Məhkəmə qərarları › İş №2-1(1-8)-355/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-355/2026

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-355/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Iddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəfat etmiş şəxsin yerinə alınmış əmək pensiyasının qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh Cavabdeh qarşı "artıq ödənilmiş pensiya məbləğinin qaytarılması" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Cavabdehin əri-Kazımov İlqar Əzizulla oğlu ##.##.2021-ci il tarixində vəfat etmiş, lakin bu barədə iddiaçıya vaxtında məlumat verilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ödənilməsi üçün nəzərdə tutulmuş bank hesabına sentyabr ayı üzrə cəmi 1391.87 manat pul vəsaiti köçürülmüşdür.

2. Bundan sonra, ## ######## 2021-ci il tarixdə cavabdeh dəfn xərci ilə bağlı iddiaçıya müraciət etmiş və vəfat etmiş şəxsə münasibətdə 600 manat məbləğində dəfn müavinəti hesablanmışdır. Artıq ödənilmə olduğu üçün dəfn müavinəti ödənilməmiş və həmin 1391.87 manat məbləğdən 600 manat dəfn müavinəti çıxılmışdır.

3. Iddiaçı cavabdehə müraciət edərək qalan 791.87 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən müvafiq məbləğ qaytarılmamışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 791.87 manat dövlət vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia ərizəsi işin hallarına uyğun əsaslandırılmışdır.

6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim: A.Əhədova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh dəfn xərcinin ödənilməsi ilə bağlı inzibati orqana ##.##.2021-ci ildə müraciət etmiş və bununla da ən geci sentyabr 2021-ci ildə İ.Kazımovun vəfat etdiyi inzibati orqana məlum olmuş və orqan mərhuma məxsus kart hesabına sonuncu dəfə 2021-ci ilin sentyabr ayı üzrə pensiya ödənişini həyata keçirmişdir. Beləliklə, inzibati orqan tələb etmə hüququnun olduğunu sentyabr 2021-ci ildə (son ödəniş tarixindən) bilmiş olsa da hazırkı əsassız varlanmaya əsas olan iddianı 2 ildən çox müddət keçdikdən sonra-##.##.2025-ci il tarixdə məhkəmədə qaldırmış, bununla da təəlbetmə müddətini ötürmüşdür.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: N.Nəbizadə - sədrlik edən və məruzəçi, V.Qasımov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “inzibati orqanın ölüm faktı və artıq ödəniş barədə ən geci 2021-ci ilin sentyabr ayında xəbərdar olması işin mübahisələndirilməyən hallarındandır. İş materiallarında olan cavabdehin ##.##.2021-ci il tarixli ərizəsi bunu təsdiq edir. Deməli, əsassız varlanma obyektini (artıq ödənilmiş pensiya məbləğini) geri tələb etmək hüququ həmin dövrdə artıq mövcud idi və inzibati orqana məlum idi. Buna baxmayaraq, məhkəməyə müraciət ##.##.2025-ci il tarixdə edilmişdir ki, bu da iki illik tələbetmə müddətinin açıq şəkildə ötürüldüyünü göstərir. ... maddi hüquq norması (Mülki Məcəllənin 1095-ci maddəsi) əsassız varlanma iddiaları üçün iki illik müddət müəyyən edir, bu müddət hüququn subyektə məlum olduğu andan- burada 2021-ci ilin sentyabr ayından- başlayır, iddia isə 2025-ci ildə qaldırıldığından, iki illik müddət birmənalı şəkildə başa çatmışdır. Apellyasiya şikayətində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə istinadla bağlı isə qeyd edilməlidir ki, həmin maddəyə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddənin məzmunundan aydın olur ki, istinad olunan maddə yalnız prosessual mexanizm müəyyən edir. Yəni bu norma iddianın predmetini və müraciət formasını müəyyən edir, məhkəməyə müraciət hüququnu təmin edir. Lakin İnzibati Prosessual Məcəllə maddi hüquq yaratmır və tələbin ömrünü uzatmır, sadəcə tələbin necə irəli sürülməli olduğunu müəyyən edir. Əksinə, hazırkı tələb çərçivəsində Mülki Məcəllənin 1095-ci maddəsi maddi hüququ məhdudlaşdıran hüquqi nəticə müəyyən edir: tələbetmə müddəti iki ildir və müddət ötürüldükdə maddi tələb qüvvədən düşür. Bu baxımdan maddi norma (Mülki Məcəllənin 1095-ci maddəsi) prosessual normadan üstün və təyinedicidir. Belə ki, prosessual norma iddianın formasını, maddi norma isə tələbinetmə hüququnun mövcudluğunun son həddini müəyyən edir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsində müddətin göstərilməməsi tələbetmə müddətinin aradan qaldırılması anlamına gəlmir. Əks arqument yalnız o halda mümkün olardı ki, İnzibati Prosessual Məcəllə müddətin olmamasını açıq şəkildə bəyan etsəydi. Lakin norma qeyd olunan məzmunda deyil. Yəni qanunverici müddəada müddət yoxdur demir, müddət nəzərdə tutmur, müddətin tətbiqini qadağan etmir. Bu vəziyyət hüquq nəzəriyyəsində “prosessual çərçivənin tamamlanması” kimi qiymətləndirilir: əgər prosessual norma müddət göstərmirsə, onda maddi norma tətbiq olunur. Əks halda istənilən maddi tələbi təsirsiz etmək və ya sonsuz müddətə uzatmaq mümkün olardı, bu isə hüquqi müəyyənlik prinsipinə ziddir. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsi müddət meyarını sıradan çıxarmış olsaydı, bu bir hüquqi paradoks yaratmış olardı: Mülki Məcəllənin 1095-ci maddəsi maddi tələb müddəti müəyyən edir, İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsi isə həmin müddəti ləğv edir. Bu, normativ ierarxiyaya ziddir. Çünki maddi hüquq normaları prosessual normalardan üstün mövqedədir. Prosessual hüquq maddi hüququ formalaşdırmır və məhdudlaşdırmır. Onu yalnız icra edir. Ona görə də İnzibati Prosessual Məcəllənin müvafiq normasının tələb müddətini ləğv edən kimi şərh etmək hüquqi metodologiya baxımından mümkünsüzdür.”

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayətində işin hallarına istinad edərək bildirmişdir ki, cavabdeh mərhum ərinin öldüyünü bildiyindən həmin məbləğin digər hissəsinin mərhumun başqa xərclərinə sərf olunmasına, başqa sözlə, ərinin ölümü ilə bağlı məlumat verməməsi ilə artıq ödənilmiş əmək pensiyasının mərhumun passiv mirasına sərf edilməsinə nail olmuşdur. Mülki Məcəllənin normalarından aydın olduğu kimi, vərəsələr mərhumun yalnız aktiv mirasını deyil, eyni zamanda passiv mirasını da qəbul edirlər. İşin faktiki ha larına əsasən, cavabdehin ölüm faktı ilə bağlı məlumatı vaxtında bildirməməsi ilə artıq ödənilmiş əmək pensiyasının mərhumun passiv mirasına sərf olunmasına nail olmuşdur.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; ... Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətinin xarakteri düzgün müəyyən edilməmiş, bunun nəticəsində maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmaqla iddia təmin edilməlidir.

20. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçının mərhum əri İlqar Əzizulla oğlu Kazımov ## ###### 2021-ci il tarixdə vəfat etmiş, lakin bu barədə pensiya orqanına vaxtında məlumat daxil olmadığından sentyabr ayı üzrə əmək pensiyası tam məbləğdə onun kart hesabına köçürülmüşdür. Nəticədə mərhum pensiyaçının hesabına 1391,87 manat artıq pensiya məbləği ödənilmiş, sonradan cavabdehə hesablanmış 600 manat dəfn müavinəti həmin məbləğdən çıxılmış və qalıq 791,87 manatın büdcəyə bərpa edilməsi tələb olunmuşdur.

21. Aşağı instansiya məhkəmələrinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması tələbini mahiyyətcə əsassız varlanma tələbi kimi irəli sürmüş, bu tələb üzrə Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddət 2021-ci ilin sentyabr ayından hesablanmalı olduğu halda iddia 2025-ci ildə qaldırıldığından həmin müddət ötürülmüşdür.

22. Məhkəmə kollegiyası həmin hüquqi yanaşma ilə razılaşmır. Belə ki, artıq ödənilmiş pensiyanın geri qaytarılması ilə bağlı hüquqi əsas kimi ilk növbədə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normaları deyil, “Əmək pensiyaları haqqında” Qanunun xüsusi normaları tətbiq olunmalıdır. Bu hüquqda lex specialis derogat legi generalı(xüsusi norma ümumi normanı üstələyir) prinsipindən irəli gəlir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Həmin normanın məzmunundan görünür ki, qanunverici artıq ödənilmiş əmək pensiyasının geri alınması üçün xüsusi hüquqi qayda müəyyən etmişdir. Bu qayda artıq ödənilmiş məbləğin mülki-hüquqi əsassız varlanma kimi deyil, pensiya qanunvericiliyindən irəli gələn xüsusi öhdəlik kimi geri tələb olunmasını nəzərdə tutur.

24. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarının 15.7-ci bəndinə əsasən dövlət və bələdiyyə orqanları yalnız qanunla onlara belə səlahiyyət verildiyi hallarda inzibati işlərdə iddiaçı qismində çıxış edə bilərlər. Hazırkı halda pensiya orqanının belə səlahiyyəti məhz “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsindən irəli gəlir. Həmin norma artıq ödənilmiş pensiya məbləğinin razılıq olmadıqda məhkəmə qaydasında tutulmasını birbaşa nəzərdə tutduğundan, iddiaçı inzibati orqan bu tələblə inzibati məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

25. İddiaçının məhkəməyə müraciəti öz hüquqi formasına görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia kimi qiymətləndirilməlidir. Həmin iddia vasitəsi ilə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətin edilməsi, o cümlədən qanundan irəli gələn pul öhdəliyinin icrası tələb edilə bilər. Hazırkı işdə də iddiaçı cavabdehdən artıq ödənilmiş pensiya məbləğinin Dövlət Sosial Müdafiə Fondunun hesabına qaytarılması öhdəliyinin icrasını tələb etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi isə mübahisənin publik-hüquqi xarakterini nəzərə almadan tələbi əsassız varlanma kimi tövsif etmiş və Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddəti tətbiq etmişdir. Halbuki xüsusi pensiya qanunvericiliyində artıq ödənilmiş pensiya məbləğinin tutulması qaydası ayrıca tənzimləndiyi halda, həmin münasibətə ümumi xarakterli mülki-hüquqi müddəaların tətbiqi düzgün hesab edilə bilməz. Xüsusi norma mövcud olduğu halda mübahisə həmin normaya əsasən həll edilməlidir. Həmçinin əsassız varlanma ilə bağlı 2 illik müddət iddia müddəti hesab edilir və yalnız mübahisə tərəfinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsasında tətbiq edilə bilər.

27. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, cavabdeh ## ######## 2021-ci il tarixli ərizəsində həyat yoldaşının vəfat etdiyini bildirərək dəfn xərcinin ödənilməsini xahiş etmiş, eyni zamanda artıq alınmış pensiya məbləği olarsa, həmin məbləğin dəfn üçün verilən müavinətdən çıxılmasına etiraz etmədiyini göstərmişdir. Bu hal cavabdehin artıq ödənilmiş pensiya məbləğinin mövcud ola biləcəyini bildiyini və həmin məbləğin geri qaytarılması ilə bağlı öhdəliyə etiraz etmədiyini təsdiq edir. İddiaçı tərəfindən 600 manat dəfn müavinəti artıq ödənilmiş 1391,87 manat məbləğdən çıxıldıqdan sonra yalnız qalıq 791,87 manatın qaytarılması tələb olunmuşdur.

28. Beləliklə, iş materialları ilə mərhum pensiyaçının vəfatından sonra onun kart hesabına artıq əmək pensiyası köçürüldüyü, həmin artıq ödənişdən dəfn müavinəti məbləğinin çıxıldığı və qalan 791,87 manatın cavabdeh tərəfindən büdcəyə qaytarılmadığı müəyyən olunur. Cavabdehin həmin məbləği saxlamaq üçün qanuni əsası müəyyən edilməmişdir. Əksinə, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi artıq ödənilmiş əmək pensiyası məbləğinin məhkəmə qaydasında tutulmasına imkan verir.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı əsassız varlanma tələbi kimi qiymətləndirməklə və Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş müddəti tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Hazırkı iddia pensiya qanunvericiliyindən irəli gələn artıq ödənilmiş əmək pensiyası məbləğinin qaytarılması barədə öhdəliyin icrası tələbi olduğundan, iddianın müddətin ötürülməsi əsası ilə rədd edilməsi qanuni hesab edilə bilməz.

30. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmaqla iddia təmin edilməli, artıq ödənilmiş 791,87 manat əmək pensiyası məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərar ləğv edilsin. İddia təmin edilsin. Artıq ödənilmiş 791.87 manat pensiya məbləğinin iddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar