Məhkəmə qərarları › İş №2-1(1-8)-1874/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1874/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1874/2026 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADI (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; güzəştli arayış; funksional vəzifənin eyniliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ##### tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçı İddiaçı 60 yaşı tamam olduğu gündən (##.##.2024-cü il tarixdən) güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ##### tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə (hakimlər N.Nəbizadə /sədrlik edən və məruzəçi/, V.Qasımov və K.Əkbərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətində cavabdehin əsas arqumenti ondan ibarətdir ki, iddiaçının işlədiyi sahə dağmədən sahəsinə aid deyil və ona görə də xopper-dozator maşinisti kimi işlədiyi dövrlər güzəştli staj kimi nəzərə alınmamalıdır. Cavabdeh bu mövqeyini daha çox formal məntiq üzərində qurur: müəssisələrin xxxx sisteminə aid olması, cavabdehin fikrincə, həmin müəssisələrdə görülən işlərin dağ-mədən işləri hesab edilməsinə mane olur. Halbuki güzəştli pensiya hüququnun müəyyən edilməsində həlledici meyar müəssisənin təşkilati tabeliyi deyil, konkret işin və peşənin mahiyyəti, əmək şəraitinin xarakteri, işin görüldüyü istehsalat sahəsi və həmin peşənin müvafiq siyahıda nəzərdə tutulub-tutulmamasıdır. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi yalnız müəssisənin adından və tabeliyindən deyil, iddiaçının faktiki əmək funksiyasından, peşənin məzmunundan və işəgötürən qurumun verdiyi ixtisaslaşmış arayışlardan çıxış etmişdir. İş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ##.##.2023-cü il tarixli, **-*/*-R-****/*-**/**** saylı “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışından da görünür ki, mübahisəli dövr üzrə iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müvafiq olaraq 1.2.1-ci bəndin a) yarımbəndinin 83-cü (kəsmələrdə, karxanalarda və laylarda məşğul olan xopperdozatorların maşinistləri) və 21.4-cü bəndin 7 və 14-cü abzaslarına ( elektrik qatarlarının (seksiyalarının) maşinistləri) uyğundur. Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Açıqda dağ-mədən işləri və yer səthində işlər” bölməsi ayrıca nəzərdə tutulmuşdur. Həmin bölmənin 1.2.1-ci bəndində “kəsmələrdə, karxanalarda və laylarda məşğul olan xopper-dozatorların maşinistləri” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr sırasında göstərilmişdir. Deməli, qanunverici bu peşəni özlüyündə güzəştli pensiya hüququ yaradan peşə kimi tanımış, əsas məsələ şəxsin həmin peşədə və həmin xarakterli işlərdə faktiki çalışıb-çalışmamasıdır. Bu məqamda “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli məktubu xüsusi əhəmiyyət kəsb edir. Həmin məktubda Qızılca çınqıl zavodu, Gəncə xır-çınqıl karxanası və Bartaz çınqıl zavodunun açıqda dağ-mədən işləri və yer səthində işlər üzrə fəaliyyət göstərən ADY-nin yardımçı müəssisələri olduğu göstərilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, iddiaçının həmin müəssisələrdə işlədiyi xopper-dozator maşinisti peşəsi dəmiryol nəqliyyatı sahəsi ilə yanaşı dağ-mədən işləri sahəsinə də aid edilir və bu peşə 2007-ci il ** nömrəli Qərarla təsdiq edilmiş Siyahının 1.2.1-ci bəndinin “a” yarımbəndinin 83-cü abzasında, habelə 2007-ci ilədək qüvvədə olmuş 1993-cü il ## #### tarixli *** nömrəli Qərarla təsdiq edilmiş * nömrəli Siyahının müvafiq bəndində nəzərdə tutulmuş “kəsmələrdə, karxanalarda və laylarda məşğul olan xopper-dozatorların maşinistləri” peşəsi ilə uyğunluq təşkil edir. Eyni məktubda həmin dövr üzrə iddiaçının güzəştli iş stajının 9 il 1 ay təşkil etdiyi də göstərilmişdir. Beləliklə, cavabdehin “iddiaçının işlədiyi sahə dağ-mədən sahəsinə aid deyil” dəlili birbaşa iş materiallarında olan ixtisaslaşmış arayış və məktubla təkzib edilir. Burada hüquqi əhəmiyyət daşıyan məsələ ondan ibarətdir ki, ADY-nin yardımçı müəssisəsi kimi fəaliyyət göstərən çınqıl zavodları və karxanalar təşkilati baxımdan dəmiryol sistemi ilə bağlı olsa da, faktiki istehsalat xarakterinə görə açıqda dağ-mədən işləri və yer səthində işlər çərçivəsində fəaliyyət göstərmişdir. Dəmiryol nəqliyyatı üçün ballast, çınqıl və qırmadaş materiallarının çıxarılması, üyüdülməsi, yüklənməsi və xopper-dozator vaqonları vasitəsilə daşınması işin dəmiryol məqsədinə xidmət etdiyini göstərir, lakin bu, həmin işlərin dağ-mədən və karxana xarakterini aradan qaldırmır. Əksinə, məhz karxanada çınqıl materiallarının yüklənməsi və daşınması ilə bağlı əmək funksiyası xopper-dozator maşinisti peşəsini Siyahının 1.2.1-ci bəndinin tətbiq sahəsinə daxil edir. Nəticə etibarilə, apellyasiya şikayəti hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. İddiaçının 60 yaşa çatması mübahisəsizdir, ümumi stajı cavabdehin özünün də göstərdiyi kimi 25 ildən artıqdır, xopper-dozator maşinisti kimi işlədiyi dövrlərin güzəştli staja daxil edilməsini təsdiq edən işəgötürən arayışı, əlavə məktub və peşə təlimatı mövcuddur, həmin peşə həm 2007-ci il ** nömrəli Qərarla təsdiq edilmiş Siyahıda, həm də əvvəlki dövrlər üçün 1993-cü il *** nömrəli Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş peşə ilə uyğunluq təşkil edir, cavabdeh isə bu əsasları təkzib edən mötəbər və konkret sübut təqdim etməmişdir.

4. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

9. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

10. İddiaçı barəsində verilmiş arayışlar yuxarıda göstərilən tələblərə cavab verir. Belə ki, arayışlarda iddiaçının hansı tarixlərdə, hansı işlərdə işləməsi və bu işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının hansı bəndinə uyğun olduğu qeyd edilmişdir.

11. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı).

12. Hazırkı iş üzrə cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan dağ-mədən sahəsinə aid deyil, ona görə də xopper-dozator maşinisti kimi işlədiyi dövrlər güzəştli staj kimi nəzərə alınmamalıdır.

13. Lakin formalaşmış məhkəmə təcrübəsinə əsasən, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının işlədiyi müəssisədən alınmış arayış, əlavə məktub və peşə təlimatı ilə iddiaçının bilavasitə icra etdiyi funksional vəzifənin (işin) (xopper-dozator maşinisti kimi işlədiyi dövrlərin) güzəştli şərtlərlə pensiya hüququ verən peşələr (Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Açıqda dağ-mədən işləri və yer səthində işlər” bölməsinin 1.2.1-ci bəndində göstərilən “kəsmələrdə, karxanalarda və laylarda məşğul olan xopper-dozatorların maşinistləri”) ilə eyniliyi təsdiq edilmişdir.

15. Odur ki, işin cavabdeh tərəfindən mübahisələndirilməyən hallarına əsasən iddiaçı tələb olunan yaş həddinə çatmışdır və 25 ildən artıq ümumi iş stajına malikdir. Cavabdehin, iddiaçının xüsusi iş stajının 12 il 6 aydan az olması barədə dəlili isə yuxarıda qeyd olunduğu kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırmalar və toplanmış sübutlarla təkzib olunmuş və iddiaçının tələb olunan xüsusi iş stajına malik olduğu təsdiq edilmişdir.

16. Bu səbəbdən, kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və məhkəmə aktının ləğv edilməsi üçün əsas yaratmır.

17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ##### tarixli, *- *(*-*)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar