Məhkəmə qərarları › İş №2-1(1-8)-325/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-325/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-325/2026 01.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətsiz əlilliyin bərpa edilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Rahib Nəbizadə və Sərvər Vəliyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2023-cü il tarixli *******0002 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdehin ##.##.2023-cü il tarixli, *******0002 nömrəli qərarı ləğv edilmiş, müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etmədən, yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya qoymadan, iddiaçını əyani müayinəyə cəlb etmədən (əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların və şəxsin əyani müayinə olunmasını təsdiq edən sübutların təqdim edilməsi üçün məhkəmə tərəfindən sorğu göndərilsə də, qeyd edilən məsələlər ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının əyani müayinə olunmadığını etiraf etmişdir) iddiaçıya münasibətdə hər hansı bir icraat aparmadan, onun məlumatlandırılmasını və dinlənilməsini təmin etmədən mübahisələndirilən qərarı qəbul etmişdir. Cavabdeh orqan tərəfindən özünün əvvəlki qüvvədə olan əlverişli inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə riayət etməmişdir.

6. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2, 96.2- 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali 96.3, 7. Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, müddətsiz əlilliyin təyin olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın mümkün olmadığının qəbul edilməsidir. Belə yanaşma, bir tərəfdən, şəxsin mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlillik təyin olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz təyin olunması həm dövlət orqanlarının və həm də şəxsin əlavə inzibati yükdən azad olunması məqsədlərinə xidmət edir. Yəni qanunverici müddətsiz əlillik təyin edilmiş şəxslərin reabilitasiya imkanlarının tükəndiyini və onların təkrar müayinəyə cəlb edilməsi zərurətinin aradan qalxması imkanını nəzərə alır. Bununla da qanunverici, bir tərəfdən şəxsi təkrar müayinələrlə bağlı yükdən və stresdən (xüsusən də onların səhhəti ilə bağlı həssas vəziyyəti nəzərə alındıqda), digər tərəfdən isə, dövləti reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edir. Bu baxımdan, müddətsiz əlilliyin təyini üçün əsasların mövcudluğunun hər bir halda yenidən yoxlanılması yuxarıda qeyd olunmuş hüquqi mövqeyə, həmin institutun mahiyyətinə, şəxsin hüquqi təhlükəsizliyinin və etimad hüququnun qorunması ilə bağlı prinsiplərin tələblərinə zidd olardı.

11. Bununla yanaşı, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

12. Təyin olunmuş əlilliyin ləğvini və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunmasını şərtləndirən qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğv edilməsinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, şəxsə müddətsiz əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin ləğv edilməsi və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbulu “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

13. Həmçinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qanunvericiliyin tələblərinə görə, cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar