Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-294/2026 15.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı firmasının cavabdeh İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “torpaq sahəsinin özəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Bakı şəhəri Icra Hakimiyyəti Başçısının ##.##.2023-cü il tarixli *-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş Bakı şəhəri Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli **** saylı sərəncamından görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində İddiaçı firmasına iş mərkəzi layihələşdirilməsi və tikintisi üçün 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Bakı şəhəri Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsi şəhər ərazisinin tikinti planlaşdırma Idarəsi tərəfindən tərtib edilmiş ##.##.1999-cu il tarixli ***** nömrəli inşaat pasportuna əsasən İddiaçı firmasına Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində iş mərkəzi layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
3. Dövlət Neft Şirkətinin (Socar) İddiaçı firmasına ünvanladığı ##.##.2022-ci il tarixli SOCAR******************X***** nömrəli məktubundan görünür ki, müraciətdə göstərilmiş UTM WGS 84 koordinat sistemində - X -410360.7685, 410405.2743, 410407.9346, 410363.4288, Y-4476882.0543, 4476875.4035, 4476893.2059, 4476899.8566 kordinatlarda olan 810 kv.m torpaq sahəsinin daxilindən SOCAR-a məxsus qaz boru kəmərləri keçmir.
4. “xxxx” ASC-nin ##.##.2022-ci il tarixli **-**-N-**/*** nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Icra Hakimiyyəti Başçısının **** saylı ##.##.1998-ci il tarixli sərəncamı ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində İddiaçı firmasının iş mərkəzi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin yaxınlığından keçən elektrik verilişi xətti “xxxx” ASC-yə məxsus deyildir.
5. Cavabdehin iddiaçıya ünvanlandığı ##.##.2022-ci il tarixli ************ nömrəli məktubunda qeyd edilmişdir ki, “Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli **** saylı Sərəncamı ilə İddiaçı firmasına torpaq sahəsi ayrılan zaman həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yer quruluşu sənədlərinə uyğun yerdə (naturada) sahənin hüdudlarının müəyyən edilməsini təsdiq edən sənəd və torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqlarını təsdiq edən dövlət aktı təqdim edilmiş sənədlər toplusuna əlavə olunmamışdır. Buradan əlavə, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bır hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Məlumat üçün qeyd edir ki, idarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilən zaman torpaq sahəsinin daxilindən qaz xəttinin keçdiyi aşkar edilmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəmüvafiqdir.”
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli **** saylı Sərəncamı ilə İddiaçı firmasına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsinin özəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın özəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsi məqsədi ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinə rəsmi yazılı formada ərizə ilə müraciət edilmişdir. Ərizədə qeyd edilmişdir ki, “Bakı Şəhər Icra Hakimiyyəti başçısının ## ####### 1998-ci il tarixli **** saylı Sərəncamı ilə İddiaçı firmasına Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Mövcud sərəncamda göstərilən bütün şərtlərə tam olaraq əməl edilmişdir. Bakı şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.1999-cu il tarixli onlara ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “Memarlıq və Şəhərsalma Baş Idarəsi Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli **** saylı Sərəncamına Sabunçu qəsəbəsi E.Mehdiyev (keçmiş Proletar) küçəsində nəzərdə tutulan iş mərkəzinin eskiz layihəsinə baxıb onu razılaşdırır”, həmçinin Azərbaycan Respublikası DIN Baş Dövlət Yanğın Təhlükəsizliyi Idarəsi Normalaşdırmaya və tikintilərə nəzarət şöbəsinin ##.##.1998-ci il rəyində göstərilmişdir ki, İddiaçı firmasının rəhbərliyinə tikintini başlamazdan əvvəl idarəyə məlumat verilməsi tapşırılmışdır. Habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş “Sənaye müəssisələri, kommunal, hidrotexniki və digər qurğuların tikintisi üçün torpaq sahəsi seçilməsinə və ayrılmasına verilən ##.##.1998-ci il tarixli rəyə əsasən qeyd olunan torpaq sahəsi sanitar-gigiyenik nöqteyi-nəzərdən iş mərkəzinin tikintisi üçün yararlı hesab edilmişdir. Bundan əlavə, X1 Su Cəmiyyətinin ##.##.1998-ci il tarixli sənədinə əsasən İddiaçı firması üçün Sabunçu rayonu Elşən Mehdiyev küçəsində tikiləcək iş mərkəzinin su təchizatının həyata keçirilməsi üçün nəzərdə tutulan bütün şərtlər razılaşdırılmışdır. Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ##.##.2022-ci il tarixli İddiaçı firmasına ünvanlanmış məktubunda qeyd edilir ki, “Sizin İddiaçı firmasına ayrılan 0,08 ha torpaq sahəsinin özəlləşdirilməsinə münasibət bildirilməsi barədə məktuba Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) müvafiq qaydada baxılmışdır. Müəyyən edilmişdir ki, UTMWGS84 koordinat sistemində - X-410360.7685, 410405.2743, 410407.9346, 410363.4288, Y-4476882.0543, 4476875.4035, 4476893.2059, 4476899.8566 koordinatlarında olan 810 kv.m torpaq sahəsinin daxilində SOCAR-a məxsus qaz-boru kəməri keçmir. Eləcə də, “xxxx”ASC-nin ##.##.2022-ci il tarixli ona ünvanlanmış məktubunda göstərilmişdir ki, “Sizin “xxxx” ASCyə ünvanlanmış ##.##.2022-ci il tarixli müraciətlə əlaqədar yerində baxış keçirilmişdir. Bildiririk ki, Bakı şəhər Icra Hakimiyyətinin **** saylı, ## ####### 1998-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində İddiaçı firmasının iş mərkəzi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin yaxınlığından keçən elektrik verilişi xətti “xxxx” ASC-yə məxsus deyil”. "xxxx" firmasına ayrılmış Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsinin özəlləşdirilməsi və ona daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi barədə ərizə ilə müraciət etsə də cavabdeh onun ərizəsinə biganə yanaşaraq cavablandırmamışdır. Bu hal iddiaçının hüquqlarını pozur, o cümlədən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə ciddi maneələr yaradır. Başqa cür yolla, yəni məhkəmədənkənar qaydada qanunla nəzərdə tutulmuş formada İddiaçı firmasına ayrılmış torpaq sahəsinin özəlləşdirilməsi və reyestrdən çıxarışın alınması qeyrimümkündür.
8. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq ## ### 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli **** saylı sərəncamı ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində İddiaçı firmasına iş mərkəzi layihələşdirilməsi və tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin cizgi-çertyojunun təsdiq edilməsi barədə sənəd aşkar olunmamışdır.
9. Cavabdeh məhkəmə kollegiyasının sorğusuna cavab olaraq ##.##.2025-ci il tarixli müayinə aktından görünür ki, ##.##.2022-ci il tarixli müayinə aktından sonra torpaq sahəsində heç bir dəyişiklik edilməmişdir.
10. ##.##.2022-ci il tarixli müayinə aktında qeyd olunur ki, mübahisəli torpaq sahəsinin 2 tərəfi daş hasar, 2 tərəfi şərti olması, şimal hissəsindən 6 KVt YGEX-i və torpaq sahəsinin daxilindən d=300mm qaz borusu keçir.
11. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə (Bakı şəhəri Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli **** saylı sərəncamı ilə) 0,08 ha torpaq sahəsi iddiaçıya ayrılmış, həmin Bakı şəhəri, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində yerləşən 0,08 ha-dan ibarət torpaq sahəsinin cizgisi və Bakı şəhəri Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsi şəhər ərazisinin tikinti planlaşdırma Idarəsi tərəfindən ##.##.1999-cu il tarixli ***** nömrəli inşaat pasportu da tərtib edilmişdir. Iddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sənədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasından imtina edilmişdir. Sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, H.Ağalarov və C.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin normalarına görə fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahəsi Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır. Lakin iddiaçı xxxx" firması Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsinin icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə bağlamamışdır. Göründüyü kimi, qanunvericiliyə əsasən iddiaçının iddianın predmeti olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması qeyri-mümkündür və hazırkı halda Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış müvafiq müqavilə əsasında iddiaçının torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarının qeydiyyata alınması mümkündür. Iddiaçının hazırkı tələbi dövlətə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır və mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələri kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsinə yalnız icarə əsasında verildiyindən və bununla bağlı səlahiyyətlər Xidmətə məxsus olduğundan iddia rədd olunmalıdır.
16. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin (hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası) 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Hazırkı iddia tələbi üzrə uzun müddət iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana təqdim edilsə də, imtina olunmuş, imtinanın səbəbləri qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmamışdır. Belə ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə (Bakı şəhəri Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli **** saylı sərəncamı ilə) 0,08 ha torpaq sahəsi iddiaçıya ayrılmış, həmin Bakı şəhəri, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (keçmiş Proletar) küçəsində yerləşən 0,08 ha-dan ibarət torpaq sahəsinin cizgisi və Bakı şəhəri Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsi şəhər ərazisinin tikinti planlaşdırma Idarəsi tərəfindən ##.##.1999-cu il tarixli ***** nömrəli inşaat pasportuna tərtib edilmişdir. Iddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sənədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasından imtina edilmişdir. Sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlil odur ki, yerləşmə cizgisinin səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi müəyyən olunmur. Qeyd edilməlidir ki, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair sərəncam qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgisi mövcuddur. Həmin cizgidə dəqiq istinad və məsafələr qeyd olunaraq torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etməyə imkan verir. Hazırda da faktiki olaraq iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Iddia olunan torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, eyni zamanda torpaq sahəsinin daxilindən qaz xəttinin keçməsi ilə bağlı cavabdehin dəlilləri iş materiallarında olan Dövlət Neft Şirkətinin (Socar) və “xxxx” ASC-nin məktubları ilə təkzib edilir. Beləliklə də, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
TƏTBIQ EDILƏN HÜQUQ
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: (##.##.1999-cu il tarixdən olmaqla, hazırda qüvvədədir): Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: xxxxnın və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
19. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan) Maddə 10.Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər. Maddə 11. Torpağın xüsusi mülkiyyətə verilməsi şərtləri Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Xarici vətəndaşların, habelə xarici hüquqi şəxslərin mülkiyyətinə, həmçinin irsən keçən ömürlük sahibliyinə torpaq sahəsi verilmir. Keçmiş mülkiyyətçilərə və onların vərəsələrinə torpaq sahələri qaytarılmır. Onlar torpaq sahələrini mülkiyyətə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar üzrə ala bilərlər. Maddə 23.Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Torpaq verilməsinə dair vətəndaşların ərizələrinə bir ay müddətindən gec olmayaraq baxılır.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi xxxx tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 1999-cu il tarixli, *** nömrəli Fərmanı: Bənd 2.4. həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “xxxx”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir.
22. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il # ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə:
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.
23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
27. Hazırkı işdə iddianın hüquqi marağı və məqsədi Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli **** saylı Sərəncamı ilə İddiaçı firmasına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən ərazidə 0,08 ha torpaq sahəsinin özəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.
28. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli **** nömrəli sərəncamı ilə İddiaçı firmasına Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsi yalnız iş mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə ayrılmışdır.
29. Qanunvericiliyin həm hazırda qüvvədə olan, həm də iddiaçıya müvafiq torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş normalarının tələblərindən göründüyü kimi, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması əsası torpağın müvafiq səlahiyyətli orqanın qərarı əsasında, qanunvericiliklə müəyyən edilmiş qaydada verilməsi ilə əlaqələndirilmişdir. Belə ki, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin müvafiq normalarına əsasən torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri səlahiyyətli dövlət orqanının və ya bələdiyyənin torpaq sahəsinin verilməsi barədə qərarı və həmin qərar əsasında bağlanmış müqavilədir.
30. Eyni zamanda, iddiaçıya torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olmuş 1992-ci il Torpaq Məcəlləsinin tələblərinə əsasən də vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsinin verilməsi müvafiq rayon və şəhər xalq deputatları Sovetlərinin qərarı ilə, yerquruluşu sənədlərinə uyğun olaraq və torpaqayırma qaydasında həyata keçirilmişdir. Bu baxımdan, həmin dövrdə torpaq sahəsi üzərində hüququn yaranması üçün torpağın səlahiyyətli orqanın qərarı ilə ayrılması və bu ayrılmanın müəyyən edilmiş torpaqayırma proseduruna uyğun rəsmiləşdirilməsi mühüm hüquqi şərt olmuşdur.
31. Beləliklə, istər hazırda qüvvədə olan, istərsə də torpaq sahəsinin iddiaçıya ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyin sistemli təhlili göstərir ki, torpaq sahəsi üzərində hüququn yaranması üçün yalnız torpaqdan faktiki istifadə edilməsi kifayət etməmiş, torpaq sahəsinin müvafiq səlahiyyətli orqanın qərarı əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada verilməsi və həmin hüququn müvafiq hüquqi sənədlərlə rəsmiləşdirilməsi tələb olunmuşdur. Bu səbəbdən, konkret torpaq sahəsi üzrə hüququn qanuni əsasının müəyyən edilməsi zamanı ilk növbədə həmin sahənin verilməsi barədə səlahiyyətli orqanın qərarının, torpaqayırma sənədlərinin və torpaq sahəsinin verilməsini təsdiq edən digər hüquqi sənədlərin mövcudluğu və onların qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmalıdır.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallardan biri həmin Qanunun 15.1.5-ci maddəsində nəzərdə tutulmuş, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması halıdır.
33. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin üzərində hüquqların yaranması əsası kimi ayrıc aktı nəzərdə tutulmamışdır.
34. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olmuş Torpaq Məcəlləsinin 10-cu maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətləri əsasında rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə verilmiş, həmin Məcəllənin 11-ci maddəsinə əsasən isə bu məqsədlər üçün torpağın xüsusi mülkiyyətə verilməsi pulsuz həyata keçirilmişdir.
35. Qeyd edilməlidir ki, sözügedən normaların məzmunundan açıq şəkildə göründüyü kimi, həmin müddəalar torpaq sahələrinin məhz Azərbaycan Respublikasının vətəndaşlarının xüsusi mülkiyyətinə verilməsini tənzimləmiş, hüquqi şəxslərin torpaq sahəsi əldə etməsi və ya onların mülkiyyətinə torpaq sahəsinin verilməsi qaydasını nəzərdə tutmamışdır və bu səbəbdən həmin normaların hüquqi şəxsə torpaq sahəsinin ayrılmasının hüquqi əsası kimi tətbiq edilməsi mümkün deyildir.
36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları yaranmamış və iddiaçı iddia tələbində haqlı olmamışdır.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
38. Yuxarıda qeyd edildiyi kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına dair əsasların dairəsini konkret müəyyən edir. Iddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Iddiaçının istinad etdiyi Bakı Şəhər Icra Hakimiyyətinin başçısının “Torpaq sahəsinin ayrılması haqqında” ##.##.1998-ci il tarixli **** nömrəli Sərəncamı, 0,08 ha torpaq sahəsi ayrılması barədə ##.##.1999-cu il tarixli */*** nömrəli ayrıc aktı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatına əsas verən hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. Belə ki, sərəncamda iddia edilən torpaq sahəsinin yalnız iş mərkəzinin layihələndirilməsi və tikintisi məqsədi üçün ayrılması qeyd edilmişdir. Iddia edilən torpaq sahəsi üzərində tikinti üçün qanunvericiliyə uyğun olaraq iddiaçıya müvafiq şəhadətnamə verilmişdir. Lakin yuxarıda göstərilənlərə əsasən həmin sənədlər iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas deyil.
39. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, cavabdehin imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
40. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.