Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-39/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının ##.##.2023cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı İddiaçı 61-80 faiz olmaqla, səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İ Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə iştirak edərək yaralanmış, bununla əlaqədar müxtəlif xəstəxanalarda müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə iddiaçıya qoyulan diaqnozun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstəliyi ilə əlaqədar iddiaçıya ##.##.2016-cı ildə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyətinə Neftçala Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş ##.##.2023-cü il tarixdə J00109169QİB nömrəli göndərişi əsasında baxılmış, ona “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş, zədələnmələr, başın ənsə nahiyyəsində 2 ədəd 2 mm, C1 və C2 fəqərələri proyeksiyasında arxada, boynun yumşaq toxumalarında 2 ədəd 2-4 mm metal qəlpələr. Hər iki aşağı ətraflarda, çanaqda yumşaq toxumalarda çoxsaylı qəlpələr” diaqnozu qoyulmuş lakin cavabdehin ##.##.2023-cü il tarixli *******0003 №-li qərarı ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə iddiaçıya əlilliyin müəyyən olunmasından imtina edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı İddiaçı 61-80 faiz olmaqla, səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ##.##.2016-cı il tarixdə 5 illik müddətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının müayinəsinə əsasən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. (Diaqnoz: Başın ənsə nahiyyəsində 2 ədəd 2 mm, C1 və C2 fəqərələri Proyeksiyasında arxada, boyun yumşaq toxumalarında 2 ədəd 2-4 mm Metal qəlpələr. Hər iki aşağı ətraflarda, Çanaqda, yumşaq toxumalarda çoxsaylı qəlpələr. Asteno-nevrotik vəziyyət. Vertebro-bazilyar sistemdə xroniki beyin qan dövranı pozğunluğu, Koordinasiya pozğunluğu ilə). 2021-ci ildə əlillik müddəti başa çatdıqdan sonra qeydiyyatda olduğu poliklinikanın Həkim Məsləhət Komissiyasının qərarı ilə ##.##.2023-cü il tarixdən əlilliyinin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndəriş verilmiş və həmin göndəriş ##.##.2023-cü il tarixdə AR ƏMƏK və ƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik alt sisteminə ötürülmüşdür. Lakin cavabdeh ##.##.2023-cü il tarixdə keçirdiyi qiymətləndirmə ilə ona imtina cavabı vermişdir. İmtina cavabı ona ##.##.2023-cü il tarixdə məlum olmuşdur. İmtinanı əsassız və qanunsuz hesab edir. Hesab edir ki, cavabdeh onun diaqnozlarına uyğun düzgün qiymətləndirmə aparmamış və ona heç bir əyani baxış keçirmədən imtina vermişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və onun əlilliyinin yenidən təyin edilməlidir. Onuda qey edir ki, AR Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən ##.##.2023-cü il tarixdə müayinə olunmuş və ona “Üzvi affektiv pozuntu, koqnitiv funksiyaların enməsi ilə F 06.3” diaqnozu qoyulmuşdur.
5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Şirvan İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X1 şəxsi tərəfindən verilmiş **** nömrəli, ##.##.2024-cü il tarixli, T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.İddiaçı adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd edilmiş "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Başın ənsə nahiyəsində 2 ədəd 2mm, C1 və C2 fəqərələri proyeksiyasında arxada boyunun yumşaq toxumalarında 2 ədəd 2-4mm metal qəlpələr. Hər iki aşağı ətraflarda yumşaq toxumalarda çoxsaylı qəlpələr" diaqnoz ona stasionarda müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrinin əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmiş, əmək qabiliyyətinin itirilməsi 0% olmuşdur. 3. Müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar onu hazırda əlavə stasionar müalicəsinə (bərpa müalicəsini davam etdirməyə zərurət yoxdur. 4.5.Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə tibb ekspertin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilmə Qaydası"-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir.
8. Şirvan İnzibati Məhkəməsi *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X1 Şəxs Respublika Neyrocərrahiyyə X2 Şəxsinə göndərilmiş, həmin qurum ## ##### 2025-ci il tarixli, **-*-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, dəvətə əsasən vətəndaş İddiaçı ##.##.2025-ci il tarixdə tibb müəssisəsinə ambulator müraciət etmiş və həkim-neyrocərrah Anar Abbasov tərəfindən konsultasiya olunmuşdur. Vətəndaş İddiaçı baş ağrıları, əsəblik, yuxu pozğunluğu, qıcolma tutmalarından şikayətçi olduğunu bildirmiş və deməsinə görə müharibə zamanı qəlpə yaralanması almışdır. Həkim-neyrocərrah Anar Abbasov vətəndaş İddiaçı müayinə zamanı huşu aydın, emosional lebildir, kordinativ sınaqları yanlışlıqla yerinə yetirdiyini bildirmişdir. Həkim-neyrocərrah A.Abbasov vətəndaş İddiaçı təqdim etdiyi tibbi sənədlərə və özünün müayinəsinə əsasən neyrocərrahi patologiya qeyd edilmədiyini bildirmiş, nevroloq və psixiatorun müayinə və müalicəsini tövsiyyə etmişdir. Qeyd edilənləri nəzərə alaraq, vətəndaş İddiaçı ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün ixtisaslaşmış nevroloji profili tibb müəssisəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur
9. Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (Ş.Musayev) iddia təmin edilərək iddiaçı barəsində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən 61-80 faiz orqanizmin funksiyalarının pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının sağlamlığında ##.##.2016-ci il tarixdən hazırki vaxta kimi hər hansı müsbət irəliləyiş olmamışdır. İddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün bu sənədlər əhəmiyyət kəsb etməmiş və müddətli əlillik təyinatına əsas vermədiyi qeyd edilsə də bu hallar hər hansı mötəbər subutlarla əsalandırmamışdır. Bunun əksini cavabdeh inzibati orqan sübuta yetirə bilməmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: S.Həsənov – sədrlik edən və məruzəçi, F.Hüseynov və C.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıda olan diaqnoz onun adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində və digər tibbi sənədlərdə olan əsas diaqnoz ilə eynilik təşkil edir. İddiaçının xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-2-ci bəndinə (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) uyğundur və həmin bəndə əsasən onun əlilliyi 65-80% dərəcə ilə iki il müddətinə müəyyən edilməlidir.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
21. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İş üzrə əlavə araşdırmanın və onun nəticəsindən asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də iş təkrar apellyasiya baxışına göndərilməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. İlk öncə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1-ci bəndində göstərilən üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) mövcud olduqda əlilliyin qiymətləndirilməsinin Əlavənin 7.6.2-2-ci bəndinə əsasən aparılmalı olduğunu qeyd etmişdir.
27. Həmin bənd yalnız müvafiq diaqnozun mövcudluğunu deyil, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə, davranış pozuntularına səbəb olan, 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomların və ya tez-tez kəskinləşən psixotik epizodların, yaxud dekompensasiyaların, habelə təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətinin mövcudluğunu tələb edir.
28. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının diaqnozunun məhz həmin bənddə nəzərdə tutulan ağırlaşma səviyyəsinə çatmasını hansı tibbi sübut əsasında qəbul etdiyini qərarında əsaslandırmamışdır. İş materiallarında olan göndərişdə və ekspert rəyində iddiaçıda 2 il müddətində müşahidə edilən ağır və müalicəyə rezistent simptomların, tez-tez kəskinləşən psixotik epizodların və ya dekompensasiyaların, təkrarlanan aqressiv davranışın, intihar cəhdlərinin və daimi müşahidə zərurətinin mövcudluğu barədə konkret, aydın və əsaslandırılmış tibbi təsbit aparıldığı müəyyən olunmur. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi normada nəzərdə tutulmuş ağırlaşma əlamətlərinin iddiaçıda mövcudluğunu xüsusi tibbi bilik əsasında verilmiş rəy və ya göndərişdəki müvafiq qeydlərlə deyil, faktiki olaraq öz mülahizəsi əsasında qəbul etmişdir.
29. Halbuki əlilliyin müəyyən edilməsi üçün yalnız diaqnozun mövcudluğu kifayət etmir. Şəxsdə sözügedən diaqnozun ağırlaşmalarının mövcud olması və orqanizmin funksiyalarının davamlı pozulmasına hansı dərəcədə səbəb olması müəyyən edilməlidir. Bu isə xüsusi tibbi bilik tələb edən məsələ olduğundan məhkəmə tərəfindən müstəqil tibbi mülahizə əsasında deyil, mötəbər tibbi sənədlər, göndəriş, ekspert rəyi və zərurət olduqda əlavə və ya təkrar ekspertiza vasitəsilə müəyyən edilməlidir.
30. Digər tərəfdən, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X1 şəxsi tərəfindən verilmiş **** nömrəli, ##.##.2024-cü il tarixli, T***/**** saylı ekspert rəyində iddiaçının adına tərtib edilmiş Forma 088 göndərişində göstərilən qəlpə yaralanmaları ilə bağlı diaqnozun anamnestik, kliniki və laborator-instrumental müayinələr əsasında qoyulduğu, aparılmış müalicənin diaqnoza uyğun olduğu, xəstəliyin qənaətbəxş proqnozla nəticələndiyi və əmək qabiliyyətinin itirilməsinin 0 faiz təşkil etdiyi qeyd edilmişdir.
31. Bu halda apellyasiya instansiyası məhkəməsi həmin ekspert rəyinin məzmununu nəzərə alaraq, iddiaçıda əmək qabiliyyətinin itirilməsinin 0 faiz müəyyən edildiyi şəraitdə orqanizmin funksiyalarının 61-80 faiz pozulması nəticəsinə hansı tibbi və hüquqi əsaslarla gəldiyini əsaslandırmalı idi. Çünki 61-80 faiz orqanizm funksiyası pozuntusu xəstəlik, zədə və çatışmazlıqdan irəli gələn həyat fəaliyyəti kateqoriyalarından hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması ilə əlaqələndirilir. Əmək qabiliyyətinin itirilməsinin 0 faiz olması barədə ekspert nəticəsi mövcud olduğu halda, iddiaçıda 61-80 faiz dərəcəsində funksional pozuntunun mövcudluğu barədə nəticəyə gəlmək üçün bu ziddiyyəti izah edən əlavə tibbi əsaslandırma tələb olunur.
32. Beləlilklə, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan faktiki halları tam araşdırmamış, sübutları onların aidiyyəti, mötəbərliyi və yetərliliyi baxımından qiymətləndirməmiş, xüsusi tibbi bilik tələb edən məsələlər üzrə mövcud ziddiyyətləri aradan qaldırmamışdır.
33. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iddiaçının diaqnozu ilə həmin diaqnozun əlillik meyarlarında nəzərdə tutulan ağırlaşma əlamətləri arasında fərqi nəzərə almalı, Əlavənin 7.6.2-2-ci bəndində sadalanan ağır simptomların, dekompensasiya hallarının, aqressiv davranışın, intihar cəhdlərinin və daimi müşahidə zərurətinin iddiaçıda mövcud olub-olmadığını tibbi sübutlar əsasında araşdırmalı, eləcə də əmək qabiliyyətinin itirilməsinin 0 faiz olması barədə ekspert rəyi ilə 61-80 faiz orqanizm funksiyası pozuntusunun müəyyən edilməsi arasında mövcud ziddiyyətə aydınlıq gətirməlidir. Zərurət yarandıqda, həmin məsələlər üzrə əlavə və ya təkrar ekspertiza təyin edilməli, bundan sonra işin müəyyən edilmiş hallarına uyğun hüquqi qiymət verilməlidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təkrar apellyasiya baxışına göndərilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.