Məhkəmə qərarları › İş №2-1(1-8)-2403/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-2403/2026

11.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-2403/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdehna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdehna qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət etmişdir.

2. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilmişdir.

3. Gəncə Inzibati Məhkəməsi sözügədən qərardadı onunla əsaslandırmışdır ki: “Göründüyü kimi iddia tələbi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın (maddi və mənəvi) ödənilməsi tələbinə dair olduğundan yuxarıda qeyd olunan Inzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinin təsir dairəsinə düşür. Yəni iddia tələbinə ərazi aidiyyəti üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.

4. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iş səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsində ifadə olunmaqla öhdəliyin icrası haqqında iddianın xüsusi bir növü kimi IPM-in 2.2.7-ci maddəsilə müəyyən olunmuş iddia növünə aiddir və işin aidiyyəti IPM-in 8.1.2-ci maddəsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsində öhdəliyin icrası haqqında iddia aşkar şəkildə tənzimlənmişdir. Bu iddia növündən iddiaçının inzibati orqandan inzibati aktın qəbul edilməsi ilə deyil, faktiki xarakterli fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar olan müəyyən hərəkətlərin edilməsini tələb etdiyi hallarda istifadə olunur. Inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə dair iddia öhdəliyin icrası haqqında iddianın növü sayılır. Belə ki, IPM-in 34.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iş üzrə cavabdeh Cavabdeh səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Belə olan təqdirdə, hazırki iddia tələbi üzrə aidiyyət IPM-in 8.1.2-ci maddəsi tətbiq edilməklə müəyyən olunmalı və inzibati iş üzrə iddiaya iddiaçının olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır.

TƏTBIQ EDILƏN HÜQUQ

6. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 2. Inzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. ... 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;

Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. Inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; ... Maddə 9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə; 9.1.2. birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda; 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.

Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. ...

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

7. Məhkəmə kollegiyası hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə Gəncə Inzibati Məhkəməsində baxılmalı olması qənaətinə gəlir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır.

8. Inzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin məzmunundan göründüyü kimi, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

9. Hazırkı mübahisədə iddiaçı inzibati orqan tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edir. Hüquqi xarakterinə görə bu tələb IPM-in 34.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddianın xüsusi növünü təşkil etdiyindən, iş üzrə ərazi aidiyyəti həmin Məcəllənin 8.1.2-ci maddəsinə uyğun müəyyən edilməlidir.

10. Iş üzrə materiallardan görünür ki, cavabdeh Cavabdeh səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Belə olan halda, hazırkı mübahisəyə iddiaçının yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır.

11. Iddiaçı İddiaçı isə ünvan 1 ünvanında qeydiyyatdadır.

12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

13. Məhkəmə-Hüquq Şurasının ## ###### 2019-cu il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, iddiaçının olduğu Gəncə şəhəri Gəncə Inzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğundan, hazırkı mübahisəyə Gəncə Inzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı cavabdeh Cavabdehna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Inzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar