Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-338/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz müəyyən edilmiş əlillik; qanuni və ya qanunsuz əlverişli inzibati aktların ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “qərarın ləğvi və əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçıya ##.##.2015-ci ildə müddətsiz olaraq “Sağ tərəfli tez-tez kəskinləşən kalkulyoz pielonefrit. Xroniki böyrək çatışmazlığı II dərəcə. Sol böyrəyin ageneziyası. Sağ sidik axarının daşına görə aparılmış sistonefrolilotomiya cərrahi əməliyyatından sonrakı vəziyyət (2004).” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Daha sonra cavabdeh orqan vətəndaşlara əlillik dərəcəsinin təyin edilməsi barədə qərarların əsaslı olub-olmamasını müəyyən etmək məqsədi ilə iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə əyani müayinəyə cəlb etmiş və onun barəsində həmin tarixdə diaqnozun əlillik təyin etməməsi səbəbi ilə qərar qəbul etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı «qərarın ləğvi və əlilliyin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi və II dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsinin öhdəlik olaraq cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıda anadangəlmə “sol böyrəyin aganeziyası” xəstəliyindən əziyyət çəkir. Bu əsasa görə ona 2012-ci ildən II dərəcə əlillik təyin edilmişdir. Həmçinin əmək pensiyası da almışdır. 2015-ci ildən isə ona təyin edilmiş əlillik müddətsiz hesab edilmişdir. Lakin cavabdeh orqan ##.##.2025-ci ildən əlilliyini əsassız olaraq ləğv etmişdir. Belə ki, cavabdeh orqan onu heç bir əsas olmadan əyani müayinəyə çağırmışdır. Çağırış üzrə ##.##.2025-ci ildə Agentlikdə əyani müayinədə olmuş və həkim komissiyası onda həqiqətən “sol böyrəyin aganeziyası” xəstəliyi olmasını təsdiq etmişdir. Bundan sonra ona məktub ünvanlayaraq əlilliyinin ləğv edildiyini bildirmişlər. Hesab edir ki, cavabdeh orqanın bu hərəkəti qanunsuz olmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iddia növü mabhisələndirmə növündə iddiadır. Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanunun 3.7-ci bəndinə əsasən şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Belə ki, iddiaçı barədə ##.##.2025-ci il tarixli qərar ##.##.2025-ci il tarixində sistemə yerləşdirilmişdir. İddaçı bundan 39 gün sonra məhkəmə müraciət etdiyindən iddia mümkünsüz sayılmalıdır. Eyni zamanda Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 23 (iyirmi üç) nəfərə dair ##.##.2025-ci il tarixə əyani müayinəyə çağırılmaları haqqında ünvanlarına sifarişlixəbərnaməli məktub göndərilmişdir. Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyası həmin vətəndaşların 14 (on dörd) nəfərinin və digər tarixə dəvət edilmiş lakin müayinədə ##.##.2025-ci il tarixində iştirak etmiş daha 5 (beş) nəfər vətəndaşın əyani müayinəsini həyata keçirmiş, mövcud sənədlərini araşdırmış, 9 (doqquz) nəfər vətəndaş isə müayinəyə gəlmədiyindən tibbi ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırmış, ümumilikdə 28 (iyirmi səkkiz) nəfər barəsində aşağıdakıları müəyyən etmişdir. Göygöl rayon sakini ##.##.1970-ci il təvəllüdlü İddiaçı (FİN:*******) əlillik vəziyyəti Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə əsasında ##.##.2015-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1997ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyin edilmiş diaqnoz “Sağ tərəfli tez-tez kəskinləşən kalkulyoz pielonefrit. Xroniki böyrək çatışmazlığı II dərəcə. Sol böyrəyin ageneziyası. Sağ sidik axarının daşına görə aparılmış sistonefrolilotomiya cərrahi əməliyyatından sonrakı vəziyyət (2004).” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3 **-*/*-Q-*****/**** nömrəli məktub əsasında ##.##.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı ümumi zəiflikdən, sidik ifrazının çətinləşməsindən, yan nahiyələrdə ağrıdan şikayəti olduğunu bildirmiş, bəzi müalicə və müayinə sənədləri təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında X1 Xəstəxanasının Urologiya şöbəsinin ##.##.2012-ci il tarixli **** nömrəli stasionar xəstənin tibbi kartasından çıxarışında “Sidik yollarının anadangəlmə anomaliyası, sol böyrəyin ageneziyası. Sağ sidik axarının aşağı üçdə birinin daşı. Anuriya.” diaqnozu ilə ##.##.2004-cü il tarixində “Sağ tərəfli sistoureteralitatomiya” cərrahi əmliyyatı icra edildiyi qeyd edilmişdir. ##.##.2025-ci il tarixində DTSERA-da həkim ekspertlər tərəfindən komissiya şəraitində əyani müayinə aparılmış, dəri və görünən selikli qişalar normal rəngdə izlənilmiş, üz və aşağı ətraflarında ödem müşahidə edilməmişdir. Vətəndaşa uroloji USM (Nəticə: Sol böyrəyin ageneziyası.) və qanın biokimyəvi analizi (Nəticə: kreatinin 108 (yüz səkkiz) mkmol/l, sidik cövhəri 6.3 (altı tam onda üç) mmol/l) müayinələri icra edilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, aparılmış əyani, instrumental və laborator müayinələrə əsasən xəstəliyin əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyindən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilsin.
6. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh Tibbi-sosial ekspert komissiyasının İddiaçı diaqnozunun əlillik əlaməti təyin etmir barədə ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı ##.##.2015-ci il tarixdə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçı İddiaçı ##.##.2015-ci ildə ümumi xəstəlik səbəbindən müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh inzibati orqanın təqdim etdiyi inzibati icraat materiallarından görünür ki, əyani müayinəyə cəlb edilmənin əsası DSMF-nun bir sıra işçilərinin müvafiq vəzifəyə təyin və keçirilməsi (Xidməti məktub) ilə əlaqədar olmuşdur. Bu hal iddiaçının əlilliyinin ləğvinə əsas verə bilməzdi. Çünki, cavabdeh orqanın təqdim etdiyi inzibati icraat materiallarında bu zərurətin nədən yarandığı (qaynaqlandığı), habelə sırf iddiaçıya münasibətdə onun əlilliyini şübhə altına alan əsasların aşkarlanıb-aşkarlanmadığı müəyyən edilmir. Cavabdeh orqanın iddiaçıya münasibətdə atdığı addım real əsaslara söykənmir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: R.Mamedov – sədrlik edən və məruzəçi, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu təsdiq olunmur və cavabdeh inzibati orqan tərəfindən də həmin sübutların mövcudluğuna dair dəlillər məhkəməyə təqdim edilməmişdir.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, diaqnozun öz təsdiqini tapmaması iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi faktiki olaraq yalnız iddiaçının iddia ərizəsindəki əsaslandırmalarından yola çıxaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçıya dair qəbul edilmiş qərarın ləğv edilməli olması qənaətinə gəlmişdir. Nəzərə alınmamışdr ki, inzibati orqan tərəfindən aparılmış araşdırma məhz mövcud sənədlər üzrə aparılmışdır. Məhkəmə iddiaçıya qoyulmuş diaqnozun öz təsdiqini tapmaması barədə səlahiyyətli komissiyanın qərarı üzrə lazımi qaydada qiymətləndirmə aparmamış, səlahiyyətli qurumun əsaslı qərarını faktiki olaraq görməzdən gəlməklə inzibati orqanın qərarının ləğv edilməli olması qənaətinə gəlmişdir ki, nəticə etibarilə düzgün olmayan qərar çıxarılmışdır.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə etiraz təqdim edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ...
Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər.
Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ...
Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Kassasiya şikayətinin dəlillərinin əsassızlığına, müvafiq olaraq iddianın təmin edilməli olduğuna dair mövqeyini kollegiya aşağıdakılarla izah edir.
23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona təyin edilmiş müddətsiz əlilliyin bərpa edilməsi ilə bağlıdır.
24. Məhkəmə kollegiyası hazırki iddia tələblərinə hüquqi qiymət vermək üçün ilk növbədə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli 3 ulduz statuslu qərarındakı hüquqi mövqeləri xatırlatmağı məqsədəuyğun hesab edir: “29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi ilə bağlıdır.
30. Sözügedən məsələyə münasibətdə, ilk növbədə, müddətsiz əlillik təyinatı ilə bağlı qərarın mahiyyəti izah olunmalı, eləcə də müddətsiz əlillik təyinatına dair əvvəlki əlverişli inzibati aktın inzibati orqan tərəfindən sonradan hansı qaydada və şərtlər daxilində ləğv edilməsinə dair qərarın çıxarıla biləcəyi aydınlaşdırılmalıdır.
Müddətsiz əlillik təyinatı ilə bağlı qərarın mahiyyətinə dair
31. Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əlillik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur.
32. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən, dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir.
Müddətsiz əlillik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü
33. Bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir.
Qanunsuz əlverişli inzibati aktın ləğvi
34. Əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cü və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır.
35. Kollegiya qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.
36. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
37. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır.
38. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
Qanuni əlverişli inzibati aktın ləğvi
39. Bu halda, inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Məsələn, şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir.
40. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır.
41. Çünki “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi əlillik təyininə dair əvvəlki qərarın qanunsuz olduğunun güman edildiyi halların nizamlanmasına yönəlib. Bu elə bir vəziyyətdir ki, inzibati orqan sonradan əldə edilmiş sübutlara istinadla özünün əvvəlki qərarının qanunsuz inzibati akt olduğu qənaətinə gəlir. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir.
42. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır.
43. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati akt ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər.
İcraatla bağlı normaların nəzərə alınması
44. Nəzərə almaq lazımdır ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir.
45. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
46. Sözügedən məsələyə münasibətdə icraatla bağlı mütləq qaydada riayət edilməli olan tələblərdən biri də şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hallara istinad edildiyi hallarda, onun əyani müayinəyə cəlb edilmiş olmasıdır. Konkret obyektiv hallar istisna olmaqla, əyani müayinə aparılmadan müddətsiz əlillik müəyyən edilməsinə dair qərarlar ləğv edilə və ya dəyişdirilə bilməz. Əgər əyani müayinə baş tutmamışsa, inzibati orqan bunun səbəblərini ağlabatan və inandırıcı qaydada sübut etməlidir.
47. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.”
qeyd olunanların hazırkı işə tətbiqi
25. Hazırkı işdən görünür ki, iddiaçıya ##.##.2015-ci ildə müddətsiz olaraq “Sağ tərəfli tez tez kəskinləşən kalkulyoz pielonefrit. Xroniki böyrək çatışmazlığı II dərəcə. Sol böyrəyin ageneziyası. Sağ sidik axarının daşına görə aparılmış sistonefrolilotomiya cərrahi əməliyyatından sonrakı vəziyyət (2004).” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
26. Daha sonra cavabdeh orqan vətəndaşlara əlillik dərəcəsinin təyin edilməsi barədə qərarların əsaslı olub-olmamasını müəyyən etmək məqsədi ilə iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə əyani müayinəyə cəlb etmiş və onun barəsində həmin tarixdə diaqnozun əlillik təyin etməməsi səbəbi ilə qərar qəbul etmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Cavabdehin ## ###### 2025-ci il tarixli qərarında əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu ilə bağlı hər hansı bir qeyd aparılmamış, yalnız müxtəlif risk qruplarının araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq cavabdeh tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilmişdir.
28. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan əlverişli inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə riayət etmədiyindən iddianın təmin edilməli olduğuna dair apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
29. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.