Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-238/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin cavabdeh Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Vergi orqanı olan iddiaçı ## ###### 2024-cü il tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir.
2. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının ##.##.2025-ci il tarixli qərarı əsasında ##.##.2025-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlakı (Masallı rayonu, Lürən kəndi ərazisində olan 5000 manat dəyərində, **-BL-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılış ili, ağ rəngli VAZ21074 markalı avtomobil) siyahıya alınmışdır.
3. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” ##.##.2025-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak cavabdeh Cavabdeh məsul saxlanmaya verilmişdir. Cavabdeh siyahıya alınmada iştirak etməmiş, aktı və protokolu imzalayaraq təhvil almışdır.
4. “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsində qeydiyyatdadır. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə vergi orqanı cavabdehə məsuliyyət barədə məlumat vermişdir.
5. Baş Dövlət Yol Polis Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən müəyyən olunur ki, ağ rəngli **-BL-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılış ili, VAZ21074 markalı avtomobil Cavabdeh mülkiyyətindədir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 5000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5000 manat məbləğində siyahıya alınmış əmlakının Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehin hal-hazırda 5000 manat ödənilməmiş borcu qalmışdır.
8. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim P.Qurbanova) iddia təmin edilmiş, Cavabdeh ##.##.2025-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 5000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Masallı rayonu, Lürən kəndi ərazisində olan 5000 manat dəyərində, **-BL-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılış ili, VAZ21074 markalı avtomobil Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılmış, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılmışdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə (hakimlər: S.Həsənov sədrlik edən və məruzəçi, F.Hüseynov və C.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakın satılması qanunvericiliyin tələblərinə uyğundur. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmini tədbiri kimi əmlakın siyahıya alınması və ya siyahıya alınmış əmlakın satılması tələbinin yönəldiyi şəxsin əmlakı barəsində tətbiq edilə bilər. Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinin ## ###### 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, yaranmış borc vergi orqanı tərəfindən 2024-cü il üzrə kameral qaydada hesablanmış 6576,28 manat gəlir vergisinə əsasən yaranmışdır. Eyni zamanda bildirilmişdir ki, şəxsi hesab vərəqəsinin ##.##.2025-ci il tarixə olan göstəricilərinə əsasən Cavabdeh dövlət büdcəsinə vergilər üzrə 6331,98 manat (o cümlədən 4597,18 manat əsas,1734,80 manat faiz) ödənilməmiş borcu vardır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixə olan göstəricilərinə əsasən cavabdehin dövlət büdcəsinə vergilər üzrə 6331,98 manat (o cümlədən 4597,18 manat əsas,1734,80 manat faiz) ödənilməmiş borcu vardır. Həmçinin, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinin *-**-*-**/*-*****/**** nömrəli məktubuna əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” *- **-*-*/*-******/**** nömrəli qərardan görünür ki, cavabdehə 2024-cü il üzrə kameral qaydada 6.576,28 manat gəlir vergisi hesablanmışdır. Həmin qərar hazırda da qüvvədədir, ləğv edilməmişdir və cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd edir ki, avtomobili başqa adama satmışdır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı qeyd edilmişdi ki, iş materiallarında olan AR DIN Baş Dövlət Yol Polis Idarəsinin ## #### 2025-ci il tarixli məktubundan da göründüyü kimi, vergi orqanı tərəfindən siyahıya alınmış əmlak ##.##.2015-ci il tarixdən cavabdehin adına qeydiyyatdadır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları düzgün araşdırmamış və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Əlavə sübutların toplanmasına zərurət olduğu halda məhkəmə digər sübutları vergi orqanından tələb etməmişdir. Avtomobilin dəyəri 5000 manat qiymətləndirilmiş, lakin Cavabdeh borcu 1300 manatdır və Vergi Məcəlləsinin tələbinə əsasən 5000 manat yuxarı daşınar əmlakın satılması barədə məhkəməyə müraciət etmək olar. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş və nəticədə prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
TƏTBIQ EDILƏN HÜQUQU
14. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Maddə 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.
16. Inzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin ##.##.2025-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 5000.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının satılması qərarının qəbulu barədə məhkəməyə müraciət edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla belə kollegiya əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliyi vaxtında yerinə yetirilmədikdə, vergi borcunun təminatı məqsədilə vergi ödəyicisinin əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə isə əmlak siyahıya alındıqdan sonra 30 gün ərzində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı siyahıya alınmış əmlakın satılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
25. Iş materiallarından görünür ki, cavabdehə məxsus VAZ-21074 markalı avtomobil qanunvericiliyin tələblərinə uyğun olaraq siyahıya alınmış, məsul saxlanmaya verilmiş və siyahıya alınmadan sonra da vergi borcu ödənilməmişdir. Buna görə də iddiaçının həmin əmlakın satılması yolu ilə vergi borcunun ödənilməsinin təmin edilməsi barədə tələbi hüquqi əsaslara söykənmişdir.
26. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin vergi borcunun 1300 manat olması barədə iddiası vergi orqanının təqdim etdiyi rəsmi şəxsi hesab vərəqəsi, kameral vergi yoxlamasının nəticələri və hesablanmış vergi barədə qərarla təkzib edilmişdir. Həmin qərar qanuni qüvvədə olmuş, cavabdeh tərəfindən inzibati və ya məhkəmə qaydasında mübahisələndirilməmişdir. Buna görə də həmin qərarla müəyyən edilmiş vergi öhdəliyi məhkəmə tərəfindən düzgün olaraq mötəbər sübut kimi qəbul edilmişdir.
27. Eyni zamanda cavabdehin avtomobili başqa şəxsə satması barədə dəlili də öz təsdiqini tapmamışdır. Baş Dövlət Yol Polisi Idarəsinin təqdim etdiyi rəsmi məlumata əsasən, mübahisə predmeti olan avtomobil siyahıya alındığı tarixdə və məhkəmə baxışı zamanı cavabdehin adına dövlət qeydiyyatında olmuşdur. Mülkiyyət hüququnun dövlət qeydiyyatında cavabdehin adına qalması onun həmin əmlakın sahibi olduğunu təsdiq etdiyindən, əmlakın satılması ilə bağlı tələbin məhz ona qarşı yönəldilməsi qanunauyğundur.
28. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.