Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-324/2026 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. DSX Hərbi Hospitalının Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən iddiaçı barəsində qəbul edilmiş ## ##### 2024-cü il tarixli, *** nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, iddiaçı 2-ci Qarabağ müharibəsindən sonra özünü xəstə hesab edir, onun “mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu, anamnezdə funksional tutmalarla” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 1)17 “b”, 45 “c”, 13 “d” maddələrinin III qrafasına ƏTC-yə əsasən “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” olaraq müəyyən edilmişdir.
2. Iddiaçıya TSEK-ə göndərilməsi üçün Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2024-cü il tarixli, C********KUX nömrəli göndəriş (Forma 088) verilmiş, həmin göndəriş əsasında onun əlilliyi ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
3. Həmin qərardan iddiaçının şikayəti ilə əlaqədar ##.##.2024-cü il tarixdə onun əyani müayinəsi aparılmış və cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarı ilə əlilliyin müəyyən edilməsindən imtina olunmuşdur.
4. Bundan sonra iddiaçı barəsində Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2025-ci il tarixli, Y********EZV nömrəli göndəriş (Forma 088) tərtib edilmişdir.
5. Həmin göndərişə əsasən TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişkənliyi,dissosisativ daxilolmalarla, ağırlaşmaları J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki obstruktiv bronxit, kəskinləşmələrlə, F44.8 - digər dissosiativ (konversion) pozuntular, Mülayim dərəcədə ifadə olunmuş dissosativ konversion pozuntu, anamnezində funksional tutmalar, yanaşı xəstəlik olaraq isə - I83.9 - aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Sağ aşağı ətrafların varikoz genişlənməsi göstərilmişdir.
6. Sözügedən göndəriş əsasında iddiaçının əlilliyi ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
7. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0002 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş və yaralanmışdır. Səhiyyə Nazirliyi xxxx PHŞ tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **** saylı rəyə əsasən onun diaqnozu F62.0 kimi müəyyən edilmişdir. Lakin ona cavabdeh tərəfindən əlillik təyin edilməmişdir.
9. Cavabdehin iddiaya qarşı etirazının dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə ##.##.2024-cü il tarixdə baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Vətəndaşın əlilliyinin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində ## ###### 2024-cü il tarixində Agentliyə ilkin müraciət ərizəsi daxil olmuş və ##.##.2024-cü il tarixli məktubla cavablandırılmışdır.
10. Şirvan Inzibati Məhkəməsinin (hakim: P.T.Qurbanova) ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir.
11. Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçıda Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalara F62.0 aşkar olunur. Bunu anamnestik məlumatlar kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, xxxxnda Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla F 62.0 diaqnozu təyin olunması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. Ekspert əlilliyin konkret meyar və faiz üzrə qiymətləndirilməsinə dair sualları əmək ekspertizasına aid hesab etməklə cavablandırmamışdır.
12. Şirvan Inzibati Məhkəməsinin (hakim: P.T.Qurbanova) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0002 nömrəli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda mövcud olan F62.0 kodlu - fəlakət (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma mənşəli) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalara xəstəliyi iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmçinin, həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Iddiaçı barəsində sonuncu dəfə verilən tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 7.7-ci bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki-funksional xüsusiyyətlərinə, qiymətləndirməsi isə həmin Əsasnamənin 7.7.1.1-ci bəndi ilə uyğunluq təşkil edir.
14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov / sədrlik edən və məruzəçi, M.S.Sadıqov və C.Ə.Quliyev) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Şikayətdə əsasən göstərilmişdir ki, iddiaçının əyani müayinəsi zamanı əlilliyin müəyyən edilməsinə əsas verən klinikfunksional əlamətlər aşkar edilməmişdir. Məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq iddiaçıya əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar qəbul etməklə Agentliyin diskresion səlahiyyətinə müdaxilə etmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin, səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81- 100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında– 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
23. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. Inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. Iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü Inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri çərçivəsində işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə müəyyən edilmiş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi ##.##.2025-ci il tarixdə qiymətləndirilərək ona “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə imtina cavabı verilmiş, iddiaçı verilən imtina ilə razılaşmayaraq, ona əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
31. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtinada, apellyasiya və kassasiya şikayətlərinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd olunan diaqnoz birinci instansiya məhkəməsində araşdırma zamanı iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.
32. Hazırkı qərarın 5-ci bəndində qeyd edilən Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, Y********EZV nömrəli göndərişdən göründüyü kimi onda əsas diaqnozu XBT 10 F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişkənliyi, dissosativ daxilolmalarla, ağırlaşmaları J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki abstruktiv bronxit, kəskinləşmələrlə, F44.8 - digər dissosiativ (konversion) pozuntular, Mülayim dərəcədə ifadə olunmuş dissosativ konversion pozuntu, anamnezində funksional tutmalar, yanaşı xəstəlik olaraq isə - I83.9 - aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Sağ aşağı ətrafların varikoz genişlənməsi diaqnozlu xəstəliklər mövcuddur.
33. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx tərəfindən iddiaçının əyani müayinəsi keçirilərək məhkəməpsixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyi verilmişdir.
34. Həmin rəydə kliniki psixopatoloji metodla əyani müayinə aparıldığı, iddiaçının ünsiyyətə bir qədər çətin daxil olduğu, suallara fasilədən sonra cavab verdiyi, nitqinin tempinə görə ləngidiyi, əhvali-ruhiyyəsinin dəyişkən və enməyə meylli olduğu, xarici qıcıqlara həssaslığının yüksəldiyi və söhbət zamanı tez yorulduğu da təsvir edilmişdir.
35. Yekunda rəydə qeyd olunanlardan görünür ki, əyani müayinə zamanı iddiaçıda fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalara F62.0 diaqnozlu xəstəlik aşkar olunur. Bunu anamnestik məlumatlar kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, xxxxnda Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalara F62.0 diaqnozu təyin olunması, həmçinin, hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir.
36. Göründüyü kimi, ekspert rəyi iddiaçıda aşkar olunan F62.0 kodlu xəstəliyin müayinə zamanı müşahidə olunmuş funksional təzahürlərini də ehtiva edir.
37. Həmin məlumatlar tibbi göndərişlərin məzmunu ilə də əlaqəli təhlil edilməlidir. Belə ki, ##.##.2024-cü il tarixli ilkin göndərişdə iddiaçı barəsində emosional labillik, impulsivlik, dava-dalaşa meyllilik, tez özündən çıxma və yuxu pozuntusu, ##.##.2025-ci il tarixli göndərişdə isə bunlarla yanaşı konfliktə meyllilik, özünə qapanma və ünsiyyət zamanı gərginlik təsvir edilmişdir.
38. Bu sənədlər xəstəliyin davam edən gedişi və davranış-emosional sahədə təzahürləri barədə məlumat verir. Hər iki göndərişdə F44.8 kodlu dissosiativ-konversion pozuntunun, anamnezində funksional tutmaların F62.0 kodlu əsas diaqnozun ağırlaşması kimi göstərilməsi də nəzərə alınmalıdır.
39. Bundan başqa, iş materiallarında olan “xxxx” X1 tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2024-cü il tarixli, **** nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il tarixli, *-**/*-*-***/**** nömrəli “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla F62.0” diaqnozu qoyulmuşdur.
40. Qeyd edilənləri nəzərə alaraq kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş Y********EZV nömrəli göndərişdə qeyd olunan diaqnoz iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı verilmiş məhkəməpsixiatrik ekspertizasının rəyi, eləcə də, “xxxx” PHŞ-nin rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.
41. Belə ki, F62.0 kodlu xəstəlik isə AR Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın Psixi və davranış pozuntuları” bölməsinin 7.7.1.1-ci, 7.7.1.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir.
42. “Əlilliyin müəyyən olunması meyarları”nın həmin bəndlərindən görünür ki, F62.0 kodlu xəstəlik: - fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski halında orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə; - bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması hallarında isə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir.
43. Hazırkı qərarın 34-cü bəndində qeyd olunan ekspert rəyindən göründüyü kimi, iddiaçıda əsəbilik, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi kimi patofunksional əlamətlər fonunda F62.0 kodlu “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” diaqnozlu xəstəlik aşkar edilmişdir.
44. Beləliklə, qeyd olunanlara əsasən iddiaçıda F62.0 kodlu xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndində qeyd olunduğu kimi - 3 aydan çox davam edən dekompensasiyalar, münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski kimi patofunksional əlamətlərlə müşahidə edildiyi müəyyən edilir.
45. Cavabdeh kassasiya və apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
46. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
47. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
49. Bu mənada, kassasiya şikayətinin həmin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
50. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.