsait xərclənmişdir. Lakin ##.##.2012-ci il tarixli RX ******* seriyalı çıxarış əsasında həmin əmlaka dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən üçüncü şəxsin adına hüquqi sənəd tərtib edilmiş və bu çıxarışın təqdim olunması nəticəsində məhkəmələrdə onun və ailəsinin faktiki istifadə hüququ pozularaq, mübahisəli əmlakdan çıxarılması barədə qərarlar qəbul edilmişdir. Sözügedən çıxarış onun faktiki istifadə hüququnu nəzərə almadan, heç bir xəbərdarlıq edilmədən və əmlakın real hüquqi vəziyyəti araşdırılmadan verildiyi üçün nəticə etibarı ilə ona maddi və mənəvi zərər vurulmuşdur. Cavabdeh dövlət orqanı bu əmlaka dair hüquqi araşdırmanı lazımi qaydada aparmadan üçüncü şəxsə çıxarış verməklə vəzifə borcunu kobud şəkildə pozmuş, mübahisəli vəziyyətin yaranmasına səbəb olmuşdur. Bütün bunlar nəticəsində iddiaçıya dəyən maddi zərər (təmir-tikinti və təminat işləri üzrə) 50.000 manat, son 15 ildəki inflyasiya nəzərə alınmaqla təqribən 90.000 manat təşkil edir.

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan əlavə, iddiaçı tərəfindən maddi və mənəvi zərərlə bağlı idarəyə müraciət daxil olmamışdır. Bildirilir ki, ünvan 1 ünvanında olan qeyri-yaşayış binası * saylı Yerli Iqtisad Məhkəməsinin ##.##.2006-cı il tarixli qətnaməsi əsasında “xxxx” Firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh iddia tələbinin “maddi və mənəvi zərərin ödənilməsi” hissəsində mümkün sayılmaması, qalan hissədə isə təmin edilməməsini xahiş etmişdir.

4. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır (Hakim Günel Tanrıverdiyeva).

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia kompensasiyanın ödənilməsi haqqında iddia növünə aiddir. Kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən inzibati orqana hazırki tələb ilə müraciət etməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

6. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ##### 2026-cı il tarixli, 2-1(3-6)- ***/**** saylı qərardadı ilə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Nigar Nəbizadə (sədrlik edən və məruzəçi), Vidadi Qasımov və Kamran Əkbərov).

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, hazırkı iddia kompensasiyanın ödənilməsi haqqında iddia növünə aiddir. Kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən inzibati orqana hazırki tələb ilə müraciət etməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Iş materiallarında olan sənədlərdən göründüyü kimi, birinci instansiyası məhkəməsi tərəfindən qərardadında iddiaçıya izah edilmişdir ki, iddianın qeyri-mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

9. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, nə apellyasiya instansiyası məhkəməsi, nə də birinci instansiya məhkəməsi cavabdeh inzibati orqana iddiaçı tərəfindən əvvəllər ərizə ilə müraciətin olub olmaması barədə heç bir sorğu verməmiş və özlərinin araşdırma və hüquqi yardım etmə öhdəliyini pozmuşdur. Iddiaçı ##.##.2026-cı il tarixdə Cavabdeh publik hüquqi şəxsinə ərizə ilə müraciət etmişdir.

b. Kassasiya şikayətinə etirazın dəlilləri

11. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

12. Inzibati Prosessual Məcəllə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

17. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

18. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

19. Iddiaçının ##.##.2026-cı il tarixdə xxxx publik hüquqi şəxsinə ərizə ilə müraciət etməsi faktı, iş üzrə gəlinən nəticəyə təsir etmir. Çünki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının qərarı # ##### 2026-cı il tarixdə çıxarılmışdır və həmin dpvrdə iddiaçının cavabdehə ziyanın ödənilməsi barədə tələbi mövcud deyildi.

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi üçün əsas təşkil etmir.

21. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli, 2 1(3-6)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar