Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1944/2026 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyini; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ##### tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-K-******/**** nömrəli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilən sənədlərin surətlərində olan məlumatlara əsasən İddiaçı ##.##.1978-ci il tarixindən ##.##.1980-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 17 il 5 ay 11 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin Bakı Təmir-Tikinti Quraşdırma İdarəsində mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1994-cü il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli xidməti məktubuna əsasən Bakı Təmir-Tikinti Quraşdırma İdarəsinin 1994-cü və 1997-2005-ci illərə dair hesabat məlumatları aşkarlanmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. Sözügedən dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət- əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən, “xxxx” MMC ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün İddiaçı yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ##.##.2024-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, imtina məktubundan da göründüyü kimi, 17 il 5 ay 11 gün sığorta stajı mübahisələndirilmir və cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin iddiaçının ##.##.1994-cü il tarixdən ##.##.2005-ci il tarixədək Bakı Təmir-Tikinti Quraşdırma İdarəsində işləməsi nəzərə alınmamışdır. İmtinada göstərilir ki, Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli xidməti məktubuna əsasən Bakı Təmir-Tikinti Quraşdırma idarəsinin 1994-cü və 1997-2005-ci illərə dair hesabat məlumatları aşkarlanmadığından həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab olunmur. Bu hissədə də cavabdehlə razılaşmaq mümkün deyil. Belə ki, Azərbaycan Respublikası “Azmənzilsənayetikintitəmir” birliyinin baş direktoru, əməkdar mühəndis A.Zeynalovun imzası ilə verilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli arayışda göstərilir ki, Bakı Təmir-Tikinti Quraşdırma idarəsində ##.##.1994-cü ildən ##.##.2005ci ilə kimi 4-cü dərəcə çilingər işləmişdir. Uzun müddət həmin idarə bağlı olduğundan məlumatlar yoxdursa, həmin dövrdə 4-cü dərəcə ilə çilingər işinin normaya uyğun hesablamaq mümkündür. Bakı Təmir-Tikinti Quraşdırma idarəsində ##.##.1994-cü ildən ##.##.2005-ci ilə kimi 4-cü dərəcə çilingər işləməsi əmək kitabçasında da qeyd olunub və möhürlə təsdiqlənib. Bakı Təmir-Tikinti Quraşdırma idarəsinin 1994-cü və 1997- 2005-ci illərə dair hesabat məlumatları aşkarlanmaması da iddiaçıya pensiya təyinatından imtina üçün əsassız hesab edilə bilməz. Təbii ki, çilingər olaraq iddiaçının işlədiyi idarədən sığorta haqlarının vaxtında ödənilib-ödənilməməsini, sənədlərin saxlanılıb-saxlanılmamasını yoxlamaq səlahiyyəti olmamışdır. Ona görə də, həmin idarədə işlədiyi dövr sığorta stajına əlavə olunmalıdır. Bu halda sığorta stajı tələb olunan 25 ildən də xeyli artıq olur.
4. Cavabdeh iddia tələbinə dair yazılı etirazda imtina məktubunda göstərdiyi dəlillərinə istinad etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim R.T.Həsənov) 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, ##.##.2024cü il tarixdən
5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək kitabçasına əsasən müxtəlif illərdə, yəni ##.##.1977-ci ildən ##.##.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Tələbin mübahisə edilən hissəsi iddiaçının ##.##.1994-cü il tarixdən ##.##.2005-ci il tarixədək Bakı Təmir-Tikinti Quraşdırma idarəsində işlədiyi dövrlər üzə əmək kitabçasında edilmiş qeydlərin qanunvericiliyə uyğun olmamasıdır. Cavabdeh təşkilatın bildirdiyinə görə həmin dövrlərə aid hesabat məlumatlarının aşkarlanmadığı səbəbindən sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qeyri-mümkündür. Cavabdeh təşkilatın gətirdiyi arqument məhkəmə tərəfindən araşdırılmışdır. Belə ki, sözügedən müəssisənin hesabat məlumatlarının aşkarlanmaması iddiaçının günahı ucbatından olmamışdır. Əmək kitabçasında mübahisələndirilən dövrlərə aid əmrlərə nəzər saldıqda görünür ki, iddiaçı işə daxil olmuş və işdən azad edilmişdir. Həmçinin, Azərbaycan Respublikası “Azmənzilsənayetikintitəmir” birliyinin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışı və təqdim edilən əməkhaqqı cədvəllərindən görünür ki, İddiaçı həmin müəssisələrdə işləmiş və əməkhaqqı almışdır. Cavabdeh təşkilatın qeyd etdiyi hesabat məlumatların arxivdə olmaması iddiaçının hüquqlarını məhdudlaşdırılması üçün əsas sayıla bilməz. Nəzərə alınmalıdır ki, ##.##.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib. Başqa sözlə desək, cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri hesabladıqda ümumilikdə onun 25 ildən çox sosial sığorta staja malik olması müəyyən olunur. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etmişdir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 65 yaşı ##.##.2024-cü ildə tamam olur.
7. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər İ.R.Quliyev /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və G.İ.Cabbarova) 2026-cı il ## ##### tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. ... Bundan əlavə, iddiaçıya ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir.
10. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır.
17. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı qanunvericilikdə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən yaş həddinə çatmışdır. Cavabdeh tərəfindən iddiaçının 17 il 5 ay 11 gün ümumi stajına malik olması faktı mübahisələndirilməmişdir.
18. İş üzrə aşağı instansiya məhkəmələrinin yekun mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının işlədiyi Bakı Təmir-Tikinti Quraşdırma İdarəsinin hesabat məlumatlarının aşkarlanmaması iddiaçının günahı ucbatından olmamışdır. Əmək kitabçasında mübahisələndirilən dövrlərə aid əmrlərə nəzər saldıqda görünür ki, iddiaçı işə daxil olmuş və işdən azad edilmişdir. Həmçinin, Azərbaycan Respublikası “Azmənzilsənayetikintitəmir” birliyinin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışı və təqdim edilən əməkhaqqı cədvəllərindən görünür ki, İddiaçı həmin müəssisələrdə işləmiş və əməkhaqqı almışdır. Cavabdeh təşkilatın qeyd etdiyi hesabat məlumatların arxivdə olmaması iddiaçının hüquqlarını məhdudlaşdırılması üçün əsas sayıla bilməz. Nəzərə alınmalıdır ki, ##.##.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib. Cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Aşağı instansiya məhkəmələri nəticədə qeyd etmişdirlər ki, işin araşdırılan hallarından görünür ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri hesabladıqda ümumilikdə onun 25 ildən çox sosial sığorta staja malik olması müəyyən olunur. Göstərilən əsaslarla iddia tələbi təmin edilmişdir.
19. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin iş üzrə mübahisəli hal olan, iddiaçının ümumi sığorta stajına münasibətdə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, işin faktiki və hüquqi hallarının birgə təhlili həmin nəticənin inzibati məhkəmə icraatının işin hallarının tam və obyektiv araşdırılması ilə bağlı prinsiplərinə uyğun olmadığını göstərir. Belə ki, hazırkı işdə iddiaçının tələbi ona yaşa görə əmək pensiyasının təyin edilməsi, yəni yaşa görə əmək pensiyası hüququnun yarandığının məhkəmə tərəfindən təsdiq edilməsidir. Ona görə də, məhkəmələr işə baxarkən imtinanın əsaslarından əlavə şəxsin maddi tələb hüququnun mövcud olmasını yoxlamalıdırlar. Tələb hüququ tətbiq edilən normada nəzərdə tutulmuş hüquqi nəticənin yaranması üçün həmin normanın özündə təsbit olunan dispozisiya şərtlərinin hamısının birgə mövcudluğu kimi anlaşılmalıdır. İmtinanın qanunsuzluğunun müəyyən olunması özü-özlüyündə hələ iddianın təmin edilməsinə əsas vermir.
20. Mübahisəyə mahiyyəti üzrə baxmış birinci instansiya və apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən əmək kitabçasında olan qeydləri, “Azmənzilsənayetikintitəmir” birliyinin arayışını və əməkhaqqı cədvəllərini əsas götürərək iddiaçının 1994-2005-ci illərdə Bakı Təmir-Tikinti Quraşdırma İdarəsində işləməsi faktının və 25 ildən çox sığorta stajına malik olması faktının təsdiq edildiyi qənaətinə gəlmişdir. Cavabdeh orqan isə iddiaçının 1994-cü və 1997-2005-ci il tarixləri arasında çalışdığı dövrün sözügedən müəssisənin həmin tarixlər üzrə hesabat məlumatları aşkarlanmadığından sığorta stajına daxil edilməməsini bildirmişdir.
21. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırkı işdə aşağı instansiya məhkəmələrində aparılmış icraat zamanı 2006-2007-ci illər üzrə dövrlərin nəzərə alınıbalınmadığı bəlli olmur. Bu səbəbdən həmin hal araşdırılmalı, həmin dövrün iddiaçının ümumi sığorta stajı daxil edilməsinin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılı olduğu nəzərə alınmalıdır.
22. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş “Azmənzilsənayetikintitəmir” Birliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli arayışa münasibətdə qeyd edir ki, həmin arayışda yalnız iddiaçının əmək kitabçası əsasında ##.##.1994-cü ildən ##.##.2005-ci ilə kimi əmək fəaliyyətinin mövcud olması qeyd edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, həmin arayış tədqiq edilməli və iddiaçının əmək fəaliyyətinin hansı əsaslarla təsdiq olunması mötəbər qaydada müəyyən edilməlidir.
23. Cavabdehin kassasiya şikayətin əsas dəlillərindən biri Bakı Təmir-Tikinti Quraşdırma İdarəsinin ##.##.2005-ci il tarixindən vergi ödəyicisi kimi uçota alınması faktının apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamasıdır. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq hesab edir ki, sözügedən idarənin ##.##.2005-ci il tarixində vergi ödəyicisi kimi uçota alınmasının səbəbləri müəyyən olunmalı və ən əsası idarənin 1994-2005-ci illərdə fəaliyyət göstərib-göstərməməsi mötəbər sübutlarla təsdiq edilməlidir. Çünki idarənin sözügedən dövrlər arasında fəaliyyət göstərməməsi iddiaçının əmək kitabçasında 1994-2005-ci illərə dair qeydlərin mötəbərsizliyi və həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməməsi nəticəsinə gəlməyə əsas verə bilər. Göstərilən səbəblərdən cavabdehin dəlili həmin halın tam araşdırılmasını tələb edir.
24. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş üzrə təqdim olunmuş əməkhaqqı cədvəllərini “Azmənzilsənayetikintitəmir” Birliyi təsdiq etmişdir. Lakin aşağı instansiya məhkəmələri tərəfindən həmin qurumla iddiaçının işlədiyi Bakı Təmir-Tikinti Quraşdırma İdarəsi arasında hansı hüquqi bağlılığın olması, həmin qurumun iddiaçının Bakı Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyini təsdiq etmək səlahiyyətinə malik olub-olmaması halları araşdırılmamışdır. “Azmənzilsənayetikintitəmir” Birliyi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ##.##.2026-cı il tarixli, ** nömrəli məktubda Bakı Təmir-Tikinti Quraşdırma İdarəsinin Birliyin nəzdində olması qeyd edilmişdir. Lakin bu halın hansı sübutlarla öz təsdiqini tapması müəyyən olunmamışdır. Göstərilən səbəblərdən həmin hallar araşdırılmalı və Bakı Təmir-Tikinti Quraşdırma İdarəsi ilə “Azmənzilsənayetikintitəmir” Birliyi arasında hüquqi bağlılığın olub-olmaması müəyyən edilməlidir.
25. Məhkəmə gəldiyi nəticəni ümumiləşdirərək qeyd edir ki, hazırkı iş üzrə aşağı instansiya məhkəmələrində aparılan icraat zamanı iddiaçının sığorta stajının müəyyən edilməsinə münasibətdə məhkəmələrin xidməti vəzifəsindən irəli gələn lazımi araşdırma aparılmamış və iddiaçının mübahisələndirilən tarixlər üzrə qeyd olunan müəssisədə işləməsi faktı mötəbər qaydada müəyyən edilməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilmədiyindən, habelə maddi və prosessual hüquq normalarının tətbiqində natamam hüquqi qiymətləndirməyə yol verildiyindən, qeyd olunan məsələlərin təkrar apellyasiya baxışı zamanı yenidən araşdırılması zəruridir.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ##### tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.