Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-315/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı üzrə QƏRARİ (Açar sözlər: borcun ümidsiz borc kimi silinməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun ümidsiz borc kimi silinməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## #### 2024-cü il tarixli, 245002********** nömrəli və **************** nömrəli məktublarından görünür ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir.
2. İddiaçı Şirkətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə ## #### 2024-cü il tarixli müraciət ərizəsindən görünür ki, İddiaçı Şirkətinin şəxsi hesab vərəqəsi üzrə mövcud olan 662.472,46 manat borcun 329.716,37 manat hissəsinin 5 illik tələbetmə müddəti ötmüşdür. Sözügedən borcun tərkibi maliyyə sanksiyasından ibarət olmaqla aşağıdakı kimidir: VMCQ – 100027023146990 - (AZM) -MS - (MNFTV 2018) 84.866,43 manat VMCQ – 2100027023146990 - (AZM) – MS - (ƏDV 2017) 8.110,43 manat VMCQ – 2100027023146990 - (AZM) – MS - (ƏDV 2018) 79.828,89 manat VMCQ – 2100027023146990 - (AZM) – MS - (ƏV 2017) 1.987,06 manat VMCQ – 2100027023146990 - (AZM) - MS- (MİƏÖMTV(ƏDV) 2017) 38,91 manat VMCQ – 2100027023146990 - (AZM) – MS - (2018) 103.223,05 manat VMCQ – 2100027023146990 - (AZM) – MS - (2017) 51.661,60 manat Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, qeyd edilən tələbetmə müddəti keçmiş 329.716,37 manat vəsaitin şəxsi hesab vərəqəsində göstərilən ümumi borc məbləğindən azaldılmaqla müvafiq qaydada silinməsinin təmin edilməsi xahiş edilmişdir.
3. İddiaçı Şirkətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə ## ####### 2024-cü il tarixli müraciət ərizəsindən görünür ki, hazırda şəxsi hesab vərəqəsi üzrə 282.747,66 manat borc məbləği üzrə də tələbetmə müddəti keçmişdir. Həmin borcun tərkibi maliyyə sanskiyasından ibarət olmaqla aşağıdakı kimidir. VMCQ-2100027023146990 - (AZM) - MS - (MNFTV 2019) VMCQ-2100027023146990 - (AZM) - MS (ƏDV 2019) VMCQ2100027023146990 - (AZM) - MS - (2019) Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Tələbetmə müddəti keçmiş borcun silinməsi xahiş edilmişdir.... Əlavə olaraq Dövlət Vergi Xidmətinin mövqeyinə əsasən borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Beləliklə, hesab edilir ki, 5 illik tələb etmə müddətinin bitməsi əsas gətirilərək, xüsusilə də borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi həyata keçirilməməli, lakin bu müddətdən sonra vergi borcu tələb edilməməlidir.
4. * saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçı şirkətin ##.##.2024-cü il tarixli məktubuna yazdığı ##.##.2024-cü il tarixli cavab məktubundan görünür ki, ... Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən, vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. İddiaçı Şirkətinin iddia ərizəsində göstərilən maliyyə sanksiyası məbləği * saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2021-ci il tarixli ***************** nömrəli qərarı əsasında tətbiq edilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin ## ###### 2024-cü il tarixli, *-**-*- */*-A-***-**/**** nömrəli İddiaçı Şirkətinə göndərilmiş “Müraciətə baxılması haqqında” məktubundan görünür ki, vergi borcunun silinməsi tələbinə dair məhkəmə instansiyasına edilmiş müraciət üzrə Sumqayıt İnzibati Məhkəməsinin icraatına verilmiş *-*(***)-****/**** nömrəli iş üzrə proses yekunlaşmamışdır. Məhkəmə instansiyası üzrə yekun qanuni qüvvəyə minmiş qərar qəbul edildikdən sonra borcun silinməsi məsələsinə baxıla bilər. Şirkətin dövlət büdcəsinə (və ya müvafiq fondlara) ## ###### 2024-cü il tarixə borcu aşağıdakı kimidir: -Vergilər üzrə 32.142,49 manat əsas, 616.489,61 manat maliyyə sanksiyası, 21.480,11 manat faiz borcu; - Məcburi dövlət sosial sığorta haqları üzrə 3.543,75 manat əsas, 7.130,91 manat faiz borcu; - İşsizlikdən sığorta haqları üzrə 40,87 manat əsas, 1,73 manat faiz borcu; - İcbari tibbi sığorta haqları üzrə 567 manat əsas, 290,02 manat faiz borcu; - İnzibati cərimə üzrə 9.639,25 manat borc.
6. İddiaçı şirkəti barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ### 2025-ci il tarixli, **************** nömrəli qərardan görünür ki, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmış, həmçinin qeyd edilmişdir ki, 2018-ci və 2019-cu ildə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına, 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illərdə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına, 2017-ci ildə əmlak vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına və 2017-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına yol verilmişdir. Bundan başqa, 2018ci, 2019-cu və 2020-ci illərdə əlavə dəyər vergisinin və 2018-ci ildə əmlak vergisinin artıq hesablandığı müəyyən edilmişdir : - “azaldılmış vergi” 818.893,29 manat; - “artıq hesablanmış” 11.710,3 manat; - “əlavə hesablama” 810.720,69 manat; - “artıq hesablama” 3.537,7 manat; - “maliyyə sanksiyası” 616.149,61 manat olaraq göstərilmişdir;
7. İddiaçı Şirkətinin ## #### 2024-cü il tarixli “Şəxsi hesab vərəqəsi”ndən çıxarışdan görünür ki, “saldo” - 6.244,13 manat “hesablanmışdır”, 75.109.305,56 manat, “ödənilmişdir” 46.661.068,30 manat, “azaldılmışdır” 28.131.782,24 manat, “faiz saldo” 1.047,92 manat, “## #### 2024-cü il tarixə faiz borcu” 22.650,69 manat, “əhatə etdiyi dövrün son tarixinə saldo” - 668.331,81 manat, “## #### 2024-cü il tarixə saldo” - 668.331,81, “cəmi ödənilməli borc” 668.331,81 manat, “sosial üzrə bölüşdürülməmiş ödənişlər” 58,63 manat olaraq göstərilmişdir.
8. İddiaçı Şirkətinin ## ###### 2024-cü il tarixli “Şəxsi hesab vərəqəsi”ndən çıxarışdan görünür ki, “saldo” -6.244,13 manat, “hesablanmışdır” 75.115.085,15 manat, “ödənilmişdir” 46.661.068,30 manat, “azaldılmışdır” 28.131.782,24 manat, “faiz saldo” 1.047,92 manat, “## ###### 2024-cü il tarixə faiz borcu” 23.246,61 manat, “əhatə etdiyi dövrün son tarixinə saldo” - 674.707,32 manat, “## #### 2024-cü il tarixə saldo” - 674.707,32, “cəmi ödənilməli borc” 674.707,32 manat, “sosial üzrə bölüşdürülməmiş ödənişlər” 58,63 manat olaraq göstərilmişdir.
9. İddiaçı Şirkətinin ## ###### 2025-ci il tarixli “Şəxsi hesab vərəqəsi”ndən çıxarışdan görünür ki, “saldo” - 6.244,13 manat, “hesablanmışdır” 75.828.456,86 manat, “ödənilmişdir” 47.136.337,70 manat, “azaldılmışdır” 28.646.599,03 manat, “faiz saldo” 1.047,92 manat, “## ###### 2025-ci il tarixə faiz borcu” 13.657,16 manat, “əhatə etdiyi dövrün son tarixinə saldo” – 367.827,08 manat, “## ###### 2025-ci il tarixə saldo” - 367.827,08, “cəmi ödənilməli borc” 410.178,78 manat olaraq göstərilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a.Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı Şirkəti (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək, “tələbetmə müddəti keçmiş 612.464,03 manat borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, şəxsi hesab vərəqəsi üzrə mövcud olan 656.026,83 manat borcdan 329.716,37 manat hissəsinin 5 illik tələbetmə müddəti ötmüşdür. Sözügedən borcun tərkibi maliyyə sanksiyasından ibarət olmaqla aşağıdakı kimidir: VMCQ - 2100027023146990-(AZM)-MS-(MNFTV 2018) 84.866,43 manat; VMCQ - 2100027023146990-(AZM)-MS-(ƏDV 2017) 8.110,43 manat; VMCQ - 2100027023146990-(AZM)-MS-(ƏDV 2018) 79.828,89 manat; VMCQ - 2100027023146990-(AZM)-MS-(ƏDV 2017) 1.987,06 manat; VMCQ - 2100027023146990-(AZM)-MS-(MİƏÖMTV (ƏDV) 2017) 38,91 manat; VMCQ - 2100027023146990-(AZM)-MS-(2018) 103.223,05 manat; VMCQ - 2100027023146990-(AZM) -MS-(2017) 51.661,60 manat. Odur ki, iddiaçı tərəfindən tələbetmə müddəti keçmiş 329.716,37 manat borcun silinməsi ilə bağlı # #### 2024-cü il tarixli, **************** nömrəli məktubla cavabdehə müraciət olunmuş, lakin cavabdeh ## #### 2024-cü il tarixli, 245002********** nömrəli məktubla müraciətin icrasından imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur və 329.716,37 manat borcun silinməsi öhdəliyi ona həvalə edilməlidir. Vergi orqanları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyicilərı tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.
12. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının iddia ərizəsində cəmiyyətin şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş 612.464,03 manat borcun VM-in 93.1.1-ci maddəsinə əsasən 5 illik tələbetmə müddətin bitməsi əsas gətirilərək ümidsiz borc kimi silinməli olduğunu qeyd etmişdir. İddiaçının iddia ərizəsində göstərilən maliyyə sanksiyası məbləği cavabdehin “Vergi ödəyicisinin və ya şığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ### 2021-ci il tarixli, **************** nömrəli qərarı əsasında tətbiq edilmişdir. Əlavə olaraq, Dövlət Vergi Xidmətinin mövqeyinə əsasən, borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Beləliklə, hesab edilir ki, 5 illik tələb etmə müddətinin bitməsi əsas gətirilərək, xüsusilə də borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi həyata keçirilməməli, lakin bu müddətdən sonra vergi borcu tələb edilməməlidir.
13. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmamışdır (hakim – K.Həbibova).
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, göstərilən maliyyə sanksiyası cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ### 2021-ci il tarixli, **************** nömrəli qərarı əsasında tətbiq edildiyi üçün (yəni vergi qanunvericiliyində nəzərdə tutulmuş 5 il müddət keçmədiyindən) iddia tələbi təmin edilə bilməz.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş və iddia tələbi təmin edilmişdir (sədrlik edən – V.Əzizova, hakimlər – G.Cabbarova, İ.Quliyev).
17. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4cü maddəsinə əsasən isə, vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Məhkəmə kollegiyası VM-in 85.4-cü maddəsinin tədbiqi ilə bağlı qeyd etmişdir ki, həmin normaya edilmiş və # ###### 2023-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə görə “hesabat dövrü qurtardıqdan sonra” sözlərindən sonra “(səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)” sözləri əlavə edilmişdir. Mübahisələndirilən borc isə 2017-2019-cu illər üçün hesablanmış borca aid olan maliyyə sankisyasından ibarətdir, səyyar vergi yoxlamasının nəticələrinə dair qərar 2021-ci ildə çıxarılmışdır. Həmin qərar üzrə əsas borc cinayət araşdırması zamanı ödənilsə də, maliyyə sanksiyasının ödənilməsi vergi orqanı tərəfindən tələb edilməmiş və bununla bağlı hər hansı tədbir görülməmişdir. Halbuki Vergi Məcəlləsin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab etmişdir ki, Vergi Məcəlləsinin 90.1-ci maddəsi aydın şəkildə müəyyən edir ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində öhdəlik icra edilməzsə, vergi orqanı məhkəməyə müraciət etməlidir. Qanunvericinin məqsədi odur ki, dövlət orqanı qeyri-məhdud zaman ərzində passiv qalmasın, vergi ödəyicisi isə qeyri-müəyyən müddətdə daimi borc yükü altında saxlanılmasın. Bu müddət hüquqi sabitliyin və vergi ödəyicisinin hüquqlarının təminatı üçün nəzərdə tutulmuşdur.
