Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1881/2026 01.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi; işin hallarını araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Rahib Nəbizadə və Sərvər Vəliyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. ##.##.2018-ci il tarixli müqavilədən görünür ki, bir tərəfdən «xxxx» MMC-nın direktoru Əhmədov R.S. (gələcəkdə «Icraçı» adlandırılacaq), digər tərəfdən sifarişçi - İddiaçı (gələcəkdə «sifarişçi» adlandırılacaq) şəxsində öz aralarında Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilə imzalamışlar.
2. ##.##.2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı “xxxx” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Abbasov 2538-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında 3-cü blok, 1-ci mərtəbədə, ümumi sahəsi 83.0 kv.metr olan mənzilin dəyərini tam ödəmişdir.
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək, ##.##.2025-ci il tarixli məktubla bildirmişdir ki, sənədlər toplusuna əlavə edilmiş maliyyə arayışında müvafiq daşınmaz əmlak mənzil kimi göstərilmişdir. Bundan başqa, qeyd olunan qeyriyaşayış sahəsi “xxxx” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə arasında notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsinin təqdim edilməsi məqsədəmüvafiqdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilərək, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında 3-cü blok, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 77.2 kv.m. olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC-nin Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında 3-cü blok, 1-ci mərtəbədə, ümumi sahəsi 83,0 kv.m olan qeyri-yaşayış sahəsi pay kimi ona verilmişdir, iddiaçı tərəfindən həmin əmlak payının dəyəri tam şəkildə ödənmişdir və həmin qeyri-yaşayış sahəsi iddiaçının sahiblik və istifadəsindədir. Iddiaçı həmin əmlakdan təyinatı üzrə istifadə etmək üçün enerji təchizatı şəbəkəsinə qoşulmaq barədə “xxxx” ASC-yə müraciət etmiş və ##.##.2024-cü il tarixli akt əsasında iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi enerji təchizatı şəbəkəsinə qoşulmuşdur. Cavabdehin imtinasının əsası kimi təqdim edilmiş sənədlər toplusuna əlavə edilmiş maliyyə arayışında müvafiq daşınmaz əmlak mənzil kimi qeyd edilsə də, müqavilələrdə göstərilən əmlakla maliyyə arayışında göstərilən əmlak eyni ünvandır, əmlakın sahəsi də eynidir, eyni zamanda notariat qaydasında bağlanmış müqavilə ilə də qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyi təsdiq olunmuşdur, bununla da maliyyə arayışında daşınmaz əmlakın mənzil kimi qeyd edilməsinin texniki səhv olduğu təsdiq olunur və bu səbəbdən cavabdehin imtinanın əsası kimi istinad etdiyi bu hal əsassızdır. Iddiaçı ilə “xxxx’ MMC arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinin təqdim edilməsinə gəldikdə, Bakı şəhərində inşa edilmiş çoxsaylı binaları, eləcə də, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilmiş binanın müəyyən mənzillərinə və qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqları notariat qaydasında bağlanmamış müqavilə əsasında cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, iddiaçıdan isə notariat qaydasında bağlanmış müqavilə tələb edilir, bu aşkar şəkildə ayrı-seçkilikdir.
7. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi * saylı Bakı Ərazi Idarəsinə təqdim edilməmişdir. Həmçinin sənədlər toplusuna əlavə edilmiş maliyyə arayışında müvafiq daşınmaz əmlak mənzil kimi göstərilmişdir. Bundan əlavə qeyd olunan qeyriyaşayış sahəsi “xxxx” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparıla bilər. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman müvafiq daşınmaz əmlakın sənəd üzrə ümumi sahəsi 83.0 kv.m qeyd edilsə də, faktiki 77.2 kv.m təşkil etdiyi məlum olmuşdur.
8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə aktından görünür ki, ərizəçinin göstərdiyi qeyri-yaşayış sahəsi 16+ mansard mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Həmin yaşayış binasının istismara icazə aktı və BŞIH ilə razılaşdırılmış eskiz-layihəsi idarəyə təqdim edilmədiyindən bina haqqında idarədə məlumatlar toplusu yoxdur. Bu səbəbdən ərizəçinin göstərdiyi QYS-nin faktiki eskizi tərtib edilmişdir. Ərizəyə əlavə olunmuş eskiz-layihəsi razılaşdırılmamışdır. Maliyyə arayışında isə obyekt mənzil kimi yazılmışdır. Bundan başqa binanın istismara icazə aktı olmadığından qeyd olunan QYS-nin, binanın ümumi QYS-nin cəminə daxil olubolmamasını təyin etmək mümkün deyil. Ərizəyə əlavə olunmuş eskiz-layihədə şaxta tikilməmişdir və giriş hissədəki 1.2x6.85=8.2 m2 sahə eskiz-layihədə öz əksini tapmamışdır, amma sağ və sol hissədə yerləşən QYS-ləri məhkəmə qərarı ilə qeydiyyatdan keçmişdir və həmin giriş hissədəki eskiz-layihədən kənar sahələr (1.20m) texniki pasportlarda qeydiyyata keçmişdir. Bu səbəbdən 1.2x6.85=8.2 m2 sahə ümumi sahəyə daxil edilmişdir. Obyekt, hal-hazırda fəaliyyət göstərmir, boşdur. Obyektin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 83 kv.metr, faktiki sahəsi isə 77.2 kv.metrdir.
9. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə (hakim S.Qənbərova) iddia rədd edilmişdir.
10. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, N.Nəbizadə və V.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, istismara icazə tikilən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edir. Nə qədər ki, tikintisinə icazə tələb olunan hər hansı bir tikilinin istismarına icazə verilməmişdir, həmin tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini müəyyən etmək mümkünsüzdür, buna görə də etibarlılıq və təhlükəsizlik baxımından həmin tikilidən təyinatı üzrə istifadə etmək olmaz. Hazırkı iş materiallarından görünür ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir. Belə ki, işdə olan Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2025-ci il tarixli, 3-35- */*-****/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ##.##.2018-ci il tarixli müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Belə ki, əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük verilməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə (qeyri-yaşayış sahələrinə) MTK yaşayış evlərində yerləşən sahələr kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, istinad olunan normalardan görünür ki, dövlət şəxsin mülkiyyət hüququnu qeydə almaqla onun müvafiq daşınmaz əmlakdan öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüququnu tanıyır və təsdiq edir. Lakin istismarına icazə verilməmiş tikili özbaşına tikili hesab edilir, yəni həmin tikilinin tikinti qaydalarına uyğun inşa edilməsi və istifadəyə yararlı olması müəyyən deyildir. Deməli, həmin tikilidən istifadə etmək olmaz.
13. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilmiş binadakı mənzillərdə uzun müddətdir insanlar yaşayır, həmin mənzillərin böyük hissəsinə və binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ona aid olan 77,2 kv.m hissəsi istisna olmaqla qalan bütün hissəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mövcud vəziyyətdə həmin binadakı mənzillərdə uzun müddətdir insanlar yaşadığı, həmin mənzillərin böyük hissəsinə və binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinin ona aid olan 77,2 kv.m hissəsi istisna olmaqla qalan bütün hissəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı, bu barədə məhkəmə qərarları olduğu üçün binanın istismara qəbul aktının olmadığı əsası ilə tələbin təmin edilməməsi nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan qanun və məhkəmə qarşısında bərabərlik prinsipi pozulmuşdur.
TƏTBIQ EDILƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; HYPERLINK "https://e-qanun.az/framework/5456" \l "_edn26" \o "" 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlıdır.
23. Belə ki, ##.##.2018-ci il tarixli müqavilədən görünür ki, bir tərəfdən «xxxx» MMC-nın direktoru Əhmədov R.S. (gələcəkdə «Icraçı» adlandırılacaq), digər tərəfdən sifarişçi - İddiaçı (gələcəkdə «sifarişçi» adlandırılacaq), şəxsində öz aralarında Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilə imzalamışlar. ##.##.2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı “xxxx” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Abbasov 2538ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında 3-cü blok, 1-ci mərtəbədə, ümumi sahəsi 83.0 kv.metr olan mənzilin dəyərini tam ödəmişdir.
24. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, sənədlər toplusuna əlavə edilmiş maliyyə arayışında müvafiq daşınmaz əmlak mənzil kimi göstərilmişdir. Bundan başqa, qeyd olunan qeyri-yaşayış sahəsi “xxxx” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə iddiaçı arasında notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsinin təqdim edilməsi məqsədəmüvafiqdir.
25. Işə baxmış məhkəmələr tərəfindən iddiaçının iddia tələbi rədd edilərkən hüquqi mövqe onunla əsaslandırmışdır ki, “istismara icazə tikilən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edir. Nə qədər ki, tikintisinə icazə tələb olunan hər hansı bir tikilinin istismarına icazə verilməmişdir, həmin tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini müəyyən etmək mümkünsüzdür, buna görə də etibarlılıq və təhlükəsizlik baxımından həmin tikilidən təyinatı üzrə istifadə etmək olmaz. Iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir. Belə ki, işdə olan Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.”
26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.
28. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı iddia ilə bağlı mübahisəyə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
29. Kollegiya bildirir ki, sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Iş materiallarından cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi qeyri-yaşayış sahəsi ilə qonşuluqda olan qeyri-yaşayış sahələri üzərində ayrıayrı şəxslərin mülkiyyət hüquqlarının qeydə alındığı müəyyən olunur və aydın olur ki, bu barədə həm inzibati orqanın inzibati praktikası, həm də məhkəmə təcrübəsi mövcuddur.
30. Oxşar iş üzrə kassasiya instansiya məhkəməsinin eyni imtina dəlilləri ilə bağlı müvafiq qərarında (*-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərarda) göstərilmişdir ki, “....hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?”
31. Hazırkı işdə apellyasiya məhkəməsi tərəfindən mübahisəli daşınmaz əmlakla qonşuluqda yerləşən əmlaklara (qeyri-yaşayış sahələrinə) dair verilmiş, iş materiallarında olan çıxarışların verilməsi üçün əsas olan sənədlər tələb edilməmiş və həmin sənədlərin iddiaçı ilə eyni faktiki və hüquqi vəziyyətdə olan şəxslərə verilmə məsələsi araşdırılmamışdır. Ilk növbədə müəyyən edilməli idi ki, qonşuluqda yerləşən əmlaklara dair çıxarışlar məhkəmə qərarlarının icrası ilə əlaqədar, yəni konkret məhkəmə aktlarının hüquqi nəticəsi olaraq verilmişdir, yoxsa daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat orqanının öz inzibati fəaliyyəti çərçivəsində apardığı müvafiq icraat nəticəsində rəsmiləşdirilmişdir. Bu məsələnin aydınlaşdırılması olduqca mühüm əhəmiyyət daşıyır. Çünki çıxarışların verilməsinin hüquqi əsasının eyni və ya fərqli səbəblərdən olması həmin sənədlərin hazırkı mübahisə üzrə analoji hal kimi qiymətləndirilibqiymətləndirilməməsinə
32. birbaşa təsir edir.
33. Bununla yanaşı, qonşuluqda yerləşən əmlaklarla bağlı eyni və ya oxşar yanaşmanın dəfələrlə tətbiq edilib-edilmədiyi, başqa sözlə, cavabdeh qurumun bu sahədə formalaşmış sabit inzibati praktikasının mövcud olub-olmadığı da araşdırılmalı idi. Təkcə ayrı-ayrı daşınmaz əmlaklar üzrə çıxarışların mövcudluğu faktına istinad etməklə belə bir sabit inzibati praktikanın olması barədə birmənalı qənaətə gəlmək mümkün deyil.
34. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd olunan məsələlər araşdırılmamış, qonşuluqda yerləşən əmlaklara dair çıxarışların hansı əsaslarla verilməsi halı ümumiyyətlə araşdırma predmeti olmamışdır.
35. Hazırki vəziyyətdə cavabdeh qurumun iddiaçıya tələbinin təmin olunmasından imtina etməsi ilə iddiaçının bərabərlik və inzibati orqanın praktikasına etimad hüququnun qorunması prinsiplərinin pozulduğu ehtimal olunur.
36. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
37. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
38. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. Inzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
39. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
40. Inzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.
41. Inzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.
42. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə ## #### 2012-ci il tarixli qərar, §§ 85-86).
43. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır.
44. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən maliyyə arayışında əmlakın “mənzil” kimi qeyd olunmasına əsassız olaraq həlledici hüquqi əhəmiyyət verilmişdir. Halbuki, maliyyə arayışında əmlakın “mənzil” kimi göstərilməsi öz-özlüyündə alqı-satqı predmeti olmuş əmlakın həqiqətən mənzil olmasını təsdiq edən faktor kimi qəbul edilə bilməz.
45. Kollegiya qeyd edir ki, daşınmaz əmlakın hansı hüquqi statusda olmasının müəyyən edilməsi zamanı, ilk növbədə, tərəflər arasında bağlanmış müqavilənin məzmunu və həmin müqavilə ilə müəyyən edilmiş satış predmetinin hüquqi xarakteri nəzərə alınmalıdır. Hazırkı işdə tərəflər arasında bağlanmış müqavilədə satış predmetinin qeyri-yaşayış sahəsi olduğu açıq şəkildə göstərilmişdir. Bu baxımdan müqavilənin məzmunundakı ifadə ilə maliyyə arayışındakı ifadə arasında müəyyən fərq mövcud olduğu halda, həmin fərqin hansı səbəbdən yaranması halı ayrıca araşdırılmalı idi.
46. Eyni zamanda, hazırkı işdə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxan cavabdeh qurum tərəfindən iddiaçının təqdim etdiyi sənədlər nəzərdən keçirilərkən satış predmetinin məhz qeyri-yaşayış sahəsi olduğu aydın şəkildə müəyyən edilirdisə, maliyyə arayışında “mənzil” sözünün qeyd olunması texniki uyğunsuzluq kimi qiymətləndirilməli və bunun səbəbinin araşdırılması məqsədilə müvafiq sorğu verilə bilərdi.
47. Başqa sözlə, reyestr orqanının keçirdiyi baxış zamanı daşınmaz əmlakın qeyriyaşayış sahəsi olduğu məlum olduğu halda, iddianın rədd edilmə əsaslarından biri kimi həm də maliyyə arayışında “mənzil” ifadəsinin işlədilməsinə istinad edilməsi düzgün hesab edilmir.
48. Bu halda məhkəmə tərəfindən MMC-yə sorğu verilməklə yuxarıda adı çəkilən müqavilədə alqi-satqı predmetinin qeyri-yaşayış sahəsi olduğu halda, maliyyə arayışında “mənzil” ifadəsinin hansı səbəbdən işlədilməsi aydınlaşdırılmalı idi.
49. Beləliklə, apellyasiya məhkəməsi həm qonşuluqda yerləşən daşınmaz əmlaklara, xüsusilə də qeyri-yaşayış obyektlərinə dair çıxarışların eyni faktiki və hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə verilməsinin əsaslarını, həm də maliyyə arayışında “mənzil” ifadəsindən hansı səbəbdən istifadə edildiyini tam və hərtərəfli araşdırmamışdır. Halbuki, qeyd olunan hallar iş üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edir.
50. Bununla yanaşı qeyd olunmalıdır ki, eyni faktiki hallar, eyni hüquqi əsaslar və eyni inzibati icraata söykənən inzibati akt mövcud olduğu halda və iddiaçıya münasibətdə fərqli hüquqi yanaşmanın cavabdeh qurum tərəfindən sərgilənməsi müəyyən edildiyi halda inzibati orqan tərəfindən inzibati hüququn əsas prinsiplərindən biri olan bərabərlik hüququ prinsipinin pozulmasının səbəbləri də aydınlaşdırılmalı idi.
51. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz.
52. Beləliklə, kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.