Məhkəmə qərarları › İş №2-1(1-8)-2059/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-2059/2026

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-2059/2026 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizənin rədd edilməsi, kassasiyanın mümkünlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması, şikayətə vəkilin orderinin əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ailəsinə 2024-2025-ci illər üzrə təyin olunmuş ünvanlı dövlət sosial yardımının məbləğinin düzgün olmaqla yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə iddiaçı tərəfindən verilmiş ərizəyə və şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ailəsinə 2024-2025-ci illər üzrə təyin olunmuş ünvanlı dövlət sosial yardımın məbləğinin düzgün olmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, şikayətində həmçinin maddi imkanının olmadığını əsas gətirərək, sözügedən qərardan kassasiya şikayətinin verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.5. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi ... əlavə olunur.

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunma barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməməli, həmçinin onun tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir:

9. İnzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1-ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.

10. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir.

11. İddiaçı kassasiya şikayətində həmçinin maddi imkanının olmadığını əsas gətirərək sözügedən qərardan kassasiya şikayətinin verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

12. Qeyd edilməlidir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı konstitusion tələblər və beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar isə müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər.

13. Nəzərə alınmalıdır ki, qanunverici vəkil xidmətlərinin dövlət hesabına həyata keçirilməsi məsələlərini tənzimləyərkən belə hüquqi yardıma ehtiyacı olan şəxsin aztəminatlı olması, başqa sözlə şəxsin bu xidməti ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması ilə bağlı halların məhkəmədə müəyyən olunmasını tələb edir. Bununla bağlı, dövlət hesabına hüquqi xidmətin təmin edilməsinə dair ərizədə şəxsin vəkilin xidmətini ödəyə bilməməsi yetərincə əsaslandırılmalıdır. Şəxsin kifayət qədər vəsaitə malik olmamasının meyarları qanunvericiliklə müəyyən edilmədiyindən, bu xüsusat məhkəmə tərəfindən qiymətləndirilir. Bu qiymətləndirmənin aparılması üçün şəxsin ödəmə qabiliyyətinə malik olmadığını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən (aşağı həddə əməkhaqqı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardımı və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır.

14. Hazırkı mübahisəyə münasibətdə iddiaçının ödəmə qabiliyyətinə malik olmadığını təsdiq edən hər hansı mötəbər sənəd (sübut) məhkəməyə təqdim edilməmişdir.

15. Vahid məhkəmə təcrübəsinə əsasən, proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmamasının müəyyən edilməsindən asılıdır. Belə olan halda sübutetmə yükü üzərində olan iddiaçı məhkəməyə maddi imkanlarının aşağı olduğunu və buna görə də vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını təsdiq edən mötəbər sübut təqdim etməlidir. Bundan başqa, iddiaçının vəkilin xidmətlərindən istifadə etmək üçün hər hansı hüquq məsləhətxanasına müraciət etdiyi və ondan göstəriləcək xidmət müqabilində tələb olunan məbləğ də bəlli olmalıdır. Bunun əksi isə, onun imkanları nəzərə alınmaqla dövlət hesabına vəkillə təmin edilməsi məsələsinə qiymət verilməsini də mümkünsüz edir. Qeyd olunmalıdır ki, şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması mütləq xarakter daşımır və bu baxımdan, heç də bütün hallarda onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, müraciət edən şəxs ən azından, məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı olduğunu, vəkillə təmsil olunmasına zərurətin yarandığını və vəkilin xidmət haqqını ödəmək imkanına malik olmadığını öz ərizəsində əsaslandırmağa və bunu təsdiq edən müvafiq sənədləri ərizəsinə əlavə etməyə borcludur. Nəzərə almaq lazımdır ki, ümumi mülahizələrlə ifadə olunan və həmin mülahizələrin yuxarıda qeyd olunmuş şəkildə hər hansı sənədlə təsdiq olunmadığı ərizələr əsaslı sayıla və təmin oluna bilməz. Belə yanaşma həmin institutdan sui-istifadə hallarının qarşısının alınması məqsədlərinə xidmət edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli **(***)-*/**** nömrəli qərarları).

16. Bu baxımdan dövlət vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizə təmin edilməməli, kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina olunmalıdır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkün sayılmaması hazırkı halda, onun İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsində təsbit edilmiş dinlənilmə hüququnun pozuntusunu da yaratmır. Belə ki, sözügedən normaya görə, kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır.

18. Dinlənilmə hüququ məhkəmədən mübahisə tərəflərinə öz mövqelərini bildirmək, sübutlarını və dəlillərini təqdim etmək üçün imkan və şərait yaradılmasını, tərəflərlə işin hallarının həqiqi müzakirəsinin aparılmasını tələb edir.

19. Məhkəmənin dinlənilmə hüququnu təmin etməklə bağlı vəzifəsi ilk növbədə, baxılmaqda olan iddia və ya şikayət barədə tərəfləri məlumatlandırmaqdan ibarətdir. Dinlənilmə hüququnun tam təmin edilə bilməsi üçün məzmunla bağlı tələblərə də riayət olunmalıdır. Belə ki, məhkəmə yalnız baxılmaqda olan iş və ya şikayət barədə məlumat verməməli, həm də məlumat verməklə bağlı vəzifəsini elə qaydada icra etməlidir ki, tərəflər mübahisə və ya şikayətlə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə dolğun məlumat sahibi olsunlar. Tərəflər yalnız bu qaydada məlumat sahibi olduqda iddiaya, etiraza və ya şikayətə dair məzmun baxımından öz mövqelərini ətraflı və məhkəmənin gözlədiyi şəkildə göstərə, eləcə də öz dəlillərini və sübutlarını lazımi qaydada təqdim edə bilərlər. Məhkəmə dinlənilmə hüququ ilə bağlı vəzifələrini məhkəmə iclasında işin faktiki və hüquqi vəziyyətini proses iştirakçıları ilə müzakirə etməklə icra edə biləcəyi kimi, tərəflərə ünvanlandığı məhkəmə bildirişləri, sərəncamlar və digər yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

20. Bu mənada, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” tərəflərə rəsmi qaydada təqdim olunmuşdur. Həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

21. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərildiyi kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması ilə bağlı tələblər nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

22. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən izahda göstərilən tələblərə (kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilib imzalanması və şikayətə vəkil orderinin əlavə edilməsi, habelə vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsait olmadıqda, müvafiq sübutlar təqdim edilməklə dövlət vəsaiti hesabına vəkillə təmin olunmaya dair ərizənin verilməsi barədə) əməl olunmamışdır.

23. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Dövlət hesabına vəkillə təmin olunma barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar