Məhkəmə qərarları › İş №2-1(1-8)-369/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-369/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-369/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARDADI (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; güzəştli arayış; funksional vəzifənin eyniliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ##.##.2023-cü il tarixli, ** nömrəli qərarının ləğv edilməsi və iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim H.X.Muradov) iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ##.##.2023-cü il tarixli, ** nömrəli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır.

2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər Y.S.Qurbanov/sədrlik edən və məruzəçi/, M.K.Həsənov və S.H.Novruzov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərkən “xxxx” MMC-nin ## #### 2023-cü il tarixli, *** №-li arayışında onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda göstərilmədiyindən tələb olunan 12 il 6 ay xüsusi stajının mövcud olmadığını əsas götürmüşdür. İddiaçı da cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək hazırkı iddianı qaldırmışdır. Cavabdeh iddiaçının ümumi iş stajının yetərli olduğunu qeyd edir və ümumi iş stajını mübahisələndirmir. Cavabdeh apellyasiya şikayətini də iddiaçının işlədiyi dövrə aid güzəştli iş stajı barədə arayışın olmaması, iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda öz əksini tapmaması və onun xüsusi iş stajının az olması ilə əsaslandırmışdır. İddiaçı əmək kitabçasına əsasən qeyd edir ki, o, 1981-ci il tarixdən-1983-cü il tarixədək hərbi xidmətdə olmuş, 1983-cü ildən 2000-ci ilə qədər Şərur Tikinti Materialları Zavodunda maşinist vəzifəsində, ##.##.2007-ci il tarixdən 2011-ci ilə qədər Naxçıvan Tikinti Materialları İstehsalı Açıq tipli Səhmdar Cəmiyyətinin Kəngərli sahəsində maşinist vəzifəsində, ##.##.2011-ci il tarixdən 2013-cü ilə qədər X2 maşinist vəzifəsində, ##.##.2013-cü il tarixdən ##.##.2015-ci il tarixədək həmin idarədə dəlici vəzifəsində, ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək Gəmiqaya DMSK MMC-in Qarabağlar sahəsində dəlici vəzifəsində, ##.##.2017-ci il tarixdən Gəmiqaya DMSK MMC Qarabağlar sahəsində dağkəsən vəzifəsində işləmişdir. ##.##.2020-ci il tarixdən daş mədənlərinə dəlici vəzifəsinə keçirilmiş və ##.##.2023-cü il tarixinədək fəaliyyətini davam etdirmişdir. Ümumi olaraq 2007ci ildən 2023-cü ilə qədər maşinist vəzifəsində çalışsa da, əmək kitabçasında müəyyən dövrlərdə yanlış olaraq maşinist köməkçisi vəzifəsi qeyd olunmuşdur. ...İşin araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının işlədiyi istehsalat sahəsi mərmər, travertin və əhəng daşı karxanası olmuşdur. O, həmin karxanada 1983-cü il tarixdən hüququnun yarandığı tarixədək müxtəlif vəzifələrdə (fəhlə, maşinist köməkçisi, maşinist, sürücü, qazmaçı, daşkəsən) işləmişdir. İddiaçı ##.##.1983-cü ildən başlayaraq İliç Tikinti Materialları Zavodunun ləğv edildiyi ##.##.2000-ci ilədək həmin zavoda aid iki karxanada: Şahtaxtı kəndində yerləşən Ağbulaq adlanan karxanada və Qarabağlar karxanasında, ##.##.2007-ci ildən Naxçıvan Tikinti Materialları istehsalı ASC-nin Kəngərli sahəsindəki və Gəmiqaya daş məhsulları sənaye kompleksi MMC-yə aid (indiki adı X1 zavodu) həmin karxanalarda pensiya hüququnun yarandığı ##.##.2023-cü il tarixədək açıqda dağ-mədən işlərində işləmişdir. İddiaçının açıqda dağ-mədən işlərində işlədiyi vəzifələrin bir qismi əmək kitabçasında müxtəlif cür (dəlici, dağkəsən) qeyd edilsə də, o, qazmaçı, daşkəsən maşın maşinisti və yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən digər peşələrdə işləmişdir. İddiaçının karxanada işlədiyi fəhlə, sürücü, qazmaçı, daşkəsən maşın maşinisti vəzifələri Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”nda, habelə Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. ...Araşdırma nəticəsində iddiaçının və mütəxəssislərin izahatları, şahidlərin ifadələri ilə işin xüsusiyyətinə görə iddiaçının əmək kitabçasında göstərildiyi kimi davamlı olaraq 4 il 2 ay 19 gün maşinist köməkçisi funksiyalarını yerinə yetirməsinin mümkün olmadığı, təxminən 2 ay maşinist köməkçisi kimi maşinist vəzifəsini öyrəndikdən sonra qalan müddəti faktiki olaraq maşinist funksiyalarını icra etdiyi müəyyən edilmişdir. Ona görə də iddiaçının maşinist kimi işlədiyi həmin müddət də onun yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajına daxil edilməlidir. İddiaçının ##.##.1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək (2 il 21 gün) həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alındıqda onun 60 yaşının tamam olduğu ##.##.2023cü il tarixə ümumi iş stajının 32 il 4 ay 12 gün, xüsusi (güzəştli) iş stajının isə 12 il 6 aydan çox olması müəyyən edilir. Beləliklə, iddiaçının ##.##.1983-cü il tarixdən pensiya hüququnun yarandığı ##.##.2023-cü il tarixədək açıqda dağ-mədən işlərində işlədiyi vəzifələrin adları əmək kitabçasında müxtəlif cür qeyd edilsə də, onun qazmaçı, daşkəsən maşın maşinisti vəzifələrində güzəştli peşələrdə belə 14 ildən artıq işləməsi təsdiq edilir. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajını) toplamış və onun ##.##.2023-cü il tarixdə, yəni 60 yaşda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

4. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

12. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

13. İddiaçı barəsində verilmiş arayışlar yuxarıda göstərilən tələblərə cavab verir. Belə ki, arayışlarda iddiaçının hansı tarixlərdə, hansı işlərdə işləməsi və bu işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının hansı bəndinə uyğun olduğu qeyd edilmişdir.

14. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı).

15. Hazırkı iş üzrə cavabdehin əsas dəlillərindən biri həmin müəssisədən ziddiyyətli arayışların verilməsi və iddiaçının xüsusi iş stajının düzgün müəyyən edilməməsidir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi ziddiyyətlərin olması səbəbindən əlavə araşdırma aparmaqla iddiaçı ilə həmin dövrdə işləmiş şahidləri və istehsalatın və vəzifələrin xüsusiyyətlərinə aydınlıq gətirilməsi məqsədilə mütəxəssisləri işə cəlb etmişdir. Məhkəmə şahidlərin və mütəxəssislərin ifadələri əsasında müəyyən etmişdir ki, işin xüsusiyyətinə görə iddiaçının əmək kitabçasında göstərildiyi kimi davamlı olaraq 4 il 2 ay 19 gün maşinist köməkçisi funksiyalarını yerinə yetirməsinin mümkün olmadığı, təxminən 2 ay maşinist köməkçisi kimi maşinist vəzifəsini öyrəndikdən sonra qalan müddəti faktiki olaraq maşinist funksiyalarını icra etdiyi müəyyən edilmişdir. Ona görə də iddiaçının maşinist kimi işlədiyi həmin müddət də onun yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajına daxil edilməlidir. Beləliklə, iddiaçının ##.##.1983-cü il tarixdən pensiya hüququnun yarandığı ##.##.2023-cü il tarixədək açıqda dağ-mədən işlərində işlədiyi vəzifələrin adları əmək kitabçasında müxtəlif cür qeyd edilsə də, onun “qazmaçı, daşkəsən maşın maşinisti” vəzifələrində güzəştli peşələrdə 14 ildən artıq işləməsi təsdiq edilmişdir.

16. Cavabdehin kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının faktiki olaraq icra etdiyi “maşinist köməkçisi, dağkəsən, və dəlici vəzifələri” Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş siyahılarda nəzərdə tutulmamışdur.

17. Lakin formalaşmış məhkəmə təcrübəsinə əsasən, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı işlədiyi müəssisələrdən alınmış arayışlar və şahidlər, mütəxəssislərin ifadələri ilə iddiaçının bilavasitə icra etdiyi funksional vəzifənin (işin) güzəştli şərtlərlə pensiya hüququ verən peşələr (açıqda dağmədən işləri bölməsində qazmaçı, dağkəsən maşın maşinistləri və digər peşələr) ilə eyniliyi təsdiq edilmişdir.

19. Odur ki, işin cavabdeh tərəfindən mübahisələndirilməyən hallarına əsasən iddiaçı tələb olunan yaş həddinə çatmışdır və 25 ildən artıq ümumi iş stajına malikdir. Cavabdehin, iddiaçının xüsusi iş stajının 12 il 6 aydan az olması barədə dəlili isə yuxarıda qeyd olunduğu kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırmalar və toplanmış sübutlarla təkzib olunmuş və iddiaçının 14 ildən artıq xüsusi iş stajına malik olduğu təsdiq edilmişdir.

20. Bu səbəbdən, kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və məhkəmə aktının ləğv edilməsi üçün əsas yaratmır.

21. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar