Məhkəmə qərarları › İş №2-1(1-8)-1981/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1981/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1981/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARDAD (Açar sözlər: ərazi aidiyyətinin müəyyənləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)- ***/**** nömrəli qərardadı üzrə məhkəmə aidiyyətinin müəyyən olunmasına yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “ona məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir (hakim – M.Hacıbəyova).

3. Məhkəmə qərardadında bildirmişdir ki, hazırkı mübahisə üzrə ərazi aidiyyət məsələsi Azərbaycan Respublikasının İPM-nin 8.1.2-ci maddəsinə uyğun tənzimlənir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia növündədir; iddiaçının yaşayış yeri ünvan 1 ünvanıdır və cavabdeh qismində göstərilmiş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır.

4. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – N.Hüseynov).

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin Rının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. ... Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

6. Məhkəmə kollegiyası hazırkı işin ərazi aidiyyətinin Bakı İnzibati Məhkəməsi olması qənaətinə gəlir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır.

7. Bakı İnzibati Məhkəməsi iddia ərizəsini aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərərkən qeyd etmişdir ki, iddiaçının yaşayış yeri ünvan 1 ünvanıdır. Belə olan halda, İPM-in 8.1.2-ci maddəsinin tələbini hazırkı işə tətbiq etdikdə aydın olur ki, mövcud işə baxmağa Gəncə İnzibati Məhkəməsi səlahiyyətlidir.

8. Gəncə İnzibati Məhkəməsi isə özünü hazırkı inzibati işə üzrə səlahiyyətli məhkəmə hesab etməyərək bildirmişdir ki, məhkəmə sorğusuna cavabdeh tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktuba əsasən, iddiaçının Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 ailəlik məcburi köçkün şəhərciyi, bina 7, mənzil 26 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşdığı qeyd edilmişdir. Cavabdeh tərəfindən məcburi köçkünlərə münasibətdə müvəqqəti məskunlaşma yeri üzrə müvafiq qeydiyyat həyata keçirilir. İddiaçı Kəlbəcər rayonunda qeydiyyatda olsa da, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla hazırda, yuxarıda da qeyd edildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 ailəlik məcburi köçkün şəhərciyi, bina 7, mənzil 26 ünvanında yaşayır. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Hazırkı işin ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin tələbi nəzərə alınmaqla hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilə edilən şəxsin olduğu yerə görə müəyyən edilməlidir. Odur ki, belə olan halda şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədi ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə məqsədi ilə hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.

9. Hazırkı mübahisənin ərazi aidiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

10. Hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Belə olan halda, hazırkı iddiaya İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir.

11. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

12. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. İddiaçı isə Kəlbəcər rayonundan məcburi köçkün olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 ailəlik məcburi köçkün şəhərciyi, bina 7, mənzil 26 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda məskunlaşmışdır.

13. Göründüyü kimi, iddiaçının faktiki yaşayış yeri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir.

14. Bu halda da, hazırkı mübahisəyə baxmağa Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar