Məhkəmə qərarları › İş №2-1(1-8)-271/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-271/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-271/2026 01.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəb əlaqəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Işin halları

1. Iddiaçıya ##.##.2016-cı ildə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Azərbaycan Respublikası DIN Tibb Idarəsinin Xüsusi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli qərarına əsasən iddiaçının diaqnozu “Hərbi travma: L90.5 Başın sağ ənsə qablarında bir ədəd, başın sağ ənsə nahiyəsində bir ədəd, üst dodaq üzərində sağ tərəfdə bir ədəd, sol əlin 2-ci barmağının distal falanqasının arxa səthində bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar, Y36.2 sağ bud sümüyünün distal metaepifizinin içəri səthində yumşaq toxumalar arasında 2 mm ölçüdə bir ədəd metal qəlpə - Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir.

3. Iddiaçıya ##.##.2017-ci ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixi ##.##.2022-ci il qeyd edilmişdir.

4. “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin # ###### 2024-cü il tarixli **-*-**/*- ****/**** nömrəli məktubuna əsasən iddiaçı barəsində Forma 088 tərtib edilərək “Digər demielinize xəstəliyi, MSS-nin iltihabı xəstəliklərinin nəticəsi, aşağı ətrafın spastik paraparezi, çanaq orqanlarının funksiya pozuntusu” diaqnozu ilə bir neçə dəfə əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən cavabdehə göndərilmişdir. Məlumat bölməsində “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı” qeyd olunduğu üçün imtina cavabı verilmişdir.##.##.2024-cü ildə isə Məlumat bölməsinə “ümumi xəstəliklə” qeyd olunaraq eyni diaqnoz yazılaraq altsistem üzərindən cavabdehə göndərilmiş, ##.##.2024-cü ildə “müddətsiz İ qrup əlillik” təyin edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ##.##.2023-cü ildə “Digər demielinize xəstəliyi, MSS-nin iltihabı xəstəliklərinin nəticəsi, aşağı ətrafın spastik paraparezi, çanaq orqanlarının funksiya pozuntusu” diaqnozu ilə ##.##.2022-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.

6. Iddiaçı əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının müraciətindən imtina etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ##.##.2022-ci il tarixdə ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin ”Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1968-ci ildə Şəki rayonu Baş Layısqı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı Daxili Işlər Nazirliyinin Tibb Idarəsinin Xüsusi Həkim Komissiyasının ## #### 2017-ci il tarixli qərarında qeyd olunan xəsarətləri almışdır. Iddiaçıya ##.##.2015-ci il tarixdən ümumi xəstəlik səbəbli ikinci dərəcəli əlillik təyin edilsə də, bununla razılaşmayaraq müraciət etdikdən sonra, ##.##.2017-ci il tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Tibb Idarəsinin Xüsusi Həkim Komissiyasının ## #### 2017-ci il tarixli qərarında qeyd olunan xəsarətlər səbəbli əlil arabasına möhtac olmağına baxmayaraq ona təyin olunmuş əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti ##.##.2022-ci ilə kimi müəyyən olunmuşdur. 2022-ci ilin sonlarında o, dövlət tərəfindən təyin edilmiş əllilik pensiyasını almaq üçün getdikdə pensiyasının hesaba vurulmadığını görmüş, dərhal müraciət etdikdə ona əlliliyimin dayandırıldığı, ləğv edildiyi bildirilmişdir.

9. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

10. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə iddiaçı İddiaçı ##.##.2022-ci il tarixində təyin edilmiş əlilliyinin səbəb əlaqəsinin “ümumi xəstəlik” səbəbindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyi qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, DIN Tibb Idarəsinin Xüsusi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli qərarında iddiaçının barəsində “Hərbi Travma: L90.5 Başın sağ ənsə qablarında bir ədəd, başın sağ ənsə nahiyəsində bir ədəd, üst dodaq üzərində sağ tərəfdə bir ədəd, sol əlin 2-ci barmağının distal falanqasının arxa səthində bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar, Y36.2 sağ bud sümüyünün distal metaepifizinin içəri səthində yumşaq toxumalar arasında 2mm ölçüdə bir ədəd metal qəlpə - Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir. Iddiaçı barəsində ##.##.2022-ci il tarixli qiymətləndirmə aparılarkən yuxarıda qeyd olunan diaqnozun təsdiqini tapmaması və iddiaçıya “Digər Demielinize xəstəliyi. MSS-nin iltihabı xəstəliklərinin nəticəsi. Aşağı ətrafın spastik paraparezi. Çanaq orqanların funksiya pozuntusu” diaqnozu qoyularaq “ümumi xəstəlik” səbəbi ilə əlillik təyin edilmişdir. Göründüyü kimi digər sübutlarla təsdiq olunur ki, hazırkı əlilliyin təyin edilmə diaqnozu “Aşağı ətrafın spastik parapezi. Çanaq orqanlarının funksiya pozuntusu” kimi qeyd edilmişdir. Həmin diaqnoz iddiaçıya ##.##.2017-ci il tarixindən 5 il müddətinə təyin edilmiş əlilliyin ağırlaşmış formasıdır. Həmin tarixdə təyin edilən əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmuşdur. Nəticə etibarı ilə iddiaçının sağlamlıq vəziyyətinin pozulmasının səbəbi ümumi xəstəlik deyil, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar almış olduğu xəsarətdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər T.Həsənov – məruzəçi, R.Rəfiyev və V.Musayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus olan göndərişdə qeyd olunan və ## ###### 2022-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilən zaman müəyyən edilmiş “Aşağı ətrafın spastik parapezi. Çanaq orqanlarının funksiya pozuntusu” diaqnozu Azərbaycan Respublikası DIN Tibb Idarəsinin Xüsusi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli qərarında qeyd edilmiş və iddiaçıya ##.##.2017-ci il tarixindən 5 il müddətinə təyin edilmiş əlilliyin müəyyən edilməsinə əsas olan diaqnozların – xəstəliyin ağırlaşmış forması olmaqla onunla eynilik təşkil edir. Əgər cavabdeh orqan göndərişdə əsas diaqnoz kimi göstərilmiş xəstəliklərin xüsusi səbəbdən əlillik təyinatına əsas vermədiyi qənaətinə gəlmişdirsə, bu qənaətini qəbul etdiyi inzibati aktda açıq və əsaslandırılmış şəkildə göstərməli idi. Hazırkı vəziyyətdə isə cavabdeh orqanın həmin diaqnoza münasibətdə hansı hüquqi və tibbi nəticəyə gəldiyi barədə inzibati aktda hər hansı qeyd yoxdur. Bu isə həmin diaqnoz üzrə xüsusi səbəbdən əlilliyin təyin edilib-edilmədiyi və ya niyə təyin edilmədiyi məsələsində qeyri-müəyyənlik yaradır. Hazırda qüvvədə olan əlilliyin əsasını təşkil edən diaqnoz “Aşağı ətrafların spastik paraparezi və çanaq orqanlarının funksional pozuntuları” kimi rəsmiləşdirilmişdir. Qeyd olunan tibbi göstəricilər isə iddiaçıya ##.##.2017-ci il tarixindən etibarən 5 il müddətinə müəyyən edilmiş əlillik vəziyyətinin daha ağır formaya keçdiyini göstərir. Həmin dövrdə əlilliyin yaranma səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı hallar” kimi qiymətləndirilmişdir. Göründüyü kimi şəxsdə mövcud olan xəstəlik barədə diaqnoz onda hərbi xidmət zamanı yaranmış xəsarət ilə səbəb-əlaqəlidir. Ona görə də, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri hərbi həkim komissiyası tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən, cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

16. Iddiaçının müraciəti əsasında əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ##.##.2024-cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlavə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq hərbi travmanın qalıq əlamətlərinin əlillik təyinatına əsas verməməsi, əlillik təyinatına əsas verən nevroloji xəstəliyin xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə, Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi və ##.##.2023-cü il tarixli ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 100 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmə işə baxarkən faktiki olaraq “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in ##.##.2024-cü il tarixli məktubuna əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Faktiki olaraq məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

17. Kassasiya şikayətində Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarına, Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na, Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na, Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. ... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsinin düzgün müəyyən edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası DIN Tibb Idarəsinin Xüsusi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli qərarında iddiaçının “L90.5 Başın sağ ənsə qablarında bir ədəd, başın sağ ənsə nahiyəsində bir ədəd, üst dodaq üzərində sağ tərəfdə bir ədəd, sol əlin 2-ci barmağının distal falanqasının arxa səthində bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar, Y36.2 sağ bud sümüyünün distal metaepifizinin içəri səthində yumşaq toxumalar arasında 2 mm ölçüdə bir ədəd metal qəlpə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

30. Hazırda qüvvədə olan əlilliyin əsasını təşkil edən “Aşağı ətrafların spastik paraparezi və çanaq orqanlarının funksional pozuntuları” diaqnozu isə iddiaçıya ##.##.2017-ci il tarixindən etibarən 5 il müddətinə müəyyən edilmiş əlillik vəziyyətinin daha ağır formaya keçdiyini göstərir. Həmin dövrdə əlilliyin yaranma səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı hallar” kimi qiymətləndirilmişdir. Göründüyü kimi iddiaçıda mövcud olan xəstəlik barədə diaqnoz onda hərbi xidmət zamanı yaranmış xəsarət ilə səbəb-əlaqəlidir.

31. Bundan başqa, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərar qəbul edərkən xüsusi tibbi bilik tələb edən sahə üzrə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir və nəticə etibarilə düzgün olmayan qərar qəbul olunmuşdur.

32. Kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmənin bir çox qərarlarında bu arqumentə münasibətdə qeyd edilmişdir ki, IPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “Inzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar