Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-391/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Qusar bələdiyyəsinin ## #### 2000-ci il tarixli, */*-** nömrəli qərarı ilə Qusar şəhərinin N.Şərifov küçəsində yerləşən 30 kv.m torpaq sahəsi ticarət obyektinin tikintisi məqsədilə İddiaçı satılmışdır.
2. Qusar bələdiyyəsinin # ###### 2001-ci il tarixli, İ-*/* nömrəli qərarı ilə əvvəl ayrılmış torpaq sahəsinə bitişik ərazidən ticarət obyektinin genişləndirilməsi və yenidən tikilməsi məqsədilə iddiaçıya əlavə 69 kv.m torpaq sahəsi satılmışdır. Beləliklə, iddiaçıya ayrılmış torpaq sahələrinin ümumi sahəsi 99 kv.m təşkil etmişdir.
3. Qusar bələdiyyəsinin # ######## 2000-ci il tarixli, ** nömrəli və ## ###### 2001ci il tarixli, ** nömrəli kassa mədaxil qəbzlərinə əsasən, iddiaçı torpaq sahələrinin satın alınmasına görə müvafiq olaraq 150.000 manat və 138.000 manat məbləğində ödəniş etmişdir.
4. İddiaçıya ayrılmış torpaq sahəsində ticarət obyekti inşa edilmiş və həmin obyekt ## ###### 2001-ci il tarixli aktla dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunmuşdur. Sonradan qeyri-yaşayış binasına dair ## #### 2005-ci il tarixli, 44/** reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ## #### 2014-cü il tarixdə iddiaçıya ayrılmış 99 kv.m torpaq sahəsinə dair A seriyalı, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. Həmin sənəddə torpaq sahəsinin əsas kadastr göstəriciləri, planı, döngə nöqtələrinin koordinatları və sərhədləri göstərilmişdir.
6. İddiaçı torpaq sahələrinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
7. cavabdeh2n * saylı Xaçmaz Ərazi İdarəsi ## ### 2023-cü il tarixli məktubla bildirmişdir ki, Qusar bələdiyyəsinin ## #### 2000-ci il və # ###### 2001-ci il tarixli qərarları əsasında ayrılmış 0,0099 ha torpaq sahəsinə dair alqı-satqı aktı təqdim edilməmişdir. Bu səbəbdən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasının mümkün olmadığı göstərilmişdir.
8. Əmlak Məsələləri Dövlət Xidməti də # #### 2023-cü il tarixli məktubunda 0,003 ha və 0,0069 ha torpaq sahələrinə dair “Torpaqların alqı-satqısına dair akt”ın təqdim edilməməsini əsas gətirərək, mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatından imtina etmişdir.
9. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının ## ###### 2023-cü il tarixli məktubu ilə Qusar bələdiyyəsinin ## #### 2000-ci il və # ###### 2001-ci il tarixli qərarlarının, eləcə də torpaq sahələrinin baş planlarından çıxarışların surətləri iddiaçıya təqdim edilmişdir.
10. Qusar bələdiyyəsinin ## ##### 2024-cü il tarixli arayışına əsasən, iddiaçının Ç.Qurbanov, əvvəlki adı ilə N.Şərifov küçəsində yerləşən 99 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsi üzrə vergi borcu olmamışdır.
11. Cavabdeh inzibati orqan tərəfindən 2024-cü ildə torpaq sahəsinə və onun üzərində yerləşən ticarət obyektinə baxış keçirilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, faktiki istifadə olunan torpaq sahəsi 100,9 kv.m təşkil edir, sahə ticarət obyektinin tikinti altı hissəsidir, qonşu torpaq mülkiyyətçiləri ilə sərhəd mübahisəsi yoxdur və sahə kommunikasiya xətlərinin mühafizə zonasına düşmür. Bununla yanaşı, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş elektron kadastr uçotu məlumatlarında ayrıca əks olunmamış, ətrafındakı ümumi 3 hektar ərazi ilə birlikdə dövlət mülkiyyəti kimi uçota alınmışdır.
