Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-317/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral qərarın ləğv edilməsi; iddia müddəti; gücləndirilmiş imza; elektron sənəd dövriyyəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” ##.##.2019-cu il tarixli, **************** nömrəli Qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçının 2018-ci ilin 4-cü rübü üzrə gəlirləri 140.947,98, xərcləri isə 17.802,29 manat olmuşdur. 2.Iddiaçı tərəfindən MDSS bəyannaməsi təqdim edilmədiyi üçün cavabdeh tərəfindən ##.##.2019-cu il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. 3.Iddiaçı tərəfindən qeyd edilən məktuba münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən 2018-ci ilin 4-cü rübünə “MDSS Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst (0300) kodlu” bəyannaməsi üzrə 24.629,13 (gəlir(140.947,98)xərc(17.802,29))*20%) manat hesablanılmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2019-cu il tarixli **************** nömrəli qərar qəbul edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 4.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” ##.##.2019-cu il tarixli, **************** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. 5.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, notariat fəaliyyəti ilə məşğul olur və hazırda * saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusudur. Bu illər ərzində vergi ödəyicisi kimi öhdəliklərini, o cümlədən, məcburi dövlət sosial sığorta ödənişlərini tam həcmdə və vaxtında ödəmişdir. Lakin cavabdeh tərəfindən ona göndərilmiş ##.##.2023-cü il tarixli, **************** nömrəli “Bildiriş”də onun məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olması göstərilmişdir. Halbuki onun 2017-2023-cü illər üzrə hər hansı vergi borcu olmamışdır və hazırda da yoxdur. Belə olan halda, cavabdehin onun barəsində hesabladığı borc məbləği əsassızdır. Həmçinin, sonrakı dövrlər üçün ödədiyi məcburi dövlət sosial sığorta haqları onun barəsində hesablanan borcların ödənilməsinə yönəldilmişdir. Onun barəsində hesablanmış borcların yaranmasına əsas olmuş sənədlər nə cavabdeh tərəfindən təqdim olunmuş, nə də borcun yaranma əsasları ona izah olunmuşdur. 6.Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd olunan borc məbləğinin əsassız və qanunsuz hesablandığını, hesablanmış borcların yaranmasına əsas olmuş sənədlərin və qərarın ona təqdim edilmədiyini bildirsə də, onun tərəfindən 2018-ci ilin 4-cü rübü üzrə müvafiq MDSS bəyannaməsi təqdim edilmədiyi üçün yaranmış kənarlaşma ilə əlaqədar olaraq ##.##.2019-cu il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub elektron poçt ünvanına göndərilmişdir. Həmin məktub iddiaçı tərəfindən ##.##.2019-cu il tarixdə saat 08:22 oxunmuş, lakin hər hansı sənəd təqdim edilməmişdir. Iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 24.629,13 manat hesablanılmış və qərar qəbul edilmişdir. Həmin qərar ##.##.2019-cu il tarixində iddiaçının elektron poçtuna göndərilmiş və ##.##.2019-cu il tarixdə saat 17:26 oxunmuşdur. Göründüyü kimi, iddiaçı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2019-cu il tarixli **************** nömrəli kameral hesablama barədə qərarla tanış olmuş, ancaq qeyd olunan qərarı mübahisələndirməmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. 7.Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə (hakim L.Mirzəyeva) iddia mümkün sayılmamışdır. 8.Məhkəmə qeyd etmişdir ki, iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Inzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirilən qərardan məlumatlı olmuşdur. Belə ki, qərar ##.##.2019-cu il tarixdə iddiaçının elektron poçtuna göndərilmiş, ##.##.2019-cu il saat 17:26 tarixində oxunmuşdur. Lakin iddiaçı qərarı məhkəmədə ##.##.2023-cü il tarixdə mübahisələndirməklə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən iddia mümkünsüzdür. 9.Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat 10.Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: İ.Quliyev /sədrlik edən və məruzəçi/, V.Əzizova və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 11.Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Inzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 4 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. Bundan əlavə iddiaçı apellyasiya şikayətində cavabdeh tərəfindən qəbul olunmuş qərarlardan ümumiyyətlə xəbəri olmadığını, yalnız cavabdehin verdiyi etirazla tanış olandan sonra qərarların qəbul olunmasından məlumatı olduğunu qeyd etsə də, iş materiallarından sözügedən qərarın ## ###### 2019-cu il tarixdə vergi ödəyicisinə göndərilməsi və sonuncu tərəfindən ## ######## 2019-cu il tarixdə oxunması göründüyündən iddiaçının dəlilləri əsassızdır. 12.Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri: 13.Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh mübahisələndirilən qərarın ##.##.2019-cu il tarixdə göndərildiyini və ##.##.2019-cu il tarixində saat 17:26-da oxunulduğunu bildirsə də, həmin qərar əvvəllər heç bir zaman iddiaçıya çatdırılmamışdır. Buna dair heç bir tutarlı sübut da təqdim olunmamışdır. Bundan əlavə, hələ 2023-cü ildə iddia verilməmişdən öncə, cavabdehə müvafiq ərizə yazılmış və borcun hesablanmasına əsas olmuş qərarın surəti istənilmişdir. Lakin həmin müraciətə hər hansı bir cavab da verilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
14. Vergi Məcəlləsi Maddə 70. Vergi ödəyiciləri ilə yazışma ... 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ...
70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur.
15. “Inzibati icraat haqqında” Qanun Maddə 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir.
Maddə 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: ... 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; ... 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Maddə 59.2. Inzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. Maddə 62.2. ... elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
16.“Elektron imza və elektron sənəd haqqında” Qanun Maddə 1.1.5. Gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; Maddə 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Maddə 22.1. Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir. Maddə 22.2. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. Maddə 22.3. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.
17.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
18.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 19.Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
20.Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki, qərardad ləğv edilməklə iş təkrar baxılıması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 21.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 22.Hazırkı iş üzrə iddiaçının tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” ##.##.2019-cu il tarixli, **************** nömrəli qərarın ləğv edilməsi ilə bağlı olub, mübahisələndirmə haqqında iddiaya aiddir. 23.Işə baxan birinci instansiya məhkəməsi və onun hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” ##.##.2019-cu il tarixli qərarın mübahisələndirilməsi ilə bağlı IPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. 24.Apellyasiya instansiyası məhkəməsi həmin qərarın iddiaçıya ## ###### 2019-cu il tarixində elektron qaydada göndərildiyini və sonuncu tərəfindən ##.##.2019-cu il tarixində oxunduğuna istinad etmiş, habelə mövqeyini Ali Məhkəmənin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarına istinadən əsaslandırmışdır. 25.Bununla bağlı qeyd edilməlidir ki, Ali Məhkəmənin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarındakı hüquqi mövqenin mahiyyəti elektron informasiya sistemi vasitəsilə göndərilmiş hər bir sənədin qeyd-şərtsiz olaraq təqdim edilmiş sayılmasından ibarət deyildir. Həmin qərarda həll olunan əsas hüquqi məsələ elektron formada tərtib edilmiş inzibati aktın həqiqiliyinin hansı vasitələrlə müəyyən olunması və sənədin üzərində QR kodun olmamasının özlüyündə onun elektron sənəd kimi qəbul edilməsini istisna edib-etməməsi ilə bağlı olmuşdur. Sözügedən qərarda Ali Məhkəmə belə nəticəyə gəlmişdir ki, elektron sənədin həqiqiliyinin yoxlanılması yalnız onun vizual təsvirində QR kodun və ya digər oxşar rekvizitin mövcudluğu ilə məhdudlaşdırıla bilməz. Elektron sənədin həqiqiliyi, ilk növbədə, sənədə əlavə edilmiş elektron imzanın yoxlanılması, sənədin tamlığının və bütövlüyünün, habelə onu imzalamış şəxsin müəyyən edilməsi vasitəsilə təsdiqlənir. Başqa sözlə, həmin qərarda ifadə olunmuş hüquqi mövqe sənədin zahiri görünüşünün deyil, onun elektron imza ilə təsdiqlənmiş orijinal elektron formasının və bu imzanın müvafiq texniki vasitələrlə yoxlanılması imkanının həlledici əhəmiyyət daşımasına əsaslanmışdır. Həmin iş üzrə həm də mübahisələndirilən inzibati aktların vergi orqanı tərəfindən gücləndirilmiş elektron imza ilə imzalandığı və elektron sənədin özünün ictimaiyyət üçün açıq olan müvafiq elektron platforma vasitəsilə yoxlanılmasının mümkün olduğu müəyyən edilmişdir. 26.Bu baxımdan, həmin qərardakı hüquqi mövqenin hazırkı işə tətbiqi üçün ilk növbədə, mübahisələndirilən ##.##.2019-cu il tarixli inzibati aktın elektron sənəd formasında yaradılıb-yaradılmadığı, gücləndirilmiş elektron imza ilə imzalanıbimzalanmadığı, elektron imzanın kimə məxsus olduğu, onun qüvvədə olub-olmadığı, habelə sənədin tamlığının və bütövlüyünün texniki vasitələrlə yoxlanılmasının mümkün olub-olmadığı müəyyən edilməli idi. 27.Lakin iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları araşdırmadan, yalnız mübahisələndirilən qərarın vergi ödəyicisinin elektron kabinetinə göndərilməsi və iddiaçı tərəfindən müəyyən tarixdə oxunması barədə sistem məlumatlarına istinad etməklə kifayətlənmişdir. 28.Nəzərə alınmalıdır ki, inzibati aktın təqdim edilməsi iddia müddətinin başlanmasına səbəb olan hüquqi faktdır. Iddia müddətinin başlanğıcı şəxsin hər hansı məlumatı elektron kabinetdə görməsi ilə deyil, qanunvericiliyin tələblərinə cavab verən inzibati aktın ona lazımi qaydada təqdim edilməsi ilə əlaqələndirilir. Bu mənada elektron kabinetdə “göndərildi”, “çatdırıldı” və ya “oxundu” qeydlərinin mövcudluğu inzibati aktın təqdim olunmasını təsdiqləyən mühüm sübutlardan biri hesab oluna bilər. Bununla belə, belə texniki qeydlər təqdim olunan sənədin həqiqiliyi, bütövlüyü və onu qəbul etmiş inzibati orqanın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanması ilə bağlı məsələləri əvəz etmir. Xüsusilə iddiaçı elektron sənədin lazımi formada təqdim edilmədiyini mübahisələndirdiyi halda, məhkəmə elektron sistemdə yerləşdirilmiş sənədin elektron sənəd haqqında qanunvericilikdə müəyyən edilmiş forma, imza, həqiqilik və bütövlük tələblərinə uyğun olub-olmadığını araşdırmalıdır. Inzibati aktın təqdim olunması faktının müəyyən edilməsi iddianın mümkünlüyünə birbaşa təsir etdiyindən bu məsələdə sübut standartı formal yanaşma ilə məhdudlaşdırıla bilməz. Iddia müddətinin ötürülməsi nəticəsində şəxsin məhkəməyə çıxış imkanının aradan qalxması nəzərə alındıqda, müddətin başlanmasına əsas verən hallar aydın, mötəbər və ziddiyyətsiz sübutlarla təsdiqlənməlidir. 29.Ali Məhkəmənin istinad olunan qərarında da elektron sənədin həqiqiliyinin yoxlanılmasının QR kodun mövcudluğu ilə məhdudlaşdırılmaması göstərilsə də, elektron sənədin həqiqiliyinin ümumiyyətlə yoxlanılmasına ehtiyac olmadığı barədə mövqe ifadə edilməmişdir. 30.Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin həmin qərara istinadı yalnız o halda əsaslı hesab edilə bilərdi ki, hazırkı işdə də mübahisələndirilən inzibati aktın gücləndirilmiş elektron imza ilə imzalanması və həmin imzanın həqiqiliyinin yoxlanılması mümkünlüyü müəyyən edilmiş olsun. Belə bir araşdırma aparılmadan Ali Məhkəmənin əvvəlki qərarına istinad edilməsi həmin qərarda müəyyən olunmuş hüquqi mövqenin məzmununun natamam tətbiqinə gətirib çıxarmışdır. 31.Qeyd edilənlər nəzərə alınmaqla, mübahisələndirilən inzibati aktın iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada təqdim edilib-edilmədiyi yenidən araşdırılmalı, bu məqsədlə mübahisələndirilən ##.##.2019-cu il tarixli inzibati aktın elektron sənəd formasında gücləndirilmiş elektron imza ilə imzalanıb-imzalanmadığı, elektron imzanın kimə məxsus olduğu, onun qüvvədə olub-olmadığı, habelə sənədin tamlığının və bütövlüyünün texniki vasitələrlə yoxlanılmasının mümkün olub-olmadığı müəyyən edilməlidir. Yalnız həmin hallar dəqiq araşdırıldıqdan sonra inzibati aktın təqdim olunma vaxtı və buna müvafiq olaraq IPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin başlanğıcı müəyyən edilə bilər. 32.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadı ləğv edilsin. Iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.