Məhkəmə qərarları › İş №2-1(1-8)-198/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-198/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-198/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq hakim kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ##.##.1960-cı il təvəllüdlü iddiaçıya ##.##.2025-ci il tarixdən proaktiv qaydada 1780,63 manat məbləğində ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçının müraciəti əsasında əmək pensiyası yenidən hesablanaraq ##.##.2025-ci il tarixdən 1877,41 manat məbləğində müəyyən edilmişdir.

2. İddiaçı ##.##.2007-ci il tarixdən ##.##.2010-cu il tarixədək Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi, ##.##.2010-cu il tarixdən ##.##.2025-ci il tarixədək isə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifələrində işləmiş və hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar ##.##.2025-ci il tarixdən onun hakimlik səlahiyyətlərinə xitam verilmişdir.

3. ##.##.2025-ci il tarixdən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2ci maddəsinin həmin tarixdə qüvvədə olan redaksiyasına əsasən 17 il 9 ay 16 gün hakim stajına uyğun olaraq orta aylıq əmək haqqının (8076,96 manat) 58,25 faizi – 4704,83 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək, ona işləməyən pensiyaçı kateqoriyasına keçdiyi ##.##.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının – fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 – aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanmasını və yaranacaq fərqin ödənilməsini xahiş etmişdir.

5. Cavabdeh isə, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il ####un #-dək qüvvədə olan redaksiyasına əsasən, iddiaçının pensiya hüququnun yaranmadığını, bu səbəbdən keçmiş qanunvericiliyin müddəaları nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanmasının mümkün olmadığını, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən maddi yardımın yalnız əmək pensiyasının yenidən hesablanması zamanı tətbiq edilə biləcəyini, iddiaçıya isə sabiq hakim kimi əmək pensiyası ##.##.2025-ci il tarixdən təyin edildiyi üçün ona hazırkı il üzrə maddi yardımın ödənilməsinin mümkün olmadığını əsas gətirərək onun müraciətinin təmin olunmasından imtina etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona işləməyən pensiyaçı kateqoriyasına keçdiyi ##.##.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının – fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 – aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək stajının ##.##.2006-cı il tarixədək olan hissəsi, təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla, 29 il 4 ay 12 gün təşkil edir (##.##.1977-##.##.1978 (1 il 17 gün); ##.##.1978-##.##.1979 (6 ay 5 gün); ##.##.1979- ##.##.1979 (13 gün); ##.##.1979 ##.##.1981 (1 il 11 ay 22 gün); ##.##.1982-##.##.1985 (3 il 5 gün); ##.##.1985-##.##.1986 (1 il 6 ay 23 gün); ##.##.1987-##.##.1988 (l il 2 ay 23 gün); ##.##.1988-##.##.1989 (10 ay 8 gün); ##.##.1989-##.##.1992 (2 il 9 ay 23 gün); ##.##.1992- ##.##.1993 (1 il 6 ay 28 gün); ##.##.1993-##.##.1998 (4 il 10 ay 15 gün); ##.##.1998- ##.##.2007 (8 il 8 ay 23 gün)). “Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27.1-ci maddələrinə müvafiq olaraq ##.##.2006-cı il tarixədək 29 il 4 ay 12 gün iş stajına görə sığorta kapitalı 8986,2 manat məbləğində müəyyən edilir (29x306)+(306:12)x4)+(306:12):30x12). Həmin məbləğ (8986,2 manat) 2006-2024-cü illər üzrə istehlak qiymətlərinin illik səviyyəsinə görə indeksləşdirilir. ##.##.2006-cı il tarixinə mövcud olan 29 il 4 ay 12 gün iş stajına görə müəyyən edilən 8986,2 manat pensiya kapitalının (2025-ci ilin əvvəlinə) indeksləşdirilmiş miqdarı 32082,23 manatdır. Həmin məbləğə 2006-cı ilin yanvar ayından 2025-ci ilin mart ayına kimi fərdi hesabının sığorta hissəsindəki 247804 manat vəsait əlavə edildikdə 279886,23 manat təşkil edir ki, həmin məbləğdən “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsinə uyğun hesablanan aylıq pensiya məbləği 1943,65 (279886,23:144) manat müəyyən edilir (2025-ci ilin aprelmay aylarının sığorta haqları fərdi hesabına mədaxil edilməmişdir). Bununla yanaşı, o, ##.##.2007-ci il tarixdə hakim vəzifəsinə təyin edilərkən, “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-ci il tarixədək qüvvədə olmuş 20.1, 20.1.4-cü və 20.7, 20.7.3-cü maddələrinə müvafiq olaraq 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə qulluq stajına görə əlavə almaq hüququ nəzərdə tutulurdu. Belə olan halda, 15 il hakim vəzifəsində işləmiş şəxslər həmin hüquqa malik olurdu. Bu baxımdan, iddiaçının 17 il 9 ay 17 gün hakim kimi qulluq stajına görə istənilən 5 il hakim stajının orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavə almaq hüququ vardır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2008-ci il tarixli Qərarında təsbit olunur ki, “...hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.” Eyni zamanda, “Hakimlərin statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. May 2020 – aprel 2025-ci illəri əhatə edən 5 illik (yəni, ardıcıl gələn 60 ay) hakimlik dövründə aldığı əmək haqqı 414995,39 manat təşkil edir. Həmin əmək haqqı 60 aya bölündükdə orta aylıq əmək haqqı 6916,58 manat, həmin məbləğin 80 faizindən hesablanan pensiya məbləği 5533,27 manat və bu məbləğə də qeyd edilən 1943,65 manat pensiya kapitalı əlavə olunduqda pensiyanın ümumi məbləği 7476,92 manat təşkil edir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli, **** nömrəli Sərəncamına əsasən hakimlərə aylıq pensiya məbləğinin 10 faizi miqdarında əlavə ödənilir. Qanun və Prezidentin sərəncamı nəzərə alınmaqla, sözügedən 7476,92 manat pensiya məbləğinin 10 faizi miqdarında 747,69 manat maddi yardım həmin pensiya məbləğinə əlavə edildikdə, iddiaçıya hesablanacaq pensiyanın ümumi məbləği 8224,61 manat (7476,92+747,69) təşkil edir (analoji işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur). Lakin cavabdeh tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixdə qəbul edilmiş qərar ilə əsassız olaraq qanunvericiliyin qeyd olunan tələblərinə zidd şəkildə, “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-ci il tarixdən qüvvəyə minmiş, iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran 20.7-ci maddəsinin yeni redaksiyasının müddəaları tətbiq olunaraq 60 aylıq orta aylıq əmək haqqının 58,2 faizi ilə sabiq hakim kimi cəmi 4704,83 manat məbləğində əmək pensiyası təyin edilmişdir (Pensiya təyinatı barədə məlumat “SMS” vasitəsilə göndərilsə də, qərar qəbul olunması barədə məlumat və qərarın surəti iddiaçıya təqdim olunmamışdır).

8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya 65 yaşının tamam olduğu tarixdən 1780,63 manat məbləğində ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçının müraciəti əsasında “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarla sabiq hakim kimi pensiyası yenidən hesablanaraq ona 17 il 9 ay 16 gün hakim stajına uyğun olaraq orta aylıq əmək haqqının 58,25%-i həddində ##.##.2025-ci il tarixdən 4704,83 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyasının yenidən hesablanmasının hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olan redaksiyada 20.1.4 və 20.7-ci maddələri təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qüvvədə olan redaksiyası tətbiq edilsə belə, hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün “Məhkəmələr və hakimlər haqqında” Qanunun 2019-cu ilədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndində “azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” ifadəsi qeyd olunmuşdur. İstinad olunan normaların müddəaları baxımından iddiaçıya sabiq hakim kimi pensiya təyin edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Yəni Qanunun əvvəlki redaksiyasında da iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 5 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya yaşına çatmamışdır. Qeyd edilən qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olur ki, iddiaçı sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan staja daha əvvəl malik olsa da, həmin dövrdə qanunla müəyyən olunan yaş həddinə çatmadığına görə ona hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiyanın yenidən hesablanması mümkün olmamaqla yanaşı, qanunsuz hesab edilməlidir. Eyni zamanda, iddiaçı iddia ərizəsində aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Bununla bağlı bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun VII fəslinin (Əmək pensiyasının yenidən hesablanması) 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. ”Əmək pensiyaları haqqında” Qanunun həmin fəslinin və maddənin adından göründüyü kimi, maddi yardım yalnız əmək pensiyasının yenidən hesablanması zamanı tətbiq edilə bilər. İddiaçıya sabiq hakim kimi əmək pensiyasının ##.##.2025-ci ildən təyin edildiyi nəzərə alınsa, ona hazırkı il üzrə maddi yardımın ödənilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyildir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının işləməyən pensiyaçı kateqoriyasına keçdiyi ##.##.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının – fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 – aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə, aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə əsasən, iddiaçı tələbində haqlıdır və tələb etdiyi qaydada əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Günel Sevdimalıyeva və Orxan İsmayılov) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə həmçinin “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı ##.##.2007ci il tarixindən ##.##.2025-ci il tarixinədək hakim işləmişdir və hakim kimi iş stajı 17 il 9 ay 16 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanununun 20.7 və 20.7.3-cü maddələrinin ##.##.2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona işləməyən pensiyaçı kateqoriyasına keçdiyi ##.##.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının – fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 – aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanmasını tələb etməkdə haqlıdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 20.7 (##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.

18. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli, **** nömrəli Sərəncamı

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 1.1. 2022-ci il ######ın #-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etsin;

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın 2023-cü il ######ın #-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzə yeni qərar qəbul olunaraq iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona işləməyən pensiyaçı kateqoriyasına keçdiyi ##.##.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının – fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 – aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanmasına və yaranacaq fərqin ödənilməsinə nail olmaqdan ibarətdir.

24. İddia tələbinin “ona işləməyən pensiyaçı kateqoriyasına keçdiyi ##.##.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının – fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 – aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, həmin hissədə işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının tələbinin həmin hissədə təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Həmin hissədə apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, məhkəmə kollegiyası həmin hissədə kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə əsasən, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi, pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Bundan başqa, “Hakimlərin statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən, müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Həmçinin “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası da nəzərə alınaraq hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-ci il tarixədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

29. Beləliklə, həmin hissədə yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan qeyd olunan hissədə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. İddia tələbinin “habelə aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardımın nəzərə alınması” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən həmin hissədə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılaraq ləğv edilməli, iddia rədd olunmalıdır.

31. Məhkəmə kollegiyası həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. Maddi yardımla bağlı iddiaçının istinad etdiyi “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli, **** nömrəli Sərəncamının məzmunundan görünür ki, 2022-ci il ######ın #-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın müəyyən edilməsi və həmin maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncamla qeyd olunan maddi yardımın 2023-cü il ######ın #-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır.

33. Daha sonra, bununla bağlı ##.##.2022-ci il tarixli, ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanuna yeni məzmunda 26.4-cü maddə əlavə edilmişdir.

34. Həmin maddəyə görə, 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım, 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində hesablanır.

35. Göründüyü kimi, müvafiq Sərəncamla 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım 2022-ci il ######ın #-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş, daha sonra isə “Əmək pensiyaları haqqında” Qanuna yeni məzmunda 26.4-cü maddə əlavə edilməklə 2023-cü il ######ın #dən etibarən həmin maddi yardımın onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməklə ödənilməsi nəzərdə tutulmuşdur.

36. İşin faktiki hallarından görünür ki, iddiaçı qulluq stajına görə əlavələr alan əmək pensiyaçı statusunu ##.##.2025-ci il tarixdə əldə etmişdir, yəni həmin tarixdən ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə olan halda, iddiaçı, sözügedən maddi yardımın ona ödənilməsini tələb etməkdə haqlı sayıla bilməz.

37. Apellyasiya instansiya məhkəməsi isə qeyd edilən xüsusatları nəzərə almamış və həmin hissədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

38. Beləliklə, həmin hissədə yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır.

39. Nəticə etibarı ilə, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən – “habelə aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardımın nəzərə alınması” hissəsində ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia rədd olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı qismən – “habelə aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardımın nəzərə alınması” hissəsində ləğv edilir. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qalan hissədə təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar