Məhkəmə qərarları › İş №2-1(1-8)-2141/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-2141/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-2141/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayət verilməsi müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “mənzilin xidməti mənzillər siyahısından çıxarılması və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15, mənzil ** saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq daimi yaşayış üçün sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiyası məhkəməsində icraat

2. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Tural Məlikov).

3. Iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Aytən Oruczadə, Nigar Nəbizadə və Fərid Mədətli).

5. Iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir.

Tərəflərin dəlilləri, kassasiyanın mümkünlüyü

6. Iş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Maddə 20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.

Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.

Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.

9. Belə ki, iş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı ilə birlikdə “Inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” # #### 2026-cı ildə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir.

10. Lakin iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərardadından verilmiş kassasiya şikayəti ##.##.2026-cı il tarixdə poçt vasitəsilə verilmişdir. Iş materiallarında olan kassasiya şikayətindən də görünür ki, kassasiya şikayətinə əlavə edilmiş orderdən müəyyən edilir ki, iddiaçı ilə vəkil arasında bağlanmış müqavilə də ##.##.2026-cı il tarixdə bağlanmış, bununla da qanunvericilikdə apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddəti ötürmüş, prosessual müddətin bərpa edilməsi barədə ərizə verməmişdir.

11. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmiş, lakin məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. Bu qərardad da iddiaçının elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının dövlət hesabına vəkil təyin edilməsi barədə ərizəsi üzrə icraat, özlüyündə ##.##.2026-cı il tarixdə bağlanmış prosessual müddətin nəzərə alınmamasını şərtləndirmir. Bu halda şəxs müddətin bərpa olunması barədə ərizə ilə müraciət etməlidir. Lakin iddiaçı tərəfindən müddətin bərpa olunması barədə ərizə verilməmişdir.

12. Yuxarıda göstərilənlərdən əlavə olaraq məhkəmə kollegiyası iş materiallarına istinad edərək bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə qərardadla birlikdə göndərilmiş izahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. Inzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.

13. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

15. Izahda göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, 2 *(*-*)-****/**** saylı qərardadından verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar