Məhkəmə qərarları › İş №2-1(1-8)-396/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-396/2026

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-396/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-****/**** nömrəli qərarın ləğv edilməsi və əlilliyin həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçıya ##.##.2013-cü il tarixli təyinatı ilə. “profuz qanaxmaya görə aparılmış laparotomiyadan qalıq bağırsağın 1 sm uc-uca qoyulmasından sağ tərəfli hemikolektomiyadan 1,0 sm ileotransverqanostomazın qoyulması” diaqnozu ilə ikinci qrup müddətsiz əlillik təyin edilmişdir.

2. Sonradan iddiaçı 2024-cü il tarixdə, cavabdehə müraciət edərək. əlilliyin təyin edilməsi əsasının dəyişdirilməsi və əlilliyin hərbi xidmət zamanı aldığı xəsarətə əsasən yarandığının müəyyən edilməsini xahiş etmişdir.

3. İddiaçının müraciəti əsasında ##.##.2024-cü il tarixində əlavə əyani müayinə aparılaraq cavabdeh iddiaçının tam reabilitasiya olması nəticəsinə gələrək onun əlilliyinin ləğv edilməsi barədə qərar qəbul etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehin ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və əlilliyin həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2013-cü il tarixli təyinatı ilə “profuz qanaxmaya görə aparılmış laparotomiyadan qalıq bağırsağın 1 sm uc-uca qoyulmasından sağ tərəfli hemikolektomiyadan 1,0 sm ileotransverqanostomazın qoyulması” diaqnozu ilə ikinci qrup müddətsiz əlillik təyin edilmişdir. İddiaçı 2024-cü il tarixdə, cavabdehə müraciət edərək əlilliyin təyin edilməsi əsasının dəyişdirilməsi və əlilliyin hərbi xidmət zamanı aldığı xəsarətə əsasən yarandığının müəyyən edilməsini xahiş etmişdir. Agentliyin qərar xarakterli məktubu ilə bildirilmişdir ki, iddiaçının “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. Həmin məktub, iddiaçı tərəfindən Agentliyin inzibati binasında müvafiq qeydiyyat kitabına imza etməklə, ##.##.2024-cü il tarixdə götürülmüşdür. Həmin qərara qədər iddiaçı hər ay üçün 451.45 manat pensiya almışdır. Sonuncu dəfə həmin pensiyanı mart ayında almış, 2024-cü ilin aprel ayından başlayaraq, həmin pensiyanın ona ödənilməsi dayandırılmışdır. Qeyd etmək istəyir ki, pensiyanın ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin qərarı “İnzibatı icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və iddiaçı üçün hüquqi nəticə yaradır. İşin yuxarıda göstərilən faktiki hallarından göründüyü kimi, iddiaçıya əlillik dərəcəsi müddətsiz təyin edilmişdir. Onun aldığı xəsarətin xarakterinə görə, əlillik vəziyyətinin bərpa olunması mümkünsüzdür. Bu səbəbdən, iddiaçının tam reabilitasiya olunması ilə bağlı cavabdehin qərarı qanunsuzdur və ləğv edilməlidir.

6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2013-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaş əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında ##.##.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2001-ci il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Profuz qanaxma ilə fəsadlaşmış qarın yatalağı əməliyyatından sonrakı bağırsaq keçməzliyinə görə aparılmış laparotomiya (##.##.2001), qalça bağırsağın bir metr rezeksiyası, sağ tərəfli hemikolektomiya (40 sm), Heotransverzoanostomozun qoyulması, relaporotomiya (##.##.2001) bitişmələrin kəsilməsi, keçməməzliyin ləğvi, ötürücü “yan-yana” Heotransverzoanastomozun qoyulması cərrahi əməliyyatlarından sonrakı vəziyyət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı nazik bağırsağının rezeksiya olunduğunu, tez-tez ishal, halsızlıq, anemiyadan əziyyət çəkdiyini bildirmişdir. Hərbi xidmət zamanı qanaxmaya görə 2 dəfə cərrahi əməliyyat keçirdiyini söyləmişdir. Mütəmadi olaraq B qrup vitaminlər, İmodium qəbul etdiyini, bir dəfə qan köçürüldüyünü bildirmişdir. Müayinə zamanı dili nəm, təmiz, görünən selikli qişaları çəhrayı rəngli, çəkisi 103 kq, boyu 179 sm, BÇİ 32 olmuş, qarının ön divarında laparotomik çapıq izlənmiş, palpasiyada qarnı yumşaq, ağrısız olmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Qanın ümumi analizinin nəticəsi “LYM%- Limfositlər 20,9% (N ** 45%), RBC- Eritrositlərin sayı 4,07x10A12l), HGB- Hemoqlobin 121 q/l (N ***-155 g/l), HCT- Hemotakrit 35,8 fl (N37-47 fl)” kimi qeyd edilmişdir. Anamnestik məlumatlarda və əyani müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2 *(***)-****/**** nömrəli, ## ####### 2024cü il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş T***/**** nömrəli, ## ##### 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş “Diaqnozun mətni: Profuz qanaxmaya görə aparılmış laporotomiyadan qalıq bağırsağın 1sm uc-uca qoyulmasından. Sağ tərəfli hemikolektomiyadan 1,0 sm ilə otrans-veqanostomozun qoyulması. Cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu xəstənin stasionarda müayinə və müalicəsi zamanı qoyulmuşdur. Diaqnoz nəzərə alınmaqla xəstənin ##.##.2024-cü il tarixdə DTSERA-da və Birlikdə əyani müayinələri zamanı anamnestik məlumatlarda və əyani müayinə nəticələrində (BÇİ-nin 32, 30 olması) əlillik təyinatına əsas verə biləcək həzm pozğunluğu əlamətləri aşkar edilməmiş, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olunması barədə düzgün qərar qəbul edilmişdir. İddiaçı Əsas diqanozun ağırlaşması olan (F07.8)- həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu xəstəliklərin ağır formaları- davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi hallarına rast gəlinmədi”

9. Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Həsənov) iddia təmin edilməmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyi publik hüquqi şəxs tərəfindən aparılmış yenidən müayinə nəticəsində iddiaçının tibbi sənədlərinə baxış keçirilmiş və iddiaçı əyani müayinə olunmuş, iddiaçıya təyin edilmiş diaqnozun əlillik dərəcəsinin təyininə əsas verməməsi ilə öz təsdiqi tapmışdır. Bundan başqa iddiaçının qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi halların mövcudluğu aşkar olunmamışdır. İddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq meyarlarına uyğun gəlmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-

12. *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: İ.Quliyev – sədrlik edən və məruzəçi, ci il tarixli, V.Əzizova və G.Cabbarova) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək cavabdehin ## #### 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı təyin edilmiş əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əlilliyin təyin edilməsi ilə bağlı qərar barədə müvafiq hərəkətlər aparılması imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Əlavə olaraq cavabdeh tərəfindən iddiaçıya ## ###### 2013-cü il tarixdən əlilliyin müddətsiz olaraq təyin edilməsinə dair qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edilməmişdir. Cavabdeh bununla bağlı mövqeyini ümumiyyətlə, əsaslandırmamış, yalnız anamnestik məlumatlarda və əyani müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək həzm pozğunluğu əlamətləri aşkar edilmədiyini bildirməklə kifayətlənmişdir. ddiaçının cavabdeh inzibati orqana müraciəti ona təyin edilmiş əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi ilə bağlı olsa da, inzibati orqan iddiaçının hüquqi vəziyyətini pisləşdirən akt qəbul etməklə ona təyin edilmiş müddətsiz əlilliyi ümumiyyətlə ləğv etmişdir. Əlavə olaraq qanunvericilikdə müddətsiz əlillik təyin olunması nəzərdə tutulsa da, şəxsin reablitasiya olması əsası ilə təyin olunmuş əlilliyin ləğv edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də müddətsiz əlillik təyin edilmiş şəxs sonradan sağalmış olsa belə, bu ona təyin edilmiş əlilliyin ləğv edilməsi üçün əsas təşkil etmir.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının tam reabilitasiya olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə məhəl qoymamış, iddiaçının iddia ərizəsindəki əsaslandırmalarından yola çıxaraq öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Həmçinin məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ...

Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər.

Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ...

Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. İşdən görünür ki, iddiaçı ## ###### 2013-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra iddiaçı 2024-cü il tarixdə, cavabdehə müraciət edərək. əlilliyin təyin edilməsi əsasının dəyişdirilməsi və əlilliyin hərbi xidmət zamanı aldığı xəsarətə əsasən yarandığının müəyyən edilməsini xahiş etmişdir. İddiaçının müraciəti əsasında ##.##.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq cavabdeh iddiaçının tam reabilitasiya olması nəticəsinə gələrək onun əlilliyinin ləğv edilməsi barədə qərar qəbul etmişdir

26. Hazırda iddiaçının hüquqi marağı həmin qərarın “Tam reabilitasiya olunması” hissəsində ləğv edilməsi və ona ##.##.2024-cü il tarixdə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsinə nail olmaqdan ibarətdir.

27. Məhkəmə kollegiyası hazırki iddia tələblərinə hüquqi qiymət vermək üçün ilk növbədə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli 3 ulduz statuslu qərarındakı hüquqi mövqeləri xatırlatmağı məqsədəuyğun hesab edir:

“müddətsiz əllilik təyinatı ilə bağlı qərarın mahiyyətinə dair

31. Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əlillik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur.

32. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən, dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir.

Müddətsiz əlillik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü

33. Bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir.

Qanunsuz əlverişli inzibati aktın ləğvi

34. Əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cü və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır.

35. Kollegiya qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

36. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.

37. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır.

38. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

Qanuni əlverişli inzibati aktın ləğvi

39. Bu halda, inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Məsələn, şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir.

40. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır.

41. Çünki “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi əlillik təyininə dair əvvəlki qərarın qanunsuz olduğunun güman edildiyi halların nizamlanmasına yönəlib. Bu elə bir vəziyyətdir ki, inzibati orqan sonradan əldə edilmiş sübutlara istinadla özünün əvvəlki qərarının qanunsuz inzibati akt olduğu qənaətinə gəlir. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir.

42. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır.

43. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati akt ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər.

İcraatla bağlı normaların nəzərə alınması

44. Nəzərə almaq lazımdır ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir.

45. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

46. Sözügedən məsələyə münasibətdə icraatla bağlı mütləq qaydada riayət edilməli olan tələblərdən biri də şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hallara istinad edildiyi hallarda, onun əyani müayinəyə cəlb edilmiş olmasıdır. Konkret obyektiv hallar istisna olmaqla, əyani müayinə aparılmadan müddətsiz əlillik müəyyən edilməsinə dair qərarlar ləğv edilə və ya dəyişdirilə bilməz. Əgər əyani müayinə baş tutmamışsa, inzibati orqan bunun səbəblərini ağlabatan və inandırıcı qaydada sübut etməlidir.

47. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.”

qeyd olunanların hazırkı işə tətbiqi

28. İddianın təmin olunması ilə bağlı mövqeyini apellyasiya məhkəməsi belə əsaslandırmışdır ki, ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar müəyyən etmədən Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əsassız olaraq əyani müayinəyə cəlb etmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdeh inzibati orqanın iddiaçını əsaslı səbəb olmadan əyani tibbi müayinəyə cəlb etməsi barədə gəldiyi nəticə ilə razılaşmır. İş materiallarından müəyyən olunur ki, iddiaçı əlilliyinin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsi müraciəti əsasında cavabdeh inzibati orqana müraciət etmiş, məhz həmin müraciətə uyğun olaraq onun sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə əyani müayinəyə cəlb olunmuşdur. Bu səbəbdən iddiaçının əyani müayinəyə cavabdehin təşəbbüsü ilə və ya əsassız şəkildə cəlb edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti işin faktiki hallarına uyğun hesab oluna bilməz.

30. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəlki əlillik təyini barədə inzibati aktın qanunsuzluğu və ya əsassızlığı məsələsi hazırkı mübahisənin predmetini təşkil etmir. Belə ki, inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla iddiaçının artıq əlil olmaması qənaətinə qəlmişdir. Bu zaman inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələmiş, iddiaçını əyani müayinəyə cəlb etmiş, dinlənilmə hüququnu təmin etmiş, icraat çərçivəsində inzibati aktın ləğvini şərtləndirən halın mövcudluğunu yəni onun tam reabilitasiya olunduğunu müəyyən etmişdir. Nəticə etibarilə təzələnmiş icraat üzrə qəbul edilmiş ##.##.2024-cü il tarixli inzibati aktla inzibati orqanın iradəsi əvvəlki əlverişli inzibati aktın ləğv edilməsinə yönəlmişdir.

31. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının əlilliyinin bərpa edilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiya məhkəməsinin iş üzrə hərtərəfli araşdırmanın aparmadığını hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş və işdə olan ekspert rəyində cavabdeh tərəfindən tam reablitasiya olunması barədə düzgün qərar qəbul edilməsi qeyd edilmişdir. Lakin apellyasiya məhkəməsi ekspert rəyinə səthi yanaşaraq, onun nəticələri ilə razılaşmamış və sadəcə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində istinad olunan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən edilməməsini bildirmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, növbəti apellyasiya baxışı zamanı iddiaçı tam reabilitasiya olunmadığını bildirdiyi halda, onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə yenidən məhkəmə tibbi-ekspertiza keçirilməli və ekspertizanın nəticəsindən asılı olaraq iddiaçının əlilliyinə hüquqi qiymət verilməlidir.

33. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar