Məhkəmə qərarları › İş №2-1(1-8)-301/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-301/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-301/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınma tarixinin dəyişdirilməsi üçün əsasın müəyyən olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə tarixinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından görünür ki, iddiaçı İddiaçı ##.##.2020-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024cü il tarixli, *-*(***)****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçının qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ## ####### 2020-ci il tarixdən üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin ## #### 2025-ci il tarixli, ** nömrəli sərəncamına əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyi olan şəxs kimi mənzil növbəsinə güzəştli əsaslarla götürülmüşdür.

5. İddiaçı ##.##.2025-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına əlilliyinin müəyyən olunduğu ##.##.2020-ci il tarixdən daxil edilməsini xahiş etmişdir.

6. Cavabdeh inzibati orqan ## ### 2025-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının ##.##.2025-ci il tarixli, ** nömrəli sərəncamı ilə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. İddiaçının məsələsi ilə əlaqədar 30 iş günündən gec olmayaraq müvafiq sərəncam qəbul edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ##.##.2020-ci il tarixdən güzəştli əsaslarla mənzil növbəsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı ilə onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi tanınmış, ona əlillik ## ####### 2020-ci il tarixdən təyin edilmişdir. Mənzil növbəsinə götürülmə barədə müraciət etmiş, ## #### 2025-ci il tarixli sərəncamla mənzil növbəsinə ərizə verilən tarixdən daxil edilmiş, ##.## 2020-ci il tarixdən daxil edilməli olması, ondan asılı olmayan səbəblərdən mənzil növbəsinə yazıla bilməməsi nəzərə alınmamışdır.

9. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçı ## ###### 2025ci il tarixdə müraciət etmiş, 30 iş günü tamam olmadan müraciətinə baxılmış və ## #### 2025-ci il tarixli sərəncamla şəxs mənzil növbəsinə götürülmüşdür. Onun hüququ ## #### 2025-ci il tarixində təsdiq edilmiş və həmin tarixdən mənzil növbəsinə götürülmüşdür. Cavabdeh tərəf hər hansı qanunsuz hərəkət etməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, iddiaçı İddiaçı ## ####### 2020-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs kimi mənzil növbəsinə alınması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mənzil Məcəlləsinin 51.5-ci maddəsinin tələbindən də göründüyü kimi uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Cavabdeh də həmin 30 iş günlük müddətlə bağlı tələbə riayət etməklə uçota alınma barədə qərarı qəbul etmişdir. Lakin, cavabdeh nəzərə almamışdır ki, inzibati aktın qəbul edilməsi ilə, onun hüquqi nəticələrinin hansı tarixdən yaranması fərqli anlayışlardır. İddiaçının mənzil növbəsinə götürülməsi ilə əlaqədar sərəncamın qeyd olunmalıdır ki, ## #### 2025-ci il tarixli olması hal-hazırda hər hansı mübahisə doğurmur. Mübahisə mənzil növbəsinin hansı tarixdən olması ilə əlaqədardır ki, bu zaman Mənzil Məcəlləsinin 51.5-ci maddəsinin həmin tarixin müəyyən edilməsi ilə hər hansı əlaqəsi yoxdur. Bu zaman, mənzil növbəsinə götürülmə hansı tarixdən olması, işin digər halları, o cümlədən iddiaçının hüququnun nə zamandan yaranması və həmin hüququn realizəsi üçün hansı tarixdən müraciət etməsi ilə əlaqədardır. Mövcud inzibati orqanın praktikasında düzgün olaraq müəyyən edilir ki, şəxsin əlilliyin hansı tarixdən yaranmasından asılı olmayaraq şəxs mənzil növbəsinə alınma ilə əlaqədar hansı tarixdə müraciət edirsə, mənzil növbəsinə götürülmə də ona uyğun tarixlə müəyyən edilməlidir. Əks halda eyni statusda olan şəxslərdən daha əvvəl müraciət etmiş şəxslərin mənzil növbəsinə münasibətdə gözləntisi ilə əlaqədar hallar dəyişəcəkdir ki, bu zaman inzibati orqanın məhz müraciət tarixini əsas götürməsi, əlillik və ya digər növ statusu qazanmasının gözlənilməməsi aydındır. Nəzərə alınmalıdır ki, bu zaman hüququ çatan şəxsin hüququnu gec realizə etməsinə münasibətdə davranışı onun mənzil növbəsinə alınması tarixinin müəyyən edilməsinə əsas verir. Lakin, hazırkı işin faktiki halları iddiaçının gec müraciət etmək məcburiyyətində qalması onun iradəsindən asılı olmayan hallarla bağlı olmuşdur. Belə ki, məhkəmə qərarları ilə müəyyən edilir ki, iddiaçının ## ####### 2020-ci il tarixdən təyin edilməli olan əlilliyi əlillik təyin edən dövlət orqanının qanunsuz və əsassız imtinası səbəbindən məhkəmə mübahisəsinin yaranmasına səbəb olmuş, nəticədə ## ###### 2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaya ## ####### 2024-cü il tarixli yekun məhkəmə qərarının qəbulu ilə yekun mövqe bildirilmiş, qərarın elektron sistemdən çıxarışından görünür ki, icra edilərək əlilliyin iddiaçıya təyin edilməsi 2025-ci il tarixdə yekunlaşmış, həmin ildə də iddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzil növbəsinə alınmasını xahiş etmişdir. Aydın məsələdir ki, əlillik təyinatına nail olmadan həmin təyinatın yaratdığı imtiyaz kimi mənzil növbəsinə şəxsin alınmasından söhbət gedə bilməz. İlk növbədə əlillik təyinatı aparılmalıdır ki, mənzil növbəsinə həmin əsasla alınma mümkün olsun. İddiaçı isə 5 il davam edən inzibati və inzibati məhkəmə icraatının yekun nəticəsində həmin əlilliyin təyinatına nail olmuş və hər hansı intizamsızlıq göstərmədən cavabdehə müraciət etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın tamamilə ləğv edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər R.Səmədov – məruzəçi, P.Hüseynov və G.Sevdimalıyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın tamamilə ləğv edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

17. Kassator bildirir ki, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 51.4 və 51.5-ci maddələrini, Mülki Məcəllənin 14.1 və 14.2.2-ci maddələrini, “İnzibati icraat haqqında” Qanunun 28.1 və 64.1-ci maddələrini nəzərə almadan iddianı təmin etməkdə haqlı olmamışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.

Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. ... 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı güzəştli əsaslarla mənzil növbəsinə daxil edilməsi tarixinin üçüncü dərəcə əlilliyin müəyyən edildiyi ## ####### 2020-ci il tarixdən hesablanmasından ibarətdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ## #### 2025-ci il tarixli, ** nömrəli sərəncamına əsasən iddiaçının güzəştli əsaslarla mənzil növbəsinə uçota alınması işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə mübahisə predmeti iddiaçının mənzil növbəsinə uçota alınması tarixinin ## #### 2025-ci ildən və ya ## ####### 2020-ci ildən hesablanması ilə bağlıdır.

27. Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin tələbinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Yəni şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onun özünün könüllü iradə ifadəsinə əsaslanmaqla, onun yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi ərizəsi əsasında həyata keçirilir. Yəni vətəndaş hansı tarixdən mənzil uçotuna alınmaq niyyətindədirsə, həmin tarixdə bununla bağlı iradəsini bəyan edərək icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir.

28. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ## ###### 2025-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinə 30 iş günü tamam olmadan baxılmış və ## #### 2025-ci il tarixli sərəncamla iddiaçı mənzil növbəsinə götürülmüşdür.

29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

30. Göründüyü kimi, nə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun, nə də Mənzil Məcəlləsinin tələblərində şəxsin mənzil növbəsinə götürülməsi tarixinin onun əlilliyinin müəyyən edildiyi tarixdən hesablanmasına dair imperativ norma mövcud deyil. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, qanunda geriyə qüvvə açıq şəkildə nəzərdə tutulmadığından mənzil uçotu tarixinin geriyə dəyişməsi növbədə olan digər şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına xələl gətirə, onların növbəlilik hüququnu pisləşdirə bilər.

31. Birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona əlillik təyin edilməsi ilə bağlı buna səlahiyyətli olan inzibati orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı 5 il davam edən inzibati və inzibati məhkəmə icraatının yekun nəticəsində həmin əlilliyin təyinatına nail olmuşdur. Bundan sonra əlilliyin ona yaratdığı imtiyazlardan istifadə edərək vaxt itirmədən mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instyansiyası məhkəməsinin istinad etdiyi “5 il davam edən inzibati və inzibati məhkəmə icraatı” iddiaçının əlillik vəziyyətinin müəyyən edilməsi ilə əlaqədar olmuş, həmin müddət ərzində iddiaçının mənzil növbəsinə uçota alınma ilə bağlı hüquqlarının pozulması və ya məhdudlaşdırılması halı mövcud olmamışdır. Ona görə də, iddiaçının əlilliyinin ## ####### 2020-ci ildən müəyyən edilməsinə baxmayaraq onun mənzil növbəsinə ## #### 2025-ci ildən uçota alınması iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması kimi qiymətləndirilə bilməz.

33. Odur ki, cavabdehin kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “## ####### 2020-ci il tarixdən güzəştli əsaslarla mənzil növbəsinə daxil edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar