Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-379/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi, əsassız hesablanmış vergi məbləğinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı MMC ##.##.2018-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, ##.##.2018-ci il tarixdən isə ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Cəmiyyətin əsas fəaliyyət növü tibb və ortopediya mallarının topdan satışı olmuş, ##.##.2019-cu il tarixdən Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ** saylı binanın yaxınlığı ünvanında “Anbar” adlı təsərrüfat subyekti vergi orqanında qeydiyyata alınmışdır.
2. İddiaçı ilə “xxxx” MMC arasında ##.##.2023-cü il tarixli **/** saylı xidmət müqaviləsi, “xxxx” MMC ilə isə ##.##.2023-cü il tarixli **/** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə iddiaçı tərəfindən mal və xidmətlərin alındığı bildirilmiş, bu əməliyyatlara dair ##.##.2023-cü il tarixli, EBDQ seriyalı, ****** nömrəli elektron qaimə-faktura və ##.##.2023-cü il tarixli, EBDR seriyalı, ****** nömrəli elektron qaimə-faktura təqdim edilmişdir.
3. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli elektron qaiməfaktura üzrə ümumi dəyəri 26.700 manat, ƏDV-si 4.806 manat olan iş və xidmətlərin, “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli elektron qaimə-faktura üzrə isə ümumi dəyəri 64.350 manat, ƏDV-si 11.583 manat olan malların, işlərin və xidmətlərin iddiaçı tərəfindən 2023-cü ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirildiyi müəyyən edilmişdir. Ümumi əvəzləşdirilmiş ƏDV məbləği 16.389 manat təşkil etmişdir.
4. “xxxx” MMC və “xxxx” MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli qərarları ilə riskli vergi ödəyicisi hesab edilmişdir.
5. Vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı qeyd edilən elektron qaimə-fakturalar üzrə əməliyyatlar riskli hesab edilmişdir. Bu əsasla iddiaçının 2023-cü ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirdiyi 16.389 manat ƏDV məbləğinin əvəzləşdirilməyə əsas vermədiyi qənaətinə gəlinmiş, vergi ödəyicisinə ##.##.2024-cü il tarixli məktubla kameral yoxlama üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur.
6. Vergi orqanı ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmiş və iddiaçıya 16.389 manat əlavə vergi hesablamışdır. İddiaçı həmin hesablamanın əsassız olduğunu bildirərək ##.##.2024-cü il tarixdə inzibati qaydada şikayət vermişdir.
7. Bundan sonra iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə 2024-cü ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, lakin vergi orqanı mövcud kənarlaşmaların aradan qaldırılmadığını hesab edərək ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarla yenidən 16.389 manat vergi hesablamışdır. İddiaçının inzibati şikayətləri üzrə Dövlət Vergi Xidməti tərəfindən ##.##.2024cü il tarixli,
8. **************** nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla ##.##.2024-cü il tarixli qərar 2.106 manat verginin hesablanması hissəsində ləğv edilmiş, 14.283 manat verginin hesablanması hissəsində isə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra vergi orqanı ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar qəbul etmiş və iddiaçıya münasibətdə 14.283 manat əlavə vergi məbləği saxlanılmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiyası məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli **************** nömrəli qərarın ləğv edilməsi və həmin qərarla iddiaçıya münasibətdə 14.283 manat əsassız hesablanmış əlavə dəyər vergisinin iddiaçıya geri qaytarılması vəzifəsinin iş üzrə cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı İddiaçı MMC-yə münasibətdə ##.##.2024-cü il tarixli, **************** nömrəli Qərar qəbul edilərək, həmin qərarla iş üzrə iddiaçıya münasibətdə 16.389 manat əlavə vergi hesablanmışdır. Qeyd olunan qərarla hesablanmış əlavə verginin doğru olmaması əsası ilə iddiaçı tərəfindən onlayın kərgüzarlıq vasitəsilə cavabdehə ##.##.2024-cü il tarixdə şikayət göndərilmiş və yanlış hesablanmış 16.389 manat pulun azaldılmasının təmin olunması xahiş edilmişdir. Buna cavab olaraq cavabdeh tərəfindən iddiaçıya ##.##.2024 cü il tarixli “Kameral vergi yoxlanılması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Həmin məktuba əsasən cavabdeh vergi ödəyicisi kimi iddiaçı barəsində Vergi Məcəlləsinin 23.1.1-ci maddəsindən irəli gələrək kameral və səyyar vergi yoxlamalarının, operativ vergi nəzarətinin keçirilməsi hüququnun olduğunu bəyan etmişdir. Habelə məktubda Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinin tələbindən irəli gələrək, cavabdeh iddiaçıdan maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergi hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq və s. kimi hüquqlarının olmasını bildirmişdir. Bundan əlavə, cavabdeh qeyd olunan məktubunda göstərmişdir ki, aparılmış araşdırma zamanı guya iddiaçı tərəfindən 2023-cü il ərzində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən riskli əməliyyat üzrə 79350,00 manat dəyərində elektron-qaimə fakturaların əldə edildiyi müəyyən edilmişdir. Bu hala əsaslanaraq cavabdeh həmin ##.##.2024-cü il tarixli məktubla iddiaçıdan bir sıra sənədlərin (müvafiq hesabat dövrü üzrə cari mənfəət vergi bəyannaməsi, qeyd olunanlarla bağlı müvafiq izahat, araşdırmaya təqdim edilməsi zəruri olan digər zəruri sənədlər) ona təqdim edilməsini tələb etmişdir. Beləliklə, cavabdehin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli həmin məktubun məzmunundan bəlli olmuşdur ki, cavabdeh 2023-cü il ərzində iddiaçı ilə “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış alqı-satqı və xidməti müqavilələrinin hüquqi nəticələri ilə razı olmamamışdır. Çünki hesab edir ki, bu şirkətlər riskli kateqoriyadandır. Daha dəqiq desək, həmin şirkətlər ilə iddiaçı arasında bağlanmış **/** saylı ##.##.2023cü il tarixli Alqı-satqı və 10/11-saylı ##.##.2023-cü il tarixli Xidmət müqavilələri əsasında iddiaçının onlardan qanuni əsasla aldığı mal və xidmətlərə görə ödədiyi ##.##.2023 cü il tarixli, ****** nömrəli və ##.##.2023-cü il tarixli, ****** nömrəli elektron qaimələr üzrə ödəmələri iddiaçı vergi qanunvericiliyinin tələblərindən irəli gələrək özünün xərclərinə daxil etmişdir. Lakin cavabdeh bu addımı doğru hesab etmir. Cavabdeh əsassız olaraq həmin əqdlərdən irəli gələn bütün əməliyyatları qanuni hesab etməmiş (ƏDV əvəzləşdirilməsi ilə razılaşmamış) və müqavilə üzrə iddiaçının aldığı mal və xidmətlərə görə müqavilə tərəflərinə ödədiyi pul vəsaitlərini özünün xərcinə daxil edilməsi ilə bağlı əməliyyatları legitim (qanuni) hesab etməmişdir. Cavabdeh iddiaçının qeyd olunan şirkətlərlə olan əməliyyatlarını riskli əməliyyatlar hesab etmişdir və bu səbəbdən onlardan alınan mal və xidmətlərə görə ödənilən məbləğlərin xərclərə salınması ilə razı olmamış, bu əməliyyatları (elektron qaimə fakturaları) riskli hesab etmiş və nəticədə iddiaçıya münasibətdə əlavə vergi hesablamışdır. Belə ki, iş üzrə cavabdeh qeyd olunan ##.##.2024-cü il tarixli məktubunda iddiaçıya bildirmişdir ki, göstərilən şirkətlər 2023-cü il ərzində riskli vergi ödəyicisi hesab edildiyindən, qeyd olunan elektron-qaimə faktura məbləğlərinin xərc məbləği kimi bəyan edilməsi, vergidən yayınma halı kimi qiymətləndirilir. Cavabdehin riskli vergi ödəyicisi kateqoriyasına aid etdiyi həmin şirkətlər barədə onların riskli olmasına dair rəsmi məlumat cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. İddiaçı ilə həmin şirkətlər arasında müqavilə bağladığı zamanı, habelə elektron qaimə üzrə pul ödənişi həyata keçirilən anda, həmin şirkətlər riskli vergi ödəyiciləri kateqoriyasına aid deyildir və buna dair müqavilə bağlanan anda və ödəniş edildiyi vaxt heç bir rəsmi məlumat mövcud deyildir. Bu barədə rəsmi məlumat 2024-cü ilin fevral ayında cavabdehin internet səhifəsində yerləşdirilmişdir. Göründüyü kimi, qeyd olunan cəmiyyətlər ilə iddiaçı arasında mülki-hüquqi müqavilə münasibətləri 2023-cü ildə başlamış və əməliyyatlar başa çatmışdır. Yəni, 2023-cü il tarixdə qeyd olunan cəmiyyətlər riskli vergi ödəyiciləri sayılmadığından, həmin vaxt onlar ilə iddiaçı arasında olan əməliyyatlar riskli hesab oluna bilməz. Cavabdehin ##.