Məhkəmə qərarları › İş №2-1(1-8)-414/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-414/2026

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-414/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünlük şərti; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri, Kimya məhsulları anbarı ərazisində yerləşən mülkiyyətində olan 6,46735 ha torpaq sahəsi və üzərində 6492,90 kv.m. tikiliyə görə 2016-2023-cü illər üçün əmlak sahibi olaraq İddiaçı 117.275,23 manat vergi borcunun hesablanılıb, tələb edilməsi barədə Sumqayıt Bələdiyyəsinin ##.##.2023-cü il tarixli, ** saylı (protokol) Qərarının ləğv edilməsi və adı keçən əmlaka verginin hesablanması və tələb edilməsinin vergi qanunvericiliyinin tələbinə uyğun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Sumqayıt Bələdiyyəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Sumqayıt şəhəri, Kimya məhsulları anbarı ərazisində yerləşən mülkiyyətində olan 6,46735 ha torpaq sahəsi və üzərində 6492,90 kv.m. tikiliyə görə 2016-2023-cü illər üçün əmlak sahibi olaraq İddiaçı 117.275,23 manat vergi borcunun hesablanılıb, tələb edilməsi barədə Sumqayıt Bələdiyyəsinin ##.##.2023-cü il tarixli, ** saylı (protokol) Qərarının ləğv edilməsi və adı keçən əmlaka verginin hesablanması və tələb edilməsinin vergi qanunvericiliyinin tələbinə uyğun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim – R.Həsənov).

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Axundov, hakimlər – R.Xəlilov, Z.Məmmədov).

5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır.

6. İddiaçı mübahisələndirilən qərardan ##.##.2023-cü ildə məlumatlı olmasına baxmayaraq, məhkəmədə ##.##.2024-cü ildə iddia tələbi qaldıraraq müvafiq qərarı mübahisələndirmişdir. Belə olan halda həmin qərarın məhkəmədə mübahisələndirməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları və ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdırsa və iddianın vaxtında qaldırılmasını və ya müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutları təqdim etməmişdirsə, iddia mümkün sayıla bilməz. İddiaçı müddətin bərpasına dair ərizə (vəsatət) ilə məhkəməyə müraciət edə bilər, lakin nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Həmçinin İPM-in 24.4-cü maddəsinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, iddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

13. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

14. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## ##### 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.İşə baxmış məhkəmə kollegiyası haqlı olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. 16.Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur. 17.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. 18.Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. 19.Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI :

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar