Məhkəmə qərarları › İş №2-1(1-8)-361/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-361/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-361/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin vəkil tərəfindən tərtib edilməməsi; əsaslandırlmamış kassasiyanın qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinə və cavabdeh2 qarşı “ortofotonun və ekspert rəyinin təqdim edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli və ## ###### 2026-cı il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinə və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” bağlar massivində yerləşən 67 və ** saylı bağ sahələrinin ortofoto planlarını ekspertiza materialı kimi Bakı Apellyasiya Məhkəməsinə (Iş № *(103)-1693/2025) təqdim etməsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş müddətlərin pozulması səbəbindən, cavabdehlərin Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı işin kağız daşıyıcısı üzərində olan variantını və həmin iş üzrə ## ##### 2025-ci il tarixli qərardada əsasən hazırlanmalı olan ekspertiza rəyinin dərhal məhkəməyə təhvil verməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Iddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hüquqi marağına uyğun olaraq mülki məhkəmə icraatı qaydasında vəsatət verməklə arzuladığı məqsədə çata bilər. Hazırkı tələb inzibati məhkəmə icraatının predmeti deyildir.

6. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı açıq-aşkar inzibati məhkəmə icraatının predmeti olmayan iddia qaldırmaqla, hüququndan sui-istifadə edir. Hüquqdan sui-istifadə edən şəxslərin dövlət hesabına vəkillə təmin edilməsi isə dövlət vəsaitinin təyinatından kənar əsassız yerə xərclənməsinə səbəb olur. Ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

8. Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 15 və ## ###### 2026-cı il tarixli qərardadlarının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi ... əlavə olunur.

10. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətləri üzrə kassasiya mümkün sayılmamalı və hər iki kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

12. Inzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.

13. Hazırkı mübahisəyə münasibətdə ## ###### 2026-cı il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ## ###### 2026-cı il tarixli qərardaddan verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

14. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən qeyd edir ki, iddiaçının kassasiya şikayətinin mümkün sayılmaması hazırkı halda, onun Inzibati Prosessual Məcəllənin 96.3-cü maddəsində təsbit edilmiş dinlənilmə hüququnun pozuntusunu da yaratmır. Belə ki, sözügedən normaya görə, kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır.

15. Dinlənilmə hüququ məhkəmədən mübahisə tərəflərinə öz mövqelərini bildirmək, sübutlarını və dəlillərini təqdim etmək üçün imkan və şərait yaradılmasını, tərəflərlə işin hallarının həqiqi müzakirəsinin aparılmasını tələb edir.

16. Məhkəmənin dinlənilmə hüququnu təmin etməklə bağlı vəzifəsi ilk növbədə, baxılmaqda olan iddia və ya şikayət barədə tərəfləri məlumatlandırmaqdan ibarətdir. Dinlənilmə hüququnun tam təmin edilə bilməsi üçün məzmunla bağlı tələblərə də riayət olunmalıdır. Belə ki, məhkəmə yalnız baxılmaqda olan iş və ya şikayət barədə məlumat verməməli, həm də məlumat verməklə bağlı vəzifəsini elə qaydada icra etməlidir ki, tərəflər mübahisə və ya şikayətlə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə dolğun məlumat sahibi olsunlar. Tərəflər yalnız bu qaydada məlumat sahibi olduqda iddiaya, etiraza və ya şikayətə dair məzmun baxımından öz mövqelərini ətraflı və məhkəmənin gözlədiyi şəkildə göstərə, eləcə də öz dəlillərini və sübutlarını lazımi qaydada təqdim edə bilərlər. Məhkəmə dinlənilmə hüququ ilə bağlı vəzifələrini məhkəmə iclasında işin faktiki və hüquqi vəziyyətini proses iştirakçıları ilə müzakirə etməklə icra edə biləcəyi kimi, tərəflərə ünvanlandığı məhkəmə bildirişləri, sərəncamlar və digər yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

17. Bu mənada, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” tərəflərə rəsmi qaydada təqdim olunmuşdur. Həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

18. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərildiyi kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması ilə bağlı tələblər nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

19. Lakin iddiaçı tərəfindən ## ###### 2026-cı il tarixli qərardaddan kassasiya şikayəti verilərkən izahda göstərilən tələblərə (kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilib imzalanması və şikayətə vəkil orderinin əlavə edilməsi barədə) əməl olunmamışdır.

20. Bundan başqa məhkəmə kollegiyası “kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunma barədə ərizənin təmin edilməməsinə dair apellyasiya instansiya məhkəməsinin ## ###### 2026-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti” ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin əsaslandırılmış formada verilməli olduğuna dair tələb IPM-in 94.2 və 94.3-cü maddələrində təsbit edilmiş, eləcə də 96.2-ci maddədə Ali Məhkəmənin kassasiyanın mümkünlüyü əsaslarını yoxlamalı olduğuna dair imperativ norma nəzərdə tutulmuşdur.

21. Qeyd edilən müddəaların birgə təhlili onu deməyə əsas verir ki, kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğu işin halları ilə əlaqəli şəkildə ətraflı təsvir edilməli, başqa sözlə, normaların yalnız sadalanması ilə kifayətlənilməməli, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin konkret hansı normaya və nəyə görə zidd olması lazımi qaydada əsaslandırılmalıdır.

22. Göründüyü kimi, qanunvericilik şikayətə münasibətdə riayət edilməli olan forma və məzmunla bağlı tələblər nəzərdə tutmuşdur. Şikayətin əsaslandırılmış olması məzmunla bağlı tələblərin tərkibinə daxildir. Qanunvericinin iradəsi isə ona yönəlmişdir ki, istənilən şikayət deyil, yalnız əsaslandırılmış şikayət üzrə kassasiya mümkün hesab edilməlidir.

23. Başqa sözlə, şikayət qəbul edilmiş məhkəmə aktından ümumi formada narazılığı ifadə etməməli, apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanunsuzluğu və əsassızlığı ilə bağlı konkret dəlillərə istinadı özündə əks etdirməlidir.

24. Qeyd olunan yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası tərəfindən “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” qəbul edilmiş ## ###### 2023-cü il tarixli **/**** saylı qərardadının məzmununda da ifadə olunmuşdur. Həmin qərardadla aşağıdakılar qərara alınmışdır:

1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər.

25. Hazırda iddiaçı tərəfindən ## ###### 2026-cı il tarixli qərardaddan verilmiş kassasiya şikayətinə münasibətdə yuxarıda qeyd edilən şərtlər ödənilməmişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qərardaddan verilmiş kassasiya şikayəti də mümkün sayılmamalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli və ## ###### 2026-cı il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş şikayətlər üzrə kassasiya mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar