Məhkəmə qərarları › İş №2-1(1-8)-253/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-253/2026

22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-253/2026 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İmanov Ruslan Fərman oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi, iddia müddəti, iddianın qeyri-mümkünlüyü)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İmanov Ruslan Fərman oğlunun cavabdeh Cavabdeh X1rşı “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçıya ##.##.2018-ci il tarixdə *******0003 nömrəli qərarla ümumi xəstəlik səbəbi ilə gözdən əlil diaqnozu əsasında beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Sonradan Tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı qərarı ##.##.2020ci il tarixində ləğv (etibarsız) olunmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək ##.##.2018-ci il tarixdə təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ##.##.2018-ci ildə xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti ##.##.2023cü ilədək müəyyən edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “VİSOU=0.07 K/etmir, (yüzdə yeddi). Perimetriyada görmə sahəsində konsentrik daralma 20 dərəcədir” qeyd olunmuşdur. O, daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Sadalanan hallardan göründüyü kimi şəxsə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən ona təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. Hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İmanov Ruslan Fərman oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildirir ki, iddiaçının əlillik vəziyyətinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2018-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni VİSOU=0.07 K/etmir (yüzdə yeddi) K/etmir. Perimetriyada görmə sahəsində konsentrik daralma 20 dərəcədir.Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9,H47 H47.5,H52-H53.9); Səbəbi ilə 5 il müddətinə əlillik təyin edilmiş və ##.##.2020-ci il tarixində etibarsız edilmişdir. Şəxs hüquqlarının pozulmasını bilməsinə baxmayaraq iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir.

6. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli (hakim P.Qurbanova) qərarı ilə iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliyin yenidən qiymətləndirilməsi imkanını tanımışdır ki, istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən, məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçıya dair rəsmiləşdirilən *******AARTL nömrəli göndərişdə qeyd olunan stasionar müalicə tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi” və “Sığorta” altsistemlərində olan məlumatlara əsasən əmək haqqı ödənilməsi və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatların öz təsdiqini tapmaması onun əlilliyinin yenidən qiymətləndirilməsi və əlilliyin etibarsız hesab edilməsi üçün yetərli əsas ola bilməz. Odur ki, cavabdeh inzibati orqan iddiaçı barəsində əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan və həmçinin onu əyani müayinəyə cəlb etmədən əlilliyini etibarsız hesab etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bir çox qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən digər mübahisələrin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: S.Həsənov – sədrlik edən və məruzəçi, C.Quliyev və F.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli,qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və i qərarının ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq yalnız iddiaçının iddia ərizəsindəki əsaslandırmalarından yola çıxaraq iddiaçının ləğv edilmiş əlillik dərəcəsinin bərpa edilməli olması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə, iddiaçı barədə icraatın başlanmasına əsas olmuş məhz əsaslı sübutun mövcudluğuna ümumiyyətlə məhəl qoymamış, iddiaçının iddia ərizəsindəki əsaslandırmalarından yola çıxaraq öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi əsaslı sübut olan iddiaçıya dair rəsmiləşdirilən göndərişdə qeyd olunan stasionar müalicə tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi” və “sığorta” altsistemlərində olan məlumatlara əsasən əmək haqqı ödənilməsi və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatların öz təsdiqini tapmamasına dair faktların mövcudluğunu hansı səbəbdən inzibati orqanın əvvəlki qərarının şübhə altına alan əsaslı sübut hesab edilə bilməməsini əsaslandıra bilməmişdir.. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati icraat haqqında” Qanun: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.

15. İnzibati Prosessual Məcəllə:

Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

19. İş materiallarından müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının *******AARTL nömrəli göndərişi əsasında ##.##.2018-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə gözdən əlil diaqnozu əsasında beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

20. Sonradan Əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, R.lmanova dair rəsmiləşdirilən *******AARTL nömrəli göndərişdə qeyd olunan stasionar müalicə tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi” və “Sığorta” altsistemlərində olan məlumatlara əsasən əmək haqqı Ödənilmiş və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmadığından aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı ##.##.2020-ci il tarixində ləğv (etibarsız) olunmuş və vətəndaşın pensiyası dayandırılmışdır.

21. Eyni zamanda iddiaçıya dair ##.##.2020-ci il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsisteminə yeni göndəriş daxil olmamış və ya göndəriş əsasında əyani müayinə edilməsi ilə bağlı müraciət edilməmişdir.

22. Göründüyü kimi, iddiaçıya onun əlilliyinin ləğv edilməsi artıq ##.##.2020-ci il tarixdən məlum olmuş, belə ki, keçən müddət ərzində iddiaçı əlilliklə bağlı pensiya almadığı üçün hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, 2020-ci ildən iddia qaldırdığı ##.##.2025ci ilə qədər bu halı mübahisələndirməmişdir.

23. Məhkəmə kollegiyası bildirir ki, ##.##.2020-ci il tarixdə "Əlillik” altsistemində iddiaçıya dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarının ləğvi ilə bağlı aparılmış dəyişiklik həyata keçirilmiş bir inzibati icraatın yekunudur və özüözlüyündə bütün əlamətlərinə görə inzibati akt hesab olunur. Bu baxımdan "Əlillik” altsistemində iddiaçının hüquqlarına müdaxilə edilməklə aparılan “dəyişiklik” inzibati akt olaraq mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir.

24. Lakin iddiaçı həmin inzibati aktı nə “İnzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də İPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür.

25. Məhkəmə kollegiyası qeyd edir ki, həm qanunvericiliyin tələbinə, həm də formalaşmış məhkəmə təcrübəsinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

26. Odur ki, ##.##.2020-ci il tarixli cavabdeh tərəfindən qəbul edilmiş qərarla bağlı iddiaçı tərəfindən şikayət vermə müddəti ötürüldüyündən iddia tələbi mümkün sayılmamalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar