Məhkəmə qərarları › İş №2-1(1-8)-192/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-192/2026

25.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-192/2026 25.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Işin halları

1. “xxxx” QSC tərəfindən ##.##.2024-cü il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzinin Bakı vaqon deposunun ** nömrəli istehsalat binaları xidməti sexində Istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işləyən X2 ##.##.2024-cü il tarixinə kimi ##.##.2022-ci il təvəllüdlü uşağı X1 ##.##.2022-ci il tarixində vəfat etdiyi barəsində insan resursları şöbəsinə məlumat verməmiş, ölüm haqqında şəhadətnaməni təqdim etməmiş və ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət almışdır.

2. “xxxx” QSC-nin Sərnişin Daşımaları Departamentinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrindən müəyyən olunur ki, sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzinin Bakı vaqon deposunun ** nömrəli istehsalat binaları xidməti sexində “istehsalat sahəsini və xidməti otaqları yığışdıran” vəzifəsində işləyən X2 ilə əmək müqaviləsinə ##.##.2024-cü tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsinə əsasən xitam verilmişdir.

3. “xxxx” QSC tərəfindən Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış ##.##.2024-cü il tarixli, **-*/*-****/**** nömrəli məktubda göstərilmişdir ki, “xxxx” QSC Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzi Bakı vaqon deposunun ** nömrəli istehsalat binaları xidməti sexində Istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işləyən X2 (SSN 1502197700187, FIN 26Y3TYL) ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək ##.##.2022-ci il təvəllüdlü uşağı X1 üçün uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət alıb. X2 ##.##.2024-cü il tarixində Sərnişin daşımaları departamentinin Insan resursları şöbəsinə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edərək ##.##.2022-ci il tarixində X1 vəfat etdiyini bildirmiş və uşağın ölüm haqqında şəhadətnaməsini təqdim etmişdir. ##.##.2024-cü il tarixində X2 əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir.

4. Iddiaçı artıq ödənilmiş müavinət məbləğinin geri qaytarılması haqqında ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli məktublarla cavabdehə müraciət etmişdir.

5. “xxxx” QSC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*/*-****/**** nömrəli məktubda göstərilmişdir ki, X2 əmək müqaviləsinə ##.##.2024-cü il tarixində öz xahişi ilə xitam verildiyi üçün o, hal-hazırda ADY-də əmək münasibətlərində deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1998-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 116-cı maddəsinə əsasən əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” QSC-dən 888,65 manat (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” QSC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEIS) “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə sığortaolunan X2 (FIN: 26Y3TYL, SSN: 1502197700187) # ###### 2022-ci il təvəllüdlü övladı X1 (AZ-IV seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamə) aid uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı ## ### 2022-ci il tarixindən – ## #### 2024-cü il tarixini əhatə edən dövr üzrə haqq – hesab cədvəlləri daxil edilmiş və cədvəldə qeyd edilmiş məlumatlara əsasən “xxxx” ASC-nin Nəqliyyat filialındakı ******************** nömrəli hesaba ümumilikdə 982,33 (doqquz yüz səksən iki manat otuz üç qəpik) manat məbləğində müavinət ödənişə göndərilmişdir. “xxxx” QSC-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı ## ###### 2024-cü il tarixində 3-17-1/1-202922/2024 nömrə ilə qeydiyyata alınmış ## ###### 2024-cü il tarixli **-*/*-****/**** nömrəli müraciəti daxil olmuşdur. Müraciətə əlavə edilmiş AZ-II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən K.Əhmədovanın övladı Ə.Əhmədovun ## #### 2022-ci il tarixində vəfat etdiyi məlum olmuşdur. “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ###### tarixli **** nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” ## ### 2018-ci il tarixli ** nömrəli sərəncama əsasən bir yaş yarımadək uşağa qulluğa görə 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə 28 manat müavinət ödənilir. Sözügedən cədvəldən də aydın olur ki, Ə.Əhmədov ## #### 2022-ci il tarixində vəfat etdiyi üçün ## #### 2022-ci il tarixindən ## #### 2024-cü il tarixinədək uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 748 (yeddi yüz qırx səkkiz) gün üçün 888,65 manat (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) məbləğində artıq müavinət ödənilmişdir. Filial tərəfindən QSC-yə # ######## 2024-cü il tarixli *-**-*/*-******/**** nömrəli məktubla müraciət edilmiş, QSC-nin ## ######## 2024cü il tarixində 3-17-1/1-224877/2024 nömrə ilə qeydiyyata alınmış ## ######## 2024-cü il tarixli **-*/*-****/**** nömrəli cavab məktubunda K.Əhmədova ilə olan əmək müqaviləsinə xitam verildiyi bildirilmiş və artıq ödənilmiş vəsaitin könüllü və ya məhkəmə qaydasında geri qaytarılması qeyd edilmişdir. Daha sonra Fond tərəfindən ## ###### 2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla QSC-yə müraciət edilmiş, QSC-nin ## ##### 2025-ci il tarixində 3-17-1/1-96123/2025 nömrə ilə qeydiyyata alınmış ## ##### 2025-ci il tarixli **-*/*-****/**** nömrəli cavab məktubu ilə artıq ödənilmiş məbləğin geri qaytarılmasından imtina edilmişdir.

8. Cavabdeh iddiaya dair yazılı etirazda göstərmişdir ki, ADY ilə X2 arasında bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. ADYnin Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzi Bakı vaqon deposunun ** nömrəli istehsalat binaları xidməti sexində Istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işləyən X2 ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək ##.##.2022-ci il təvəllüdlü övladı X1 üçün uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət alıb. X2 ##.##.2024-cü il tarixində ADY-nin Sərnişin daşımaları departamentinin Insan resursları şöbəsinə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etmiş və ##.##.2022-ci il təvəllüdlü övladı X1 ##.##.2022-ci il tarixində vəfat etdiyini bildirmiş və uşağın ölüm haqqında şəhadətnaməsini təqdim etmişdir. Bundan dərhal sonra tərəflərindən Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ##.##.2024-cü il tarixli **-*/*-****/**** nömrəli məktubla məlumat verilmişdir. ADY-nin Sərnişin Daşımaları Departamentinin Texniki Xidmət Mərkəzi Bakı vaqon deposunun ** nömrəli istehsalat binaları xidməti sexində istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işləyən X2 ##.##.2022-ci il təvəllüdlü övladı X1 ##.##.2022-ci il tarixində vəfat etmişdir. X3 bu faktı işəgötürəndən gizlətmiş, uşağın üç yaşınadək sosial məzuniyyətdən istifadə edərək, əmək funksiyalarının icrasına qayıtmamışdır. O, yalnız ##.##.2024-cü il tarixində bu barədə işəgötürənə məlumat vermiş və dərhal əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etmişdir. X2 ##.##.2022-ci il təvəllüdlü övladı X1 ##.##.2022-ci il tarixində vəfat etməsi faktını işəgötürəndən gizlətmiş, uşağa üç yaşınadək qulluqla bağlı sosial məzuniyyətdən istifadəni dayandırmamış və əmək funksiyalarının icrasına qayıtmamışdır. Bununla yanaşı, qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət hüququndan əsassız olaraq istifadə etmişdir. Hazırkı iddia “xxxx” QSC- yə qarşı deyil, birbaşa vətəndaş - X2 qarşı qaldırılmalı və iddia olunan məbləğ ondan geri tələb edilməlidir. 9.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehdən sonuncu tərəfindən işçisi olmuş X2 ödənilmiş 888.65 manat vəsaitin (uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə işçiyə ödənilmiş müavinətin) tutulmasını tələb edir. Qeyd edilən məbləğin tələb edilməsinin hüquqi əsası kimi iddiaçı Əsasnamənin 113-cü hissəsinə (uşaq öldüyü halda, sığortaedən tərəfindən ona bu barədə məlumat daxil olduğu gündən sonra 1 (bir) iş günü ərzində uçotda olduğu Fondun yerli qurumuna bu barədə məlumat verilir və müavinətin verilməsi ölən gündən sonrakı gündən dayandırılır) istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən halda X2 artıq vəsait ödənildiyinə görə, həmin vəsait cavabdehdən yox, həmin şəxsdən tutulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 116-cı maddəsi artıq verilmiş müavinətin qaytarılması ilə bağlı halları tənzimləyir. Bu halda iki qayda müəyyən edilir. Əgər sığorta olunan həmin müəssidə işləyirsə, müəssisənin mühasibatlığı tərəfindən sığortaoluanın əmək haqqından (20 faizindən çox olmamq şəri ilə) tutulur. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Işin mübahisələndirilməyən halıdır ki, sığortaolunan cavabdeh müəssisədə işləmir və əmək münasibətlərinə xitam verilib. Əgər əmək münasibətləri davam etsəydi o zaman artıq ödənilmiş vəsait cavabdeh müəssiə (sığortaedən) tərəfindən üçüncü şəxsin (sığortaolunanın) əmək haqqından tutulaqcaqdı. Əsasnamənin qeyd edilən normanın tələbləri bu istiqamətdədir. Hazırda sığortaolunan X2 cavabdeh arasında əmək münasibətlərinə xitam verildiyindən, normada göstərilən ikinci qayda (yəni artıq ödənilən vəsait könüllü və ya məhkəmə qaydasında) tətbiq edilməlidir.

11. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinə Bakı Inzibati Məhkəməsində baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat 12.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

16. Kassator bir daha göstərir ki, məbləğin Fonda geri qaytarılması birmənalı olaraq müvafiq haqq-hesab cədvəllərini sistemə daxil edən və müavinət sənədlərini Fonda təqdim edən sığortaedənin öhdəliyidir. Belə ki, haqq-hesab cədvəllərinin sistemə daxil edilməsindən sosial sığorta ödəməsinin sığortaolunanın bank hesabına köçürülməsinədək olan prosesin iştirakçıları sığortaçı və sığortaedəndir, sığortaolunan bu prosesin iştirakçısı deyil, müavinət məbləğinin hesablanmasında və daxil edilməsində hər hansı rolu yoxdur. QSC-nin ölüm faktından xəbərsiz olması onun məsuliyyətdən azad olmasına əsas vermir. Məcəllənin 69-cu maddəsinə uyğun olaraq işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. QSC-nin təqdim etdiyi məlumatlara uyğun olaraq ## ###### 2024-cü il tarixində K.Əhmədova tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət edilmiş, ## ###### 2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, QSC K.Əhmədovanı bir təqvim ayı ərzində işdə saxlayaraq artıq ödənilmiş müavinət məbləğinin əmək haqqından tutularaq geri qaytarılması barədə tədbir görə bilərdi.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” (##.##.2026-cı il tarixədək qüvvədə olan redaksiya):

116. Artıq verilmiş müavinət məbləği, müavinət alan şəxsdən müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Müavinət alarkən sui-istifadə edilməsində (saxtakarlıqda, sənədləri pozub düzəltməkdə və i.a.) müqəssir olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlərdən, məhkəmənin qərarı ilə aliment və ailə başçısının xəsarət almasına, yaxud sağlamlığının başqa şəkildə pozulmasına və ya ölümünə səbəb olan zərərin ödənilmiş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur.

19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından artıq ödənilmiş müavinətin geri qaytarılması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən qaytarılması tələb olunan müavinət cavabdehin işçisi olmuş X2 ödənilmişdir. X2 ##.##.2022-ci il təvəllüdlü övladı X1 ##.##.2022-ci il tarixində vəfat etməsi faktı barədə işəgötürənə məlumat verməmiş, uşağa üç yaşınadək qulluqla bağlı sosial məzuniyyətdən istifadəni dayandırmamış və əmək funksiyalarının icrasına qayıtmamışdır. O, ##.##.2024-cü il tarixində ADY-nin Sərnişin daşımaları departamentinin Insan resursları şöbəsinə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etmiş və ##.##.2022-ci il təvəllüdlü övladı X1 ##.##.2022-ci il tarixində vəfat etdiyini bildirmiş və uşağın ölüm haqqında şəhadətnaməsini təqdim etmişdir. Bundan dərhal sonra cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli məktubla iddiaçıya məlumat verilmişdir.

28. Nəzərə alınmalıdır ki, cavabdehin X2 ilə əmək müqaviləsinə ##.##.2024-cü tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsinə əsasən xitam verilmişdir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin (##.##.2026cı il tarixədək qüvvədə olan redaksiyasına əsasən) 116-cı bəndinə əsasən artıq verilmiş müavinət məbləği, müavinət alan şəxsdən müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır.

30. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “xxxx” QSC ilə X2 arasında əmək münasibətlərinə xitam verilmişdir. “xxxx” QSC artıq sığorta edən qismində çıxış etmir. Sığortaolunan cavabdeh müəssisədə işləmir və əmək münasibətlərinə xitam verilib. Əgər əmək münasibətləri davam etsəydi, o zaman artıq ödənilmiş vəsait cavabdeh müəssisə (sığortaedən) tərəfindən üçüncü şəxsin (sığortaolunanın) əmək haqqından tutulacaq idi. Hazırkı halda iddiaçının artıq edilmiş ödənişlərlə bağlı X2 müraciət etmək, tələb olunan məbləğ könüllü ödənilmədikdə ona qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.

31. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar