Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-479/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayətvermə hüququnun olmaması; İPM-nin 90.2-ci maddəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı “yaşa görə pensiya təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə verilmiş iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir.
3. Həmin qərardaddan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.
5. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericlikdə iddianın geri götürülməsi ilə bağlı icraata xitam verilməsi barədə qəbul edilmiş qərardaddan şikayətin verilməsi istisna edilmişdir. Belə olan halda həmin qərardaddan şikayətin verilməsi qanunvericiliklə istisna edildiyi üçün apellyasiya şikayəti mümkün sayıla bilməz.
6. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
9. İnzibati Prosessual Məcəllənin 90.2-ci maddəsinin müəyyən etdiyi qaydaya görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
10. Qeyd edilən normanın təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərardadı ilə onun tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz hansı hallarda qəbul edilmiş məhkəmə qərarları kassasiya şikayəti verən şəxsə, hazırkı halda cavabdehə münasibətdə onun “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur.
11. Nəzərə alınmalıdır ki, şikayət vermək hüququna malik olmaq üçün məhkəmə qərarı ilə şəxsin tələbi təmin edilməmiş olmalı və hüququ pozulmalıdır. Başqa sözlə, məhkəmə icraatının iştirakçısı, yalnız məhkəmə qərarının onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratdığı, bunun nəticəsində onun məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı yarandığı hallarda şikayət vermə səlahiyyətinə malik olur. Əlverişsiz vəziyyət və ya şərait şəxsin hüquqi vəziyyətinin olduğundan fərqli vəziyyətə dəyişməsində, daha doğrusu onun hüquqi vəziyyətinin pisləşməsində ifadə olunur.
12. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın ##.##.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.”
13. İşdən görünür ki, iş üzrə verilmiş iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin *- *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə şikayət verilə bilməyən qərardaddan verilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi şikayəti mümkün hesab etməmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, bu qərardadın qəbul edilməsi nəticəsində kassastorun hər hansı tələbinin təmin olunmaması halı baş verməmişdir. Həmçinin, həmin qərardadla kassatorun əleyhinə və ya ziyanına hər hansı məsələ həll edilmədiyindən, onun bu qərardadın qəbul edilməsi nəticəsində ziyan çəkməsi də müəyyən edilmir. Odur ki, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad kassastorun ziyanına şərh edilə bilməz.
15. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.