Məhkəmə qərarları › İş №2-1(1-8)-321/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-321/2026

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-321/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi barədə qərarın dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X1rşı “cavabdeh orqan tərəfindən iddiaçıya ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək orqanizmin funksiyalarının 35%-nin pozulmasına görə əlilliyin təyin edilməsi barədə ##.##.2023-cü il tarixli *******0012 saylı qərarın dəyişdirilərək, iddiaçıya həmin dövrdə (##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək) orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçıya ilk dəfə ##.##.2017-ci il tarixində beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün xxxx tərəfindən ##.##.2023-cü il tarixli, K********GDR nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu M31.0 “Hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit”, ağırlaşmaları: I87.2 “(Xroniki) (periferik) venoz çatmamazlıq, hər iki aşağı ətraf damarların xroniki venoz çatmamazlığı”, E11.5 “Insulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Aşağı ətrafların diabetik angiopatiyası, aşağı ətraflarda trofiki yaralar”, yanaşı xəstəlikləri: E11.4 “Insulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla, diabetik polineyropatiya”, E11.7 “Insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II Tip orta ağır forma”, E11.3 “Insulindən asılı olmayan şəkərli diabet, Gözlərin zədələnməsi ilə., OU- X3 OU-0.4 k/ilə + 1.0D = 1.0”, L57.0 “Aktinik (fotokimyəvi) keratoz, Aktinik Keratoz”, I10 “Essensial [birincili] hipertenziya, Arterial Hipertenziya II dərəcə, əlavə risk III (Yüksək)”, M17.0 “Birincili ikitərəfli qonartroz, ikitərəfli qonartroz. İ-II Dərəcə Rentgenoloji dövr” olaraq qeyd edilmişdir.

3. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, iddiaçıya ## ###### 2023-cü il tarixində ümumi xəstəlik səbəbi ilə orqanizm funksiyalarının 35% pozulması ilə iki il müddətinə ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək əlillik təyin edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək orqanizmin funksiyalarının 35%-nin pozulmasına görə əlilliyin təyin edilməsi barədə inzibati orqanın ##.##.2023-cü il tarixli *******0012 saylı qərarının dəyişdirilərək, ona həmin dövrdə (##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək) orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1963-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Uzun illərdi “xxxx” publik hüquqi şəxsi Sumqayıt * nömrəli şəhər xəstəxananın doğuş şöbəsinin tibb bacısı vəzifəsində işləyir. Sumqayıt Inzibati Məhkəməsinə müraciət etməkdə məqsədi məhkəməyə uzun illərdi əziyyət çəkdiyi xəstəlik barəsində məlumat verərək qanunsuz və əsassız yerə dayandırılmış 2-ci dərəcəli əlilliyinin yenidən bərpa edilməsi və əlilliyinin dayandırılmasından bərpasına kimi olan müddətə ödənilməmiş müavinətlərin ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasından ibarətdir. Belə ki, 2016-cı il tarixdə səhhətində baş verən ciddi dəyişiklikdən sonra demək olar ki, əmək qabilliyətinin çox hissəsini itirmişdir. Azərbaycanda bu xəstəliyi ilə bağlı bir çox yerlərə müraciət etsə də, dəqiq diaqnoz qoyulmasında çətinlik çəkirdilər. Bir müddətdən sonra xəstəliyinin nədən ibarət olması müəyyən edilərək müalicələrə başlamışdır. Həmçinin müalicələrin bir qismini də Iranda almışdır. 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək iddiaçıya əlillik dərəcəsinin verilməsini xahiş etmişdir. Bir çox əsassız imtinalardan sonra nəhayət ##.##.2017-ci il tarixdə iddiaçıya xəstəliyi ilə bağlı “Digər nekrozlaşan vaskulopatiyalar, Sistem vaskulit hiper həssas anqiit yarım kəskin gediş. Orta və xırda damarların nekrotik zədələnməsi ilə Patoloji sınıq olmadan osteoporoz, Qlükokortikoidli osteoparoz. Aşağı ətrafın mononevropatiyaları, (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq 2-ci dərəcə. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Xronik nefritik sindrom, Xroniki qlomerulo nefrit Böyrək daşı xəstəliyi, Qastrit və duodenit, Steroidə baglı qastropatiya” diaqnozu qoyulmuş və 2-ci qrup əllilik müəyyən olunaraq 5 illik müddətinə 2-ci dərəcəli əlillik vermişdirlər. Bu 5 (beş) il ərzində əlilliyinə görə təyin olunmuş müavinəti vaxtı-vaxtında alırdı və bununla yanaşı 2 növbəli iş rejimindən 1 növbəli iş rejiminə keçirilmişdi. Növbəti 5 (beş) illik müddətinə 2-ci qrup əlilliyin verilməsindən əsassız yerə imtina edilərək iddiaçının konstitusion hüquqlarını kobud şəkildə pozaraq qanunun tələblərini nəzərə almamışlar.

6. Cavabdehin iddiaya yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

7. Sumqayıt Inzibati Məhkəməsinin 2 *(***)-****/**** nömrəli, ## ##### 2023-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 1 (bir) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. Cavabdehin ## #### 2023-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə ##.##.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin, o cümlədən aşağı ətraf damarlarının dopler müayinəsinin nəticəsi olaraq əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

9. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən cavabdeh qurumun ekspertinin iştirakı ilə verilmiş T***/**** nömrəli, ## ######## 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən “Diaqnozun mətni: М31.0-hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit, E11.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrafların diabetik angiopatiyası, aşağı ətraflarda trofiki yaralar” diaqnozu onun hazırkı real xəstəlik vəziyyətini əks etdirir. İddiaçı hazırda əziyyət çəkdiyi yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.7-ci bəndinə əsasən ##.##.2023-cü il tarixdə ümumi xəstəliklə əlaqədar 2 il müddətinə (35%) III qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı əziyyət çəkdiyi xəstəliklər xronikidir, remissiya fazasında olsa belə kəskinləşərsə, yenidən müalicəyə cəlb edilə bilər”.

11. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə olunmuş, eskpertizanın keçirilməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin nümayəndəsi (mübahisələndirilən qərarın verilməsində iştirak edən mütəxəssislər istisna olmaqla) və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsin mütəxəssisinin iştirak etməsi qərara alınmışdır.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən cavabdeh qurumun ekspertinin iştirakı ilə verilmiş T**/**** nömrəli, ## ###### 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “İddiaçınm əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “М31.0- hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit, E11.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrafların diabetik angiopatiyası, aşağı ətraflarda trofiki yaraları” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Qeyd edilən xəstəliklər şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişiklərlə öz təsdiqini tapdığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli №*** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşür və “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.7-ci bəndinə əsasən ##.##.2023-cü il tarixdə ümumi xəstəliklə əlaqədar 2 il müddətinə (35%) III qrup əlillik təyinatı düzgün olunmuşdur. İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə göstərilən patofunksional dəyişikliklər özünün əyani müayinəsi zamanı da aşkar edilmişdir”.

13. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ##### 2024-cü il tarixli qərardadı ilə əvvəlki qərardadda qoyulmuş sualların natamam cavablandırılması səbəbi ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə olunmuş, eskpertizanın keçirilməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin nümayəndəsi (mübahisələndirilən qərarın verilməsində iştirak edən mütəxəssislər istisna olmaqla) və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsin mütəxəssisinin iştirak etməsi qərara alınmışdır.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T***/**** nömrəli, ## #### 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “İddiaçı məhkəmə tibbi müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində xxxxnə göndərilmiş və onun ##.##.2024-cü il tarixdə aşağı ətraf arteriyalarının doppleroqrafıyası müayinəsi zamanı onda magistral arteriyaların aterosklerozu aşkar edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas xəstəlik: M31.0-hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit. Ağırlaşma: I87.2-xroniki (periferik) venoz çatmamazlıq, hər iki aşağı ətraf damarlarının xroniki venoz çatmamazlığı, E11.5 insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrafların diabetik angiopatiyası, aşağı ətraflarda trofıki yaralar. Yanaşı xəstəliklər: E11.4 insulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, polineyropatiya, E11.7 insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II tip orta ağır forma, E11.3insulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, OU çoxsaylı ağırlaşmalarla, diabetik angiopatiya, VizOU-0,4k\ilə+l,0D=l,0, I10-essensial (birincili) hipertenziya II dərəcə, arterial hipertenziya II dərəcə, əlavə risk III” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. O, hazırda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər öz təsdiqini tapdığından hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının 11.2.7.1. bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən iki il müddətinə orqanizmin funksiyalarının 35% (otuz beş faiz) pozulması barədə qərarına uyğun olaraq III qrup əlilliyin təyinatı düzgün olmuşdur”.

15. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, cavabdehin ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək orqanizmin funksiyalarının 35%-nin pozulmasına görə əlilliyin təyin edilməsi barədə ##.##.2023-cü il tarixli *******0012 saylı qərarı dəyişdirilmiş, iddiaçı İddiaçı (##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək) orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır .

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən essensial (birincili) hipertenziya II dərəcə, arterial hipertenziya II dərəcə, əlavə risk III (I10-I15); xroniki (periferik) venoz çatmamazlıq, hər iki aşağı ətraf damarlarının xroniki venoz çatmamazlığı (I80-I89); insulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, polineyropatiya (E11) müşahidə olunan şəxsə əlillik təyin edilir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda ##.##.2023-cü il tarixli göndərişdə qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2 *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik hüquqi şəxsinin başqa ekspertinə tapşırılmışdır.

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas xəstəlik: М31.O-hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit. Ağırlaşma: I87.2-xroniki (periferik) venoz çatmamazlıq, hər iki aşağı ətraf damarlarının xroniki venoz çatmamazlığı, E11.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrafların diabetik angiopatiyası, aşağı ətraflarda trofiki yaralar. Yanaşı xəstəliklər: E11.4-insulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, polineyropatiya, E11.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II tip orta ağır forma, E11.3 insulindən asıl olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, OU-çoxsaylı ağırlaşmalarla, diabetik angiopatiya, VizOU-0,4k\ilə+l,0D=1,0, I10-essensial (birincili) hipertenziya II dərəcə, arterial hipertenziya II dərəcə, əlavə risk III diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. O, hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir. İddiaçı əziyyət çəkdiyi Əsas diaqnoz olan “Hiperhəssas angiit, sistemləşən nekrozlaşan toksiki allergik vaskulit” (XBT kodu М31.0) xəstəliyi “Şəkərli diabet çoxsaylı fəsadlarla” (XBT kodu E11.4) xəstəliyinin yaranmasına səbəb ola bilməzdi. Belə ki, hər biri ayrı-ayrı nozoloji xəstəlik vahidləridir və hər birinin yaranma səbəbləri müxtəlifdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: İ.Quliyev – sədrlik edən və məruzəçi, V.Əzizova və G.Cabbarova) Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilərək iddiaçıya orqanizm funksiyalarının 35% pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi barədə cavabdeh orqanın ## ###### 2023-cü il tarixli qərarının dəyişdirilərək, orqanizm funksiyalarının 65-80% pozulmasına görə iki il müddətinə (##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək) əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilk dəfə ##.##.2017-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin mübahisələndirilən qərar ilə onun əlillik dərəcəsi azaldılmışdır. Iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Hazırki mübahisə qeyd olunan xəstəliklər üzrə pozuntunun hansı dərəcədə olması ilə əlaqədardır. Iş materiallarına əlavə olunmuş ambulator kitabçadan *******ABU*Q nömrəli çıxarışda “xəstəliyin nəticəsi” qrafasında E11.7 Şəkərli diabet tip 2 insulin tələbli çoxsaylı ağırlaşmalarla, E78 Hiperxolesterinemiya. M31.0 Digər nekrozlaşan vaskulit hiperhəssas forma. ətraf damarların angiopatiyası ilə yarımkəskin gedişat. R26.8 Yeriş və hərəkətin çətinləşməsi. R52.2 Daimi ağrı sindromu. I67.4 Disskulyator ensefalopatiya. I15.9 Dəqiqləşməmiş arterial hipertenziya II mər. IV r.q. K76.0 Qara ciyərin piy hepatosteatozu olaraq qeyd olunmuşdur. Iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 11.2.7.2-ci bəndlərinə uyğun olaraq) əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda sözügedən xəstəliyin mövcudluğu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyin edilməsinə əsas olması nəzərə alınanda iddiaçının tələbində haqlı olduğu müəyyən edilir. Iddiaçı barəsində sonuncu– L********EUY nömrəli göndəriş Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2023-cü il tarixdə tərtib edildiyindən hazırki işin hüquqi hallarına hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq qiymət verilmişdir. Meyarların tələbləri baxımından isə “əlilliyin dərəcəsi” anlayışı “orqanizmin funksiyalarının pozulması faizi” anlayışı ilə əvəz edilmişdir.

22. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Iddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

25. “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz

26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

29. Inzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə mövqeyi mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına və qeyd olunan məsələ ilə bağlı formalaşmış inzibati məhkəmə təcrübəsinə uyğun olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

36. “Inzibati icraat haqqında” Qanunun qanunda istifadə edilən anlayışların, o cümlədən diskresion səlahiyyət anlayışının mahiyyətini açıqlayan 2-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir.

37. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.25-ci maddəsində diskresion səlahiyyətlərə orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər kimi leqal definisiya verilmişdir.

38. Hazırkı iş üzrə cavabdeh inzibati orqan xxxx əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X4 tərtib etmək və onun icrasına nəzarət etmək Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir.

39. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

40. Əlillik “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

41. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi və müddəti göstərilmişdir.

42. Bundan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətini müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

43. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir.

44. Dolayısı ilə, bu sahədə məhkəmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir.

45. Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

46. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə, şəxsdə “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavab verən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır.

47. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirmə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının hədləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir.

48. Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququndan düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır.

49. Cavabdehin də kassasiya şikayətinin əsas dəlilini eyni məsələ, yəni diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilənin qanunsuz olması təşkil etdiyindən, yuxarıda göstərilən əsaslarla həmin dəlili məhkəmə kollegiyası əsassız hesab edir.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar