Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-286/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: magistr diplomunun tanınması, distant tədris texnologiyalarından istifadə etməklə təhsil alma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qərarın ləğv edilməsi və diplomun tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Dövlət Neft X3 Komissiyasının ## #### 1999-cu il tarixli qərarı ilə verilmiş A№ ******, *** qeydiyyat nömrəli diploma əsasən İddiaçı “Enerji maşınqayırma (Hidropnevmosistemlər) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.
2. Azərbaycan Dövlət İqtisad Universiteti İxtisaslaşdırılmış Elmi Şuranın ## #### 2007-ci il tarixli qərarı ilə verilmiş MNB № ******, *** qeydiyyat nömrəli diploma əsasən İddiaçı İqtisadiyyat və idarəetmə istiqamətinin “Maliyyə” ixtisaslaşması üzrə magistr dərəcəsi verilmişdir.
3. Rusiya Federasiyası “xxxx” Ali təhsili X1 təhsil müəssisəsi tərəfindən ##.##.2018ci il tarixdə verilmiş, **** qeydiyyat nömrəli magistr diplomuna əsasən İddiaçı “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə magistr proqramını mənimsəmiş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarına əsasən o, magistr dərəcəsi ilə təltif olunmuşdur.
4. Rusiya Federasiyası “xxxx” Ali təhsili X1 təhsil müəssisəsi tərəfindən ##.##.2021ci il tarixdə verilmiş, ** qeydiyyat nömrəli aspiranturanın bitirilməsi haqqında diplomuna əsasən İddiaçı 40.06.01 Hüquqşünaslıq hazırlıq istiqaməti üzrə aspiranturada elmi-pedaqoji kadrların hazırlanması proqramını müvəffəqiyyətlə mənimsəmişdir və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə “Tədqiqatçı. Müəllim-Tədqiqatçı” ixtisası verilmişdir.
5. İddiaçı “Hüquqşünaslıqhazırlıq istiqaməti üzrə aldığı magistr ixtisası üzrə diplomun ölkə ərazisində tanınması ilə bağlı etdiyi müraciətə cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə cavab verilmiş və məktubda iddiaçının ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığını, bununla da iddiaçının diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilmədiyini əsas gətirilərək imtina verilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə ##.##.2024-cü il tarixli NA******** nömrəli qərarının ləğv edilməsi və Rusiya Federasiyası Dağıstan Dövlət Universteti tərəfindən 2015-2017-ci illərdə Hüquqşünaslıq ixtisası üzrə aldığı **** qeydiyyat nömrəsi ilə qeyd edilmiş ************* nömrəli, ## ##### 2018-ci il tarixli magistr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ###### 1977-ci il tarixində anadan olmuşdur. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademyasının "Enerji maşınqayırma" ixtisasında bakalavr, 2005-2007-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və idarəetmə” istiqaməti üzrə magistratura təhsili almışdır. Magistratura təhsilini fərqlənmə ilə bitirdiyi üçün qırmızı diplom verilmişdir. Bundan başqa, 2015-2017-ci illərdə Rusiya Federasiyasının xxxxndə “Hüquqşünaslıq" ixtisası üzrə magistratura təhsili, 2021-ci ildə isə Rusiya Federasiyasının xxxxndə "Hüquqşünaslıq" ixtisası üzrə aspirantura təhsili almışdır. Tədris müddətində xxxxnin yerləşdiyi ölkədə olmuş və tədris olunmuş fənlər üzrə keçirilən imtahanlarda iştirak etməklə qiymətlər almışdır. Tələb olunan sənədləri əlavə edərək həmin magistratura diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi barədə cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin NA******** nömrəli, ## ####### 2024-cü il tarixli qərarı ilə “xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina etmişdir”. İmtinaya səbəb kimi “sərhəd xidmətinin məlumatı" göstərilərək təhsil aldığı ölkənin ərazisində müəyyən müddət az olması bildirilmişdir. Bildirmək istəyir ki, cavabdehin imtinası onun ali təhsil aldığı dövrdə xarici ölkənin ərazisində az müddət olması ilə əlaqələndirmişdir. Halbuki, həmin əlaqələndirmə heç bir halda əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, iştirakın son qiymətləndirmədə heç bir faizli hissəsi yoxdur, bu tələbəni tədris proqramının tədris layihəsi ilə nəzərdə tutulan əlavə saatlarda iştirak etmək öhdəliyindən azad edir. Nəzərdə tutulan qiymətləndirmənin öhdəlik komponentləri– aralıq və nəticə imtahanlarını müvəffəqiyyətlə mənimsəmək vasitəsi ilə yığa bilər. Ancaq bununla bağlı cavabdeh tərəfindən hər hansı əsaslandırma aparılmamış, ümumi fikir bildirilməklə, konkret olaraq hansı müddətdə onun tədris prosesindən kənarda qalmasına dair konkret fakta istinad olunmamışdır. Digər tərəfdən, cavabdeh onun təhsil alması üçün tələb olunan müddətin necə müəyyən edilməsi, bununla bağlı əlavə araşdırma aparılıb-aparılmamasına dair heç bir hərəkət nümayiş etdirməmiş və belə görünür ki, imtina ehtimala əsaslanmaqla icra edilmiş, tədris müddətində onun universitetdə tədris prosesində hansı səbəbdən olubolmadığını müəyyən etmək üçün əlavə sübutların əldə edilməsi təmin edilməmiş, nəticədə onun hüququnu pozan hərəkətə yol verilmişdir. Hesab edir ki, cavabdehin imtina qərarında qeyd edilənlər diplomun tanınmasından imtina üçün əsas deyildir və belə halların mümkünlüyü dövlətdaxili qanunvericilikdə nəzərdə tutulmuşdur, dövlət standartlarına uyğundur. Bundan başqa, əgər magistratura təhsilini müvəffəqiyyətlə başa vura bilməsəydi, onun təhsilinin aspirantura pilləsinə keçməsinə icazə verməzdilər.
8. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2015/2016-ci tədris ili üzrə- 2 ay 21 gün, 2016/2017-ci tədris ili üzrə- 4 ay 6 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və ##.##.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir- Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz- cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (*-*(***)-***/**** saylı iş üzrə ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** saylı iş üzrə ##.##.2021ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır.
9. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, cavabdehin ## ####### 2024-cü il tarixli NA******** saylı qərarı ləğv edilmiş, iddiaçıya Rusiya Federasiyası “xxxx” Ali təhsili X1 təhsil müəssisəsi tərəfindən ##.##.2018-ci il tarixdə verilmiş, **** qeydiyyat nömrəli “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə “Magistr” İxtisası (dərəcəsi) üzrə diploma aid kvalifikasiyanın tanınma şəhadətnaməsi verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əsasən deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından da qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh imtina qərarında, eləcə də, iddiaya etirazında iddiaçının tədris müddətində təhsil aldığı ölkədə olmamasına istinad etsə də, lakin iddiaçı tərəfindən təqdim edilmiş RF Elm və Ali Təhsil Nazirliyi Hüquq İnstitutu “xxxx” Ali Təhsil üzrə X1 Ali Təhsil Təşkilatı Hüquq İnstitutu tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli məktubu, iddiaçının magistr təhsili alarkən Ali Təhsilin Federal Dövlət Standartının 7.10-cu bəndinə uyğun olaraq– 40.04.01 Hüquqşünaslıq magistratura istiqaməti üzrə ## ###### 2010-cu il tarixli **** saylı magistratura proqramının icrası İddiaçı münasibətdə fərdi təhsil proqramı əsasında elektron informasiya və tədris mühiti vasitəsilə elektron təhsil, distant təhsil texnologiyalarından istifadə etməklə həyata keçirilməsini nəzərə aldıqda hesab edilir ki, iddiaçının təhsil müddəti ərzində cavabdeh tərəfin mübahisələndirdiyi normativ müddətdən az müddətdə təhsil aldığı ölkədə olması səbəbi hazırkı iş üzrə iddiaçının təhsil barədə sənədinin ölkə ərazisində tanınmasına, ümumən kvalifikasiyanın məqsədinə xidmət etmir.
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b. apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (sədrlik edən: A.Oruczadə, hakimlər: E.Əliyev və F.Mədətli) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ləğv edilərək, iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən aşağıdakıları qeyd etçmişdir: – İddiaçının təhsil aldığı müddətdə - 2015-2017-ci illərdə sərhədkeçmə məlumatlarından göründüyü kimi o, həmin dövrdə tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayılan müddətdə təhsil aldığı ölkədə olmamışdır. – İddiaçı təhsil aldığı ölkədə olma müddəti 2-ci tədris ilində Qaydalarla nəzərdə tutulmuş normaya (Qaydalara əsasən normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tələbi) yaxın olsa da, (4 ay 6 gün) 1-ci tədris ilində 2 ay 21 gün olmuş və bunu onunla əsaslandırmışdır ki, ##.##.2016-cı ildən ##.##.2016-cı il tarixədək müvəqqəti əmək qabiliyyətini itirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 1-ci tədris ilində tələb olunan normaya riayət etməməsini onunla əsaslandırmışdır ki, şəxs 2 ay 21 gün tədris aldığı ölkədə olmuş, 3 aylıq müddətdə isə üzürlü səbəbdən dərslərdə iştirak edə bilməmişdir. Lakin kollegiya diqqətə çatdırır ki, Rusiya Federasiyasında da tədris ili sentyabriyun aylarını, təqribən 9-10 ayı əhatə edir. Bu dövr çərçivəsində iddiaçı 2 ay 21 gün tədris olunan ölkədə olmuş, cəmi 3 ay fevral-may ayları ərzində müvəqqəti əmək qabiliyyətini itirmişdir, qalan 4 ay ərzində isə tədris müəssisəsində iştirakına maneə olan hal mövcud olmamışdır. Yəni yerdə qalan müddətlərdə tələb olunan normanın tamamlanması mümkün idi. – Həmçinin hazırki iş üzrə iddiaçı magistratura səviyyəsi üzrə Hüquqşünaslıq ixtisasını əldə etsə də, onun bakalavriat səviyyəsində həmin ixtisas üzrə kvalifikasiyası yoxdur. Belə ki, iddiaçının bakalavr dərəcəsi Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən verilmiş A№ ****** diploma əsasən “Enerji maşınqayırma (Hidropnevmosistemlər) ali peşə istiqaməti üzrədir. Göründüyü kimi, onun bakalavr dərəcəsi qeyri-humanitar sahə olmaqla, Hüquqşünaslıq ixtisasına tamamilə uzaqdır. Magistratura təhsili isə mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar (sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri) üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar ixtisasın təhsil proqramı ilə müəyyən olunur. – Qanunvericilikdə bakalavr və magistratura ayrı-ayrı, müstəqil ali təhsil pillələridir və magistraturaya qəbul üçün əsas şərt ali xxxx bakalavr diplomunun olmasıdır. İxtisas seçimi zamanı namizədin bakalavr ixtisası ilə magistr ixtisasının üst-üstə düşməsi şərti qanunvericilikdə yoxdur. – Magistratura təhsili mütəxəssis hazırlığının müəyyən sahələr üzrə ixtisaslaşmasıdır. Belə ki, magistratura — ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Gəlinən qənaət ondan ibarətdir ki, magistratura müəyyən sahə üzrə ixtisaslaşmanı nəzərdə tutur, bu zaman müvafiq sahə üzrə bakalavriat səviyyəsinin tamamlanması şərtlərdən biridir.
14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində aşağıdakılar qeyd edilmişdir: – Apellyasiya instansiyası "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.4-cü yarımbəndini mexaniki şəkildə sərhədkeçmə günlərinin sayına bağlamış, təhsilin faktiki əldə olunmasının forma və metodlarını (fərdi tədris planı, elektron təhsil mühiti, distant təhsil texnologiyaları və s.) qiymətləndirməmişdir. Halbuki, iş materiallarında təhsilin fərdi proqram əsasında elektron informasiya və tədris mühiti vasitəsilə, distant təhsil texnologiyalarından istifadə etməklə həyata keçirildiyi barədə sənədlər mövcuddur. – Apellyasiya instansiyası cavabdehin qərarını "diskresion səlahiyyət” kimi təqdim etməklə məhkəmə nəzarətini faktiki olaraq məhdudlaşdırmışdır. Halbuki, diskresion səlahiyyətin mövcudluğu məhkəməni inzibati aktın qanuniliyini, əsaslandırılmasını, məqsədə uyğunluğun və proporsionallığını yoxlamaqdan azad etmir. İnzibati orqan sərhəd məlumatına istinad etsə də, həmin məlumatın təhsil yükünün yerinə yetirilməməsi ilə birbaşa əlaqəsini konkret faktlarla əsaslandırmamış, əlavə araşdırma aparmamışdır. – Apellyasiya qərarında təhsilin distant/e-təhsil elementləri, fərdi tədris planının tətbiqi, xəstəlik səbəbindən ölkə xaricində olma dövrləri və təhsil müəssisəsinin təsdiqləyici sənədləri üzrə dəlillərin hər biri ayrıca qiymətləndirilməmiş, onların hüquqi nəticələri izah olunmamışdır. Bu isə məhkəmə aktının əsaslandırılmış olmasına dair tələblərə ziddir. – Apellyasiya məhkəməsi xxxxnin ##.##.2024-cü il tarixli məktubunu, təhsilin fərdi proqram əsasında elektron/distant texnologiyalarla icra edilməsi barədə sənədləri, xəstəlik səbəbindən ölkə xaricində olma dövrlərini, habelə imtahanlarda iştirak və təhsil müəssisəsinin təsdiqləyici sənədlərini ayrıca qiymətləndirməmişdir. – Apellyasiya məhkəməsi qərarını yalnız sərhədkeçmə günlərinin hesabına söykəmiş, işin həlledici sübutlarını-xüsusən RF Elm və Ali Təhsil Nazirliyi Hüquq İnstitutu “xxxx" tərəfindən ##.##.2024 tarixli məktubda magistr proqramının iddiaçıya münasibətdə fərdi təhsil proqramı əsasında elektron/distant texnologiyalarla icra edildiyini - hüquqi qiymətləndirmənin mərkəzinə gətirməmişdir. Bu sübut birinci instansiya tərəfindən nəzərə alınaraq nəticəyə təsir etmişdir. Dövlət sərhəd xidmətinin ##.##.2024-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı imtahan dövründə (sessiyalarda) Rusiyada olmuşdur. Bu da ona dəlalət edir ki, iddiaçı fiziki olaraq imtahanlarda iştirak etmişdir. Bundan başqa Aspirantura və dissertasiya müdafiəsi, diplomların beynəlxalq səviyyədə tanınması nəzərə alınmamışdır. – Cavabdeh və apellyasiya instansiyası Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərdən "ən azı yarısı qədər həmin ölkənin ərazisində olması" meyarını konkret təhsil modelindən asılı olmayaraq mexaniki kriteriya kimi tətbiq etmişdir. Halbuki iş materialları göstərir ki, proqramın icrası iddiaçıya münasibətdə fərdi təhsil proqramı əsasında elektron/distant texnologiyalarla həyata keçirilmişdir; bu halda "olma müddəti"nin tədris yükünün faktiki icrası ilə əlaqəsi mütləq deyil və əlavə yoxlama, ekspertiza və/və ya təhsil müəssisəsinin rəsmi izahlarının hüquqi dəyəri qiymətləndirilməlidir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “xxxx” Azərbaycan Respublikasının Qanunu: Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq xxxx dövlət sənədi verilir. Maddə 27.4. Xarici ölkələrdə verilən xxxx sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nı: Maddə 2.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Maddə 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Maddə 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; xxxx sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi” Qaydaları: 1.1. Bu Qaydalar “xxxx” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydalarını tənzimləyir. 1.2. Magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar (sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri) üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar ixtisasın təhsil proqramı ilə müəyyən olunur. 1.3. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilməklə, magistratura səviyyəsində təhsilin məzmununa, ixtisasların ayrı-ayrı ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir. 1.4. Bu Qaydalar mütəxəssis hazırlığının səviyyəsinə ümumi tələblər qoymaqla, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsilalanların attestasiyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil və peşə standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır. 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. 1.6. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 1,5-2 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır). Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. …
2. Magistratura səviyyəsində təhsilin məzmununa və tədris prosesinin təşkilinə qoyulan tələblər 2.1. Magistratura — ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. 2.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində magistratura təhsili ixtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramı, ona müvafiq hazırlanmış tədris planı, fənlər üzrə işçi proqramlar (sillabuslar) və digər normativ sənədlər (qiymətləndirmə qaydaları, fərdi tədris planları, dərs cədvəlləri, imtahan cədvəlləri, dərslərin reqlamentləri, təcrübənin keçirilməsi qaydaları və s.) əsasında həyata keçirilir. 2.3. Magistr təhsilinin məzmunu tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini, ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri əhatə edir. Tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılması, təşkili tədris planı (nümunəvi işçi və fərdi) və fənn proqramları və ona müvafiq hazırlanmış fənlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Bu planların forma və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir. Təhsil proqramlarında göstərilən fənlər üzrə proqramlar ali təhsil müəssisələri tərəfindən hazırlanır, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir, tədris planlarına təhsil müəssisələri tərəfindən daxil edilən seçmə fənlər üzrə proqramlar isə təhsil müəssisələri tərəfindən təsdiq edilir. Fənlər üzrə işçi proqramları (sillabuslar) isə ali təhsil müəssisəsi tərəfindən hazırlanır və təsdiq edilir. İşçi tədris proqramı (sillabus) — fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını əks etdirən sənəddir. 2.4. Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, pedaqoji və peşəkar hazırlıqdan, eləcə də elmi tədqiqat işlərindən ibarətdir. Magistrin nəzəri təlimi və pedaqoji hazırlığı humanitar, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənməsi ilə təmin olunur Magistrin elmi tədqiqat sahəsində hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq, müasir üsullarla araşdırmaların aparılması və dissertasiya işinin hazırlanması ilə təmin olunur. 2.5. İxtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramının strukturu tədris (humanitar və ümumi hazırlıq, eləcə də ixtisaslaşma fənləri) və elmi tədqiqat hissəsindən ibarətdir. 2.6. Magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan AKTS — Avropa Kredit Transfer Sistemi) ilə həyata keçirilir. 2.7. Tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir. 2.8. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 2.9. Əyani formanın təhsil müddətində nəzəri tədrisə — 45, elmi tədqiqat və elmipedaqoji təcrübələrə — 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir. Dissertasiya işinin hazırlanması və müdafiəsinə 12, tətillərə isə 14 həftə ayrılır. 2.10. Tələbənin auditoriya və auditoriyadankənar (bütün tədris, elmi tədqiqat və elmipedaqoji) həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman dərslər 12-16 saat təşkil edir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 120-160 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq olaraq yekunlaşır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Hazırkı iş üzrə iddiaçı distant təhsilalma formasında xaricdə aldığı magistratura səviyyəsində təhsilə görə verilmiş magistr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini tələb edir.
26. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçı ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamışdır.
27. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış magistr təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir.
29. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün müvafiq qanunvericilik aktlarına, eləcə də iş materiallarına istinad edilməsini məqsədə müvafiq hesab edir.
30. Əvvəla qeyd etmək lazımdır ki, hal hazırda qüvvədə olmasa da iddiaçının magistr təhsili aldığı dövrlərdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 2.2-ci bəndinə əsasən xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır (iddiaçı yuxarıda qeyd edilən Qaydaların qüvvədə olduğu dövrdə təhsil aldığından MPM-in 217.2-ci maddəsinin tələbinə əsasən hüquq tənzimlənmə həmin normalarda təsbit edilmiş yanaşmaya görə qiymətləndirilir).
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi” Qaydalarına görə magistratura — ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Əyani formanın təhsil müddətində nəzəri tədrisə — 45, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrə — 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir. Dissertasiya işinin hazırlanması və müdafiəsinə 12, tətillərə isə 14 həftə ayrılır.
32. Beləliklə, qaydalarda imperativ şəkildə öz əksini tapmış tələbə əsasən əyani şəkildə təhsil alan magistrant il ərzində 12-16 həftə müddətində auditoriyada tədris keçməlidir.
33. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Xidməti tərəfindən verilmiş iddiaçının 2015-2017-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında qeydə alınmış məlumatlardan aydın olur ki, onun xarici ali təhsil aldığı ölkədə olma müddəti İ il - 2 ay 21 gün; II il- 4 ay 6 gün olmuşdur.
34. Beləliklə, iddiaçının təhsil aldığı müddətdə dövlət sərhədindən giriş və çıxışını əks edən məlumatlardan göründüyü kimi o, təhsil aldığı dövrdə, təhsil aldığı ölkədə tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayılan müddətdə olmamışdır. Başqa sözlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi” Qaydalarına əsasən hər tədris ilində magistr 12-16 həftə müddətində auditoriyada olmalı olsa da, o tədris dövrünün birinci ilində 2 ay 21 gün, ikinci ilində 4 ay 6 gün tədris aldığı ölkədə olmuşdur.
35. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı magistratura səviyyəsində Hüquqşünaslıq ixtisası üzrə təhsil alsa da, onun bakalavriat səviyyəsində həmin sahə üzrə kvalifikasiyası mövcud olmamışdır. İş materiallarından görünür ki, iddiaçının bakalavr dərəcəsi Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən verilmiş A № ****** saylı diploma əsasən “Enerji maşınqayırma (Hidropnevmosistemlər)” ali peşə istiqaməti üzrə olmuşdur. Bu isə öz mahiyyətinə görə hüquqşünaslıq sahəsi ilə əlaqəli olmayan, qeyri-humanitar istiqamətə aid ixtisasdır.
36. Kollegiya nəzərə alır ki, magistratura təhsili qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının konkret ixtisaslaşmalar üzrə həyata keçirilməsini nəzərdə tutur. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramı ilə müəyyən edilir.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericilikdə bakalavriat və magistratura ali təhsilin ayrı-ayrı və müstəqil səviyyələri kimi müəyyən edilmiş, magistraturaya qəbul üçün əsas şərt kimi ali xxxx bakalavr diplomunun mövcudluğu nəzərdə tutulmuşdur. Həmçinin, ümumi qayda olaraq, ixtisas seçimi zamanı namizədin bakalavr ixtisası ilə magistratura ixtisasının tam eyni olması barədə birbaşa tələb müəyyən edilməmişdir.
38. Bununla belə, magistratura təhsilinin mahiyyəti nəzərə alınmalıdır. Belə ki, magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla, müvafiq sahə üzrə daha dərin və ixtisaslaşmış biliklərə malik, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir. Bu baxımdan magistratura təhsili tamamilə müstəqil və əvvəlki təhsil sahəsindən asılı olmayan təhsil forması kimi deyil, müəyyən sahə üzrə ixtisaslaşmanı təmin edən təhsil mərhələsi kimi qiymətləndirilməlidir. Buradan belə nəticəyə gəlinir ki, müvafiq magistratura ixtisası üzrə təhsil almaq üçün həmin sahə ilə əlaqəli bakalavriat hazırlığının mövcudluğu əhəmiyyətli şərtlərdən biri kimi çıxış edir.
39. Qeyd olunanlar baxımından kollegiya diqqətə çatdırır ki, magistratura səviyyəsinə qəbul imtahanında Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş ümumi tələbləri ödəyən şəxslər yalnız müvafiq ixtisas seçimi qaydaları çərçivəsində seçim etmək imkanı əldə edirlər. Elektron sistem vasitəsilə əldə edilmiş magistratura səviyyəsi üzrə ixtisaslaşma seçim cədvəlindən də görünür ki, Hüquqşünaslıq ixtisası üzrə magistratura təhsili almaq üçün müvafiq bakalavr ixtisasları kimi Hüquqşünaslıq və Beynəlxalq hüquq ixtisasları nəzərdə tutulmuşdur.
40. Beləliklə, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, iddiaçı ilə eyni vəziyyətdə olan, yəni bakalavriat təhsili hüquq sahəsinə aid olmayan şəxsin Azərbaycan Respublikasında sözügedən magistratura pilləsində Hüquqşünaslıq ixtisası üzrə təhsil alması mümkün hesab edilmir.
33. Belə olan halda, məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.