Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-166/2026 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Ramidoğlu İnşaat” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarın mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı “Ramidoğlu İnşaat” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı ##.##.2024-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyəti “tikinti materiallarının topdan satışı”dır.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2024-cü il tarixli, *- **-*-*/*-******/**** nömrəli qərarına əsasən iddiaçı “Ramidoğlu İnşaat” MMC vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Əsas: elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 198911,24 manat dəyərində "Qırmadaş, atsep" və digər mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar müəssisənin alışında və idxalında müəyyən edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiyası məhkəməsindəki icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2024cü 3.il tarixli, *-**-*-*/*-******/**** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı qanunsuz və əsassızdır. Belə ki, "Ramidoğlu İnşaat" MMC ilə fərdi sahibkar X1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, RT/** nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 10000 kvadrat metr sahəsi, karxananın yerləşdiyi ərazi, çınqıl və qum hasilatı karxanası və bunun üçün nəzərdə tutulmuş maşın-mexanizmləri ##.##.2024-cü il tarixdən 1 il müddətinə "Ramidoğlu İnşaat" MMC-yə icarəyə verilmişdir. Bununla əlaqədar olaraq "Vergi ödəyicisinin təsərrüfat subyektinin(obyektinin) qeydiyyatı haqqında" Ərizə ilə vergi orqanına müraciət edilmiş və ##.##.2024-cü il tarixdə "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında" Arayış təqdim edilmişdir. Göründüyü kimi, vergi orqanının qərarında ##.##.2024- ##.##.2024-cü il tarixlərdə malların müəssisənin alışında və idxalında müəyyən edilmədiyi qeyd edilsə də, lakin icarə müqaviləsindən görünür ki, vergi ödəyicisi malları ##.##.2024cü il tarixdən icarəyə götürdüyü obyektdə istehsal etmişdir. Həmin obyekt də, vergi orqanı tərəfindən ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, təsərrüfat fəaliyyəti üçün obyektin icarəyə götürülməsi, həmin obyektin vergi orqanında qeydiyyata alınması, malların həmin obyektdə istehsal edilməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul etməsi başadüşülən olmamaqla yanaşı, qanunsuz və əsassızdır. Buna görə vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarı ləğv edilməlidir. Cavabdehin etirazları:
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən, bu Meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir; 2.1.3-ci yarımbəndinə əsasən, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə, (vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən, vergi üstünlüyü-vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70ci maddəsinə əsasən vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi- vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ##.##.2022-ci il tarixli F-* nömrəli əmri ilə təsdiq edilmiş "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi”nin 3.0.3-cü bəndinə əsasən səlahiyyətləri daxilində vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək Baş idarənin vəzifəsinə aid edilmişdir. Bildirirlər ki, "RAMİDOĞLU İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2024-##.##.2024-cü il tarixlərdə elektron qaimə faktura məlumatlarına əsasən cəmi 198911,24 manat dəyərində "Qırmadaş, atsep" və digər mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən, həmin mallar müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1.1, 3.1.1- ci bəndlərinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisi riskli əməliyyatlar aparmadığını təqdim edilmiş malları istehsal etdiyini bildirsə də, əldə edilmiş və ya idxal edilmiş heç bir mal, xidmət və ya işə rast gəlinməmişdir. İstehsal fəaliyyətinin yerinə yetirilməsi üçün zəruri olan iqtisadi resurslara malik olmamasını, icarəçi şəxslə bağlanmış müqavilə əsasında onun ehtiyatlarından istifadə etməsini bildirsə də, lazım olan texniki avadanlıqlar nə öz balansında, nə icarəçinin balansında, nə də ki, icarəçinin alışında müəyyən olunmuşdur. Digər tərəfdən bağlanmış müqavilədə icarə məbləği ilə 2 aydan az müddətdə təqdim edilmiş qaimələrin dəyərində də uyğunsuzluq var. Belə ki, icarə dəyəri 2000 manat qeyd olunmuş ərazi və texnikaların dəyərinə mütənasib dəyər deyil. Vurğulanan uyğunsuzluqlar ödəyicinin istehsal fəaliyyəti ilə məşğul olmamasına təqdim edilmiş malların sənədsiz alınması və ya ümumiyyətlə əmtəəsiz olmasına dəlalət verir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinın ## #### 2025-ci il tarixli, 2-1(112)-4524/2025 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilərək cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, malın satıcısının idxalında və eqaimə
7. üzrə alışında məhz həmin malların müəyyən edilməməsi,yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz olması kimi qiymətləndirilməməlidir. Həmçinin, ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən sahəsi 10000 kv.m olan karxananın yerləşdiyi ərazi, çınqıl və qum hasilatı karxanası və bunun üçün nəzərdə tutulmuş maşın mexanizmləri iddiaçıya icarəyə verilmişdir. Cavabdeh qərarında ##.##.2024-##.##.2024cü il tarixlərdə malların müəssisənin alışında və idxalında müəyyən edilmədiyini qeyd etsə də, iş materiallarından müəyyən edilir ki, iddiaçı həmin malları icarəyə götürdüyü obyektdə istehsal etmişdir. ##.##.2024-cü il tarixli qum-çınqıl karxanasının icarə müqaviləsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsinin planı və ölçüsü, ##.##.2024-cü il tarixli avtomaşın və mexanizamlərin icarə müqaviləsi, işçilərin əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişləri, vergi ödəyicisinin (iddiaçının) təsərrüfat subyektinin qeydiyyatı haqqında məlumat və arayış (təsərrüfat subyekti - qeyd olunan ünvanda qum çınqıl karxanası, uçota alınma tarixi (##.##.2024-cü il) iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları»nın 2.1.1 və 3.1.1-ci bəndlərinə istinad edilsə də, cavabdeh həmin halların mövcud olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı riskli vergi ödəyicisi hesab olunması üçün risk meyarlarına cavab verən şəxs hesab edilmir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, G.Sevdimalıyeva və O.İsmayılov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətinin əsas dəlilləri aşağıdakılardır: – İddiaçının texniki imkanların və istehsal gücünün real vəziyyəti ilə təqdim edilmiş məhsulların həcmi arasında mütənasiblik olmaması; – icarə predmetlərinin sahəsi və miqdarı ilə icarə haqqı məbləğlərinin uyğun gəlməməsi – avtomaşın və texnikalar üzrə yanacaq və enerji xərclərini təsdiq edəcək hər hansı sənədin olmaması; – mədən vergisi üzrə bəyannamənin təqdim edilməməsi b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur ... 13.2.82. riskli vergi ödəyicisi– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” (## ###### 2024-cü il tarixədək qüvvədə olan redaksiya). 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparılması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.
3. Riskli əməliyyatların meyarları 3.1.Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim edilməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
21. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
22. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
23. Mübahisəyə dair iş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarına əsasən iddiaçı “vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən elektron qaiməfaktura məlumatlarına əsasən cəmi 198911,24 manat dəyərində "Qırmadaş, atsep" və digər mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar onun alışında və idxalında müəyyən edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi icarə müqavilələrinə, əmək müqaviləsi bildirişlərinə və təsərrüfat subyektinin qeydiyyata alınmasına dair sənədlərə istinad edərək onun mübahisəli dövrdə satdığı malları özü istehsal etməsi qənaətinə gəlmişdir.
25. Lakin məhkəmə həmin sənədlərdə göstərilənlərin ##.##.2024-##.##.2024-cü il tarixləri arasında iddiaçının faktiki olaraq təqdim etdiyi 198.911,24 manat dəyərində qırmadaş, atsep və digər məhsulları istehsal etmək imkanına malik olduğunu təsdiq edibetmədiyini araşdırmamışdır. Xüsusilə, iddiaçının sərəncamında olan sahənin ölçüsü, texniki vasitələrin sayı, istehsal gücü, onların faktiki istismarı, işçilərin sayı və fəaliyyət müddəti ilə təqdim edilmiş məhsulların həcmi arasında uyğunluğun mövcudluğu müəyyən edilməmişdir. Halbuki, cavabdeh tərəfindən bu xüsusatlar üzrə konkret dəlillər irəli sürülmüşdür.
26. Eyni zamanda, iddiaçının qum-çınqıl karxanasında hasilat fəaliyyəti həyata keçirdiyini bildirməsinə baxmayaraq, həmin fəaliyyətlə əlaqədar Vergi Məcəlləsinin 213-cü maddəsinin tələblərinə uyğun olaraq mədən vergisinin hesablanıb-hesablanmaması və ödənilib-ödənilməməsi məsələsi də məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki, yerin təkindən faydalı qazıntıların çıxarılması faktiki olaraq baş vermişdirsə, bu halın vergi uçotunda və vergi öhdəliklərində öz əksini tapıb-tapmaması iddiaçının həqiqətən istehsal fəaliyyəti ilə məşğul olub-olmamasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
27. Bundan başqa, cavabdehin iddiaçının istifadə etdiyi texnikalar üzrə yanacaq və enerji sərfiyyatını təsdiq edən sənədlərin olmaması, habelə istehsalın həyata keçirilməsi üçün zəruri iqtisadi resursların mövcudluğuna dair irəli sürdüyü dəlillərinə də lazımi hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri təkzib edən və ya təsdiq edən sübutları araşdırmadan onların əsassız olması nəticəsinə gəlmişdir.
28. Halbuki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə tam, hərtərəfli və obyektiv araşdırmağa borcludur.
29. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
31. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).
32. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.