12. Qusar bələdiyyəsinin sonrakı məktublarında torpaq sahəsinin bələdiyyənin müvafiq qərarları ilə iddiaçıya satıldığı, torpaq və əmlak vergilərinin ödənildiyi, lakin bələdiyyənin əvvəlki illərə aid arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməsi səbəbindən alqı-satqı sənədlərinin bütün surətlərinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Qusar şəhər bələdiyyəsinin ## #### 2000ci il tarixli, */*-** nömrəli və # ###### 2001-ci il tarixli, İ-*/* saylı qərarlarına əsasən Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən 30 kv.m və 69 kv.m sahəsi olan torpaq sahələrinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar şəhər bələdiyyəsinin ## #### 2000-ci il tarixli, */*-** saylı və # ###### 2001-ci il tarixli,*-*/* saylı qərarlarına əsasən Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən, 30 kv.m və 69 kv.m sahəsi olan, qeyri-yaşayış məqsədlər üçün ayrılmış torpaq sahələri onun tərəfindən satın-alınmış və həmin torpaq sahələrin dəyəri bank vasitəsilə həyata keçirmişdir. Qanunun tələblərinə uyğun olaraq bütün tələb olunan sənədlər ardıcıl olaraq toplanmış və qeydiyyatdan keçmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsinin planı və ölçüsü, miqyası, torpaq sahəsinin qonşu sərhədləri və yerquruluşu planı DTXK Qusar rayon şöbəsində və Dövlət Yerquruluşu Layihə İnstitunda təsdiq olunmuşdur. Qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınması ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin icrasından imtina etmişdir. İmtina məktubunda qeyd edilən alqı-satqı müqaviləsinin mövcud olmadığı onun nöqsanı deyildir.
15. Cavabdeh iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Qusar rayonu, Qusar bələdiyyəsinin ##.##.2000-ci il tarixli */*-** saylı və ##.##.2001-ci il tarixli *-*/* saylı qərarları əsasında sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0.0099 ha torpaq sahəsinə dair alqı-satqı aktı əlavə olunmamışdır.
16. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim K.Həbibova) iddia təmin edilmiş, Qusar şəhər bələdiyyəsinin ## #### 2000-ci il tarixli, */*-** nömrəli və # ###### 2001-ci il tarixli, İ-*/* saylı qərarlarına əsasən Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən 0,0030 ha və 0,0069 ha sahəsi olan torpaq sahələrinə dair iddiaçı İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qusar bələdiyyəsinin ## #### 2000-ci il tarixli, */*-** nömrəli qərarı ilə Qusar şəhərinin N.Şərifov küçəsində yerləşən 30 kv.m torpaq sahəsi ticarət obyekti tikmək üçün, daha sonra # ###### 2001-ci il tarixli, İ-*/* nömrəli qərarı ilə bitişik ərazidən ticarət obyektinin genişləndirib yenidən tikilməsi məqsədi ilə 69 kv.m əlavə torpaq sahəsi iddiaçıya satılmış, dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Həmin torpaq sahələrinə dair baş planından çıxarışlar, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Qeyd edilən sənədlərin mövcudluğu arxiv sənədləri ilə öz təsdiqini tapmışdır. Həmçinin, mübahisələndirilən torpaq sahəsinə dair cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktından müəyyən edilir ki, torpaq sahəsi ticarət obyektinin yerləşdiyi tikinti altı sahəsidir və hal-hazırda ticarət obyektinin yerləşdiyi torpaq sahəsi 100.9 kv.m təşkil edir, qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi mövcud deyildir və kommunikasiya xətlərinin qoruma zolağına düşmür. Torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında öz əksini tapmayaraq, iddia olunan torpaq sahəsi ilə birlikdə ümumi 3 hektar olmaqla dövlət mülkiyyət kimi uçota alınmışdır. Eyni zamanda, yerquruluşu planından çıxarış tərtib edilmişdir. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinin icrasından imtina dəlilləri əsassız hesab edir. Alqı-satqı ilə bağlı forma tələbinə riayət olunmasını təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir. Bu baxımdan forma tələbinin pozulması şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, İ.Quliyev və V,Əzizova) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etmişdir: – Sözügedən torpaq sahəsi DWJ və TEKUİS məlumatlarına əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla, “bazar ərazisi” kimi tanına 3 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. – Bələdiyyə yalnız öz mülkiyyətində olan torpaq sahəsi barədə sərəncam vermək səlahiyyətinə malikdir. Mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması isə həmin sahənin bələdiyyə tərəfindən iddiaçıya satılmasını və bu satışa dair bələdiyyə qərarlarının iddiaçının xüsusi mülkiyyət hüququnun yaranması üçün hüquqi əsas kimi qəbul edilməsini istisna edir. Bu baxımdan, bələdiyyə qərarlarının, ödəniş qəbzlərinin, torpaq sahəsinin planı və ölçüsü sənədinin mövcudluğu özlüyündə dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas vermir. – Bərabərlik və inzibati orqana etimad prinsipləri qanunazidd əsaslara və qanunsuz hərəkətlərə söykənən hüquqi vəziyyətin qorunmasına xidmət edə bilməz. Torpaq sahəsinin dövlət mülkiyyətində olması iddia tələbinin əsaslılığını təkzib etdiyindən, cavabdehin göstərdiyi digər imtina əsası — torpaqların alqı-satqısına dair ayrıca aktın təqdim edilməməsi barədə əlavə qiymətləndirmə aparılmasına ehtiyac qalmamışdır. – Birinci instansiya məhkəməsi torpaq sahəsinin hüquqi statusunu tam araşdırmamış, bələdiyyənin həmin sahə üzərində sərəncam vermək səlahiyyətinin olubolmadığını və təqdim edilən ilkin hüquqmüəyyənedici sənədlərin mülkiyyət hüququnun yaranması üçün qanuni əsas təşkil edib-etmədiyini düzgün qiymətləndirməmişdir.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: – Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair müddəalarını düzgün tətbiq etməmişdir. Belə ki, Qusar bələdiyyəsinin ## #### 2000-ci il və # ###### 2001-ci il tarixli qərarları torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması və dövlət qeydiyyatına alınması üçün yetərli hüquqi əsas təşkil edir. Torpaq sahəsinin iddiaçıya satılması, dəyərinin ödənilməsi, plan və ölçü sənədinin hazırlanması, habelə torpaq və əmlak vergilərinin ödənilməsi həmin hüququn mövcudluğunu təsdiq edir. – Apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun bərabərlik və etimad hüququnun qorunması prinsiplərini nəzərə almamışdır. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq çıxarışlar verildiyi halda, iddiaçıya münasibətdə fərqli yanaşma tətbiq edilmişdir. Şikayətçi hesab edir ki, məhkəmə müqayisə edilən torpaq sahələrinin hüquqi vəziyyətini lazımi qaydada araşdırmamışdır. – Torpaq Məcəlləsinin torpaq sahəsi üzərində hüquqların yaranması və rəsmiləşdirilməsinə dair müddəaları düzgün tətbiq edilməmişdir. Belə ki, bələdiyyə qərarları, ödəniş sənədləri, baş plandan çıxarışlar, torpaq sahəsinin planı və ölçüsü, eləcə də arxiv materialları birlikdə iddiaçının torpaq sahəsi üzərində hüququnun yarandığını təsdiq edir və həmin hüquq dövlət reyestrində qeydə alınmalı idi. – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 15-ci maddələrinin tələbləri pozulmuşdur. Şikayətçinin mövqeyinə görə, qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərdən birinin mövcudluğu qeydiyyat üçün kifayətdir və cavabdeh yalnız qanunda dəqiq göstərilən imtina əsaslarından biri olduqda qeydiyyatdan imtina edə bilərdi. Torpaqların alqı-satqısına dair ayrıca aktın olmaması, digər sənədlər torpaq sahəsinin satılmasını təsdiq etdiyi halda, imtina üçün yetərli əsas sayıla bilməz. – Alqı-satqının rəsmiləşdirilməsi zamanı forma tələbinə riayət olunmaması iddiaçının ziyanına təfsir edilməməlidir. Belə ki, sənədləşmənin lazımi qaydada aparılması müvafiq inzibati orqanın məsuliyyət sahəsinə aid olmuş, bu sahədəki nöqsanlar torpaq sahəsinin dəyərini ödəmiş və uzun müddət həmin sahədən istifadə etmiş iddiaçı üçün mənfi hüquqi nəticə doğurmamalıdır. – Apellyasiya məhkəməsi təqdim olunmuş sənədlərin mötəbərlik prezumpsiyasını və bələdiyyə qərarlarının hüquqi qüvvəsini nəzərə almamışdır. Qusar bələdiyyəsinin qərarları geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş və ya qüvvədən düşmüş hesab edilməmişdir. Buna görə də həmin qərarlar hüquqi qüvvəsini saxlamış və məhkəmə onları dolayı yolla etibarsız hesab etməkdə haqlı olmamışdır. – Apellyasiya instansiyası məhkəməsi sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, torpaq sahəsinin dövlət mülkiyyətində olan “bazar ərazisi”nə daxil olması barədə nəticə əsasən cavabdehin məlumatlarına söykənmiş, həmin məlumatların həqiqiliyi və torpaq sahəsinin faktiki sərhədləri əlavə sübutlarla yoxlanılmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə **.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə **.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
30. İşin müəyyən edilmiş hallarından görünür ki, Qusar bələdiyyəsinin ## #### 2000-ci il tarixli, */*-** nömrəli qərarı ilə Qusar şəhərinin N.Şərifov küçəsində yerləşən 30 kv.m torpaq sahəsi ticarət obyekti tikilməsi məqsədilə iddiaçı İddiaçı satılmış, daha sonra həmin bələdiyyənin # ###### 2001-ci il tarixli, İ-*/* nömrəli qərarı ilə ticarət obyektinin genişləndirilməsi və yenidən tikilməsi üçün bitişik ərazidən əlavə 69 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən torpaq sahələrinin dəyəri ödənilmiş, həmin sahədə inşa edilmiş ticarət obyekti ## ###### 2001-ci il tarixli aktla dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunmuş, sonradan obyektə dair texniki pasport və ## #### 2005-ci il tarixli, 44/** reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, ## #### 2014-cü il tarixdə isə ümumi 99 kv.m torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
31. Bundan sonra iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair akt”ın təqdim edilmədiyini əsas gətirərək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
32. Məhkəmə kollegiyası ilk öncə alqı-satqı aktının təqdim edilməməsi ilə bağlı qeyd edir ki, həmin sənədin mövcud olmaması özlüyündə iddiaçının torpaq sahəsi üzərində hüququnun yaranmadığını təsdiq etmir. Buna görə də bələdiyyənin qüvvədə olan qərarları, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair sənədlər, torpaq sahəsinin planı və ölçüsü, habelə onun üzərində yerləşən tikiliyə dair texniki və qeydiyyat sənədləri tam və qarşılıqlı əlaqədə qiymətləndirilmədən, yalnız alqı-satqı aktının təqdim edilməməsinə əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilməsi əsaslı hesab oluna bilməz.
33. Digər tərəfdən apellyasiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddia olunan torpaq sahəsi “bazar ərazisi” kimi tanınan 3 ha torpaq sahəsinin hüdudları daxilində dövlət mülkiyyəti kimi qeydə alınmış torpaq sahəsində yerləşir.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi bu nəticəyə gələrkən işi tam və hərtərəfli araşdırmamışdır.
35. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Qusar “Kolxoz bazarı”na Qusar Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin ## #### 1990-cı il tarixli, ** nömrəli qərarı ilə 2 ha, bazara bitişik “Yarmarka” adlanan hissəyə isə Qusar Rayon İcra Hakimiyyəti başçısının # ###### 1999-cu il tarixli, ** nömrəli qərarı ilə 0,65 ha torpaq sahəsi ayrılmışdır.
36. Göründüyü kimi, qeyd olunan qərarlarla “bazar ərazisi” üçün ümumilikdə 3 ha deyil, 2,65 ha torpaq sahəsi ayrılmışdır. Lakin mübahisə predmeti olan 99 kv.m torpaq sahəsinin məhz həmin 2,65 ha ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsi apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmamışdır. Bu məqsədlə torpaq sahələrinin sərhədlərinin üst-üstə düşüb-düşmədiyini müəyyən edən mütəxəssis rəyi alınmamış, müvafiq yerquruluşu və ya məhkəmə ekspertizası keçirilməmişdir.
37. Halbuki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilərək 719 nömrə ilə uçota alınmış, həmin sənəddə torpaq sahəsinin əsas kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları və qonşu sərhədləri müəyyən edilmişdir. Həmçinin bazara ayrılan torpaq sahəsinin sxemi, bazarın texniki pasportu iş materialında mövcuddur. Texniki pasportun qeyd hissəsində ərazidə bazara aid olmayan tikili və qurğuların olduğu göstərilmiş, onların siyahısı da əks olunmuşdur.
38. Eyni zamanda, torpaq sahəsində inşa edilmiş tikiliyə dair istismara qəbul aktı, texniki pasport və mülkiyyət hüququnu təsdiq edən sənəd kimi ## #### 2005-ci il tarixli qeydiyyat vəsiqəsi mövcuddur. Həmin qeydiyyat vəsiqəsində tikilinin ümumi sahəsinin 105 kv.m olduğu göstərilmiş, hüquqi əsas kimi Qusar bələdiyyəsinin ## #### 2000-ci il və # ###### 2001-ci il tarixli qərarlarına istinad edilmişdir.
39. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə dolğun və hərtərəfli araşdırma aparmadan, mübahisəli torpaq sahəsinin hüquqi statusunu və onun dövlət mülkiyyətində olan “bazar ərazisi”nin hüdudları daxilində yerləşib-yerləşmədiyini mötəbər sübutlar əsasında müəyyən etmədən, həmin sahənin 3 ha dövlət torpağının tərkibində olması barədə nəticəyə gəlmişdir. Halbuki, iş materiallarında olan hüquqmüəyyənedici sənədlərə əsasən “bazar ərazisi” üçün ümumilikdə 2,65 ha torpaq sahəsinin ayrıldığı müəyyən olunur.
40. Halbuki, İnzibati Prosessual Məcəllənin **.1-ci maddəsinə əsasən məhkəmə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə tam, hərtərəfli və obyektiv araşdırmağa borcludur.
41. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
43. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).
44. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.