Məhkəmə qərarları › İş №2-1(1-8)-431/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-431/2026

03.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-431/2026 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Idxal-Ixrac Əməliyyatları üzrə Nəzarət Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: operativ vergi nəzarəti; topdansatışın pərakəndə satış kimi rəsmiləşdirilməsi; elektron qaimə-faktura təqdim edilmədən malların satışı; obyektiv hallardan yaranan əsaslı şübhə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Idxal-Ixrac Əməliyyatları üzrə Nəzarət Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı # ### 2024-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna, ## #### 2024-cü il tarixdə isə əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır. Onun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı–Salyan–Lökbatan dairəvi yolayırıcının qərbi ünvanında yerləşən 124 kv.m sahəli mağazası ## #### 2024-cü il tarixdə 3801680902- 11001 kodla təsərrüfat subyekti kimi uçota alınmış, həmin obyektdə # ###### 2024-cü il tarixdə “WizarPOS Q2” markalı nəzarət-kassa aparatı qeydiyyatdan keçirilmişdir. Vergi uçotu məlumatlarında iddiaçının fəaliyyət növü kişi geyimlərinin pərakəndə satışı kimi göstərilmişdir.

2. Cavabdehin operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarı əsasında ## ###### 2024-cü il tarixdə iddiaçının obyektində Vergi Məcəlləsinin 50.1.13-cü maddəsində nəzərdə tutulan məsələlər üzrə operativ vergi nəzarəti keçirilmişdir. Yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış, yoxlamada iştirak edən şəxslər müəyyən edilmiş və iddiaçıdan zəruri sənədlərin, o cümlədən elektron qaimə-fakturaların təqdim edilməsi tələb olunmuşdur.

3. Operativ vergi nəzarəti zamanı obyektdə mal qalığı və nəzarət-kassa aparatı aşkar edilməmişdir. Obyektin fotoşəkillərində ərazinin pərakəndə satış üçün xüsusi təchiz edilmədiyi və malların nümayiş etdirilməsi üçün şəraitin olmadığı qeydə alınmışdır.

4. Iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış ## ###### 2024-cü il tarixli arayışda fəaliyyətin topdansatışdan ibarət olduğu və malların üzərinə 2 faiz ticarət əlavəsi tətbiq edildiyi bildirilmişdir.

5. Nəzarət-kassa aparatının fiskal məlumatlarına görə 7 oktyabr–## ###### 2024-cü il tarixlərində 1.816 çek üzrə ümumilikdə 1.563.863 manatlıq satış rəsmiləşdirilmiş, bir çek üzrə orta satış məbləği 861,16 manat olmuşdur. Ayrı-ayrı çeklər saniyələrlə ölçülən qısa intervallarla 954, 965, 984, 987 manat və digər oxşar məbləğlərdə vurulmuşdur. Yük gömrük bəyannamələrinə əsasən təqdim edilən geyimlərin əksəriyyətinin bir vahidinin alış qiyməti 30 manatdan aşağı və ya həmin məbləğə yaxın olmuşdur.

6. Cavabdeh ## ###### 2024-cü il tarixli ****** nömrəli aktla ƏDV və ticarət əlavəsi daxil olmaqla 4.092.971,82 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı nəticəsinə gəlmişdir.

7. Həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ###### 2025-ci il tarixli ************** nömrəli qərarla Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən təqdim edilmiş malların satış qiymətinin 20 faizi miqdarında – 818.594,36 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək ## ###### 2025-ci il tarixli ************** nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Iddia tələbini onunla əsaslandırmışdır ki, operativ vergi nəzarəti zamanı obyektdə satış əməliyyatı aparılmamış və mal qalığı aşkar edilməmişdir; mallar fiziki şəxslərə nəzarətkassa9.aparatı vasitəsilə pərakəndə qaydada satılmış, elektron qaimə-faktura verilməli olan sahibkarlıq subyektləri müəyyən edilməmişdir. Vergi orqanı əvvəlki dövrün başa çatmış əməliyyatlarını operativ vergi nəzarəti ilə yoxlamaqla və satışları yalnız məbləğlərinə görə topdansatış hesab etməklə qanunsuz qərar qəbul etmişdir.

10. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının nümayəndəsi fəaliyyətin topdansatış olduğunu təsdiq etmiş, obyekt pərakəndə satış üçün yararlı olmamış, obyektdə mal və nəzarət-kassa aparatı aşkar edilməmiş, aşağı qiymətli geyimlər üzrə çoxsaylı yüksək məbləğli çeklər saniyə intervalları ilə vurulmuşdur. Bu halların məcmusu malların faktiki topdansatış qaydasında təqdim edildiyini təsdiq edir.

11. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Nümayəndə) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi nümayəndənin yazılı izahatını, 2 faiz ticarət əlavəsini, obyektin pərakəndə satışa yararsız vəziyyətini, mal qalığının və nəzarət-kassa aparatının aşkar edilməməsini, malların vahid qiyməti ilə çeklərin məbləği və vurulma intervalı arasındakı uyğunsuzluğu birlikdə qiymətləndirərək iddiaçının faktiki topdansatış fəaliyyəti həyata keçirdiyi, lakin malları elektron qaimə-faktura olmadan təqdim etdiyi nəticəsinə gəlmişdir.

13. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: E.Əliyev - sədrlik edən və məruzəçi, F.Mədətli və H.Ağalarov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarda yoxlamanın Vergi Məcəlləsinin 50.1.13-cü maddəsində göstərilən məsələ üzrə aparıldığı müəyyən olunur, qərarın qəbulunadək mövcud olmuş icraat materialları isə nəzarətin hüquqi və faktiki əsaslarını yetərli şəkildə təsdiqləyir. Apellyasiya məhkəməsi topdan və pərakəndə satışı fərqləndirən əsas meyarın malın alıcı tərəfindən alınma məqsədi olduğunu, malın sayı, həcmi və qiymətinin ayrılıqda həlledici olmadığını qeyd etmişdir. Bununla yanaşı, əvvəlki dövrə aid satışların xüsusiyyəti nəzərə alınmaqla “obyektiv hallardan yaranan əsaslı şübhə” standartının tətbiqini mümkün saymış, nümayəndənin izahatı, ticarət əlavəsi, əməliyyatların sayı və intervalı, malların qiyməti və obyektin xüsusiyyətlərinin məcmusunu iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyini təsdiq edən ciddi, konkret və yetərli göstəricilər kimi qiymətləndirmişdir.

16. Iddiaçı həmin qərardan kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsi xahiş edilmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

17. Iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, onun vergi uçotunda fəaliyyət növü pərakəndə ticarət olmuş, satışlar qeydiyyata alınmış nəzarət-kassa aparatı vasitəsilə rəsmiləşdirilmişdir. Pərakəndə ticarət zamanı alıcıya çek verilməsi kifayət etdiyi, eyni obyektdə pərakəndə və topdansatışın həyata keçirilməsi qadağan edilmədiyi halda məhkəmə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1 və 4.2-ci bəndlərini tətbiq etməmişdir. Operativ vergi nəzarəti zamanı real satış və ya elektron qaimə-fakturasız təqdimetmə aşkar edilmədiyi, mal qalığı olmadığı halda əvvəlki dövrün əməliyyatlarına görə məsuliyyət tətbiq edilmişdir. Şikayətçi Vergi Məcəlləsinin 50.4-1, 56.1 və 85.4-cü maddələrinin düzgün tətbiq olunmadığını bildirir. Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarda Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunsa da, mənbəyi bəlli məlumatın məzmunu və mənbəyi açıqlanmamış, yoxlamanın başlanmasını zəruri edən konkret əsas göstərilməmişdir. Sonradan təqdim edilən yük gömrük bəyannamələri və daxili məlumatlar dövriyyə fərqini və ya vergidən yayınmanı təsdiq etmir. Vergi qanunvericiliyi satıcının üzərinə alıcının sahibkar olub-olmamasını və malı hansı məqsədlə aldığını müəyyən etmək vəzifəsi qoymur. Belə bir vəzifənin iddiaçının üzərinə qoyulması Konstitusiyanın 15.2 və 73.2-ci maddələrində təsbit edilmiş azad sahibkarlıq və yalnız qanunda nəzərdə tutulan vergiləri ödəmək prinsiplərinə ziddir. Obyektin fotoşəkli, satış məbləğləri və çeklərin qısa intervallarla vurulması satışların topdansatış olduğunu sübut etmir. Qanunvericilikdə pərakəndə satış üçün məbləğ və miqdar limiti müəyyən edilməmiş, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.11-ci maddəsi isə pərakəndə satış üzrə bir əməliyyat çərçivəsində 4.000 manatadək nağd ödəməyə imkan vermişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

19. Vergi Məcəlləsi: Maddə 13.2.62. Pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarətkassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Maddə 13.2.63. Topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə– malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən baxış predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (“Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərar).

25. Kassasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddia ərizəsində və apellyasiya şikayətində göstərilmiş dəlilləri təkrarlayır. Apellyasiya məhkəməsi həmin dəlillərə münasibət bildirmiş, işin həlli üçün əhəmiyyətli faktiki halları müəyyən etmiş və gəldiyi nəticəni əsaslandırmışdır. Kollegiya apellyasiya məhkəməsinin araşdırmasını yetərli, onun gəldiyi nəticəni düzgün hesab edir.

26. Mübahisənin mahiyyəti iddiaçının NKA çekləri ilə rəsmiləşdirdiyi əməliyyatların faktiki pərakəndə satış olub-olmaması və buna uyğun olaraq elektron qaimə-faktura təqdim etmək öhdəliyinin yaranıb-yaranmamasından ibarətdir.

27. Vergi Məcəlləsinin 13.2.62 və 13.2.63-cü maddələrinin məzmunundan görünür ki, pərakəndə və topdansatışı fərqləndirən əsas meyar satışın məbləği və ya malın sayı deyil, malın alıcı tərəfindən alınma məqsədidir. Mal son istehlak üçün təqdim edildikdə pərakəndə, sahibkarlıq fəaliyyəti məqsədilə təqdim edildikdə isə topdansatış yaranır. Buna görə kassasiya şikayətinin qanunvericilikdə pərakəndə satış üçün məbləğ və miqdar həddinin müəyyən edilməməsinə dair dəlili özlüyündə apellyasiya məhkəməsinin nəticəsini təkzib etmir.

28. Eyni təsərrüfat subyektində həm pərakəndə, həm də topdansatışın həyata keçirilməsinin qadağan olunmaması da hər bir əməliyyatın onun faktiki iqtisadi məzmununa uyğun rəsmiləşdirilməsi öhdəliyini aradan qaldırmır. Vergi uçotunda fəaliyyət növünün pərakəndə ticarət kimi göstərilməsi və obyektdə NKA-nın qeydiyyata alınması sonradan aparılmış bütün əməliyyatların avtomatik olaraq pərakəndə satış sayılması üçün əsas deyil.

29. Şikayətçinin istinad etdiyi pərakəndə ticarətdə gəlirlərin və xərclərin uçotu qaydaları həqiqətən pərakəndə satış zamanı alıcıya NKA çekinin verilməsini nəzərdə tutur. Lakin bu qayda yalnız mahiyyət etibarilə pərakəndə satış olan əməliyyata tətbiq edilir; topdansatış əməliyyatının NKA çeki ilə rəsmiləşdirilməsi onun hüquqi təbiətini dəyişmir və elektron qaimə-faktura vermək öhdəliyini aradan qaldırmır. Kollegiya apellyasiya məhkəməsinin belə işlərdə “obyektiv hallardan yaranan əsaslı şübhə” standartının tətbiqinə dair mövqeyi ilə razılaşır. Əvvəlki dövrdə aparılmış və NKA çekləri ilə rəsmiləşdirilmiş satışlar üzrə alıcıların sonradan identifikasiyası və hər bir alıcının malı alma məqsədinin birbaşa sübutlarla müəyyən edilməsi əhəmiyyətli dərəcədə çətin ola bilər. Bununla belə, bu hal vergi orqanını sübutetmə yükündən azad etmir. Əsaslı şübhə sadəcə fərziyyəyə deyil, hüquqpozmanın mövcudluğunu göstərən ciddi, konkret, birtamamlayan və alternativ ağlabatan izahla aradan qaldırılmayan obyektiv faktların birini 30. məcmusuna söykənməlidir.

31. Hazırkı işdə vergi orqanının nəticəsi yalnız satışların məbləğinə və ya malların sayına əsaslanmamışdır. Iddiaçının səlahiyyətli nümayəndəsi fəaliyyəti topdansatış kimi xarakterizə etmiş və cəmi 2 faiz ticarət əlavəsi tətbiq olunduğunu göstərmişdir. Bundan başqa, pərakəndə satış üçün təchiz edilməmiş obyektdə mal qalığı və NKA aşkar edilməmiş, bir vahidinin alış qiyməti əsasən 30 manatdan aşağı olan geyimlər üzrə saniyələrlə qısa intervallarla müvafiq saniyələr aralığında 984,987, 954, 965 və s manat olmaqla satışlar həyata keçirilmiş, ## ####### 2024-## ###### 2024-cü il tarixlərdə NKA vasitəsi ilə 1816 çek üzrə 1.563.863 manatlıq dövriyyə rəsmiləşdirilmişdir.

32. Göstərilən halların hər biri ayrılıqda topdansatışı təsdiq etməyə kifayət etməsə də, onların məcmusu, xüsusən iddiaçının səlahiyyətli nümayəndəsinin yazılı izahatı ilə birlikdə satışların son istehlak məqsədi daşımadığı və faktiki topdansatış əməliyyatlarının pərakəndə satış kimi rəsmiləşdirildiyi barədə əsaslı nəticə çıxarmağa imkan verir. Iddiaçı həmin obyektiv göstəriciləri aradan qaldıran konkret və ağlabatan əks sübut təqdim etməmişdir.

33. Satıcının hər bir alıcının sahibkar olub-olmadığını araşdırmaq vəzifəsinin qanunda nəzərdə tutulmamasına dair dəlil də fərqli nəticəyə əsas vermir. Apellyasiya məhkəməsi iddiaçının üzərinə alıcının hüquqi statusunu yoxlamaq barədə ayrıca vəzifə qoymamışdır. Məhkəmə yalnız satıcının öz əməliyyatlarını onların faktiki məzmununa uyğun və vicdanlı şəkildə rəsmiləşdirməli olduğunu, topdansatış təəssüratı yaradan obyektiv hallar mövcud olduqda həmin əməliyyatların formal olaraq NKA çekləri ilə pərakəndə satış kimi göstərilməsinin məsuliyyəti istisna etmədiyini qəbul etmişdir.

34. Bu baxımdan Konstitusiyanın 15.2 və 73.2-ci maddələrinin pozulmasına dair dəlil əsaslı deyil. Maliyyə sanksiyası iddiaçıya qanunda nəzərdə tutulmayan yeni vəzifə qoyulmasına görə deyil, Vergi Məcəlləsinin 58.13-cü maddəsində birbaşa nəzərdə tutulan – elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların həmin sənəd olmadan təqdim edilməsi hüquqpozmasına görə tətbiq edilmişdir.

35. Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarın əsaslandırılmamasına dair dəlilə münasibətdə apellyasiya məhkəməsi düzgün olaraq nəzərə almışdır ki, qərarda nəzarətin Vergi Məcəlləsinin 50.1.13-cü maddəsində göstərilən məsələ üzrə keçirildiyi müəyyən edilmiş, qərar vahid məlumat reyestrində qeydiyyata alınmış və iddiaçıya zəruri sənədlərin təqdim edilməsi barədə tələbnamə verilmişdir.

36. Qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsindəki əsasla bağlı bütün faktiki məlumatların geniş göstərilməməsi, həmin qərarın qəbulunadək mövcud olmuş icraat materialları ilə əsaslandırmanın tamamlanmasını istisna etmir. Belə tamamlama yalnız sonradan yaranmış hallara və ya qərarda göstəriləndən fərqli hüquqi əsasa söykənmədikdə mümkündür. Hazırkı işdə yoxlamadan əvvəl mövcud olmuş vergi uçotu, yük gömrük bəyannamələri və fiskal məlumatlar nəzarətin predmeti ilə bilavasitə bağlı olmuşdur. Şikayətçi həmin məlumatların sonradan yaradıldığını və ya yoxlamanın qərarda göstəriləndən fərqli əsasla aparıldığını təsdiq edən dəlil təqdim etməmişdir.

37. Bundan əlavə, inzibati icraat qaydasının pozulması yalnız inzibati aktın məzmununa təsir etdikdə onun ləğvinə səbəb ola bilər. Hazırkı işdə şikayətçinin istinad etdiyi çatışmazlığın məsuliyyət qərarının məzmununa təsir göstərdiyi müəyyən edilmir. Vergi ödəyicisi yoxlamanın predmetindən xəbərdar olmuş, sənədləri təqdim etmək və izahat vermək imkanına malik olmuş, onun nümayəndəsinin izahatı icraat materiallarına daxil edilmişdir.

38. Kassatorun istinad etdiyi Ali Məhkəmə qərarlarında satışların topdansatış olduğunu təsdiq edən konkret sübutların olmadığı, vergi orqanının nəticəsinin əsasən malın sayına, həcminə və ya satış yerinə dair ehtimallara söykəndiyi hallar qiymətləndirilmişdir. Hazırkı işdə isə yuxarıda sadalanan, bir-birini tamamlayan sübutlar və nümayəndənin birbaşa yazılı izahatı mövcuddur. Buna görə həmin işlərlə hazırkı iş arasında əhəmiyyətli faktiki fərq olduğundan məhkəmə təcrübəsinin vahidliyinin pozulması barədə dəlil qəbul edilə bilməz.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar