Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-413/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ünvanlı dövlət sosial yardımın verilməsinə dair müraciətindən imtina edilməsinə dair qərarın ləğv olunması və müraciət etdiyi ##.##.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat 1.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "ünvanlı dövlət sosial yardımın verilməsinə dair müraciətindən imtina edilməsinə dair qərarın ləğv olunması və müraciət etdiyi ##.##.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ##.##.2024-cü il tarixli ************* nömrəli “ərizə-bəyannamə” ilə müraciəti əsasında 3 nəfərdən ibarət olan ailəsinin maddi-məişət şəraitinin yoxlanılması cavabdeh orqan tərəfindən müayinə keçirilmiş, ailə tərkibinin düzgün göstərilməməsi səbəbi ilə ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. 3.Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə (hakim G.Şirinova-Əsədova) iddia mümkün sayılmamışdır. 4.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hüquqi maraq yalnız o halda mövcud hesab edilə bilər ki, iddiaçının hüquqi müdafiə vasitəsindən istifadə etməsi onun konkret və aktual hüquq və ya qanunla qorunan marağının pozulması ilə bağlı olsun və həmin müdafiə vasitəsi ilə arzu edilən nəticəyə çatmaq mümkün olsun. Iş materiallarında olan cavabdeh orqan tərəfindən təqdim edilmiş sistem çıxarışından görünür ki, iddiaçı ünvanlı dövlət sosial yardım almaq məqsədi ilə ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində də cavabdeh orqana müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ilkin müraciəti olan ##.##.2024-cü il tarixli müraciətinə dair imtina qərarının ləğvini tələb etdiyi halda, sonradan ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində təkrar müraciətlər etmişdir. Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyinə görə, əvvəlki imtina qərarları rəsmi olaraq ləğv edilmədikcə və ya qüvvədən düşmədikcə qüvvədə qalır və məhkəmə sonuncu müraciət əsasında yaranan hüququ yoxlamalıdır. Iddiaçıya məhkəmə tərəfindən bu hüquqi mövqe izah edilsə də, o, ilk müraciətə dair tələbində israrlı qalmışdır. Yeni müraciətlər olmasına baxmayaraq, iddiaçı mübahisə predmeti kimi yalnız ilk müraciətin rədd edilməsi qərarını göstərmiş və onu dəyişdirməmişdir. Bu isə, hal-hazırda iddiaçının mübahisələndirdiyi inzibati akta dair hüquqi marağının olub-olmamasını şübhə altına alır, çünki sonrakı müraciətlərinə dair qərarların mövcudluğu ilk imtina qərarının ləğvinin hazırki anda iddiaçının çatmaq istədiyi məqsədə (ünvanlı sosial yardımın təyin edilməsi) nail olmaq üçün düzgün hüquqi müdafiə vasitəsi olmadığını göstərir (Ali Məhkəmə Plenumunun * saylı Qərarının 6.2-ci bəndi). Lakin yuxarıda qeyd edilən hallara və Ali Məhkəmənin mövqeyinə əsasən, iddiaçı sonrakı müraciətlərini mübahisələndirmədiyi və məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq ilk müraciətə dair tələbini dəqiqləşdirmədiyi üçün iddia tələbinin bu şəkildə qaldırılması onun hüquqi marağına xidmət etmir və arzuladığı məqsədə çatması üçün düzgün hüquqi vasitə deyil. 5.Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
6. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, # ###### 2026-cı il tarixli qərardadı ilə (hakimlər: V.Musayev - sədrlik edən və məruzəçi, T.Həsənov və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 7.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 8.Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri:
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmə (Şəki Inzibati və Şəki Apellyasiya) qeyd edirlər ki, o, AR IPM-in 38-ci maddəsində nəzərdə tutulan 30 günlük şikayətetmə müddətini ötürmüşdür. Bu mövqe ilə razı deyil. Əvvəla qeyd edir ki, cavabdehin imtina qərarında şikayət etmə müddəti göstərilmir, belə olduqda şikayət etmək üçün 6 ay müddəti olub (Inzibati icraat haqqında Qanunun 73.2-ci maddəsi və AR IPM-in 38.3-cü maddəsi). Bundan əlavə, ##.##.2024-cü il tarixdə müraciət etmiş, ##.##.2025-ci il tarixində isə rəsmi imtina verilmişdir. Işə baxan məhkəmələr bu imtinanın əsassız olub-olmamasını araşdırmadan, yalnız cavabdeh orqanın təqdim etdiyi etirazdakı yazılarına istinadən qərar qəbul etmişdir ki, imtina əsaslı olmuşdur. O, bu imtinanın yalan və əsassız olmasına dair sübut təqdim etmiş, hazırkı kassasiya şikayətinə də əlavə etmişdir. Məsələ burasındadır ki, cavabdeh orqan məhkəməyə bildirir ki, onların əməkdaşlarına onun yaşadığı mənzilə daxil olmağa o imkan verməmişdir. Bu tam yalandır, belə ki, onlar iddiaçının mənzilndə olublar və maddi-məişət şəraitini müayinə ediblər (müvafiq akt əlavə edilmişdir). Hesab edir ki, bu işə baxan hər iki instansiya məhkəməsi ilkin müraciəti etdiyi ##.##.2024-cü il tarixdən bu hüquq üçün subyektiv hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirməli idi, ən azından cavabdeh orqandan imtina üçün sübutlar tələb etməli idi, lakin məhkəmələr bunu etməyiblər. Hətta işə baxan apellyasiya məhkəməsi öz qərarının 26-cı bəndində qeyd edir ki, 2024-cü ilin oktyabr ayından təyin edilməsi ilə bağlı iddia tələbinə mahiyyəti üzrə baxılması və həmin tarixə münasibətdə cavabdeh orqanın imtina dəlillərinin əsaslı olub-olmamasının mahiyyəti üzrə yoxlanılması prosessual baxımdan mümkünsüzdür. Lakin bu mümkünsüzlük nədə özünü göstərir və nəyə istinadən, hansı sübuta istinadən bunun mümkünsüzlüyü öz təsdiqini tapmır.
TƏTBIQ EDILƏN HÜQUQ
10. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir) tərəfindən təyin olunur. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. ... Maddə 10. Sosial yardım almaq hüququna yenidən baxılması 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X1 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (* nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (* nömrəli əlavə) qərar çıxarılır. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (* nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (* nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizəbəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır.
12. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli qərarı. 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
14. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
18. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Iddianın məhkəmə tərəfindən mahiyyəti üzrə baxılabilən hesab edilməsi üçün onun prosessual mümkünlük şərtlərinə cavab verməsi zəruridir. Bu şərtlərə iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsi, müvafiq inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulduğu iddia edilən subyektiv hüququnun mövcudluğu, habelə hüquqi müdafiə vasitəsinin düzgün seçilməsi daxildir. Iddiaçının hüquqi marağı yalnız onun məqsədinə qanunvericilikdə nəzərdə tutulmuş uyğun hüquqi müdafiə vasitəsi ilə nail olmağa yönəldiyi hallarda müdafiə oluna bilər.
20. Iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana sonuncu dəfə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Buna baxmayaraq, iddia ərizəsində sosial yardımın məhz ilk müraciət etdiyi tarixdən – ##.##.2024-cü il tarixdən təyin edilməsini tələb etmiş, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyasında sonuncu müraciət üzrə tələbin dəyişdirilməsi barədə məhkəmənin təklifini qəbul etməmiş, iddiasının predmetini dəyişməkdən imtina etmişdir.
21. "Inzibati icraat haqqında" Qanunun 64-cü maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxsə bildirildiyi andan hüquqi qüvvəyə minir və qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi, dəyişdirilmədiyi və ya qüvvədən düşmədiyi müddətdə hüquqi cəhətdən etibarlı hesab olunur.
22. Qeyd edilməlidir ki, cavabdehin iddiaçının müraciətinə verilən imtina cavabları iddiaçı tərəfindən IPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə qaydasında mübahisələndirilməmiş, bununla da, həmin qərarlar qüvvəyə minmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, əvvəlki imtinalar, inzibati akt olaraq ləğv edilməmişdir (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən iddiaçıya ünvanlı sosial yardımın ##.##.2024-cü il tarixdən təyin edilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edilə bilməz.
24. Bu səbəbdən ##.##.2024-cü il tarixdən sosial yardımın təyin edilməsinə dair tələbin mahiyyəti üzrə araşdırılması prosessual baxımdan mümkünsüzdür. Çünki məhkəmə qanuni qüvvəyə minmiş və vaxtında mübahisələndirilməmiş inzibati aktın hüquqi nəticələrini aradan qaldıra bilməz.
25. Digər tərəfdən, iddiaçının sonuncu – ##.##.2025-ci il tarixli müraciəti üzrə qəbul edilmiş inzibati akt hazırkı iddianın predmeti olmamışdır. Hər bir müraciət üzrə cavabdeh tərəfindən ayrıca inzibati icraat aparılır və həmin icraatın nəticəsində qəbul edilən qərar müstəqil inzibati akt təşkil edir. Bu səbəbdən sonuncu müraciət üzrə qəbul edilmiş qərarın qanuniliyi yalnız həmin inzibati aktın ayrıca mübahisələndirilməsi yolu ilə yoxlanıla bilər.
26. Məhkəmə iddiaçının irəli sürmədiyi tələb üzrə araşdırma apara və onun iradəsinə zidd olaraq iddia predmetini dəyişdirə bilməz. Əks yanaşma məhkəmənin dispozitivlik prinsipini pozaraq iddia predmetindən kənara çıxmasına, habelə iddiaçı tərəfindən mübahisələndirilməyən inzibati aktın qanuniliyini yoxlamasına gətirib çıxarar.
27. Kollegiya onu da nəzərə alır ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
28. Beləliklə, kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçının mübahisələndirdiyi inzibati akt qanuni qüvvəyə mindiyindən onun mahiyyəti üzrə araşdırılması mümkün deyil, sonuncu inzibati akt isə hazırkı iddianın predmetinə daxil edilməmişdir. Bu halda məhkəmə nə iddianı tam təmin etmək, nə tam rədd etmək, nə də qanuna uyğun şəkildə qismən təmin etmək imkanına malikdir. Deməli, iddia mahiyyəti üzrə baxılmalı iddia hesab edilə bilməz və mümkünlük şərtlərinə cavab vermir.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, # ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.