Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-390/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxx-NO” firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsinə qarşı üzrə QƏRARİ (Açar sözlər: işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı “xxxx-NO” firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI 1.Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ###### 1993-cü il tarixli *** nömrəli sərəncamına əsasən, 60 kv.m və Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ##### 1994-cü il tarixli *** nömrəli Sərəncamı ilə “xxxx” kiçik müəssisəsinə 0.06 ha torpaq sahəsi ayrılmışdır (təhkim edilmişdir). 2.“xxxx” kiçik müəssisəsi ## #### 1997-ci ildə “xxxx-NO” firmasına çevrilmiş və Ədliyyə Nazirliyində 34353 nömrə ilə qeydiyyata alınmışdır. Sözügedən firmanın mülkiyyətçisi Paşayev Namiq İbad oğludur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsindəki icraat 3.“xxxx-NO” firması (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək, “Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.1993cü il tarixli *** nömrəli Sərəncamına əsasən “xxxx” kiçik müəssisəsinə Novxanı kəndində ayrılmış 60 kv.m torpaq sahəsi üzərində və Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.1994-cü il tarixli *** nömrəli Sərəncamına əsasən “xxxx” kiçik müəssisəsinə Novxanı kəndində əlavə olaraq ayrılmış 0.06 ha torpaq sahəsi üzərində və həmin torpaq sahələrinin üzərində inşa edilərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2007-ci il tarixli *** nömrəli Sərəncamı ilə istismara qəbul edilmiş bağ evi ilə birlikdə, bağ evinin hazırda faktiki olduğu vəziyyətində, üzərində “xxxx-NO” firmasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, * saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək direktoru olduğu “xxxx-NO” firmasının qanuni istifadəsində olmaqla Novxanı kəndində yerləşən 0.066 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilib istismara qəbul edilmiş olan bağ evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində "xxxx-NO" firmasının adına qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Ərizədə qeyd etmişdir ki, “xxxx-NO” firması əvvəl “xxxx” kiçik müəssisəsi adlandırılmışdır. “xxxx” kiçik müəssisəsinə Abşeron rayon İcra Hakimiyyətinin başçısının ## ###### 1993-cü il tarixli *** saylı Sərəncamı ilə 60.0 kv.m torpaq sahəsi mağaza inşa edilməsi üçün, daha sonra yenə də Abşeron rayon İcra Hakimiyyəti başçısının ## ##### 1994-cü il tarixli *** saylı Sərəncamı ilə “xxxx” kiçik müəssisəsinə əlavə olaraq əvvəlki torpaq sahəsinin yanında, kənd təsərrüfatı məhsullarını istehsalı üçün, daha 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin cizgi-planı baş memar tərəfindən təsdiqlənmişdir. Həmin torpaq sahəsinin üzərində onun tərəfindən bağ evi inşa edilmişdir. Həmin inşa edilmiş bağ evi Abşeron rayon İcra Hakimiyyəti başçısının ## #### 2007-ci il tarixli, *** nömrəli Sərəncamı ilə istismara qəbul edilmişdir. Bağ evinin istismara qəbul edilməsi haqqında ##.##.2007-ci il tarixli */** saylı Akt tərtib edilmiş və 9 nəfərdən ibarət komissiya imzalamışdır. “xxxx” kiçik müəssisəsi ## #### 1997-ci ildə “xxxx-NO” firmasına çevrilmişdir və AR Ədliyyə Nazirliyində 34353 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehə təqdim etdiyi ərizəyə 9 adda olmaqla bütün lazımi sənədləri əlavə etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 5.Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı bağ evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin hazırkı müraciətə əlavə olunmadığı, müraciət üzrə əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin ## ##### 1994-cü il tarixli, *** nömrəli sərəncamının “xxxx” kiçik müəssisəsinə 0.06 ha torpaq sahəsinin təhkim edilməsinə dair olduğu aşkar edilmişdir. Bundan başqa, sözügedən torpaq sahəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin icraatında *-*(***)- ****/**** nömrəli inzibati işin olduğu müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinin üzərində yerləşən bağ evinin faktiki vəziyyət ilə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, eskiz layihədə 2 (iki) mərtəbəli göstərilsə də, faktiki vəziyyətdə bağ evinin 2 (iki) mərtəbəli, mansartlı olduğu, bağ evinin inşası zamanı 2-ci mərtəbəsində aşırımın nəzərə alınmadığı, həmçinin bağ evinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. 