##.2024-cü il tarixi məktubda iddiaçıya münasibətdə tələbləri və hərəkətləri qanunsuzdur. Cavabdehin iddiaçıdan tələb etdiyi bütün lazımi sənədlər və məlumatlar dəfələrlə iddiaçı tərəfindən cavabdehə elektron qaydada göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh iddiaçıya münasibətdə riskli əməliyyatlar hesab etdiyi qaimələr üzrə iddiaçının xərcə daxil etdiyi məbləğləri əsassız hesab etmiş və ##.##.2024-cü il tarixdə iddiaçının hesabında olan pul vəsaitlərinə münasibətdə iddiaçıya hər hansı bildirş və xəbərdarlıq olunmadan 16.389 manat əlavə vergi və sığorta haqqı məbləği hesablayaraq həmin məbləğin iddiaçının hesabından silinməsinə dair ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar qəbul etmişdir.
11. Cavabdeh iddiaya dair etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərarın icrasının nəticələri aradan qaldırılaraq tutulmuş 14.283 manatın geri qaytarılması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: – Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri “xxxx” MMC və “xxxx" MMC riskli əməliyyat apardığı tarix aralıqlarında məhz iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir. – iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu və ya Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən risk meyarlarına cavab verməsi müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən “xxxx” MMC (VÖEN: **********) və “xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin “xxxx” MMC (VÖEN: **********) və “xxxx" MMC (VÖEN **********) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır. – Sonradan təqdim edilmiş 14.283 manat tutulmuş məbləğin geri qaytarılmasına dair ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, İPM-in 32.1-ci maddəsinin ikinci cümləsi iddiaçıya mübahisə edilən inzibati qərarın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə vermək imkanını nəzərdə tutur. Hazırkı işin hallarından görünür ki və cavabdeh tərəfindən təsdiq edilir ki, həmin mübahisələndirilən qərar artıq icra olunaraq həmin 14.283 manat vəsait iddiaçının bank və ƏDV depozit hesabından artıq tutulmuşdur. Odur ki, iddiaçı qərarın icrasının nəticələrinin aradan qaldırılmasını tələbini özündə əks etdirən ərizə təqdim etməkdə haqlıdır və tərəflərin həmin qərarın icrasından əvvəlki vəziyyəti bərpa edilməlidir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər P.Hüseynov /sədrlik edən və məruzəçi/, O.İsmayılov və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın qismən ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: – Mübahisəli qərarın qəbul edilməsinin əsası yalnız “xxxx” MMC və “xxxx” MMCnin sonradan riskli vergi ödəyicisi hesab edilməsi deyil, iddiaçı ilə həmin cəmiyyətlər arasında rəsmiləşdirilmiş əməliyyatların faktiki baş tutmaması, yəni əmtəəsiz xarakter daşıması olmuşdur. Məhkəmələr isə əsasən əməliyyatların aparıldığı vaxt kontragentlərin riskli vergi ödəyicisi kimi tanınmamasına istinad etmiş, cavabdehin əmtəəsiz əməliyyatlara dair təqdim etdiyi sübutlara hüquqi qiymət verməmişlər. – “xxxx” MMC-nin əsas fəaliyyəti sementin pərakəndə satışı olmuş, iddiaçıya isə yalnız layihələndirmə işləri, beynəlxalq şirkətin seçilməsi, əlaqələrin qurulması, məhsulların çatdırılması və yüklənməsi üzrə xidmətlər göstərdiyi rəsmiləşdirilmişdir. Halbuki həmin tarixdə cəmiyyətin işçi qüvvəsi və nəqliyyat vasitəsi olmamış, təsərrüfat subyektləri əməliyyat tarixindən az əvvəl qeydiyyata alınmış və qısa müddət sonra qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, cəmiyyətin rəhbəri müəssisənin fəaliyyətindən, obyektindən və ümumiyyətlə adına müəssisə açılmasından məlumatının olmadığını bildirmişdir. – “xxxx” MMC-nin əsas fəaliyyəti sementin pərakəndə satışı olmuş, lakin iddiaçıya münasibətdə vizitka, təqdimat broşurası, məhsulların çatdırılması və yükləmə xidməti, tenderdə iştirak üçün sənədləşmə işlərinin aparılması kimi fəaliyyət sahəsinə uyğun olmayan mallar və xidmətlər rəsmiləşdirilmişdir. Həmin tarixdə cəmiyyətin işçi qüvvəsi və nəqliyyat vasitəsi olmamış, təsərrüfat subyekti əməliyyatdan bir ay əvvəl qeydiyyata alınmış və üç ay sonra qeydiyyatdan çıxarılmışdır. – Vergi Məcəlləsinin 13.2.81 və 175-ci maddələrinə istinad edərək bildirilmişdir ki, ƏDV əvəzləşdirilməsi üçün alış əməliyyatının real olması zəruridir. Əgər malların, işlərin və xidmətlərin faktiki təqdim edilməsi təsdiq olunmursa, belə əməliyyat üzrə ƏDV-nin əvəzləşdirilməsi mümkün deyildir. Məhkəmələr isə formal sənədlərin mövcudluğunu əməliyyatın reallığı kimi qəbul etmiş, həmin sənədlərin arxasında faktiki əməliyyatın olubolmamasını araşdırmamışlar. – Mübahisələndirilən ##.##.2024-cü il tarixli qərar qanuni və əsaslı olduğundan həmin qərar üzrə tutulmuş 14.283 manatın geri qaytarılması üçün əsas yoxdur. Bundan başqa, yekun məhkəmə qərarı iddiaçının xeyrinə qəbul edildiyi halda belə, artıq ödənilmiş məbləğin qaytarılması üçün iddiaçı vergi orqanına qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrıca müraciət etməlidir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
Maddə 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; ... Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 85.5 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
Maddə 87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3 Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4 Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilsə də “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli ##.##.2024-cü il tarixli Qərarın icrasının nəticələri aradan qaldırılaraq tutulmuş 14.283 manatın geri qaytarılması” hissəsinə münasibətdə düzgün nəticəyə gəlmədiyindən, apellyasiya məhkəməsinin qərarı həmin hissədə ləğv edilməli, ləğv edilmiş hissədə iddia rədd edilməli, qalan iddianın təmin edilən hissəsində, yəni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli ##.##.2024-cü il tarixli Qərarın ləğvi hissəsində isə qərar dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
27. İşdən göründüyü kimi, hazırkı iş üzrə iddia tələbi iki hissədən – 1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli ##.##.2024-cü il tarixli” Qərarın ləğv edilməsi və 2. həmin qərarın icrasının nəticələri aradan qaldırılaraq tutulmuş 14.283 manat geri qaytarılması hissələrindən ibarətdir.
28. Vergi orqanının **************** nömrəli ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən şəxsin riskli vergi ödəyicisi qrupunda olması onunla aparılan əməliyyatın birmənalı olaraq əmtəəsiz və ya riskli əməliyyat olması anlamına gəlmir. Yəni iddiaçının riskli vergi ödəyicisi qrupunda olan şəxslə (məsələn, şəxsin obyekti uçota aldırmadığına görə, beşdən artıq müəssisədə direktor olmasına görə və s. əsaslarla riskli qrupa salındığı hallarda) alqı-satqı əməliyyatı apardığı hallarda da həmin əməliyyatın real olduğu istisna olunmur və oluna bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olmasına istinad yetərli deyil, bu zaman həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Həmçinin iddiaçının və ya mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir.
29. Həmçinin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının qarşılıqlı əməliyyat apardığı hüquqi şəxslər - “xxxx” MMC və “xxxx” MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli qərarları ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Göründüyü kimi, iddiaçının həmin vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt onlar riskli vergi ödəyiciləri olmamışlar.
30. Eyni zamanda əməliyyatın özünün faktiki olaraq əmtəəsiz və ya riskli olduğu vergi orqanı tərəfindən sübuta yetirilməmişdir.
31. Belə olan halda, qeyd olunan qərarın ləğvi ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi qanuni, əsaslı və məhkəmə təcrübəsinə uyğun hesab olunmalıdır.
32. İddianın digər hissəsinə, yəni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli ##.##.2024-cü il tarixli qərarın icrasının nəticələri aradan qaldırılaraq tutulmuş 14.283 manatın geri qaytarılması tələbinə münasibətdə isə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin bu hissədəki dəlillərini əsaslı hesab edir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktın ləğvi həmin akt əsasında tutulmuş pul məbləğinin birbaşa məhkəmə qərarı ilə iddiaçıya qaytarılmasını avtomatik olaraq şərtləndirmir. Hazırkı halda söhbət mahiyyət etibarilə artıq ödənilmiş və ya artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı münasibətlərdən gedir. Belə münasibətlər isə vergi qanunvericiliyi ilə xüsusi qaydada tənzimlənir.
34. Vergi qanunvericiliyinə əsasən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması üçün vergi ödəyicisi müvafiq qaydada vergi orqanına müraciət etməli, vergi orqanı isə həmin müraciət əsasında vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə artıq ödəmənin mövcudluğunu, habelə onun dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta fondlarına borcunun olub-olmamasını yoxlamalıdır. Yalnız bu halların araşdırılmasından sonra artıq ödənilmiş məbləğin qaytarılması, digər borclara aid edilməsi və ya qaytarılmasından imtina edilməsi barədə müvafiq inzibati qərar qəbul edilə bilər.
35. Başqa sözlə, artıq ödənilmiş verginin qaytarılması məsələsi mübahisələndirilən vergi hesablanması qərarının ləğvi ilə bağlı iddia daxilində, həmin prosedurdan kənar şəkildə həll edilə bilməz. Çünki vergi ödəyicisinə qaytarılmalı olan məbləğin mövcudluğu, həmin məbləğin həcmi, onun başqa vergi öhdəliklərinə yönəldilibyönəldilməməsi və qaytarılmasına mane olan borcun olub-olmaması ayrıca inzibati araşdırmanın predmetidir.
36. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən 14.283 manat məbləğin artıq ödənilmiş vergi kimi qaytarılması barədə vergi orqanına müvafiq qaydada müraciət edilməsi, həmin müraciət üzrə cavabdeh inzibati orqan tərəfindən imtina qərarı qəbul edilməsi və yaxud həmin müraciətə baxılmasından yayınma halının mövcudluğu müəyyən edilmir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarın ləğvi hissəsində düzgün nəticəyə gəlsə də, həmin qərarın icrasının nəticələrinin aradan qaldırılması və tutulmuş 14.283 manatın birbaşa iddiaçıya qaytarılması hissəsində qanunvericiliklə müəyyən edilmiş xüsusi inzibati proseduru nəzərə almamışdır.
38. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsinin qərarı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli ##.##.2024-cü il tarixli qərarın icrasının nəticələri aradan qaldırılaraq tutulmuş 14.283 manatın geri qaytarılması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
39. Qərarın qalan hissəsində, yəni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi hissəsində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı qismən – “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli ##.##.2024-cü il tarixli Qərarın icrasının nəticələri aradan qaldırılaraq tutulmuş 14.283 manatın geri qaytarılması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.