18. Silinməsi tələb olunan və 5 illik tələbetmə müddəti keçmiş faktiki borcun məbləği və tərkibi isə iddiaçıya 2018-2019-cu illər mənfəət vergisi və 2017-2020-ci illər üzrə ƏDV-yə görə VM-in 58.1-ci maddəsinə, eləcə də, ƏDV məbləğinin ödənilməməsinə görə VM-in 58.6-cı maddəsinə uyğun hesablanmış 612.464,03 manat maliyyə sanksiyasından ibarətdir, bununla bağlı da tərəflər arasında hər hansı mübahisə yoxdur. DVX-nin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2024-cü il tarixli, 3-21-2-8/2-A-334- **/**** nömrəli məktubdan iddiaçının dövlət büdcəsinə (və ya müvafiq fondlara) ## ###### 2024-cü il tarixə borcunun maliyyə sanksiyası üzrə 616.489,61 manat təşkil etdiyi görünür. Hazırda iddiaçı həmin 616.489,61 manat maliyyə sanksiyasının 612.464,03 manat hissəsinin silinməsini tələb edir. Şəxsi hesab vərəqəsindən də müraciət tarixindən 5 il əvvələ - 2017-2020-ci illər üzrə iddiaçıya hesablanmış həmin maliyyə sanksiyası üzrə iddiaçı tərəfindən hər hansı ödənişin edildiyi görünmür.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən maliyyə sanksiyası məbləği cavabdehin "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" ## ### 2021-ci il tarixli, **************** nömrəli qərarı əsasında tətbiq edilmişdir və ## ### 2021-ci il tarixdən cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Qeyd olunan borc məbləği göstərilən tarixdən əvvəl cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olmamışdır və ya iddiaçı tərəfindən bəyan edilməmişdir.
21. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 93-cü maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda, bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.
22. Həmçinin əlavə olaraq bildirilir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi cəmiyyətin şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş borcun 419477,43 manat hissəsi iddiaçı tərəfindən ödənilmişdir və hal-hazırda cəmiyyətin şəxsi hesab vərəqəsində 192986,60 manat ödənilməmiş maliyyə sanksiyası borcu qalmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin “tələbetmə müddəti keçmiş borcun 419477,43 manat hissəsi iddiaçı tərəfindən ödənilmişdir və halhazırda23.cəmiyyətin şəxsi hesab vərəqəsində 192986,60 manat ödənilməmiş maliyyə sanksiyası borcu qalmışdır” dəlillərinin əsassız olmasını və kassasiya şikayətinin təmin edilməyərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Vergi Məcəlləsi: Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin norma # ###### 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (# ###### 2023-cü il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişkiliyə qədər aşağıdakı kimi olmuşdur : Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli Qərarı Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədəmüvafiq hesab edir.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 612.464,03 manat məbləğində borcun ümidsiz borc kimi silinməsinə nail olmaqdan ibarətdir.
32. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, apellyasiya instansiyası məhkəməsinin borcun silinməsi ilə bağlı 85.4-cü maddəsinin tətbiq etməklə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququ ilə bağlı mövqeyi düzgün, buna dair kassasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Odur ki, təkrar apellyasiya icraatı zamanı bu məsələyə prosessual qənaət prinsipi baxımından təkrar hüquqi qiymət verməyə zərurət yoxdur.
33. Belə ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir.
34. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin # ###### 2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən isə, vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları həmin dövrdə qüvvədə olan VM-in 85.4-cü maddəsində göstərilən vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.
35. İşə baxmış məhkəmə kollegiyası əsaslı olaraq VM-in 85.4-cü maddəsinin tətbiqi ilə bağlı qeyd etmişdir ki, həmin normaya edilmiş və # ###### 2023-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə görə “hesabat dövrü qurtardıqdan sonra” sözlərindən sonra “(səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)” sözləri əlavə edilmişdir.
36. Mübahisələndirilən borc isə 2017-2019-cu illər üçün hesablanmış borca aid olan maliyyə sanksiyasından ibarətdir, səyyar vergi yoxlamasının nəticələrinə dair qərar 2021-ci ildə çıxarılmışdır. Həmin qərar üzrə əsas borc cinayət araşdırması zamanı ödənilsə də, maliyyə sanksiyasının ödənilməsi vergi orqanı tərəfindən tələb edilməmiş və bununla bağlı hər hansı tədbir görülməmişdir.
37. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırda mübahisə predmeti olan hesabat dövrü 2017-2019-cu illəri əhatə etdiyindən və mübahisəli qərar 2021-ci ildə çıxarıldığından, VM-in 85.4-cü maddəsinə edilmiş yuxarıda göstərilən dəyişiklik isə bundan sonra, yəni ##.##.2023-cü ildə qüvvəyə mindiyindən həmin dəyişikliyin müddəaları hazırkı mübahisəyə tətbiq edilə bilməz. Bu səbəbdən də hazırkı halda borcun ümidsiz borc kimi silinməsi üçün 5 illik müddətin axımının başlanığıcı, mübahisəli qərarın qəbul edildiyi 2021-ci ilə deyil, hesabat dövrünün bitdiyi 2019-cu ilə təsadüf edir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin mübahisəli borcun silinməsi barədə gəldiyi nəticə mahiyyət etibarilə qanuni və əsaslıdır.
38. Buna baxmayaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi borcun silinməsi ilə bağlı maddi hüquq normasını düzgün tətbiq etsə də, iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır.
39. Kassasiya şikayətinin dəlillərindən görünür ki, “iddiaçının iddia ərizəsində qeyd etdiyi cəmiyyətin şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş borcun 419477,43 manat hissəsi iddiaçı tərəfindən ödənilmişdir və hal-hazırda cəmiyyətin şəxsi hesab vərəqəsində 192986,60 manat ödənilməmiş maliyyə sanksiyası borcu qalmışdır.”
40. İddiaçı tərəf isə kassasiya icraatı zamanı kassasiya şikayətinə dair etiraz təqdim edərək cavabdehin bu dəlili ilə razılaşmamış və öz mövqeyini əsaslandırmaq üçün zəruri hesab etdiyi sənədləri təqdim etmişdir.
41. Maraqlısı odur ki, iş materiallarına əlavə edilmiş iddiaçının ## ###### 2025-ci il tarixli “Şəxsi hesab vərəqəsi”ndən çıxarışdan görünür ki, “cəmi ödənilməli borc” 410.178,78 manat olaraq göstərilmişdir. Apellyasiya icraatında təqdim olunmuş ## ######## 2025-ci il tarixli “Şəxsi hesab vərəqəsi”ndən çıxarışdan isə görünür ki, “cəmi ödənilməli borc” 461.242 manat təşkil edir.
42. Məhz apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, 2-1(102)-517/2023 və *-*(***)-****/**** nömrəli qərarlarında formalaşmış məhkəmə təcrübəsinə əsasən, ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməlidir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; - müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; - ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği.
43. Buna baxmayaraq borcun məbləğinin müəyyən edilməsi ilə əlaqədar sadalanmış hallar hazırkı işə baxmış məhkəmə kollegiyası tərəfindən nəinki nəzərə alınmamış, ümumiyyətlə “borc məbləği barədə mübahisə yoxdur” kimi qiymətləndirmə aparılaraq qərar çıxarılmışdır.
44. Halbuki bu hallar aydınlaşdırılmadan iddiaçının tələbinin hansı hissədə əsaslı sayılıb-sayılmaması məsələsinə düzgün qiymət verilməsi qeyri-mümkündür.
45. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı sadalanmış hallar mötəbər sənədlər əsasında ətraflı yoxlanılmalı və digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.
47. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
48. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.