6.Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli *** nömrəli Sərəncamına əsasən “xxxx” kiçik müəssisəsinə ayrılmış 60 m2 torpaq sahəsi və Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.1994cü il tarixli *** nömrəli Sərəncamına əsasən “xxxx” kiçik müəssisəsinə Novxanı kəndində əlavə olaraq ayrılmış 0.06 ha torpaq sahəsi üzərində (ümumilikdə 0.066 ha) “xxxx-NO” firmasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinə çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə olunmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim - R.Həsənov). 7.Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ###### 1993-cü il tarixli *** nömrəli Sərəncamı ilə 60 m2 və Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ##### 1994-cü il tarixli *** nömrəli Sərəncamı ilə “xxxx” kiçik müəssisəsinə 0.06 ha torpaq sahəsi ayrılmış və həmin sərəncamların preyudisiyası öz qüvvəsini saxlayır. Sözügedən torpaq sahəsi 30 ildən çoxdur ki, iddiaçının istifadəsində və faktiki sahibliyindədir. Həmçinin torpaq sahəsinin mülkiyyətçisi olmuş müvafiq icra hakimiyyəti orqanı da həmin torpaq sahəsində firmanın sahibinə ev tikintisi üçün də sərəncam vermişdir. Göründüyü kimi, icra hakimiyyətinin qərarı əsasında qeyd olunan torpaq sahəsi iddiaçıya verilmiş və bu günədək həmin torpaq sahəsindən mübahisəsiz istifadə edir. 8.Sumqayıt İnzibati Məhkəməsinin icraatında *-*(***)-****/**** nömrəli işin olmasına münasibətdə bildirilmişdir ki, sözügedən iş üzrə yekun nəticə verilmiş məhkəmə qərarı olmamış, yəni həmin qərar əsasında iddiaçının hüquqi marağının həll edilməsi ilə nəticələnməmişdir. Belə olan halda etirazda göstərilmiş 2-ci arqument əsassızdır. 9.3-cü arqumentə münasibətdə bildirilmişdir ki, iddia tələbi yalnız torpaq sahəsinə “xxxx-NO” firmasının mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində təmin edilmişdir. İddia qalan hissədə təmin edilməmiş və bu səbəbdən müvafiq arqument də öz əhəmiyyətini itirmiş olur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən - Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli *** nömrəli Sərəncamına əsasən “xxxx” kiçik müəssisəsinə ayrılmış 60 m2 torpaq sahəsi və Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.1994-cü il tarixli *** nömrəli Sərəncamına əsasən “xxxx” kiçik müəssisəsinə Novxanı kəndində əlavə olaraq ayrılmış 0.06 ha torpaq sahəsi üzərində (ümumilikdə 0.066 ha) “xxxx-NO” firmasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinə çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi hissəsində ləğv edilmişdir. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş və iddia təmin edilməmişdir (sədrlik edən - T.Axundov, hakimlər - H.Babayeva, R.Xəlilov).
12. Məhkəmə kollegiyası bildirmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə torpaq sahəsi üzərində hüquqların yaranmasının hüquqi mexanizminə aydınlıq gətirilməsi zəruridir. Belə ki, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququ yalnız həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti və ya bələdiyyə orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd əsasında yarana bilər və bu sənədin mövcudluğu daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasının ilkin və əsas şərti hesab olunur.
13. Bu xüsusat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin müxtəlif bəndlərində “daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar”, “daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri” kimi qeyd edilmişdir.
14. İş materiallarının araşdırılmasından müəyyən olunur ki, iddiaçı öz tələblərini əsaslandırarkən Abşeron rayon İcra Hakimiyyətinin başçısının ## ###### 1993-cü il tarixli *** saylı və ## ##### 1994-cü il tarixli, *** nömrəli sərəncamlarına istinad etmişdir. Lakin qeyd olunan sərəncamların məzmunu diqqətlə təhlil edildikdə, həmin sənəddə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı hər hansı müddəanın yer almadığı müəyyən edilir. Həmin sərəncamlar ilə torpaq sahəsinin mağaza altına ayrılması və tərəvəz məhsullarının istehsalı məqsədilə iddiaçıya təhkim edildiyi, yəni istifadə hüququnun verildiyi açıq şəkildə görünür. Yəni, sözügedən sərəncamlar iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququ deyil, yalnız təyinatına uyğun olaraq həyata keçirilməsi mümkün olan istifadə hüququ tanıyır.
15. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, torpaq sahəsinin uzun müddət faktiki istifadədə olması, həmin torpaq sahəsi üzərində tikinti aparılması və ya tikilinin istismara qəbul edilməsi faktları öz-özlüyündə torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olmur və bu hallar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Əks yanaşma dövlət mülkiyyətində olan torpaqların qanunvericilikdə nəzərdə tutulmuş özəlləşdirmə prosedurlarından kənar şəkildə xüsusi mülkiyyətə keçməsinə gətirib çıxara bilər ki, bu da hüquqi müəyyənlik və qanunçuluq prinsipləri ilə ziddiyyət təşkil edərdi.
16. Hazırkı iş üzrə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlar kateqoriyasına aid olmuş və iddiaçı tərəfindən həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi, yəni özəlləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş hər hansı qərar, sərəncam və ya qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqi faktların mövcudluğu sübuta yetirilməmiş hesab edilir.
17. Bununla yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, mövcud məhkəmə təcrübəsinə və qanunvericiliyin tələblərinə əsasən, hüquqi şəxslərə torpaq sahələrinin mülkiyyətə verilməsi və ya xüsusi mülkiyyət hüququnun yaranması yalnız müvafiq hüquqi və maliyyə mexanizmləri tətbiq edilməklə, o cümlədən torpaq sahəsinin ödənişli əsaslarla verilməsi, alqı-satqı, özəlləşdirmə və ya digər əvəzli hüquqi əqdlər əsasında mümkündür. Hazırkı iş üzrə isə mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi zamanı hər hansı ödənişin həyata keçirildiyini, torpaq sahəsinin alqı-satqı predmetinə çevrildiyini və ya qanunvericilikdə nəzərdə tutulmuş özəlləşdirmə prosedurunun tətbiq edildiyini təsdiq edən heç bir sübut və sənəd iş materiallarında mövcud deyildir. Bu hal da iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığı qənaətinə gəlməyə əsas vermir.
18. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün iki əsas gətirilmişdir. Birinci hal odur ki, iş materiallarının araşdırılmasından müəyyən olunur ki, iddiaçı öz tələblərini əsaslandırarkən Abşeron rayon İcra Hakimiyyətinin başçısının ## ###### 1993-cü il tarixli *** saylı və ## ##### 1994-cü il tarixli, *** nömrəli sərəncamlarına istinad etmişdir. Lakin qeyd olunan sərəncamların məzmunu diqqətlə təhlil edildikdə, həmin sənəddə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı hər hansı müddəanın yer almadığı müəyyən edilir. Həmin sərəncamlar ilə torpaq sahəsinin mağaza altına ayrılması və tərəvəz məhsullarının istehsalı məqsədilə iddiaçıya təhkim edildiyi, yəni istifadə hüququnun verildiyi açıq şəkildə görünür. Yəni, sözügedən sərəncamlar iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququ deyil, yalnız təyinatına uyğun olaraq həyata keçirilməsi mümkün olan istifadə hüququ tanıyır. Qeyd olunan hal həqiqəti əks etdirmir. Belə ki, torpaq sahəsinin təhkim edilməsi torpaq sahəsinin mütləq mənada istifadəyə verilməsi anlamını daşımır. Azərbaycan dilində təhkim sözü birinin sərəncamına, ixtiyarına vermə, birinin üzərinə bu və ya başqa vəzifə qoyma mənasını daşıyır. Qeyd olunan sözü həm mülkiyyətə, həm istifadəyə, həm də icarəyə verilməsi nəzərdə tutulan daşınmaz əmlaklara şamil etmək olar.
20. Göründüyü kimi, təhkim edilmiş sözünü birmənalı olaraq istifadəyə vermək mənasında olduğunu iddia etmək həqiqəti əks etdirmir. Bundan başqa, mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahələri barədə çıxarılmış qərar, sərəncam və əmrlərdə torpaq sahəsinin mülkiyyətə verildiyi qeyd edilmir, torpaq sahəsi ayrılsın ifadəsi ilə qeyd edilir. Bu yanaşma ilə torpaq sahəsi ayrılsın qeydlərinin də torpaq sahəsinin istifadəyə verilməsi anlamına gəldiyini iddia etmək olar ki, bu halda da bu iddia tam olaraq həqiqəti əks etdirməsə də, tam olaraq yanlış da deyil. Torpaq sahəsi istifadə və ya icarəyə verildikdə bu hal müvafiq qərarlarda aydın şəkildə istifadə və ya icarə sözləri ilə ifadə olunur ki, müvafiq qeydiyyat orqanı bu hala mütləq münasibət bildirmiş olur. Bizim halda isə cavabdeh qurum torpaq sahəsinin mülkiyyətə verilməsi halını mübahisələndirməmiş. imtina, etiraz və apellyasiya şikayətində bu məsələyə münasibət bildirməmiş, bu halı imtina, etiraz, şikayətinin əsası kimi qeyd etməmişdir.
21. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsində təhkim anlayışı yalnız 23, 26 və 31-ci maddələrində istifadə edilmiş və mühafizə, sanitariya, qoruyucu zonaları, qoruq əraziləri, meşə fondu torpaqlarına aid edilmişdir. Göründüyü kimi, torpaq sahəsinin təhkim edilməsi anlayışının torpaq sahəsinin hüquqi və fiziki şəxslərə istifadəyə verilməsi ilə eyni anlamda işlədilməsi Torpaq Məcəlləsində də müşahidə olunmur.
22. Məhkəmənin əsaslandığı ikinci hal odur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlar kateqoriyasına aid olmuş və iddiaçı tərəfindən həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi, yəni özəlləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş hər hansı qərar, sərəncam və ya qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqi faktların mövcudluğu sübuta yetirilməmiş hesab edilir.
23. Qeyd olunan hal həqiqəti əks etdirmir. Belə ki, torpaq sahəsinin ayrılması barədə Abşeron rayon İcra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli *** saylı və ##.##.1994-cü il tarixli *** saylı sərəncamları var və həmin sərəncamlar məhkəməyə təqdim edilmişdir.
24. Mövcud məhkəmə təcrübəsinə və qanunvericiliyin tələblərinə əsasən, hüquqi şəxslərə torpaq sahələrinin mülkiyyətə verilməsi və ya xüsusi mülkiyyət hüququnun yaranması yalnız müvafiq hüquqi və maliyyə mexanizmləri tətbiq edilməklə, o cümlədən torpaq sahəsinin ödənişli əsaslarla verilməsi, alqı-satqı, özəlləşdirmə və ya digər əvəzli hüquqi əqdlər əsasında mümkündür. Hazırkı iş üzrə isə mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi zamanı hər hansı ödənişin həyata keçirildiyini, torpaq sahəsinin alqısatqı predmetinə çevrildiyini və ya qanunvericilikdə nəzərdə tutulmuş özəlləşdirmə prosedurunun tətbiq edildiyini təsdiq edən heç bir sübut və sənəd iş materiallarında mövcud deyildir. Bu hal da iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığı qənaətinə gəlməyə əsas vermir.
25. Məlumat üçün bildiririk ki, mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən bilavasitə və əvəzi ödənilmədən ayrılmışdır. Torpaq sahəsinə dair müqavilənin bağlanması o halda qanunamüvafiq olardı ki, torpaq sahəsi icarəyə verilmiş olardı. Torpaq sahəsinin ayrıldığı dövrdə İcra Hakimiyyətləri və şəhər, qəsəbə, rayon, kənd nümayəndəlikləri tərəfindən torpaq sahələrinin hüquqi və fiziki şəxslərə ayrılması prosedurunun icarə hüququ istisna olmaqla tam olaraq təmənnasız aparılması nəzərdə tutulmuşdur.
26. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi torpaq sahəsinin dəyəri ödənilməklə həyata keçirilir. Məhkəmənin gətirdiyi bu əsası təsdiq edən heç bir qanunvericilik aktı mövcud deyil. Bundan başqa cavabdeh qurum hər xırda nüansa ciddi çatışmazlığa çevirdiyi halda torpaq sahəsinin əvəzinin ödənilməsi barədə sənədin təqdim olunmamasını imtina, etiraz və apellyasiya şikayətində imtina, etiraz və şikayətinin əsası kimi qeyd etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (sərəncamlar verilərkən qüvvədə olan redaksiyası) Maddə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Maddə 8. Rayon, şəhər xalq deputatları Sovetlərinin xüsusi torpaq fondu və onun yaradılması qaydası Torpaq islahatını həyata keçirmək məqsədilə rayon, şəhər xalq deputatları Sovetlərinin xüsusi torpaq fondu kolxozlar, sovxozlar, digər kənd təsərrüfatı və qeyrikənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları tərəfindən səmərəli istifadə edilməyən (meşə fondu, qışlaq və yaylaq sahələri, qoruqlar və yasaqlıqlar istisna olmaqla) torpaq sahələri, habelə vətəndaşların xüsusi mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilmiş torpaq sahələri hesabına yaradılır. Maddə 9. Torpaq üzərində dövlət mülkiyyəti Torpaq üzərində, Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Maddə 10. Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər. Maddə 11. Torpağın xüsusi mülkiyyətə verilməsi şərtləri Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Xarici vətəndaşların, habelə xarici hüquqi şəxslərin mülkiyyətinə, həmçinin irsən keçən ömürlük sahibliyinə torpaq sahəsi verilmir. Keçmiş mülkiyyətçilərə və onların vərəsələrinə torpaq sahələri qaytarılmır. Onlar torpaq sahələrini mülkiyyətə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar üzrə ala bilərlər. Maddə 12. Torpaq sahələrinin mülkiyyətə alınması və satılması Torpaq sahələri üzərində mülkiyyət hüququnu başqasına torpaq sahəsinin yerləşdiyi rayon, şəhər xalq deputatları Sovetləri keçirir. Əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün xüsusi mülkiyyətə verilən torpaq sahəsinin satılmasına və ya başqa cür özgəninkiləşdirilməsinə həmin sahənin əldə edildiyi vaxtdan 5 il keçdikdən sonra yol verilir. Vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı sahəyə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq-sahələrinə göstərilək 5 il müddəti şamil edilmir. Vətəndaşlar öz xüsusi mülkiyyətində olan torpaq sahəsini başqasına satdıqda, bağışladıqda və ya başqa cür özgəninkiləşdirdikdə onlara təkrarən pulsuz torpaq sahəsi 15 il keçdikdən sonra verilə bilər. Vətəndaş vəfat etdikdə, onun torpaq üzərindəki mülkiyyət hüququ başqasına qanunla müəyyən edilmiş qaydada irsən keçir. Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 15. Torpaq sahələrindən müvəqqəti istifadə Torpaqdan müvəqqəti istifadə qısa müddətli—üç ilədək və uzun müddətli—on ilədək ola bilər. Köçəri qoyunçuluq üçün kolxozların, sovxozların, kəndli təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsinə qış və yay otlaq sahələri 15 ilədək müddətə verilə bilər. İstehsalat zərurəti olduqda. bu müddətlər müvafiq surətdə ilkin istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Göstərilən müddətləri torpaq sahəsini istifadəyə vermiş orqanlar uzadır. Müvəqqəti istifadə üçün torpaq sahələri vətəndaşlara, kolxozlara, sovxozlara, kooperativlərə, kəndli (fermer) təsərrüfatlarına, müəssisələrə, idarələrə və təşkilatlara kənd təsərrüfatı ilə məşğul olmaq, layihə, axtarış və müvəqqəti tikinti işlərinin aparılması, icarə, bostançılıq, ot çalını, mal-qara otarılması üçün və xidməti pay torpaqları şəklində verilir. Torpaq sahibləri və torpağın daimi istifadəçiləri öz torpaqlarını müvafiq rayon, şəhər xalq deputatları Sovetlərində qeydə alınan müqavilə əsasında vətəndaşların, müəssisələrin, idarələrin və təşkilatların müvəqqəti istifadəsinə verə bilərlər. Maddə 16. Torpaq sahəsinin icarəyə verilməsi İcarə şərtləri ilə torpaq sahələri vətəndaşlara, kolxozlara, sovxozlara, kəndli təsərrüfatlarına və digər kooperativ, dövlət, ictimai müəssisələrə, idarələrə və təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə, beynəlxalq təşkilatlara, xarici hüquqi və fiziki şəxslərə verilir. Maddə 17. Torpaq sahəsinin icarəyə verilməsi qaydası və şərtləri İcarə şərtləri ilə torpaq sahələrini (meşə fondu torpaqları, yay və qış otlaq sahələri istisna olmaqla) müvafiq rayon, şəhər xalq deputatları Sovetləri verir. Kolxozlar, sovxozlar, digər dövlət və kooperativ kənd təsərrüfatı müəssisələri torpağı təsərrüfatdaxili yer quruluşu qaydasında ayrı-ayrı işçilərin icarəsinə verə bilər. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və müqavilədə təsbit olunur. Mülkiyyətində torpaq sahələri olan vətəndaşlar bu torpağı yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, həqiqi hərbi xidmətə çağırıldığı, xaricdə ezamiyyətdə olduğu müddətdə icarəyə verə bilərlər. Torpaq sahələri irsən, yetkinlik yaşına çatmamış uşaqlara keçdikdə həmin torpaqların rayon, şəhər xalq deputatları Sovetlərinin nəzarəti altında icarəyə verilməsinə vərəsə yetkinlik yaşına çatanadək yol verilir. İcarə haqqının məbləği müqavilə ilə müəyyən edilir. İcarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsinə icarə hüququ onun vərəsələrindən birinə keçir. Torpaq sahəsinin icarəsinin əsas şərtləri bu Məcəllədə və icarə haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilir və müvafiq rayon, şəhər xalq deputatları Sovetində qeydə alınan icarə müqaviləsində konkretləşdirilir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 243. Daşınmaz əmlak mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququ 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. ...
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Məhkəmə kollegiyası bildirir ki, iş materiallarından göründüyü kimi, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verməmiş və apellyasiya baxışının həddi iddianın təmin olunmuş hissəsinə münasibətdə olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsinin qərarı həmin hissədə ləğv edilmiş və iddia tələbi təmin edilmiş hissədə də rədd edilmişdir.
34. Bu səbəbdən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı məhz apellyasiya məhkəməsi tərəfindən “iddianın rədd edilmiş hissəsinə”, yəni mübahisəli torpaq sahəsinə dair hissəsinə münasibətdə yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədəmüvafiq hesab edir.
37. İş materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair verilmiş sərəncamlar 1993 və 1994-cü il tarixli olmuşdur.
38. Mübahisələndirilən məhkəmə qərarından görünür ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslılığına sözügedən sərəncamların verildiyi tarixdə qüvvədə olmuş Torpaq Məcəlləsinin müddəalarını ümumiyyətlə nəzərə almadan, həmin sərəncamların məzmununu öz subyektiv mülahizələri əsasında şərh edərək qiymət vermişdir.
39. İlk öncə bildirilməlidir ki, ##.##.1991-ci il tarixli Torpaq Məcəlləsində torpaq sahələrindən istifadə, icarə və mülkiyyətə verilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır.
40. Həmin Məcəllənin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 17-ci maddəsindən görünür ki, icarə haqqının məbləği müqavilə ilə müəyyən edilir.
41. Nəzərə alınmalıdır ki, iş üzrə iddiaçı barəsində olan sərəncamlardan ümumiyyətlə torpaq sahələrinin icarəyə verilməsi və ya icarə məbləği ilə bağlı hər hansı hal müəyyən edilməmişdir.
42. Bundan başqa, adıçəkilən Məcəllənin 14 və 15-ci maddələrində torpaq sahələrinin daimi və müvəqqəti olmaqla istifadəyə verilməsi ilə bağlı məsələlər qeyd olunmuşdur.
43. Torpaq sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə 15-ci maddəsində torpaq sahələrinin istifadəyə verilməsinin müddəti və bu müddətin uzadılmasına dair məsələlər tənzimlənmişdir.
44. İş materiallarından göründüyü kimi, iddiaçı barəsində olan sərəncamlarda torpaq sahəsinin müvəqqəti və ya müəyyən müddətlə istifadəyə verilməsinə dair hər hansı hallar da müəyyən edilməmişdir.
45. Torpaq sahəsinin daimi istifadəyə verilməsinə münasibətdə isə nəzərə alınmalıdır ki, adıçəkilən məcəllənin 14-cü maddəsindən göründüyü kimi, iddiaçının məhz torpaq sahələrinin daimi istifadəyə verilə bilən hər hansı subyektlər sırasına aid olması iş materialları ilə öz təsdiqni tapmır.
46. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsinin mümkünlüyünə həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin müvafiq normalarını tətbiq etməklə və yuxarıdakı xüsusatlar nəzərə alınmaqla hər hansı qiymətləndirmə aparmamışdır.
47. Bundan başqa, həmin Məcəllənin 10-cu maddəsində torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsinin konkret məqsədləri əks olunmuşdur. Nəzərə alınmalıdır ki, həmin beş məqsəddən ikisi “əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün” və “sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün” kimi nəzərdə tutulmuşdur.
48. Məhz iş materiallarında olan sərəncamlara nəzər saldıqda görünür ki, ## ###### 1993-cü il tarixli *** saylı sərəncamı ilə 60.0 kv.m torpaq sahəsi mağaza inşa edilməsi üçün, ## ##### 1994-cü il tarixli *** saylı sərəncamı ilə isə “xxxx” kiçik müəssisəsinə əlavə olaraq əvvəlki torpaq sahəsinin yanında, kənd təsərrüfatı məhsullarını istehsalı üçün, daha 0.06 ha torpaq sahəsi ayrılmışdır.
49. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin "hüquqi şəxslərə torpaq sahələrinin mülkiyyətə verilməsi və ya xüsusi mülkiyyət hüququnun yaranması yalnız müvafiq hüquqi və maliyyə mexanizmləri tətbiq edilməklə, o cümlədən torpaq sahəsinin ödənişli əsaslarla verilməsi, alqı-satqı, özəlləşdirmə və ya digər əvəzli hüquqi əqdlər əsasında mümkün olması” barədə mövqeyi ilə də razılaşmır.
50. Belə ki, həmin dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 11-ci maddəsində birbaşa olaraq Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə verilməsinin pulsuz olması göstərilmişdir.
51. Bu baxımdan, həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbləri baxımından torpaqların “əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün” və “sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün” (hazırkı mübahisəli sərəncamlarda nəzərdə tutulmuş məqsədlərdə olduğu kimi) pulsuz, yəni əvəzsiz qaydada qaydada xüsusi mülkiyyətə verilməsi tamamilə mümkün idi.
52. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsinin (həm də pulsuz verilməsinin) mümkünlüyü barəsində də həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin müvafiq normalarına istinad etmədiyindən əsaslı nəticəyə gəlməmişdir.
53. Məhkəmə kollegiyası qeyd edilənlərdən əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1-ci maddəsinə əsasən, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
54. Qeyd edilmiş maddəni vurğulamaqda məhkəmə kollegiyasının məqsədi təkrar apellyasiya baxışı zamanı hazırkı iddia tələbinə qiymət verərkən bu halın, yəni mübahisəli torpaq sahəsinin üzərindən digər şəxs tərəfindən bağ evinin inşa olunmasının maneə yaratmamasını diqqətə çatdırmaqdır.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.
56. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
58. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı iddia tələbinə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri baxımından və sadalanmış hallar nəzərə alınmaqla, işdəki sübutlar qarşılıqlı şəkildə təhlil olunaraq yenidən qiymət verilməli və nəticəsindən asılı olaraq qanuni və əsaslı qərar qəbul edilməlidir.
59. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.