Məhkəmə qərarları › İş №2-1(1-8)-283/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-283/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-283/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: siyahıya alınmış əmlakın satılması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Əmlakın siyahıya alınması haqqında ##.##.2024-cü il tarixli, *********** saylı qərara əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır.

2. Əmlakın siyahıya alınması haqqında ##.##.2024-cü il tarixli, *********** saylı protokola görə, vergi ödəyicisinin əmlakı siyahıya alınmışdır.

3. Borcun ödənilmədiyi təqdirdə siyahıya alınmış əmlakın satılması ilə bağlı məhkəməyə iddia qaldırılacağı cavabdehə xəbərdarlıq məktubunda bildirilmişdir.

4. Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*****/**** saylı məktubundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, 8- *(***)-**/**** saylı qərardadı əsasında "X1" markalı **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli, **************** saylı məktubu əsasında isə qeydiyyatla bağlı məhdudiyyətin qoyulması barədə Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Icbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə ##.##.2024-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin ##.##.2024-cü il tarixə yaranan 2064,18 manat borcuna görə 20000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə ##.##.2024 tarixli, *********** saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin ##/##/2024 tarixə yuxarıda qeyd olunan borc məbləğindən Icbari Tibbi Sığorta Fonduna 2064,18 manat ödənilməmiş borcu qalmışdır.

7. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ## ### 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, VM-nin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının VM ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Məhkəmə diqqətə çatdırır ki, siyahıya alınmış nəqliyyat vasitəsi ilə bağlı məhdudiyyətin olduğu müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, məhdudiyyətin qoyulması bir hissədə məktub əsasında həyata keçirilmişdir ki, həmin məktub siyahıya alınmış nəqliyyatın satışını həyata keçirən iddiaçı tərəfin özü tərəfindən verildiyindən, bu hal-hazırki iddianın təminini istisna etmir. Lakin, hazırkı iş üzrə siyahıya alınmış avtonəqliyyat vasitəsinin satışının həyata keçirilməsi məhkəmə qərardadının mövcudluğuna görə istisna edilir. Belə ki, Baş Dövlət Yol Polis Idarəsini təqdim etdiyi sənədlərdən də göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-**/**** saylı qərardadı əsasında "X1" markalı **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur ki, məhkəmə hesab edir ki, nə qədər ki, həmin məhdudiyyət (həbs) aradan qalxmayıb və qüvvədədir üzərində həbs olan əmlakın satışı istisna edilməlidir.

9. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə (hakimlər: N.Nəbizadə sədrlik edən və məruzəçi, E.Əliyev və V.Qasınmov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) Kassasiya şikayətinin dəlilləri 13. Şəxsin əmlakı üzərində məhkəmə tərəfindən hüququn məhdudlaşdırılması zamanı iddia ərizəsi təmin edildikdə, tələb həmin əmlaka yönəlməlidir. Eləcə də icra məmurunun təqdimatı əsasında üzərinə həbs qoyulmuş əmlakdırsa, tələbkara təqdim olunmalı, imtina etdikdə 3 ay müddətinə satılmalıdır. Məhkəmə Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cüil tarixli *-*(***)-**/**** saylı qərardadı ilə əmlakın üzərinə həbsin qoyulduğunu və hal-hazırda qüvvədə qaldığını qeyd etsə də, qərardadın tarixindən hazırda qüvvədə qaldığını qeyd etsə də, qərardadın tarixindən 1 ildən çox müddətin keçməsinə baxmayaraq onun icra edilib-edilməməsini araşdırmamışdır. Həmçinin qeyd olunur ki, Vergi Məcəlləsinin 89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Bu isə onu deməyə əsas verir ki, hazırkı işdə vergi ödəyicisi hüquqi şəxs olduğundan onun bütün əmlakı siyahıya alına bilər və Vergi Məcəlləsində sözügedən halla bağlı əmlakın siyahıya alınmasını və məhkəmədə iddia qaldırılmasını istisna edən norma yoxdur. Məhkəmə bu mövqeyini qərarında qeyd etməsinə baxmayaraq bu halı, yəni qeydiyyatla bağlı məhdudiyyətin qoyulması barədə məhkəmə qərarı olduqda həmi n əmlakın satışının istisna olunmasını təsdiq edən qanunvericiliyə istinadlar etməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQU

14. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. Daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. 4.2. Dövlət və bələdiyyə yüklülüyünə aşağıdakılar daxildir: 4.2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinə uyğun olaraq, vergi orqanı tərəfindən vergi borclarının, onlara hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması və ya dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilməsi; 4.2.2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.9-1.3 – 85.9-1.4-cü maddələrinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün girov müqaviləsinin bağlanması və vergi ödəyicisinin mülkiyyətində olan və satış üçün yararlı daşınar əmlakının siyahıya alınması və həmin Məcəllənin 89.1-ci maddəsinə uyğun olaraq, vergi orqanı tərəfindən vergi borcları, onlara hesablanmış faizlər və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması; 5.3. Yüklülük sahibi yüklülüyün üçüncü şəxslərə açıqlanmasını aşağıdakı üsullardan biri və ya bir neçəsi vasitəsilə həyata keçirir: 5.3.1. yüklülük predmetinə dair qüvvədə olan hüquqları və ya bu Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş halda gələcəkdə yarana biləcək hüquqları barədə bildirişləri reyestrdə qeydə aldırmaqla; 5.3.2. yüklülük predmeti üzərində sahiblik hüququnu əldə etməklə; 5.3.3. yüklülük predmeti üzərində nəzarəti əldə etməklə. 6.1. Eyni daşınar əmlak bir neçə yüklülüyün predmeti olduqda, yüklülük sahiblərinin tələbləri aşağıdakı növbəliklə ödənilir: 6.1.1. birinci növbədə yüklülük predmeti barəsində bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan birini və ya bir neçəsini tətbiq etmiş yüklülük sahibinin tələbləri ödənilir; 6.1.2. ikinci növbədə yüklülük predmeti barəsində bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsulları tətbiq etməmiş yüklülük sahibinin tələbləri ödənilir; 6.1.3. bütün digər tələblər qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.

15. Icra haqqında Qanun: Maddə 5 0 . Borclunun əmlakı üzərinə həbs qoyulması 50.1. Icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 5 3 . Üzərinə həbs qoyulmuş əmlakın və ya ipoteka predmetinin satılması 53.1. Qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak, yaxud icra sənədində satılmalı əmlakın müəyyən edildiyi hal istisna olmaqla, üzərinə həbs qoyulmuş əmlak və ya ipoteka predmeti həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif olunur. 53.1-3. Tələbkar imtina etdikdə və ya bu Qanunun 53.1-1-ci maddəsində müəyyənləşdirilmiş müddət ötürüldükdə daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak tələbkarın imtina etdiyi, yaxud müddətin ötürüldüyü gündən 3 ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı elektron hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan az olan daşınar əmlak “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə də satıla bilər. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir. Vergi borcuna görə siyahıya alınmış dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 53.2-1. Üzərinə həbs qoyulmuş əmlakın tələbkar tərəfindən qəbul edilmədiyi, yaxud verilmiş müddətin ötürüldüyü hallarda bu barədə icra məmuru tərəfindən dərhal borcluya məlumat verilir və borclu 3 gün müddətində onu şəxsən açıq bazarda satmaq üçün icra məmuruna müraciət edə bilər. Borclu həmin əmlakın (ipoteka predmeti olan əmlak istisna olmaqla) şəxsən açıq bazarda satılması üçün icra məmuruna müraciət etdikdə, icra məmuru 1 iş günü müddətində bu barədə qərar qəbul edir və borcluya əmlakın qiymətləndiricinin hesabatında göstərilən dəyərinin 80 faizindən az olmayan qiymətə satılmalı olduğunu izah edir. Üzərinə həbs qoyulmuş əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olduqda qəbul edilmiş qərar “Elektron icra” informasiya sistemindən “Elektron notariat” informasiya sisteminə göndərilir. Maddə 54. Bir neçə icra sənədi üzrə icraatın xüsusiyyətləri 54.1. Icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. 54.2. Bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir. Maddə 75. Tələbkarların tələblərinin təmin edilməsinin növbəliliyi 75.1. Borcludan tutulmuş pul məbləği icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadıqda, göstərilən məbləğ bu Qanunun 75.2-75.6-ci maddələri ilə müəyyən olunmuş növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülür. 75.2. Birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. 75.3. Ikinci növbədə əmək hüququ münasibətlərindən əmələ gələn tələblər, vəkillər tərəfindən göstərilən hüquqi xidmətə görə haqq ödənilməsinə dair tələblər, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəllifə çatacaq mükafatın ödənilməsinə dair tələblər təmin edilir. 75.4. Üçüncü növbədə məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, habelə icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna ödənişlər üzrə tələblər təmin edilir. 75.5. Dördüncü növbədə dövlət büdcəsinə və üçüncü növbə ilə nəzərdə tutulmamış büdcədənkənar dövlət fondlarına ödənişlər üzrə tələblər təmin edilir. 75.6. Bütün qalan tələblər beşinci növbədə təmin edilir. Bu zaman icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür. 75.7. Hər sonrakı növbədən olan tələblər əvvəlki növbədən olan tələblər tam ödənildikdən sonra təmin edilir. 75.8. Borcludan tutulmuş pul məbləği bir növbədən olan bütün tələbləri tam təmin etmək üçün yetərli olmadıqda, bu tələblər hər bir tələbkara verilməli məbləğə mütənasib olaraq təmin edilir.

16. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, məhkəmə baxışının predmeti və hədləri düzgün müəyyən olunmamış və bununla bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

22. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın predmeti və həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırmanın predmeti və hədləri düzgün müəyyən olunmadığından, qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına nail olmaqdan ibarətdir. ##.##.2024-cü il tarixli, *********** nömrəli "Əmlakın siyahıya alınması haqqında" qərarla cavabdehin əmlakı siyahıya alınmış, borcun könüllü qaydada ödənilmədiyi halda həmin əmlakın satılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir.

24. Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubundan müəyyən olunur ki, "X1" markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı əsasında həbs qoyulmuş, eyni zamanda vergi orqanının müraciəti əsasında həmin nəqliyyat vasitəsinə qeydiyyatla bağlı məhdudiyyət tətbiq edilmişdir.

25. Iddianı təmin etməyən aşağı instansiya məhkəmələri gəldiyi nəticəni onunla əsaslandırmışlar ki, siyahıya alınmış nəqliyyat vasitəsi ilə bağlı məhdudiyyətin olduğu müəyyən olunmuşdur. Belə ki, hazırkı iş üzrə siyahıya alınmış avtonəqliyyat vasitəsinin satışının həyata keçirilməsi məhkəmə qərardadının mövcudluğuna görə istisna edilir. Bu səbəbdən məhkəmələr hesab etmişlər ki, nə qədər ki həmin məhdudiyyət (həbs) aradan qalxmayıb və qüvvədədir üzərində həbs olan əmlakın satışı istisna edilməlidir.

26. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisi tərəfindən vergi orqanının əmlakın siyahıya alınması barədə qərarı və həmin qərarın icrası ilə bağlı hərəkətləri mübahisələndirilməmiş, həmin hərəkətlərə qarşı hüquqi müdafiə imkanlarından istifadə olunmamışdır. Bu zaman həmçinin vergi ödəyicisinin vergi borcunun hesablanması barədə qərarı və hesablanmış vergi borcunu mübahisələndirdiyi də iş üzrə materiallardan görünmür. Bu baxımdan vergi ödəyicisinin əmlakının siyahıya alınmasının vergi qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalara uyğun olubolmaması, eləcə də pozuntularla müşayiət olunması hazırkı məhkəmə icraatının predmetini təşkil edə bilməz. Qeyd edilən məsələ, vergi ödəyicisi tərəfindən ona məxsus əmlakın siyahıya alınması ilə bağlı vergi orqanının hərəkətlərinin mübahisələndirildiyi təqdirdə, həmin mübahisəyə dair məhkəmə icraatının predmeti ola bilərdi.

27. Hazırkı mübahisəyə münasibətdə isə məhkəmə baxışının predmetini siyahıya alınmış əmlakın satılması barədə iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi təşkil edir. Bu mənada əmlakın siyahıya alınması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosedurların və tələblərin pozulması hazırkı iddianın təmin olunmaması üçün əsas qismində çıxış edə bilməz.

28. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-**/**** saylı qərardadı əsasında "X1" markalı **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması faktı avtomatik olaraq həmin əmlakın hərrac yolu ilə satılmasını istisna etmir. Yəni, siyahıya alınmış nəqliyyat vasitəsinin həm də bundan öncə məhkəmə aktının icrası ilə bağlı üzərinə həbs qoyulması hazırkı iddianın rədd edilməsi barədə birmənalı qənaətə gəlmək üçün əsas vermir.

29. Nəzərə alınmalıdır ki, hazırkı işdə vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış borcunun ödənilməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən ##.##.2024-cü il tarixdə siyahıya alınmış əmlakı üzərinə bundan öncə- Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-**/**** saylı qərardadının icra olunması məqsədilə həbs qoyulmuşdur. Hazırda iddiaçı həmin əmlakın müvafiq qurum vasitəsilə satışı vasitəsilə cavabdehin vergi borcunun ödənilməsinə nail olmaq istəyir.

30. Yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan da görünür ki, üzərinə həbs qoyulmuş əmlakın siyahıya alınması mümkündür və bu zaman yüklülük sahiblərinin üstün hüquqları əsas götürülməklə siyahıya alınmış nəqliyyat vasitəsinə kreditor tələblərin yönəldilməsi qanunla müəyyən edilmiş ardıcıllığa uyğun şəkildə aparılır.

31. Nəzərə alınmalıdır ki, siyahıya alınmış əmlak üzərində digər məhkəmə aktının icrası ilə bağlı həbsin mövcudluğu onun həm də vergi orqanının vergi qanunvericiliyi ilə verilmiş səlahiyyətlər daxilində siyahıya alınmış əmlak olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması ilə bağlı tələbinin təmin edilməməsi üçün yetərli əsas sayıla bilməz. Bu məhkəmə qərarının icrası ilə bağlı məsələdir və həmin hallar icra mərhələsində nəzərə alınmalıdır. Bu barədə “Icra haqqında” Qanunun 54 və 75-ci maddələrində bir neçə icra sənədi üzrə tələbkarların tələblərinin təmin edilməsinin növbəliliyi ilə bağlı müddəalar təsbit olunmuşdur. Üzərində həbs olan siyahıya alınmış əmlakın satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi zamanı da həmin müddəalar eynilə tətbiq olunmalıdır.

32. Bundan başqa, məhkəmələr tərəfindən aparılmış araşdırmalardan hazırkı işdə siyahıya alınmış əmlakın bundan öncə üzərinə həbs qoyulması üçün əsas olan icraatın hazırkı vəziyyəti, nəqliyyat vasitəsinin həmin icraat çərçivəsində satılıb-satılmadığı, icra hərəkətlərinin hansı mərhələdə olduğu və həmin həbsin faktiki hüquqi nəticələrinin hazırda nədən ibarət olduğu araşdırılmamışdır. Halbuki bu hallar mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

33. Digər tərəfdən, cvabdehin cari borc məbləğinin siyahıya alınmış əmlakın iddiaçı tərəfindən göstərilən dəyərinə mütənasibliyinə münasibətdə də apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırma aparılmamışdır. Belə ki, iş materiallarına əsasən iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ##.##.2024-cü il tarixinə ümumilikdə 2064,18 manat vergi borcunun olduğu, həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada siyahıya alınmalı olduğu bildirilmiş və bunun üçün cavabdeh vergi orqanına dəvət edilmişdir. Daha sonra, “Əmlakın siyahıya alınması haqqında” ##.##.2024-cü il tarixli protokola əsasən, cavabdehə məxsus nəqliyyat vasitəsi 20000 manat dəyərində qiymətləndirilərək siyahıya alınmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dövlət büdcəsinə yaranmış 2064,18 manat vergi borcunun ödənilməsində hər hansı dinamikanın olub-olmadığını müəyyən etməmiş və bunun üzərindən siyahıya alınma tarixinə mövcud olan borc məbləğinin siyahıya alınmış əmlakın iddiaçı tərəfindən göstərilən dəyərinə (20000 manat) mütənasibliyinə qiymət verməmişdir.

34. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

35. Işə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməli, qeyd edilən məsələlər araşdırılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Iddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar