Məhkəmə qərarları › İş №2-1(1-8)-1969/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1969/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1969/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər: üçüncü şəxs1 və üçüncü şəxs2) qarşı “mülkiyyət hüququna dair qeydin ləğv olunması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə və iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək, “Seriya RX ******* nömrəli çıxarışda ünvan 1 ünvanında yerləşən üçüncü şəxs2 adına qeyd edilmiş torpaq sahəsinin 1/3 hissəsinə, İddiaçı adına qeyd edilmiş torpaq sahəsinin 1/3 hissəsinə, üçüncü şəxs1 adına qeyd edilmiş torpaq sahəsinin 1/3 hissəsinə münasibətdə qeyd edilmiş torpaq sahəsinə dair qeydin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı iddia təmin edilmişdir (hakim – L.Əliyeva).

3. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir (sədrlik edən – R.Mamedov, hakimlər – A.İsgəndərova, A.Bayramov).

5. Bundan sonra iddiaçı kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, vəkil tərəfindən ona asan imza vasitəsi ilə elektron kabinet açılsa da, həmin kabinet əvvəllər vəkil tərəfindən idarə edilmişdir. Daha sonra isə hüquqi yardım üçün xidmət haqqının yüksək olması səbəbindən həmin vəkil ilə münasibətlərə son qoymaq məcburiyyətində qalmışdır. Bundan başqa, savadsızlığı ilə bağlı elektron kabinetdən istifadə edə bilməmiş və məhkəmə qərarından məhz 4 may tarixində məlumatlı olmuşdur.

KASSASİYANIN MÜMKÜNLÜYÜ:

7. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmiş və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, ərizənin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

10. İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” ilə birlikdə ##.##.2026-cı il tarixdə, saat 09:42-də elektron məhkəmə sistemi vasitəsi ilə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir

11. İddiaçının “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəsində kassasiya şikayətinin vaxtında verilməməsinin səbəbi kimi göstərilmiş “vəkil tərəfindən ona açılmış elektron kabinetin əvvəllər vəkil tərəfindən idarə edilməsinə, daha sonra isə hüquqi yardım üçün xidmət haqqının yüksək olması səbəbindən həmin vəkil ilə münasibətlərə son qoymaq məcburiyyətində qalmasına” dair dəlilə münasibətdə qeyd olunur ki, proses iştirakçısının öz vəkili arasındakı münasibətlərin qurulması, davam etdirilməsi və pozulması həmin tərəflər arasındakı tapşırıq müqaviləsi ilə tənzimlənir. Bu münasibətlərin hər hansı səbəbdən pozulması prosessual baxımdan məhz proses iştirakçısının məsuliyyət sferasına daxildir, bu səbəbdən də buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz.

12. İddiaçının “elektron məhkəmə kabinetindən istifadə edə bilməməsi” dəlilinə münasibətdə isə bildirilir ki, ümumi qəbul edilmiş hüququn prinsipinə görə, qanunu bilməmək məsuliyyətdən azad etmədiyindən bu hal üzürlü səbəb hesab oluna bilməz.

13. Göründüyü kimi, iddiaçı buraxılmış prosessual müddətin onun təqsiri olmadan buraxılmasını və buraxılmış müddətin üzrlü sayılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ### 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, “...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

15. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürdüyündən buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

16. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi

Qərara aldı: İddiaçının prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar