Məhkəmə qərarları › İş №2-1(1-8)-31/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-31/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-31/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı (bundan sonra- iddiaçı) ##.##.1958-ci il təvəllüdlüdür.

2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur ( 2 il 14 gün).

3. ИT-İ 0565521 seriyalı əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək (1 il, 6 ay, 5 gün), ##.##.1981-ci il tarixdən ##.##.1989-cu il tarixədək (8 il, 3 ay, 28 gün), ##.##.1989-cu il tarixdən ##.##.2007-ci il tarixədək (17 il, 9 ay, 14 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur.

4. Yardımlı Rayon Dövlət Arxiv Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, “...Yardımlı rayon X1 və X2 ##.##.1991-ci il tarixli *** saylı əmri ilə İddiaçı DT.75 markalı bulduzerə traktorist təyin edilmiş, eyni zamanda əmək haqqının işə görə ödənilməsi əmr edilmiş, “Yardımlı-Aqrotexservis” SCnin ##.##.2007-ci il tarixli ** nömrəli əmri ilə işdən azad edilmişdir.

5. Iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh quruma müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina edilmişdir.

6. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən sığorta stajınız (##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 11 il 10 ay 23 gün təşkil edir. Həmçinin, bildiririk ki, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.1989-cu il tarixdən ##.##.1991-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma əmrinin tarixi bazar gününə təsadüf etdiyindən) sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2007-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün ##.##.1991-ci il tarixdən ##.##.2007-ci il tarixədək Yardımlı “Aqrotexservis”də olan əmək fəaliyyəti dövrünüzün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bildiririk ki, ##.##.1989-cu il tarixdən ##.##.1991-ci il tarixədək və ##.##.1991-ci il tarixdən ##.##.2007-ci il tarixədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və ##.##.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib.”

7. DSMF-nin * saylı Lənkəran-Astara regional filialının əməkdaşı və Yardımlı Rayon Dövlət Arxivinin müdiri tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli aktda qeyd edilmişdir ki, “...Arxivdə saxlanılan əmək haqqı cədvəllərinə əsasən İddiaçı MTT və MI Birliyində 1991ci ildə oktyabr-dekabr ayları=3 ay; 1992-ci ildə yanvar-mart və iyun-dekabr ayları=10 ay; 1995ci ildə avqust və dekabr ayları= 2 ay olmaqla əmək haqqı məlumatları mövcuddur.”

8. “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” ##.##.2024-cü il tarixli qərardan görünür ki, iddiaçının sığorta stajı 13 il 1 ay 9 gün nəzərə alınmışdır.

9. Yardımlı Rayon Dövlət Arxiv Idarəsinin ## #### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Arxivdə mühafizə olunan sənədlər araşdırılmış, “xxxx” ATSC-nin 1999-cu il və 2005-2007-ci illərin əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. 1991-2007-ci illərin olan əmək haqqı cədvəlləri təsdiq edilərək Sizə göndərilir.”

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Iddiaçı İddiaçı ərizəsinə əsasən məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illər işləyərək əmək haqqı almışdır. Lakin ## #### 2024-cü il tarixli əmrdən çıxarışda qeyd olunan illəri işləməyinə baxmayaraq sözügedən illər onun əmək kitabçasına daxil edilməmişdir. Bununla bağlı bir sıra orqanlara müraciət etməsinə baxmayaraq heç bir nəticəyə nail ola bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakim P.Qurbanova) iddia təmin edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ##.##.2006-ci il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Iddiaçı ##.##.1958-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ 65 yaşında (##.##.2023-cü il tarixdə) yaranmış olur. Həmçinin iddiaçıya etiraz ərizəsində göstərildiyi kimi cavabdeh orqan tərəfindən ##.##.2023-cü il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

15. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

16. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: C.Quliyev /sədrlik edən və məruzəçi/, İddiaçı və F.Hüseynov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 1991-2005-ci illər üzrə əmək haqqı almadığı dövrlər hər ilə görə 6 ay ödənişsiz məzuniyyət kimi qiymətləndirilərək nəzərə alına bilməz. Belə ki, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti istirahət vaxtıdır. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. Illərlə işləməyən şəxsin həmin illər üzrə işləməməsi ödənişsiz məzuniyyət kimi qiymətləndirilə bilməz. Bunun əksi məzuniyyət məsələsinin güddüyü məqsədə uyğun deyil. Həmçinin, nəzərə almaq lazımdır ki, ödənişsiz məzuniyyət də əmrlə rəsmiləşir və hər ilə münasibətdə digər dövrlər işləmək şərti ilə 6 aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilə bilər. Hətta, iddiaçının 1991-2005-ci illər üzrə əmək haqqı almadığı dövrlər hər ilə görə 6 ay ödənişsiz məzuniyyət kimi qiymətləndirilərsə belə, yenə onun qanunvericiliyin tələb etdiyi azı 25 il sığorta stajı tamamlanmır. Əmək kitabçasında qeyd edilmiş ##.##.2006-cı il tarixdən ##.##.2007-cil tarixədək olan dövrə münasibətdə isə kollegiya qeyd etmişdir ki, həmin dövrlər üzrə iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir.

18. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ##.##.1977-ci ildən ##.##.1979-cu ilədək hərbi xidmətdə olmuşdur. ##.##.1979-cu ildən ##.##.1981-ci ilədək, ##.##.1981-ci ildən ##.##.1989-cu ilədək, ##.##.1989-cu ildən ##.##.2007-ci il tarixədək "xxxx" də işləmiş və bununla bağlı əmək kitabçasında qeydlər aparılmışdır. Həmçinin, Yardımlı Rayon Arxiv Idarəsi tərəfindən verilmiş sənədlərə əsasən onun Yardımlı Rayon X1 və X2 ##.##.1991-ci il tarixli, *** saylı əmri ilə İddiaçı DT.75 markalı buldozerə traktorist təyin edilmiş, eyni zamanda əmək haqqının işə görə ödənilməsi əmr edilmiş, "Yardımlı- Aqrotexservis" SC-nin ##.##.2007-ci il tarixli ** nömrəli əmrinə əsasən işdən azad edilmişdir. Buna baxmayaraq cavabdeh orqan onun əmək stajı 11 il 10 ay 23 gün olmasını hesablamış və əsassız olaraq imtina etmişdir. Onun işlədiyini təsdiq edən arxiv sənədləri və əmək kitabçası mövcuddur. Həmin sənədlərdən 1979-cu ildən 2007-ci ilədək əmək stajına malik olmağı təsdiq olunmuşdur. Lakin əmək haqqı almağı barədə sənədlərin mövcud olmaması onun işləmədiyi mənasına gəlmir və buna görə də məhkəmənin qərarı qanunsuzdur. O, uzun illər fəhlə işləmiş, fəhlə işləyən şəxsin işlədiyi müəssisənin əmək haqqı arayışı yazıb-yazmamasını, hansı əmrlərin olmasını bilməsi mümkün deyildir. O, orada rəhbər şəxs olmamışdır ki, sənədləşmə işlərini tamamlasın. Bundan başqa, iş materillarında olan arxiv arayışından görünür ki, əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Bu da onun səhvi deyildir və idarənin sənədlərinin təhvil verilməsinə cavabdeh şəxs deyil. Buna görə əmək stajının nəzərə alınmaması qanunsuzdur və idarənin səhvinə görə məsuliyyət daşımağı ədalət prinsipinin tələblərinə ziddir. Həmçinin, müəyyən dövrlərdə, 1991, 1992, 1995-ci illər üzrə əmək haqqı almağı barədə sənədlər də məhkəməyə təqdim olunmuşdur. Lakin məhkəmə həmin arxiv sənədlərini də nəzərə almamışdır. Məhkəmə müəyyən illərdə əmək haqqı yazılmamasını işləmədiyi kimi nəzərə almışdır. Bir daha bildirir ki, həmin dövrlərdə işləmiş və arxiv arayışları işləməyini təsdiq edir. Lakin əmək haqqı cədvəllərinin tam tərtib olunmaması onun günahı deyildir və buna görə məsuliyyəti o daşımalı deyildir. Əmək kitabçası, işə girmə və işdən çıxma əmrləri onun işləməyini təsdiq edir. Inzibati orqan diskresion səlahiyyətləri daxilində həmin arxiv arayışları əsasında hüquqlarını bərpa edə bilərdi.

TƏTBIQ EDILƏN HÜQUQ

20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 3. Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: a) mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə; Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.7. fərdi şəxsi hesab - hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRInin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 110. Işçilərin məzuniyyət hüququ

1. Işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili

1. Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. Işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

29. Məhkəmə kollegiyası düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş iş dövrünün mövcudluğu özlüyündə həmin dövrün tam həcmdə sığorta stajı kimi qəbul edilməsi üçün kifayət etmir. Çünki həm ##.##.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu, həm də ##.##.2006-cı il tarixdən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu əmək pensiyası hüququnun yaranmasını yalnız formal əmək münasibətinin mövcudluğu ilə deyil, həmin əmək fəaliyyəti üzrə əmək haqqının alınması və buna uyğun məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə əlaqələndirmişdir.

30. Hazırkı işdə iddiaçı 1991–2007-ci illər ərzində fasiləsiz əmək fəaliyyəti göstərməmiş, yalnız iş olduqda işləyərək əmək haqqı almışdır. Bu hal iddiaçının özünün məhkəmədə verdiyi izahatı ilə də təsdiq olunmuşdur. O, "xxxx" ASC-də səyyar işçi kimi fasilələrlə işlədiyini və yalnız işlədiyi dövrlərə görə əmək haqqı aldığını etiraf etmişdir. Bu izahat arxiv sənədləri ilə də tam təsdiqini tapmışdır. Belə ki, Rayon Dövlət Arxiv Idarəsinin təqdim etdiyi əmək haqqı cədvəllərindən görünür ki, iddiaçı yalnız 1991-ci ilin oktyabr-dekabr aylarında, 1992-ci ilin yanvar-mart və iyun-dekabr aylarında, eləcə də 1995-ci ilin avqust və dekabr aylarında əmək haqqı almışdır. Digər dövrlər üzrə onun adına əmək haqqı hesablanması barədə heç bir məlumat mövcud olmamışdır. Eyni zamanda həmin aylarda digər işçilərin əmək haqlarına dair məlumatların arxivdə saxlanılması həmin sənədlərin tamlığını və etibarlılığını təsdiq etmişdir.

31. Bu səbəbdən apelyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş materiallarında olan sübutlar əmək haqqısı hesablanmayan işçilərin faktiki olaraq işləmədiyini, ödənişsiz məzuniyyətdə olduqları üçün onlara əmək haqqı ödənilmədiyini təsdiq edir. Bu məlumat arxiv sənədlərindəki imzalarla da təsdiq olunmuşdur.

32. Eyni zamanda kollegiya bildirir ki, iddiaçının uzun illər əmək haqqı almadığı bütün dövrlərin avtomatik olaraq ödənişsiz məzuniyyət kimi qiymətləndirilməsi də hüquqi cəhətdən qeyr-mümkündür. Əmək məzuniyyəti əmək qanunvericiliyinə əsasən faktiki işləyən şəxslərin iş ilinə görə verilən istirahət vaxtıdır və müvafiq əmrlə rəsmiləşdirilir. Illərlə faktiki işləməyən şəxsin həmin dövrlərinin sonradan ödənişsiz məzuniyyət kimi qiymətləndirilməsi həm əmək qanunvericiliyinin mahiyyətinə, həm də məzuniyyət institutunun məqsədləriinə ziddir.

33. Bundan əlavə, apellyasiya məhkəməsi alternativ ehtimalı da qiymətləndirərək göstərmişdir ki, hətta iddiaçının işləmədiyi dövrlərin hər il üzrə maksimum altı ayı ödənişsiz məzuniyyət hesab edilsə belə, onun ümumi sığorta stajı qanunvericiliyin tələb etdiyi minimum 25 ilə çatmır. Deməli, bu ehtimal belə iddiaçının pensiya hüququnun yaranmasına səbəb olmadığı üçün apellyasiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

34. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar