Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-235/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs: X2) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “məlumatlandırma icraatı”nın tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs: X2) qarşı “fərdi yaşayış evinə dair təqdim edilən layihəyə uyğun “məlumatlandırma icraatı”nın tətbiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. ********** qeydiyyat nömrəli, ##.##.2019-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,02098 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. Yasamal Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı ##.##.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Sizin yaşadığınız ünvanda fərdi yaşayış evində təmir və tikinti işlərinin aparılması ilə bağlı təqdim etdiyiniz eskiz layihəsinə Yasamal Rayon İcra Hakimiyyətində baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, layihədə fərdi evlər üçün nəzərdə tutulan tikinti və tikinti sıxlığı əmsalları gözlənilməmiş, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”tn tələbləri pozulmuşdur. Belə ki, Qaydaların 5-ci bəndinə əsasən “Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır”. Qeyd olunanları nəzərə alaraq təqdim etdiyiniz eskiz layihəsinə müsbət rəy bildirilməsi mümkün deyil”.
3. * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən ##.##.2023-cü il tarixdə təsdiq edilmiş X1 məxsus ərizədə qeyd edilmişdir ki, “ünvan 1 ünvanında yerləşən torpaq sahəsindəki sol qonşuluğundakı qonşum - İddiaçı mənim hasarıma yaxın ərazidə ara məsafəsi saxlanılmadan, özünə məxsus olan torpaq sahəsində tikinti işləri aparmasına (fərdi yaşayış evi tikməsinə) razıyam, etiraz etmirəm”.
4. ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ##.##.2023-cü il tarixdə təsdiq edilmiş X2 məxsus ərizədə qeyd edilmişdir ki, “ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.02098 ha torpaq sahəsi üzərində əsaslı tikinti və təmir işlərinin aparılmasına, tikintiyə əlavələr edilməsinə, tikintinin yenidən qurulmasına və onun adına sənədləşdirilməsinə, habelə həmin ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasına, bağışlanmasına, kirayə verilməsinə, dəyişdirilməsinə, digər şəkildə özgəninkiləşdirilməsinə, ipoteka qoyulmasına və qanunla qadağan olunmayan digər əməliyyatlar aparılmasına etiraz etmirəm, razıyam.”
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) Yasamal Rayon İcra Hakimiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, ** saylı fərdi yaşayış evinə dair təqdim edilən layihəyə uyğun “məlumatlandırma icraatı”nın tətbiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” qərarların ləğv edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, ** saylı ev AR ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Uzun müddətdir ki. həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin fərdi evdə təmir-tikinti işlərinin aparılması üçün ilkin olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə lisenziyası olan "xxxx" MMC-yə müraciət etmiş, qanun çərçivəsində mülkiyyətində olan evə dair eskiz layihəsi tərtib olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq ##.##.2023-ci il tarixdə eskiz layihə onun tərəfindən Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinə təqdim edilərək evdə təmir-tikinti işlərinin aparılması ilə bağlı müraciət edilmişdir. Lakin müraciətinə heç bir reaksiya bildirilməmiş, ərizədə qeyd olunmuş poçt ünvanına rəsmi şəkildə cavab göndərilməmişdir. İddiaçı qeyd edir ki, heç bir qanun pozmadan, qanun çərçivəsində müraciət ərizəsindən 10 gün sonra tikintiyə başlamışdır. 6-7 kv.m hasar hörüldüyündə cavabdehin əməkdaşları tərəfindən ona heç bir məlumat verilmədən tikilmiş hasarı qanunsuz olaraq sökərək iddiaçıya maddi ziyan vurulmuşdur. Həmin söküntü işlərindən sonra o, Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Oradan iddiaçıya ##.##.2023-cü il tarixli ərizə ilə 22 gündən sonra verilmiş ##.##.2023-cü il tarixli, 5-21/2-S-89- ***/** №-li cavab məktubunu ona ##.##.2023-cii il tarixdə, yəni 64 gün sonra təqdim etmişlər. Həmin cavab məktubunda müraciətindən imtina olunmuş, imtinanı layihədə nəzərdə tutulan tikinti və tikinti sıxlığı əmsallarının gözlənilmədiyini “ara məsafələri ilə bağlı müfəssəl qaydalar”nın tələblərinin pozulduğunu bildirmişlər. İddiaçı qeyd edir ki, “xxxx” MMC tərəfindən layihə tərtib olunarkən ona məxsus bir mərtəbəli evin ikinci mərtəbəsinin və digər tikili ilə bağlı plan çertyoj tərtib olunmuş, lazım olan ən incə məqamlar da həmin layihədə əks etdirilmişdir. Həmin plan-çertyoj lisenziya əsasında fəaliyyət göstərən tikinti-layihə işləri ilə məşğul olan, yuxarıda qeyd edilən, müəssisə tərəfindən ödənişli əsaslarla hazırlanmışdır. Hazırlanarkən də qanunun bütün normativləri qorunmuş, heç bir qanunsuzluğa yol verilməmişdir. Həmçinin qanuna əsasən, 10 gün ərzində həmin plan-çertyoja (layihəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanılması nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər. Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər. Cavabdeh istinad etdiyi iradlar qanun çərçivəsində deyildir. İddiaçı qeyd etmişdir ki, o, mülkiyyətində olan evin üzərində tikinti aparır. Həmin tikintilərlə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmçinin belə mübahisələr Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Həmin qanunun 80-ci maddəsində qeyd olunan normativlər iddiaçı tərəfindən gözlənilmişdir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-*VQ nömrəli Qanununun tətbiqi barədə" ‘’Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar" yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir. Göründüyü kimi, ara məsafəsi, tikintisinə icazə tələb olunan tikililərə aiddir, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində “ara məsafəsi" ilə bağlı ümumiyyətlə heç bir müddəa yoxdur, iddiaçının tikinti ilə bağlı isə heç bir qanun pozuntusu yoxdur. Bundan başqa, ona məxsus torpaq sahəsində sol qonşuluqda yaşayan qonşusu X1 və X2 hasarına yaxın ərazidə ara məsafəsi saxlanılmadan iddiaçı tərəfindən tikinti işlərinin aparılmasına etiraz etməməsi barədə notarial qaydada öz razılığını bildirmişdir. Beləliklə, tikiliyə olan iradların heç biri onun tikilisinə şamil edilə bilməz. Bütün bunlara baxmayaraq, icra hakimiyyəti tərəfindən heç bir məhkəmə qərarı olmadan söküntü aparılmış, vəzifə səlahiyyətlərindən istifadə etmişlər. Halbuki qanun buna yol vermir. Bundan başqa, qanuna görə fərdi yaşayış evi tikmək üçün nə icazə, nə də hər hansı bir dövlət rüsumu və ya hər hansı bir ödəniş tələb olunmur. Sadəcə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, yerli icra hakimiyyət orqanına müvafiq sənədlər əlavə edilməklə “məlumatlandırma icraatı” şəklində rəsmi qaydada ərizə ilə ev tikmək məqsədi barədə məlumat verilir. İddiaçı hesab edir ki, qanunun tələblərinə riayət etməklə icra hakimiyyətinə müraciət etmiş, qanunda nəzərdə tutulan müddəti gözlədikdən sonra tikintiyə başlamışdır. Əsassız və qanunsuz əsaslarla cavabdeh təşkilat tərəfindən hüquqların məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü 0 səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəlləsinin 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1, 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
7. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**** nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – E.Əliyev).
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tikintiyə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, yəni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirləri, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlər görülə bilər. Qeyd etmək lazımdır ki, tikintiyə nəzarətin məqsədi tikinti obyektinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş layihəyə uyğun olaraq tikilməsini təmin etməkdən ibarətdir. Başqa sözlə, tikintiyə nəzarəti həyata keçirən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yalnız tikinti obyektinin icazə verilmiş layihəyə uyğun inşa edilməsini yoxlayır və yalnız layihədən kənara çıxma hallarının müəyyən edildiyi təqdirdə tikintiyə müdaxilə etməyə və müvafiq tədbirlər görməyə səlahiyyətlidir.
10. Məhkəmə qeyd etmişdir ki, tikilinin yol qırağında yerləşməsi iddiaçının mülkiyyətində olan daşınmaz əmlakda hər hansı təmir işlərinin aparılmasına mane olmağa əsas vermir. Həmçinin yuxarıda istinad olunan normaların və tikintiyə nəzarətin məqsədləri baxımından, tikinti işləri qanunvericiliyin tələblərinə uyğun aparıldığı hallarda nəzarət orqanı tikintiyə dövlət nəzarəti çərçivəsində həmin tikinti obyektinə müdaxilə etməyə, həmin obyektə münasibətdə müxtəlif nəzarət tədbirlərini, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirləri tətbiq etməkdə haqlı sayıla bilməz. Eyni zamanda, qeyd edilən məsələlərlə bağlı (mülkiyyətdə olan tikilidə təmir-tikinti işlərinin aparılması) yerli icra hakimiyyəti orqanın bilavasitə fiziki olaraq müdaxilə etməsi və ya maneçilik törətməsi kimi səlahiyyətlər qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdehin hərəkətləri qanunsuz sayılmalı və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində təmir-tikinti işlərinin aparılmasına maneçilik törətməmək öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024cü il tarixli qərarı ləğv edilərək iddia rədd olunmuşdur (sədrlik edən - Ş.Məmmədova, hakimlər - C.Məmmədov, H.Ağalarov).
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçının fərdi yaşayış evinin deyil, faktiki qeyri-yaşayış (ətriyyat mağazası) obyektinin üstündə ikinci mərtəbə fərdi yaşayış evinin tikilməsi onun hüquqi marağını təşkil etməsi müəyyən olunur. Bu halda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) iddiaçının aparmaq istədiyi tikintiyə şamil edilməsi həmin normanın tələblərinə zidd olar.
14. Həmçinin apellyasiya instansiyası məhkəməsində icraat zamanı təyin olunmuş ekspertiza ilə bağlı Məhkəmə-Ekspertiza Mərkəzindən daxil olmuş **/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyindən də görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və iddiaçının qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi tikilinin üzərində yarımçıq tikinti işləri aparılmışdır.
15. İddiaçı isə faktiki qeyri-yaşayış (ətriyyat mağazası) obyektinin üstündə ikinci mərtəbə ev tikmək üçün hazırkı tələblə çıxış edir. Beləliklə, hazırkı iş üzrə tətbiq olunmuş normalara, o cümlədən “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a əsasən, tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, hər bir iş onun işin faktiki halları ilə müəyyən edilir. İkinci mərtəbənin tikilməsi istəyi, marağı və niyyəti ilə bağlı iddiaçı icra hakimiyyətinə müraciət etmiş və bütün lazımi sənədlər qanuni şəkildə hazırlandıqdan sonra icra hakimiyyətinə müraciət etmişdir ki, ikinci mərtəbənin tikintisini və təmirini həyata keçirsin. Lakin apellyasiya məhkəməsi işə dair sənədləri lazımi şəkildə nəzərdən keçirməmiş iş materiallarına lazımi qiymət verməmişdir.
18. Belə ki, iddiaçı tikinti niyyəti barədə ## #### 2023-cü il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinə məlumatlandırma icraatı qaydasında müraciət edib. Həmin müraciətdə niyyətin nə olduğu aşikardır. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, icra hakimiyyəti məlumatlandırma icraatına 10 iş günü ərzində münasibət bildirməlidir. Qanunun mətnindən də göründüyü kimi, bu norma imperativ normadır. Əgər etiraz olmasa, tikintiyə başlanıla bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.8-ci maddəsinə əsasən, qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamı ehtiva etdiyi üçün iddiaçı da haqlı olaraq qanuni müddəti gözlədikdən sonra ikinci mərtəbənin tikintisinə başlamışdır. İcra hakimiyyəti məlumatlandırma icraatına 10 gün müddətində münasibət bildirilməlidir. Yəni etiraz edirsə, etiraz lazımi qanunvericilik əsasında əsaslandırılmalı və bu barədə həmin müddətdə məlumat verilməli idi. Əgər etiraz yoxdursa, o zaman mülkiyyətçi öz mülkiyyət hüququnu həyata keçirə bilər. Söküntü işləri aparıldıqdan sonra iddiaçının nümayəndəsi tərəfindən müraciət olunduqdan sonra məlum olur ki, tikinti üçün məlumatlandırma müraciətinə ## #### 2023cü ildə19.22 gün sonra etiraz hazırlanmış və hətta iş materiallarından da göründüyü kimi, söküntü aparıldıqdan sonra iddiaçının özünün tələbi ilə 64 gündən sonra cavab məktubu ona təqdim olunmuşdur. Bu maddi hüquq pozuntusu apellyasiya instansiyası məhkəməsi tərəfindən gözardı edilmiş və lazımi qiymət verilməmişdir. Bu inzibati orqanın qanunsuz hərəkətlərinə göz yummaq və don geyindirmək deməkdir. Digər bir məsələ isə, iddiaçının ünvanına həmin cavab məktubu göndərilməmişdir. Özünün müraciəti zamanı üzə çıxıb.
20. Bundan başqa, Bakı İnzibati Məhkəməsinə də həmin cavab məktublarının göndərilməsi ilə bağlı təqdimatlar olmamışdır. Həmin məktublar gizlədilmişdir. Digər tərəfdən də, “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli *** saylı Fərmanı da heçə sayılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi” qaydaları da təhrif edilmişdir. 2012-ci il # #### tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci bəndinə əsasən, yerli icra hakimiyyəti tərəfindən tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə tikintinin dayandırılması üçün məhkəməyə və Fövqaladə Hallar Nazirliyinə müraciət edir. Həmin Fərmanın 4.11.10-cu bəndinə əsasən, tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Bütün bu sadalanmış qanunvericiliklərdə icra hakimiyyətinin birbaşa şəkildə söküntünü həyata keçirməsi ilə bağlı qaydalar müəyyən edilmədiyi halda apellyasiya məhkəməsi buna necə hüquqi qiymət verməz.
21. Bakı Apellyasiya Məhkəməsi AR ƏMDK yanında DƏDRX-nin ##.##.2019-cu il tarixli hüquqmüəyyənedici sənəd çıxarışın olmasını sanki yox saymış, faktiki qeyri-yaşayış kimi əsaslandırmışdır. Məhkəmənin gəldiyi nəticə hüquqa və əsasa söykənməlidir. Lakin apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına birbaşa şəkildə zidddir. Apellyasiya instansiyası məhkəməsinin yanaşması isə tam bu prinsipin əksinədir. Çünki iddiaçının adına verilmiş çıxarışı heçə sayaraq, fərdi yaşayış evini faktiki qeyri-yaşayış obyekti kimi qələmə verir. Faktiki qeyri-yaşayış obyekti olsa belə, çıxarışda təyinatı mübahisələndirilib dəyişdirilməmiş fərdi yaşayış evi kimi qeydiyyatda olan bir evə belə hüquqi qiymət vermək olmaz.
22. Beləliklə də, apellyasiya məhkəməsinin fərdi yaşayış evinə ara məsafələri ilə bağlı müfəssəl qaydaların tələblərinin pozulduğuna bidirdikləri irad da əsassızdır. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaların təsdiq edilməsi ilə bağlı Nazirlər Kabinetinin 2014-cü il ## ###### tarixli ** saylı qərarında dəyişiklik edilib. Həmin qərara əsasən, tikinti və tikinti sıxlığını qorumaqda məqsəd bütün məhəllənin şəhərsalma balansını qorumaqdır. Tikinti əmsalı və tikinti sıxlığı fərdi evlər üçün hesablanmır. Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi bağlı müfəssəl qaydalar”ın 2-ci bəndinə əsasən, bu qaydalar yaşayış məntəqələrinin baş və müfəsssəl planlarının, layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan əraziləri müəyyən edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların; 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın:
1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.6.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ara məsafəsi ilə bağlı müfəssəl qaydaları müəyyən edir.
13. Divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadrat metrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların, yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyildir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “məlumatlandırma icraatı”nın tətbiq edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, ** saylı fərdi yaşayış evinə dair təqdim edilən layihəyə uyğun “məlumatlandırma icraatı”nın tətbiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə nail olmaqdan ibarətdir.
34. Qanunvericiliyin tələbinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
35. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələbləri müəyyən edilmişdir. İşə baxmış məhkəmə kollegiyası müəyyən etmişdir ki, üzərində ikinci mərtəbə tikilməsi niyyəti olan bir mərtəbəli fərdi yaşayış evinin təyinatı faktiki dəyişdirilərək qeyriyaşayış 36.(ətriyyat mağazası) kimi istifadə olunmaqla uzun illər öncədən tikilmişdir.
37. İddiaçı tərəf də bu faktı mübahisələndirməmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evinin təyinatı faktiki dəyişdirilərək qeyri-yaşayış (ətriyyat mağazası) kimi istifadə olunması işin mübahisəsiz halını təşkil etdiyindən işə baxmış məhkəmə kollegiyasının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) iddiaçının aparmaq istədiyi tikintiyə şamil edilməsinin həmin normanın tələblərinə zidd olması barədə mövqeyi əsaslıdır.
39. Bundan başqa, kassasiya şikayətinin “cavabdeh tərəfindən söküntünün aparılması və imtinanın gec təqdim edilməsi” ilə bağlı dəlilinə münasibətdə bildirilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı fərdi yaşayış evinə dair təqdim edilən layihəyə uyğun “məlumatlandırma icraatı”nın tətbiq edilməsi təşkil edir. Yəni sözügedən dəlil hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.
40. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.
41. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.