Məhkəmə qərarları › İş №2-1(1-8)-246/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-246/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-246/2026 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik, orqanizmin funksiyalarının pozulması faizinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin ## ###### 2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi, cavabdehin ## ###### 2024-cü il tarixli qərarının ləğv edilməsi və ## ###### 2024-cü il tarixdən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçı İddiaçı # ###### 2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar iki il müddətinə orqanizmin funksiyalarının pozulması 35 faiz olmaqla əlillik müəyyən edilmişdir.

2. Cavabdeh ## ###### 2024-cü il tarixli qərarı ilə iddiaçının orqanizmin funksiyalarının pozulması faizinin dəyişdirilməsi barədə müraciətinin təmin edilməsindən imtina etmişdir.

3. ##.##.2024-cü il tarixli məhkəmə qətnaməsinə əsasən ##.##.1991-ci il tarixdə doğulmuş İddiaçı fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. X1 üzərində qəyyumluq təyin etmək üçün əsas hesab olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehlə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı tərəfindən ## #### 2025-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verilmiş, cavabdehin ## ###### 2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi, cavabdehin ## ###### 2024-cü il tarixli qərarının ləğv edilməsi və ## ###### 2024-cü il tarixdən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyin təyin edilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki onun orqanizm funksiyalarının pozulması faizi 35 faiz kimi müəyyən edilib, həmin sənəddə onu əmək qabiliyyətsiz kimi qiymətləndirirlər. 3- cü qrup əlillik varsa, şəxsin əmək qabiliyyətsiz kimi qiymətləndirilməsi göstərir ki, müayinələr şəffaf, obyektiv və düzgün aparılmamışdır. Iddiaçının əlilliyi ## ###### 2022-ci il tarixdən 3-cü qrup kimi təyin edilmiş, əlillik dərəcəsi düzgün müəyyən edilməmişdir.

7. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə baxılmış və ## ###### 2024-cü il tarixli göndəriş əsasında Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiya, psixotik daxil olmalar, intihar fikirləri ilə, miopiya və vətəndaşın orqanizm funksiyalarının 2 il müddətinə 35 faiz pozulduğu müəyyən edilmişdir.

8. Bakı Inzibati Məhkəməsinin (hakim Orqan Həsənov) *-*(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı İddiaçı əlilliyinin müəyyən edilməsinə dair ## ###### 2024- cü il tarixli qərarı iddiaçıya aid hissədə və ## ###### 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ## ###### 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulması faizi 61-80faizə (2-ci dərəcə əlilliyə) uyğun əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər Günel Sevdimalıyeva məruzəçi, Rəşid Səmədov və Orxan Ismayılov) *-*(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı “## ###### 2024-cü il tarixli qərar iddiaçıya aid hissədə” çıxarılmaqla dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2.2-ci yarımbənddə olan halların üzvü mənşəli şəxsiyyət pozuntusu ilə birlikdə olması, yəni həmin diaqnoz ilə yanaşı, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəssəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti mövcud olduğu halda, bu zaman orqanizmin funksiyalarının 61-80 faiz pozulması üzrə, yəni II qrup üzrə 2 il müddətinə əlillik təyinatı aparılmalıdır. Yarımbəndin tələbindən də göründüyü kimi adıçəkilən yarımbənddə olan hallardan hər hansı birinin olması göstərilən pozuntu faizinə uyğun əlillik təyinatının aparılmasına əsasdır. Iş materiallarında olan ## ##### 2025-ci il tarixli Respublika Psixiatriya Xəstəxanasının məktubundan, eləcə də rayon məhkəməsinin icraatında olmuş mülki iş üzrə həmin xəstəxananın ## ###### 2024-cü il tarixli rəyində isə iddiaçıda tez-tez baş verən dekompensasiya halı, psixotik daxil olma hallarına istinad edilsə də, iddiaçının həmin hallarla bağlı psixi vəziyyəti nəzərə alınmamış, 7.6.2.2-ci yarımbənddə həmin halların üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkən şəxsə olmasının məhz orqanizmin funksiyalarının 61-80 faiz pozulması üzrə əsas verməsi nəzərə alınmamışdır. Halbuki, həmin yarımbəndin tələbindən görünür ki, tez- tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq) əlillik təyinatının məhz 2 qrupa uyğun, yəni orqanizmin funksiyalarının 61-80 faiz pozulması üzrə əlillik təyinatına əsas yaradır ki, göndərişdə diaqnozun mətnində həmin dekompensasiya və psixotik daxil olma halı, qeyd edilsə də, eləcə də göndərişdə həkim müayinəsinin nəticələri qrafasında da öz əksini tapsa da, laborator müayinələrin nəticələri üzrə də göndərişdə həmin hallara istinad edilsə də, heç bir əsaslı səbəb olmadan əlilik göstərilən tələblər pozulmaqla ## ###### 2024-cü il tarixdən təkrar təyin edilmişdir. Yəni “dekompensasiyalar” diaqnozu iddiaçıda öz təsdiqini tapır və həmin diaqnoz məhz Qaydaların 7.6.2.2-ci yarımbəndinə (yəni orqanizmin funksiyalarının 61-80 faiz pozulması) uyğun gəlir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

14. Şikayətdə əlavə olaraq vurğulanmışdır ki, iddiaçının əlillik vəziyyəti Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Eləcə də, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Birinci instansiya məhkəməsi heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmiş, apellyasiya məhkəməsi isə həmin qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsin əlilliyini təyin etmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü yeganə dəlil ondan ibarətdir ki, iddiaçıda olan xəstəliklər orqanizmin funksiyalarının pozulmasının 35 faiz, 3-cü dərəcə əlilliyin müəyyən olunması üçün əsas olmasına baxmayaraq məhkəmələr əlilliyin ikinci dərəcə olması qənaətinə gəlmişlər.

26. Məhkəmə kollegiyası cavabdehin arqumenti ilə razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

27. Işin mübahisələndirilməyən hallarına əsasən iddiaçı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar iki il müddətinə üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: 7. Psixi və davranış pozuntuları ... 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəssəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti.

29. Meyarların 7.6.2.2-ci yarımbənddə olan halların üzvü mənşəli şəxsiyyət pozuntusu ilə birlikdə olması, yəni həmin diaqnoz ilə yanaşı, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəssəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti mövcud olduğu halda, bu zaman orqanizmin funksiyalarının 61-80 faiz pozulması üzrə, yəni II qrup üzrə 2 il müddətinə əlillik təyinatı aparılmalıdır. Yarımbəndin tələbindən də göründüyü kimi adıçəkilən yarımbənddə olan hallardan hər hansı birinin olması göstərilən pozuntu faizinə uyğun əlillik təyinatının aparılmasına əsasdır. Iş materiallarında olan ## ##### 2025-ci il tarixli Respublika Psixiatriya Xəstəxanasının məktubundan, eləcə də rayon məhkəməsinin icraatında olmuş mülki iş üzrə həmin xəstəxananın ## ###### 2024-cü il tarixli rəyində isə iddiaçıda tez-tez baş verən dekompensasiya halı, psixotik daxil olma hallarına istinad edilsə də, iddiaçının həmin hallarla bağlı psixi vəziyyəti nəzərə alınmamış, 7.6.2.2-ci yarımbənddə həmin halların üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkən şəxsə olmasının məhz orqanizmin funksiyalarının 61-80 faiz pozulması üzrə əsas verməsi nəzərə alınmamışdır. Halbuki, həmin yarımbəndin tələbindən görünür ki, tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq) əlillik təyinatının məhz 2 qrupa uyğun, yəni orqanizmin funksiyalarının 61-80 faiz pozulması üzrə əlillik təyinatına əsas yaradır ki, göndərişdə diaqnozun mətnində həmin dekompensasiya və psixotik daxil olma halı, qeyd edilsə də, eləcə də göndərişdə həkim müayinəsinin nəticələri qrafasında da öz əksini tapsa da, laborator müayinələrin nəticələri üzrə də göndərişdə həmin hallara istinad edilsə də, heç bir əsaslı səbəb olmadan əlilik göstərilən tələblər pozulmaqla ## ###### 2024-cü il tarixdən təkrar təyin edilmişdir.

30. Yəni “dekompensasiyalar” diaqnozu iddiaçıda öz təsdiqini tapır və həmin diaqnoz məhz Meyarların 7.6.2.2-ci yarımbəndində (yəni orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına) uyğun gəlir.

31. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ## ######## 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı hazırda Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Postravmatik stress pozuntusu intihar fikirləri diaqnozu psixi pozuntu müəyyən edilir. Öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək ixtiyarına malik deyil. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

32. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, məhkəmələr faktiki olaraq dövlət orqanının əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişlər. Baxmayaraq ki, əlilliyin təyini müstəsna olaraq Agentliyin səlahiyyətindədir və bura müdaxilə edilə bilməz.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edərək bildirir ki, Ali Məhkəmənin bir çox qərarlarında bu arqumentə münasibətdə qeyd edilmişdir ki, IPM-in 74cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olubolmadığını yoxlayır. “Inzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

34. Bəhs olunanlara əsasən iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayarkən apelyasiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar