Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-423/2026 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: operativ vergi nəzarəti; kreditlərin nağd qaydada verilməsi; “qara mühasibatlıq” sənədlərinin sübut kimi qiymətləndirilməsi; sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2024-cü il tarixli ************** nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI Iddiaçı Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 49 ünvanında yerləşən qeyriyaşayış1. sahəsini icarəyə götürmüş, ## #### 2024-cü il tarixdə “Lombardların fəaliyyəti” fəaliyyət növü üzrə vergi uçotuna alınmışdır.
2. Cavabdehin ## ####### 2024-cü il tarixli ************** nömrəli qərarı ilə həmin obyektdə nağdsız hesablaşmalarla bağlı qanunla müəyyən edilmiş tələblərə əməl olunmasına və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmə hallarına dair operativ vergi nəzarəti təyin edilmişdir. Yoxlanılan dövr # ###### 2021-ci ildən # ###### 2024-cü ilədək müəyyən edilmişdir.
3. Aparılmış nəzarətin nəticəsi üzrə ##.##.2024-cü il tarixli DVX ****** nömrəli “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” Akt tərtib edilmişdir.
4. Sözügedən akta əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 1230215.0 manat kreditin nağd qaydada verildiyi və təqvim ili ərzində birinci dəfə belə hala yol verdiyini nəzərə alaraq Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 10 faiz miqdarında, yəni 123021.50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmiş və bununla bağlı ##.##.2024-cü il tarixli, ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərarla vergi ödəyicisinə 123021.50 manat maliyyə sanksiyasının tətbiq edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2024-cü il tarixli ************** nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.
6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi orqanın operativ vergi nəzarətin həyata keçirilməsi haqqında ##.##.2024-cü il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hansına görə operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da VM-nin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi orqanı sadəcə olaraq, “qanunvericiliyin pozulması barədə kifayət qədər əsasın” mövcudluğunu ümumi şəkildə qeyd etmiş, lakin bu əsasın nədən ibarət olduğu, hansı məlumatlara istinad etməsi göstərilməmişdir. Halbuki VM-nin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilməlidir. Qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin 2-1(102)-510/2018, 2-1(102)-1754/2018, 2- 1(102)-3327/2019, 2-1(102)-1947/2020, *-*(***)-****/**** nömrəli qərarlarında da təsbit edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarda pozuntunun şəraiti, onu təsdiq edən sənədlər, müdafiə üçün gətirilmiş dəlillər və onların yoxlanılmasının nəticələri, habelə pozuntuya görə tətbiq olunan məsuliyyət tədbirini nəzərdə tutan maddələr göstərilməlidir. “Inzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən də qərar yazılı formada əsaslandırılmalıdır. Lakin hazırkı işdə iddiaçının müdafiə üçün təqdim etdiyi dəlillər yoxlanılmamış, yalnız tətbiq edilmiş maliyyə sanksiyası göstərilmiş, bu isə VM-nin 49.2 və 49.5-ci maddələrinin pozulmasıdır. Vergi orqanı tərəfindən ##.##.2021–##.##.2024-cü il dövrünü əhatə edən fəaliyyət üzrə operativ nəzarət tədbiri həyata keçirilmiş, lakin VM-nin 50.4-1-ci maddəsi yalnız 2024-cü ildən qüvvəyə minmişdir. Konstitusiyanın 149.7-ci maddəsinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən hüquqi məsuliyyət yaradan normativ aktlar geriyə şamil edilmir. Buna baxmayaraq, vergi orqanı qanunun qüvvəyə minməsindən əvvəlki dövrü əhatə edən yoxlama aparmaqla qanunun geriyə tətbiqinə yol vermişdir. Vergi orqanı sanksiya tətbiq edərkən iddiaçıya aidiyyəti olmayan qaramühasibatlıq sənədlərinə istinad etmişdir. Halbuki, iddiaçı ##.##.2024-cü ildə uçota alınmış, yalnız həmin tarixdən sonra sahibkarlıq fəaliyyətinə başlamışdır. Sənədlərin götürülməsi zamanı VM-nin 43-cü maddəsinin tələbləri pozulmuş, sənədlərin götürülməsinə dair qərar təqdim edilməmiş, iddiaçının iştirakı təmin olunmamış, hətta həmin qərarın mövcudluğu belə qeyri-müəyyəndir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və müvafiq Əsasnamənin 3.4.18, 3.4.19 və 4.7-ci bəndlərinə əsasən, aparılmış hər bir yoxlama barədə Vahid Dövlət Reyestrinə məlumatların daxil edilməsi tələb olunur. Lakin nə yoxlamanın nəticəsi, nə pozuntu barədə məlumatlar, nə də hüquqi əsaslar Reyestrə daxil edilməmiş, bununla da kobud qanun pozuntusuna yol verilmişdir.
7. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, operativ vergi nəzarətinin keçirilməsi haqqında ##.##.2024-cü il tarixli qərar VM-nin 50.2.4-cü maddəsi ilə (qanunvericiliyin pozulması barədə kifayət qədər əsasın olması) əsaslandırılmışdır. Belə ki, vergi ödəyicisinin bank hesabı olmadan kredit fəaliyyəti ilə məşğul olması müəyyən olunmuş (əvvəlki bank hesabı 2019-cu ildə bağlanmışdır), bu hal “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.1-ci maddəsinin pozuntusu olduğundan OVN-nin keçirilməsi qərara alınmışdır. ##.##.2024-cü il tarixli DVX ****** nömrəli aktla kreditin 1.130.215 manatının nağd şəkildə verildiyi təsdiqlənmiş, beləliklə, yoxlamanın keçirilməsi əsası üçün qanuni əsaslar mövcud olmuşdur. ##.##.2024-cü il tarixli qərar DVX ****** nömrəli akt və materiallar əsasında qəbul edilmişdir. Aktda pozuntu şəraiti, sübutlar və əlavələr göstərilmiş, akt iddiaçının nümayəndəsinə təqdim olunsa da, o, imzalamaqdan və qəbuldan imtina etmişdir. Bu barədə aktda müvafiq qeyd aparılmışdır. VM-nin 50.4-1-ci maddəsi 2024-cü ildə qüvvəyə minmiş olsa da, operativ vergi nəzarətinin əvvəlki dövrləri əhatə edə bilməsi VM-nin 56.1 və 85.4-cü maddələrlə tənzimlənirdi. 56.1-ci maddə pozuntudan 3 il müddət keçmədiyi halda məsuliyyətə cəlb etməyə imkan verdiyindən, OVN-nin 2021–2024-cü illəri əhatə etməsi tamamilə qanunidir. OVN yalnız cari fəaliyyətlə deyil, əvvəlki dövrlərdə baş vermiş pozuntularla da bağlı tətbiq edilə bilər, çünki qanunla OVN-nin müddəti məhdudlaşdırılmayıb. Tədbir zamanı sənədlər iddiaçının nümayəndəsi olan X1 təqdim edilmiş, lakin o imzalamaqdan və sənədləri almaqdan imtina etmişdir. Bu hal ##.##.2024-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Sanksiyaya əsas olan məlumatlar (kredit müqavilələri, ödəniş qəbzləri, girov biletləri) vergi ödəyicisinə məxsus təsərrüfat subyektindən əldə olunmuşdur. Bu məlumatların iddiaçının fəaliyyətinə aid olduğu sübut edilmişdir. Sanksiya yalnız elektron fayllara deyil, həm də sənədləşdirilmiş məlumatlara əsaslanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” haqqında Əsasnamənin 3.4.18-ci maddəsinə əsasən vergi yoxlamaları nəticələrinin reyestrə daxil edilməsi istisna təşkil edir. Bu səbəbdən reyestrə daxil edilməmə pozuntu hesab edilə bilməz.
8. Şəki Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə (hakim G.Şirinova-Əsədova) iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli ************** nömrəli “vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: – Vergi orqanı nəzarət tədbirini əsaslandırılmış qərarına əsasən həyata keçirməli olmasına baxmayaraq, qərarda yalnız qanunvericiliyin tələblərinin pozulması barədə kifayət qədər əsasın olmasını qeyd etmiş, həmin əsasların nələrdən ibarət olmasını qeyd etməmişdir. – Cavabdeh orqan həqiqiliyi şübhə doğuran, yoxlanılmamış ilkin məlumata əsaslanaraq Vergi Məcəlləsinin 50.2.4-cü maddəsini tətbiq etmiş, müvafiq yoxlama aparıldıqdan sonra həmin məlumatların doğruluğunu müəyyən etmişdir. Bu isə onu göstərir ki, vergi orqanı yoxlamaya qədər “kifayət qədər əsas”a malik olmamış, əksinə, bu əsası sonradan keçirdiyi yoxlama ilə yaratmışdır. – Vergi Məcəlləsinin 2024-cü ildə qanuni qüvvəyə minmiş 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən vergi orqanı tərəfindən ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi üzrə operativ nəzarət tədbiri keçirilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan (KY242206048) müəyyən olunur ki, yoxlanılan dövr kimi cari fəaliyyət nəzərdə tutulmuşdur. Normaların təhlilindən aydın olur ki, Vergi Məcəlləsinin 50.4-1-ci maddəsi 2024-cü ildə qanuni qüvvəyə mindiyindən cavabdeh Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə zidd olaraq iddiaçının son üç illik fəaliyyətini yoxlamışdır. Işə əlavə olunmuş vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında ********** nömrəli arayışdan müəyyən olunur ki, təsərrüfat subyekti ##.##.2024-cü il tarixdə uçota alınmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş cədvəldən müəyyən olunur ki, maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsas olmuş məlumatların tarix aralığı ##.##.2022-##.##.2024 illərdir. Iş materiallarında iddiaçının müvafiq təsərrüfat subyekti üzrə uçota alınma tarixindən qabaq fəaliyyət göstərməsinə dair sübut mövcud deyildir. – Iş materiallarına əlavə edilmiş video görüntülərə əsasən nəzarət tədbirini həyata keçirən şəxslərin pozuntuya yol verərək Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ### 2023-cü il tarixli **************** nömrəli əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi qaydalarının 2.5-ci və 2.6-cı bəndinə zidd olaraq iddiaçıya məxsus olması sübut olunmayan sənədlərin möhürləməsi və səlahiyyətli olmayan şəxsə imza etdirməsi müəyyən olunur. Belə ki, qara mühasibatlıq sənədlərinə imza edən şəxs X2 əmək müqaviləsi olmadan işə cəlb edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli akt tərtib olunmuşdur. Bu hal bir daha onu sübut edir ki, qara mühasibatlıq sənədləri vergi orqanı tərəfindən səlahiyyəti olmayan şəxsə imza etdirilmişdir. – Cavabdehin iddia etdiyi pozuntular üzrə Vergi Məcəlləsinin 50.6-cı, 41.1-ci, 41.2-ci maddələri və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ### 2023-cü il tarixli **************** nömrəli əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi qaydalarının 1.14-cü bəndinə tələbinə uyğun olaraq hər hansı bir foto və ya video çəkilişi mövcud deyildir.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: V.Musayev - sədrlik edən və məruzəçi, E.Hüseynov və T.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul olunmuş və cavabdehin qərarı 121.387,80 manat maliyyə sanksiyası hissəsində ləğv edilmiş, 1.633,70 manat hissədə isə iddia təmin olunmamışdır.
12. Apellyasiya instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır – Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinin qüvvədə olduğu vaxt qəbul edildiyindən, əvvəlki üçillik dövrün araşdırılması qanunun geriyə tətbiqi hesab edilə bilməz; – Lombard fəaliyyəti ilə məşğul olan iddiaçının aktiv bank hesabının olmaması “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına dair obyektiv şübhə yaratdığından, operativ vergi nəzarətinin keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2.4-cü maddəsində nəzərdə tutulan kifayət qədər əsas mövcud olmuşdur; – Yoxlama zamanı obyektdə faktiki fəaliyyət göstərən Şəbnəm Ismayılovanın kompüterə, sənədlərə və obyektin möhürünə çıxışının olması, habelə vergi əməkdaşları ilə rəsmi ünsiyyətə girməsi onun faktiki səlahiyyətli şəxs kimi qiymətləndirilməsi üçün əsas yaratmışdır; – “Qara mühasibatlıq” sənədləri yalnız vergi ödəyicisinə aidiyyəti şübhə doğurmadıqda, konkret əməliyyatların tərəflərini, predmetini və məbləğini müəyyən etməyə imkan verdikdə, həmçinin həmin məlumatlar rəsmi sənədlər və digər mötəbər sübutlarla təsdiqləndikdə maliyyə sanksiyasının hesablanmasında istifadə oluna bilər. Belə sənədlər müstəqil və həlledici sübut hesab edilə bilməz, onlarda əks olunan məlumatlar inzibati icraat çərçivəsində obyektiv və hərtərəfli araşdırılmalı, rəsmi sənədlərlə müqayisə edilməli və aidiyyəti şəxslərin izahatları ilə yoxlanılmalıdır 981 nəfəri əhatə edən siyahıda kredit alan şəxslərin adları, kredit məbləğləri, faiz dərəcələri və müqavilə tarixləri göstərilsə də, həmin siyahının məhz iddiaçıya aid olması mötəbər sübutlarla təsdiqlənməmişdir; – Siyahının iddiaçının fəaliyyət göstərdiyi obyektdəki kompüterdən çıxarıldığı bildirilsə də, təqdim olunmuş videogörüntülərdə sənədin kompüterdən hansı qaydada əldə edilməsi əks olunmamış, vergi orqanı da bunu təsdiqləyən videogörüntü təqdim etməmişdir. Şəbnəm Ismayılova isə vergi əməkdaşlarının öz yaddaş daşıyıcılarını kompüterə qoşduqlarını bildirmişdir; – Siyahının çap edildikdən sonra obyektin möhürü ilə təsdiqlənməsi onun iddiaçıya aidiyyətini şübhəsiz təsdiq etmir. Belə ki, möhür vergi əməkdaşına təqdim edilmiş və siyahının səhifələrinə həmin əməkdaş tərəfindən vurulmuş, siyahının məzmununun faktiki səlahiyyətli şəxs tərəfindən yoxlanılaraq təsdiqlənməsi müəyyən edilməmişdir; – Vergi orqanı 981 nəfərlik siyahının yalnız cüzi hissəsi üzrə araşdırma aparmış və 19 nəfərdən iltizam almışdır. Məhkəmədə şahid qismində dinlənilən həmin şəxslərdən bir qismi iddiaçını tanımadıqlarını və kreditləri başqa lombardlardan aldıqlarını bildirmişlər. Həmin kreditlərin tarix və məbləğlərinin mübahisəli siyahıdakı məlumatlarla üst-üstə düşməsi siyahıda “xxxx” MMC və “xxxx” MMC kimi başqa sahibkarlıq subyektlərinə aid əməliyyatların da əks olunduğunu göstərmişdir; – Iddiaçı yalnız ## #### 2024-cü il tarixdə mübahisəli ünvanda lombard fəaliyyəti üzrə vergi uçotuna alınmış, həmin tarixədək isə bu ünvanda başqa şəxslərə məxsus müxtəlif obyektlər fəaliyyət göstərmişdir. Buna görə əvvəlki dövrlərə aid kredit əməliyyatlarının iddiaçıya aid edilməsi əsaslı sayılmamışdır; – Bununla belə, iddiaçının təqdim etdiyi kredit müqavilələri və kassa məxaric orderləri ilə 15 nəfərə münasibətdə ümumilikdə 16.337 manat kreditin nağd qaydada verildiyi təsdiqlənmişdir. Buna görə maliyyə sanksiyası həmin məbləğin 10 faizi – 1.633,70 manat həddində qanuni hesab edilmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərarın qəbul edilməsi xahiş edilmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, 981 kredit əməliyyatına dair siyahı iddiaçının fəaliyyət göstərdiyi obyektdəki kompüterdən faktiki səlahiyyətli şəxs Şəbnəm Ismayılovanın iştirakı ilə çıxarılmış, obyektin möhürü ilə təsdiqlənmiş və onun imzası ilə rəsmiləşdirilmişdir.
15. Iddiaçı tərəfindən təqdim edilmiş videogörüntülər natamam olmuş, görüntülərdə siyahının kompüterdən çıxarılması deyil, yalnız artıq çap edilmiş vərəqlərin möhürlənməsi prosesi əks olunmuşdur. Apellyasiya məhkəməsi bu hala qiymət vermədən vergi əməkdaşlarının siyahını kənar daşıyıcı vasitəsilə kompüterə daxil etməsi barədə şahid ifadəsini əsas götürmüşdür.
16. Buna görə siyahının iddiaçıya məxsusluğu sübuta yetirilmiş hesab olunmalıdır. həmçinin “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC-nin iddiaçı ilə əmək, ünvan və faktiki idarəetmə əlaqələrinin olduğunu, həmin qurumların benefisiar mülkiyyətçisinin iddiaçı sayılmalı olduğunu, apellyasiya məhkəməsinin bu halları və işə əlavə edilmiş sənədləri lazımi qaydada qiymətləndirmədiyini bildirmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Iddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin olunmamasını Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
18. Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.
Maddə 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: ... 58.7-1.2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə;
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən baxış predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (“Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərar).
24. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
26. Iş materiallarından müəyyən olunur ki, iddiaçıya Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsinə 981 kredit əməliyyatını əhatə edən və cavabdeh tərəfindən “qara mühasibatlıq” sənədi kimi təqdim olunan siyahı əsas olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi operativ vergi nəzarətinin keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2.4-cü maddəsində nəzərdə tutulan əsasların mövcudluğunu qəbul etmiş, iddiaçının aktiv bank hesabı olmadan lombard fəaliyyəti ilə məşğul olmasını nağdsız hesablaşmalar haqqında qanunvericiliyin pozulmasına dair əsaslandırılmış şübhə yaradan hal kimi qiymətləndirmişdir. Həmçinin nəzarət qərarı Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinin qüvvədə olduğu dövrdə qəbul edildiyindən, əvvəlki fəaliyyət dövrünün yoxlanılmasının özlüyündə qanunsuz olmadığı nəticəsinə gəlmişdir. Buna görə də mübahisə operativ vergi nəzarətinin başlanmasının qanuniliyi ilə deyil, həmin nəzarət zamanı əldə edilmiş məlumatların iddiaçıya aidiyyətinin və maliyyə sanksiyasının faktiki əsaslarının sübuta yetirilibyetirilməməsi ilə bağlıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdən əldə etdiyi qeyri-rəsmi mühasibat sənədləri vergi qanunvericiliyinin pozulmasına dair potensial sübut mənbəyi hesab oluna bilər. Lakin belə sənədlər özlüyündə, digər mötəbər sübutlarla təsdiqlənmədən, bütün əməliyyatların konkret vergi ödəyicisinə aid edilməsi və maliyyə sanksiyasının tətbiqi üçün kifayət deyildir. Həmin məlumatların mənbəyi, vergi ödəyicisinə aidiyyəti və orada göstərilən əməliyyatların faktiki baş verməsi inzibati icraat çərçivəsində obyektiv və hərtərəfli araşdırılmalıdır.
29. Hazırkı işdə siyahının obyektdə olan kompüterdən çap edilməsi və sonradan möhürlənərək imzalanması onun götürülmə anındakı göstəricilərinin rəsmiləşdirilməsi baxımından əhəmiyyətli olsa da, siyahıda 2021-ci ildən başlayaraq əks olunmuş bütün əməliyyatların məhz iddiaçı tərəfindən aparıldığını təsdiq etmir.
30. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, siyahının yoxlama başlanmazdan əvvəl həmin kompüterdə mövcud olması və məlumatların kənar müdaxilə nəticəsində daxil edilməməsi mötəbər sübutlarla təsdiqlənməmişdir. vergi orqanının üzərinə düşən vəzifə siyahıda adları qeyd edilmiş şəxslərin izahatlarının alınması ilə məlumatların etibarlılığını yoxlamaq idi.
31. Belə ki, “qara mühasibatlıq” sənədlərinin vergi ödəyicisinin kompüterində aşkar olunması vergi orqanı üçün potensial sübut mənbəyi idi və həmin məlumatlar əsasında ətraflı araşdırma aparmaqla vergi tutma bazası müəyyən edilə bilərdi. Lakin vergi orqanı bu imkandan istifadə etməmiş, “qara mühasibatlıq” sənədləri üzrə obyektiv və hərtərəfli araşdırma aparmamış, həmin sənədlərdə adları qeyd olunan şəxslərdən təhrif olunmuş məzmunda (hazırkı iş üzrə iddiaçıdan kredit almalarına dair) iltizamlar almışdır.
32. Vergi orqanı 981 nəfərli siyahının cəmi 2 faizini ehtiva edən 19 nəfərin iltizamını aparılmış inzibati icraatı təsdiq edən sübut qismində apellyasiya məhkəməsinə təqdim etmişdir(siyahıdan məhz vergi ödəyicilərinin seçilməsi isə digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsinin mümkünsüzlüyü ilə izah edilmişdir). Məhkəmə araşdırması zamanı iltizamları vermiş şəxslərin şahid qismində izahatları alınmış və onlar iddiaçını tanımadıqlarını, onunla hər hansı mülki-hüquqi münasibətdə olmadıqlarını birmənalı şəkildə bildirmişlər. Cavabdeh orqan qızılların “sığortalanması” və digər bəhanələrlə həmin şəxslərin iltizamlara imza çəkməsinə nail olsa da, məhkəmə kollegiyasının iclasında izahat vermiş şahidlər kreditləri yalnız Mingəçevir şəhəri, 20 Yanvar küçəsində (Elşad adlı şəxsdən) və Kapital Bankın yanında yerləşən lombarddan aldıqlarını, eyni gündə və ya eyni vaxtda başqa lombardlardan kredit götürmədiklərini bildirmişlər.
33. Cavabdehin kassasiya şikayətində istinad etdiyi videogörüntülərin natamam təqdim olunmasına dair dəlil də fərqli nəticəyə gəlməyə əsas vermir. Siyahının iddiaçının kompüterindən hansı qaydada əldə olunmasını təsdiq edən tam videogörüntünü təqdim etmək vəzifəsi iddiaçının deyil, inzibati aktın faktiki əsaslarının mövcudluğunu sübut etməli olan cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh isə siyahının kompüterdən çıxarılması prosesinə dair videogörüntü və ya eyni dərəcədə mötəbər başqa sübut təqdim etməmişdir.
34. Bundan əlavə, vergi orqanı 981 nəfərlik siyahı üzrə cəmi 19 şəxsdən iltizam almış, həmin şəxslərin də məhz iddiaçıdan kredit götürüb-götürmədiklərini lazımi qaydada araşdırmamışdır. Apellyasiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər iddiaçını tanımadıqlarını və kreditləri “xxxx” MMC və “xxxx” MMC adı altında fəaliyyət göstərən başqa lombardlardan aldıqlarını bildirmişlər. Iş materialları ilə həmin şəxslərin götürdükləri kreditlərin tarix və məbləğlərinin mübahisəli siyahıdakı məlumatlarla üst-üstə düşdüyü də müəyyən edilmişdir. Bu hallar siyahıdakı əməliyyatların hamısının iddiaçıya aid edilməsini əsaslı şübhə altına alır.
35. Eyni zamanda, iddiaçı ## #### 2024-cü il tarixdən mübahisəli ünvanda lombard fəaliyyəti üzrə vergi uçotuna alınmışdır. Siyahıda isə əvvəlki illərə aid əməliyyatlar da əks olunmuşdur. Cavabdeh həmin dövrdə iddiaçının bu ünvanda lombard fəaliyyəti göstərdiyini təsdiq edən müstəqil sübut təqdim etməmiş, əksinə, iş üzrə toplanmış məlumatlardan 2024cü ilin mart ayınadək həmin ünvanda başqa şəxslərə məxsus obyektlərin fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Odur ki, əvvəlki dövrlərə aid əməliyyatların yalnız mübahisəli siyahıya əsasən iddiaçıya aid edilməsi əsaslı hesab oluna bilməz.
36. Cavabdehin kassasiya şikayətinin “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC-nin iddiaçı ilə əmək, ünvan və faktiki idarəetmə əlaqələrinin olduğu, həmin qurumların benefisiar mülkiyyətçisinin iddiaçı sayılmalı olduğu barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, bu ehtimal belə, həmin hüquqi şəxslərin fəaliyyətinə görə iddiaçıya vergilərin hesablanmasına əsas vermir.
37. Apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi kredit müqavilələri və kassa sənədləri əsasında 15 şəxsə cəmi 16.337 manat məbləğində kredit verilməsini sübuta yetirilmiş hesab etmişdir. Həmin şəxslərdən 10 nəfərin adının mübahisəli siyahıda olması siyahının müəyyən hissəsinin iddiaçının fəaliyyətinə aid olduğunu göstərsə də, bu uyğunluq siyahıda olan digər yüzlərlə əməliyyatın da avtomatik olaraq ona aid edilməsi üçün kifayət deyildir. Buna görə apellyasiya məhkəməsinin yalnız mötəbər sübutlarla təsdiqlənmiş 16.337 manat məbləği maliyyə sanksiyasının hesablanma bazası kimi qəbul etməsi əsaslı olmuşdur.
38. Beləliklə, cavabdeh 121.387,80 manat maliyyə sanksiyasının tətbiq edildiyi hissədə qərarın faktiki əsaslarını sübut edə bilməmişdir.
39. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək iddiaçının tələbinin qismən qanuni və əsaslı olduğu barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.