Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-204/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Qafarov İxtiyar Mirzəli oğlunun cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Qafarov İxtiyar Mirzəli oğlunun cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi (çevirilməsi)” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. ##.##.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.
2. İddiaçı cavabdehə müraciət edərək mülkiyyətində olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir.
3. Cavabdeh # #### 2024-cü il tarixli imtinasında qeyd etmişdir ki, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ###### 2023-cü il tarixli * nömrəli Göstərişinin 1-ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə keçirilməsi ilə əlaqədar qərar qəbul
4. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mövcud vəziyyətdə qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur.
5. Qərarın icrası nəticəsində Yasamal rayon İcra Hakimiyyəti başçısının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiyanın üzvləri ünvana baxış keçirilmiş və məlum olmuşdur ki, ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və texniki pasporta əsasən ümumi sahəsi 202,9 kv.m olan mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış, 2 mərtəbəli mənzilin 1-ci mərtəbəsində torpaq sahəsi zəbt edilərək əlavə tikinti işləri aparılmış və nəticədə mərtəbənin faktiki ümumi sahəsi 131,72 kv.m olmuşdur. 2-ci mərtəbədən 3-cü mərtəbəyə qalxmaq üçün pilləkən qəfəsi qurulmuş, əlavə olaraq ümumi sahəsi 102,53 kv.m olan 3-cü mərtəbə inşa edilmişdir. Mövcud vəziyyətində tərtib edilmiş layihəyə əsasən aparılmış yenidənqurma və yenidən planlaşdırma işlərindən sonra 3 mərtəbəli mənzilin faktiki ümumi sahəsi 341,25 kv.m olmuşdur. Baxış zamanı mənzildə aparılmış yenidənqurma işlərinə, 1-ci mərtəbədə əlavə tikinti və 3-cü mərtəbənin inşa edilməsinə dair müvafiq icazə sənədləri təqdim edilməmişdir. Yenidənqurma işlərinin özbaşına aparıldığını nəzərə alaraq komissiya tərəfindən tikilinin texniki vəziyyətinin Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən müayinə edilməsi tövsiyə olunmuşdur. Mənzil qeyri-yaşayış sahəsinə keçirilərsə baş verə biləcək xoşagəlməz hallara dair (həmin sahənin çökməsi, uçması və vətəndaşların söküntü altında qalması) Rayon İcra Hakimiyyətinin məsuliyyət daşımasını nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin 2- *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarının icrası mümkün deyildir.”
6. Bundan sonra iddiaçı əvvəlki məhkəmə qərarının icrası ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmiş, Yasamal Rayon İcra Hakimiyyəti başçısının ##.##.2025ci il tarixli məktubu inzibati akt kimi qiymətləndirilmiş və iddiaçıya həmin imtina üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qafarov İxtiyar Mirzəli oğlunun tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin mövcud vəziyyətdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi (çevirilməsi)” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbinin əsası kimi cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubunda göstərilən halların qanunsuz və əsassız olduğunu bildirmiş, komissiya üzvlərinin faktiki olaraq ünvana baxış keçirmədiyini, evdə torpaq sahəsinin zəbt edilməsi və əlavə tikinti aparılması hallarının mövcud olmadığını, yalnız əsaslı təmir işləri görüldüyünü, dam örtüyünün yararsız vəziyyətə düşməsi səbəbindən yenidən qurulduğunu qeyd etmişdir. İddiaçı həmçinin tikilinin texniki vəziyyətinin Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən müayinə edilməsinə etiraz etmədiyini bildirmişdir.
9. Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 ünvanında Qafarov İxtiyar Mirzəli oğluna məxsus 2 mərtəbəli və mansardlı qeyri-yaşayış binasının müayinə işləri haqqında texniki rəy tərtib edilmişdir. Həmin texniki rəydə binanın 2005-ci ildə inşa edildiyi, müayinə zamanı yükdaşıyan konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlindiyi, eyni zamanda binanın təqdim edilmiş memarlıq-planlaşdırma bölməsinə və konstruksiya cizgilərinə uyğun inşa edildiyi qeyd edilmişdir.
10. Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin müayinə protokolunun nəticə hissəsində qeyd olunmuşdur ki, qeyri-yaşayış obyekti tam təmirli və istismarda olduğundan texniki müayinə işləri məhdud şəkildə aparılmış, müayinə zamanı baxış keçirilmiş yükdaşıyan dəmir-beton konstruksiyalarda zədə və deformasiyalara rast gəlinməmiş, obyektin mansard mərtəbəsinin taxta konstruksiyadan quraşdırıldığı və dam örtüyünün metal vərəqələrlə örtüldüyü müəyyən edilmişdir.
11. “xxxx” MMC tərəfindən həmin ünvanda yerləşən mövcud 2 mərtəbəli, mansardlı tikilinin ətrafında mühəndis-geoloji tədqiqat işləri aparılmış və texniki hesabat tərtib edilmişdir. Həmin hesabatda sahədə qazılmış quyularda qrunt sularına rast gəlinmədiyi, ərazinin fon seysmikliyinin 8 bal olduğu və layihələndirmə işlərinin II sinfə uyğun aparılmasının tövsiyə edildiyi qeyd olunmuşdur.
12. Bakı İnzibati Məhkəməsinin # ######## 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qafarov İxtiyar Mirzəli oğlunun tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin mövcud vəziyyətdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi (çevirilməsi) vəzifəsi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətçisi olduğu yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ictimai təhlükəsizliyə, ekoloji balansın qorunmasına və ətraf mühitə ziyan vurması cavabdeh tərəfindən sübuta yetirilmədiyi üçün, iddiaçının müraciətindən imtinası obyektiv yanaşmadan uzaq hesab edilir. Belə ki, icra hakimiyyətinin imtinasının və həmin imtinanın arqumentlərinin hüquqi bazaya söykənməməsi, onun mövqeyinin qeyri-qanuni olduğunu göstərir. Bundan əlavə, yerli icra hakimiyyətinin qəbul etdiyi imtina qərarı hüquqi əsasdan məhrumdur və qanunvericilikdə nəzərdə tutulmuş prosedurların pozulması ilə nəticələnir. Qanunvericiliyin tələblərinə tam uyğun olaraq bütün sənədlər təqdim edildiyi halda, yerli icra hakimiyyətinin əsassız imtinası mülkiyyət hüququnun pozulması deməkdir. Müraciət edilən layihənin ictimai təhlükəsizlik, sanitar-gigiyenik və şəhərsalma normalarına tam uyğun olması nəzərə alınaraq, icra hakimiyyətinin qərarı obyektiv və qanuni sayıla bilməz.
14. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 2 ünvanında Qafarov İxtiyar Mirzəli oğluna məxsus 2+ mansard mərtəbəli qeyri-yaşayış binasının müayinə işləri haqqında texniki rəy tərtib edilmiş, texniki rəyin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında Qafarov İxtiyar Mirzəli oğluna məxsus qeyri-yaşayış binası 2005-ci ildə inşa edilmiş, müayinə zamanı yükdaşıyan konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinmişdir. ##.##.2025-ci il tarixdə Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiya üzvləri tərəfindən akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, mənzildə aparılmış yenidənqurma işləri, 1-ci mərtəbədə əlavə tikinti və 3-cü mərtəbənin inşa edilməsinə dair müvafiq icazə sənədləri təqdim edilməmiş, yenidənqurma işlərinin özbaşına aparıldığı nəzərə alınaraq tikilinin texniki vəziyyətinin Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən müayinə edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsində yerləşən, fiziki şəxs İxtiyar Mirzəli oğlu Qafarova məxsus qeyri-yaşayış obyektinin texniki vəziyyəti haqqında” müayinə protokolunun nəticə hissəsində qeyd edilmişdir ki, qeyr-yaşayış obyekti tam təmirli və istismarda olduğundan texniki müayinə işləri məhdud şəkildə aparılmışdır. Texniki müayinə işləri tam şəkildə aparılmadığından, müayinə zamanı yükdaşıyan konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlindiyindən eyni zamanda inşa edilərkən yaşayış evi qismində layihələndirildiyi və tikinti normalarına uyğun olmadığı üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında Qafarov İxtiyar Mirzəli oğluna məxsus yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün deyildir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: C.Məmmədov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və H.Ağalarov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin # ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etmişdir: – Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiayanın tərtib etdiyi ##.##.2025-ci il tarixli aktda olan tövsiyyələrini nəzərə alan iddiaçı Azərbaycan Respublikası FHN Tikintidə X1 Agentliyi ilə ##.##.2025-ci ildə müqavilə bağlamış və həmin müqaviləyə əsasən qeyd olunan təşkilat tərəfindən Qafarov İxtiyar Mirzəli oğluna məxsus olan obyektin texniki vəziyyəti haqqında müayinə keçirilmiş və müayinənin nəticəsi olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında Qafarov İxtiyar Mirzəli oğluna məxsus qeyri-yaşayış binası 2005-ci ildə inşa edilmiş, müayinə zamanı yükdaşıyan konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinməmişdir qeyd edilmişdir. – Belə olduğu tədqirdə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunan dəlillər əsassızdır. – Analoji iddia tələbi ilə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə zəruri araşdırmanın aparılması məqsədi ilə iddianı qismən təmin edərək, İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinə əsasən qeyd olunan ünvanda yerləşən evin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Lakin Yasamal RİH aparılan araşdırmanın nəticəsi olaraq iddiaçıya məxsus olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina edilmiş və bu imtinasının əsasını (ictimai təhlükəsizliyə, ekoloji balansın qorunmasına və ətraf mühitə ziyan vurmasını) sübuta yetirilməmiş və iddiaçının müraciətindən imtinası əsaslandırmamışdır. Hesab olunur ki, Azərbaycan Respublikası FHN Tikintidə X1 Agentliyi tərəfindən verilən müsbət rəy iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün edir. – İddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair təqdim edilmiş sənədlərin mötəbərliyi və ya qanunsuzluğu cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, cavabdehin imtinası qanunsuz və əsassızdır.
18. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad etmiş, cavabdehin əsaslandırdığı faktları araşdırmamışdır. Bu isə tərəflərin prosessual bərabərliyi və çəkişmə prinsipinin pozulması ilə nəticələnmişdir. Həmçinin qeyd edilmişdir ki, həmin yaşayış sahəsində layihə olmadan, müvafiq orqanlardan rəy alınmadan mənzilin içərisində texniki təhlükəsizlik qaydalarına riayət olunmadan istinad divarlarının bir qismi sökülmüş, texniki vəziyyəti baxımından təhlükəli olan mənzil, həmin ərazidə yaşayanların hüquq və mənafelərinə zidd istifadə edilə bilməz. Yaşayış ərazisində qeyri-yaşayış obyektlərin istifadəsi zamanı orada yaşayan sakinlərin hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. Həmçinin mənzildə aparılmış yenidənqurma işləri, 1-ci mərtəbədə əlavə tikinti və 3-cü mərtəbənin inşa edilməsinə dair müvafiq icazə sənədləri təqdim edilməmiş, nəticədə Mənzil Məcəlləsinin və digər qanunvericilik aktlarının müddəaları pozulmuşdur və bu hal tikintinin özbaşına aparıldığını təsdiq etməklə, iddiaçının tələbinin qanuni əsaslardan məhrum olduğunu göstərir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.
Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. ... 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. ... 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. ... 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası qeyd edir ki, imtina məktubu, eləcə də apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı əsasların mövcudluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət, mötəbərlik və yetərlilik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, Azərbaycan Respublikası FHN Tikintidə X1 Agentliyi tərəfindən verilən müsbət rəy iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün edir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.